Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2776/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidmətinin * saylı Bakı Regional Bölməsininin (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi Akifzadə İlkin Akif oğlu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (bundan sonra - İsmayılov Şamil Bəkir oğlu) İsmayılov Şamil Bəkir oğlunun iştirakları ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından İsmayılov Şamil Bəkir oğlunun verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqan İsmayılov Şamil Bəkir oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 262.3-cü maddəsi ilə tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X3) İsmayılov Şamil Bəkir oğlu Azərbaycan Respublikası İXM-in 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İsmayılov Şamil Bəkir oğlu həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini, onun əməlində inzibati xəta tərkibinin mövcud olması barədə nəticəyə gəlindiyi halda, barəsində tətbiq edilmiş inzibati tənbeh tədbirinin yüngülləşdirilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: İsmayılov Şamil Bəkir oğlu verdiyi şikayətini onunla əsaslandırmışdır ki, inzibati xəta haqqında iş materiallarında su təchizatı şəbəkəsinə qanunsuz qoşulmanın məhz onun tərəfindən həyata keçirilməsi və ya onun bu barədə göstəriş verməsinə dair mötəbər sübutlar mövcud deyildir. Onun fərdi sahibkar və obyekt sahibi olması su təchizatı şəbəkəsinə qanunsuz qoşulmanın onun tərəfindən həyata keçirilməsini sübut etmir. Səlahiyyətli orqan tərəfindən inzibati xəta hadisəsinin mövcudluğu aşkar edilsə də, həmin inzibati xətanın törədildiyi dövrün hansı tarixləri əhatə etdiyi və həmin tarixlərdə obyektin faktiki istifadəçisinin kim olması müvafiq araşdırma aparılaraq müəyyən edilməmişdir. Bundan başqa, hesablanmış su sərfiyyatı və dəymiş zərərin məbləği ilə də razı deyildir. Belə ki, aparılmış hesablamanın konkret texniki və hüquqi əsasları, hesablamanın hansı dövrü əhatə etdiyi, həmin müddət ərzində faktiki istifadə həcminin necə müəyyən edildiyi göstərilməmişdir. Aktda və inzibati xəta haqqında protokolda qeyd olunan göstəricilərin həqiqət kimi qəbul edilməsi yolverilməzdir. Odur ki, hesablamanın ilkin sənədləri, istifadə olunan tarif, hesablamanın dövrü və üsulu, texniki əsasları məhkəmə tərəfindən yenidən araşdırılmalıdır. İnzibati xəta haqqında iş materiallarına sübut qismində əlavə olunmuş videogörüntü inzibati xəta hadisəsinin mövcudluğunu təsdiq etsə də, həmin inzibati xətanın törədilməsində onun təqsirini sübuta yetirmir. Birinci instansiya məhkəməsi onun barəsində 1000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edərkən təqsirinin dərəcəsini, işin faktiki hallarını və digər yüngülləşdirici halları nəzərə almamışdır. Apellyasiya məhkəməsi iclasında İsmayılov Şamil Bəkir oğlu şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini, səlahiyyətli orqanın nümayəndəsi Akifzadə İlkin Akif oğlu isə şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 262.3-cü maddəsində su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası İXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə əməl edib, iş materiallarına əlavə edilmiş, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, ****** nömrəli akta və ona əlavə edilmiş videogörüntüyə əsaslanmaqla İsmayılov Şamil Bəkir oğlunun ünvan 1 ünvanında yerləşən qeyriyaşayış obyektində ## ### 2026-cı il tarixdə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla az miqdarda suyu talaması faktını müəyyən edib, Azərbaycan Respublikasının İXM-in 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində göstərilən maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, İsmayılov Şamil Bəkir oğlunun verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov Şamil Bəkir oğlunun verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2776/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2776/2026
04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver