Məhkəmə qərarları › İş №3(3-6)-2781/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2781/2026

04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2781/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Vəlizadə Mələk Nofəl qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov Elsevər Yunis oğlunun iştirakları ilə, Qərarından şikayət verilən orqan Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026cı il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan İsmayılov Elsevər Yunis oğlu tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarından İsmayılov Elsevər Yunis oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: İsmayılov Elsevər Yunis oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ********** saylı VÖEN ilə rəsmi qaydada fərdi sahibkarlıq fəaliyyəti ilə quşçuluqla məşğul olur və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində quşçuluq ferması vardır. Həmin fermada işləmiş işçilərdən biri X8 şəxsi təşəbbüsü ilə qonşuluqda yaşayan X4 adlı qadına müraciət edərək ondan ev şəraitində yemək hazırlanmasını xahiş etmiş, həmin qadın yeməkləri öz yaşayış yerində hazırlayaraq sifariş edən işçiyə təqdim etmiş, ödəniş isə birbaşa həmin işçi tərəfindən həyata keçirilmişdir. Həyat Ağayeva ona məxsus quşçuluq fermasının inzibati ərazisinə daxil olmadan giriş darvazasında yeməyi təhvil verərək geri qayıtmışdır. İsmayılov Elsevər Yunis oğlunun bildirdiyinə görə, bu münasibət barədə onun məlumatı olmamış, həmin qadın onun tərəfindən işə qəbul edilməmiş, onun sahibkarlıq fəaliyyəti ilə həmin qadın arasında hər hansı hüquqi əlaqə yaranmamış, qadın sahibkarlıq fəaliyyəti göstərdiyi müəssisənin daxili əmək qaydalarına tabe olmamış və onunla fərdi sahibkar kimi hər hansı əmək müqaviləsi bağlanmamışdır. İsmayılov Elsevər Yunis oğlu həmçinin göstərmişdir ki, Həyat Ağayevanın vəfat etməsindən sonra onun oğlu tərəfindən verilmiş izahatda anasının guya onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu quşçuluq fermasında işlədiyi bildirildikdən sonra, ona məxsus sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu fermada işləyən şəxslərdən izahatlar alınmış və həmin izahatların təhrif olunması nəticəsində onun heç bir aidiyyəti olmadığı halda inzibati qaydada əsassız olaraq cərimələnmişdir. Onun sözlərinə görə, yalnız reallığı əsaslandırmayan və təhrif olunmuş izahatlara əsaslanaraq, sahibkar kimi onun izahatına əhəmiyyət verilmədən X11 Xidməti tərəfindən onunla X4 arasında əmək münasibətlərinin mövcud olduğu qənaətinə gəlinmiş və ## #### 2026-cı il tarixli, **-*-*- */J*-****-* saylı protokola əsasən ## #### 2026-cı il tarixdə MN №******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarla onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə” inzibati xətanı törətdiyi qənaətinə gəlinmişdir. İsmayılov Elsevər Yunis oğlu hesab etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə ona 3.000 (üç min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutan MN №******* saylı, ##.##.2026-cı il tarixli qərar əsassızdır və ləğv edilməlidir. İsmayılov Elsevər Yunis oğlu ##.##.2026-cı il tarixində Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-****/**** saylı qərardadı ilə iddiaçı İsmayılov Elsevər Yunis oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə qarşı iddia tələbinə dair inzibati iş üzrə icraata xitam verilmiş və iş geri qaytarılmışdır. İsmayılov Elsevər Yunis oğlunun bildirdiyinə görə, bu barədə sonradan məlumatı olmuş və ona Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etməsi bildirildiyindən, sənədləri götürərək ##.##.2026-cı il tarixində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ilə şikayət icraata qəbul edilməmiş, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İsmayılov Elsevər Yunis oğlu məhkəmədən hər hansı bildiriş gəlmədiyini, ##.##.2026-cı il tarixində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə yaxınlaşarkən həmin qərardadı kağız daşıyıcıda əldə etdiyini bildirmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə İsmayılov Elsevər Yunis oğlunun İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından hüquqi şəxsin nümayəndəsi apellyasiya şikayəti verərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, inzibat iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, 2001-ci ildən etibarən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul oluram, toyuqların və cücələrin yetişdirilməsi, kəsimi və istehsalı ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyində ********** nömrəli VÖEN ilə sahibkar qismində qeydiyyatdan keçmişəm. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən quşçuluq təsərrüfatı mənə məxsusdur, lakin bu təsərrüfatın gündəlik idarə olunması, o cümlədən işçi qüvvəsinin cəlb edilməsi, işlərin təşkili və onlara nəzarət hələ 2023-cü ildən etibarən yaxm dostum X5 həvalə edilmişdir. Bunu təsdiqləyən ##.##.2023-cü il tarixli, **/**** nömrəli tam maddi məsuliyyət haqqında müqavilə də iş materialları arasındadır. Mən obyektə şəxsən nadir hallarda, yalnız müəyyən dövlət qurumlarından əməkdaşlar gəldiyi zaman obyekt sahibi qismində iştirak etmək məqsədilə baş çəkirdim, təsərrüfatın gündəlik həyatı, o cümlədən orada kimin hansı şəraitdə fəaliyyət göstərməsi barədə şəxsən məlumatlı olmurdum. Öz sahəm isə un istehsalı olub, quşçuluq təsərrüfatı ilə əməli məşğuliyyətim olmamışdır. iş materiallarında mənim X4 şəxsən işə qəbul etdiyimi, onunla bilavasitə əlaqə saxladığımı və ya onun əmək fəaliyyətinin şərtlərini müəyyən etdiyimi təsdiqləyən heç bir sübut yoxdur. Bütün şahidlər yekdilliklə bildirirlər ki, obyektin gündəlik idarəçiliyi, o cümlədən kadr məsələləri Cavadov Aydının səlahiyyətində olmuşdur. Bununla belə, birinci instansiya məhkəməsi yalnız mənim quşçuluq təsərrüfatının sahibi və VÖEN sahibi olmağımdan çıxış edərək, faktiki idarəçiliyi həyata keçirən şəxsin hərəkətlərinə görə məni məsuliyyətə cəlb etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov Elsevər Yunis oğlu şikayətin dəlillərinə uyğun çıxış edərək məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi proses iştirakçısının razılığı ilə şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində tərəf hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək tələblərini İXM-in 135.1.1-135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. İXM-in 135.1.1-135.1.3-cü maddələrinə əsasən hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi hakimin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayət müəllifi iş üzrə icraata xitam verilməli olmasını iddia etsə də, birinci instansiya məhkəməsi mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası İXM-in 75-84-cü maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu öz daxili inamı ilə qiymətləndirmiş, izahatları və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov Elsevər Yunis oğlunu İXM-in 192.1ci maddəsi ilə təqsirli bilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətinin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. ## ###### 2026-cı il tarixli, ********* nömrəli İsmayılov Elsevər Yunis oğlunun şahid qismində dindirilməsi haqqında protokoldan görünür ki, o, 2001-ci ildən etibarən fərdi sahibkarlıqla məşğul olur. Toyuqların və cücələrin yetişdirilməsi, kəsimi və istehsalı ilə məşğul olur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin müvafiq qurumunda qeydiyyatdan keçmiş fərdi sahibkardır, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi isə 1100086852-dir. Elə həmin ərəfələrdən etibarən Maştağa qəsəbəsi, Quşçuluq ünvanında, Daş karxanasının yaxınlığında quşçuluq təsərrüfatının həyata keçirilməsi üçün obyekt almış və müvafiq qaydada mülkiyyət hüququnu təsdiq edən sənəd əldə etmişdir. Quşçuluq təsərrüfatı ilə bağlı yaxın dostu Aydın Cavadovun bu sahədə bilikli olması səbəbindən həmin obyektin idarə edilməsini ona tapşırmışdır. Elə həmin vaxtdan etibarən demək olar ki, bütün işləri Aydın həyata keçirir. O, özü ora getməsə də, bütün işləri, demək olar ki, Aydına tapşırmış, ancaq müəyyən qurumlardan ora əməkdaşlar gələndə o da obyekt sahibi kimi gəlib orada iştirak edir. Öz sahəsi isə un istehsalıdır. Mahiyyəti üzrə bildirir ki, X4 tanımır və ümumiyyətlə görməmişdir. Onun işə qəbul edilməsini o həyata keçirməmişdir. O, sadəcə müvəqqəti olaraq obyektə gəlib aşpaz kimi fəaliyyət göstərmiş, yeməkləri bişirmiş və çıxıb getmişdir. Bu yaxınlarda o, “TikTok” sosial şəbəkəsində Həyatın övladı tərəfindən öldürülməsi barədə məlumat öyrənmişdir. Ancaq bundan sonra Həyatın aşpaz kimi işləməsini öyrənmiş və bununla bağlı Mehmanla danışmış, o da həqiqətən Həyatın obyektə yemək bişirərək gətirib verdiyini və yemək yeyildikdən sonra qabları apardığını bildirmişdir. Suallara cavab olaraq bildirmişdir ki, o, ümumiyyətlə, Həyat Ağayevanı tanımır və görməmişdir. X6 də ümumiyyətlə görməmişdir. Onun ailə münasibətləri barədə məlumatsızdır. Onun gəlibgetməsini sonradan Mehman vasitəsilə öyrənmişdir. Sonradan da Mehman ona Həyatın obyektə gələrək yemək bişirməsini, yemək qızdırmasını, habelə öz evində yeməklər hazırlayaraq gətirməsini bildirmişdir. Ona görə də onunla əmək müqaviləsi bağlanmamışdır. Əmək müqaviləsinin bağlanmasına ehtiyac duyulmamışdır. Həm də pensiya yaşına çatmış şəxs olması ilə əlaqədar əmək müqaviləsi bağlanmamışdır. Ola bilər ki, Həyat Ağayeva obyektdə aşpaz kimi işləməmişdir. Düşünür ki, o, sadəcə obyektə gəlib, yemək qızdırmış və ya işçilərə yemək vermişdir. Eyni zamanda, çox hallarda öz evində yemək bişirib gətirib işçilərə vermişdir. Bundan başqa hər hansı məlumatı yoxdur, nə vaxt gəlib-getməsindən xəbəri yoxdur. İfadəsini oxumuş, öz sözləri ilə düzgün yazıldığını bildirmiş və imzası ilə təsdiq etmişdir. ## ###### 2026-cı il tarixli, X1 şahid qismində dindirilməsi protokolundan görünür ki, ## ###### 2003-cü il tarixdə Sabirabad rayonunda anadan olmuşdur. Üç aydır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana-Gülçülük sovxozu, Daş karxanasının yaxınlığında yerləşən toyuq fermasında fəhlə kimi işləyir. İşinin yemlərin boşaldılması, yerləşdirilməsi və toyuq-cücələrə verilməsindən ibarət olduğunu bildirmişdir. X4 da iş yerində aşbaz kimi fəaliyyət göstərdiyini, onun çox yaxşı insan olduğunu, hər kəsə səmimi və mehriban münasibət göstərdiyini qeyd etmişdir. Bildirmişdir ki, Həyat fermada aşbaz kimi işləyir, səhər saatlarında işə gələrək işçilərə səhər yeməyi hazırlayır, daha sonra günorta üçün yemək hazırlayır və bundan sonra çıxıb evinə gedirdi. ## ###### 2026-cı il tarixdə Həyat Ağayevanın işə gəlib-gəlmədiyini bilmədiyini, həmin gün saat 06 radələrində toyuq fermasında olan sexə girdiyini və saat 11 radələrində sexdən çıxdığını bildirmişdir. Sexdən çıxarkən Həyat Ağayevanın işdə olmadığını müşahidə etdiyini, Mehmanın isə ona Həyat Ağayevanın öldüyünü dediyini göstərmişdir. Bu xəbəri eşitdikdən sonra olduqca məyus olduğunu bildirmişdir. Verilmiş suala cavabında X7 hər hansı şəxslə arasında mübahisə və ya münaqişənin olması, habelə kiminləsə dava-dalaş etməsi barədə ona məlumat vermədiyini, nə ona, nə də işçilərə bu mövzuda hər hansı məlumat vermədiyini bildirmişdir. Ümumiyyətlə, Həyatın işçiləri çox görmədiyini, yeməyini bişirdikdən sonra çıxıb getdiyini və işlədiyi müddət ərzində bu məzmunda hər hansı məlumat vermədiyini qeyd etmişdir. Emil Ağayevi isə heç vaxt görmədiyini və tanımadığını bildirmişdir. Həyat Ağayevanın ailə münasibətləri barədə hər hansı məlumatının olmadığını, Həyatın ona bu barədə məlumat vermədiyini, Emil Ağayevi isə tanımadığını bildirmişdir. Eyni zamanda Həyatın çox yaxşı insan olduğunu, hər kəsə mehriban və səmimi münasibət göstərdiyini qeyd etmişdir. X7 Bakı şəhəri, Sabunçu rayonu, Ramana-Gülçülük sovxozu, Daş karxanasının yaxınlığında yerləşən cücə sexində işləməsi ilə bağlı əmək müqaviləsinin bağlanıb-bağlanmaması, əmək haqqının kim tərəfindən və necə ödənilməsi, iş saatları barədə verilmiş suala cavabında bildirmişdir ki, onun toyuq fermasında aşbaz kimi işləməsi ilə bağlı əmək müqaviləsi bağlanmamışdır. İşçilərə əmək haqqını Mehman verir, Mehman isə pulu kimin verdiyini bilmir. Həyat Ağayeva adətən səhər saat 09 radələrində işə gəlib onlara səhər yeməyi verir, daha sonra onlar üçün günorta yeməyi hazırlayaraq çıxıb gedirdi. Həmçinin özü ilə də əmək müqaviləsi bağlanmadığını bildirmişdir. X2 zərərli vərdişlərinin olub-olmaması və hansı işdə işləməsi barədə suala cavabında Emili tanımadığına görə bu barədə məlumatlı olmadığını bildirmişdir. İbtidai istintaq zamanı müəyyən edilmiş Emil Ağayevin ## ###### 2026-cı il tarixdə saat 09 radələrində anası Həyat Ağayevanın işlədiyi iş yerinin qarşısına “UBER” mobil tətbiqi vasitəsilə sifariş etdiyi taksi ilə gələrək onu avtomobillə götürməsi və yaşadıqları ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə aparması barədə suala cavabında bildirmişdir ki, Həyat Ağayevanı ## ###### 2026-cı il tarixdə ümumiyyətlə görməmişdir. Onun kiminlə işdən getməsi barədə məlumatının olmadığını qeyd etmişdir. X2 ifadəsində anası Həyat Ağayevanın uzun illər əvvəl başqa kişilərlə əlaqə saxlaması, danışması və görüşməsi, habelə son dövrlərdə “TikTok” sosial şəbəkəsində başqa kişi cinsli şəxslərlə danışmasını aşkar etməsi barədə göstərilən hallara dair suala cavabında bildirmişdir ki, bunların heç birinə şahid olmamışdır. Həyat Ağayevanın çox tərbiyəli və qanacaqlı şəxs olduğunu, onun belə hərəkətlər etməsini düşünmədiyini qeyd etmişdir. ## ###### 2026-cı il tarixli, X8 şahid qismində dindirilməsi protokolundan görünür ki, o, ## ######## 1992-ci il tarixdə Tovuz şəhərində anadan olmuşdur. 2022-ci ildən etibarən Bakı şəhərinə gələrək müxtəlif işlərdə işləməyə başlamışdır. 2 il yarımdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu, Daş karxanasının yaxınlığında yerləşən cücə sexində fəhlə kimi işləmiş, sonradan isə nəzarətçi funksiyasını yerinə yetirən fəhlə kimi işləməyə başlamışdır. Həyat Ağayeva da o gəlməzdən əvvəl orada işləmişdir. Danışıq zamanı onun 7 ildən çoxdur ki, cücə sexində aşpaz vəzifəsində işləməsini öyrənmişdir. Həyat özü normal və mülayim insan olmaqla, işdə kollektivdə hər kəsin hörmətini qazanmışdır. Onların işi əsasən fəhlələr tərəfindən həyata keçirilir, yemləri boşaldır və cücələri yemləyirlər, bundan sonra isə çıxıb gedirlər. Həmin vaxt ondan başqa 3 nəfər fəhlə də fəaliyyət göstərir və gündəlik işləyərək pul qazanmağa çalışırlar. Adətən gündəlik işlərinə görə onlara 15-20 manat məbləğində pul ödənilir. Pulu isə o ödəyir, pulu fəhlələrə vermək üçün Aydın verir. Aydın həmin sexdə həm müdir, həm də baytar kimi fəaliyyət göstərir. Obyekt isə Elsevər İsmayılovundur. Aydınla yaxın dost olan Elsevər onun işlərini görür. ## ###### 2026-cı il tarixdə günorta saatlarında Həyat ona müraciət edərək növbəti gün üçün səhər saatlarında 1-2 saatlıq icazə almış, gəlinini həkimə aparacağını bildirmişdir. O isə onun təklifi ilə razılaşaraq buna icazə vermişdir. Həyat adətən səhər saatlarında gəlir, işlərini görüb, yeməkləri bişirib, günorta saatlarında isə çıxıb gedirdi. ## ###### 2026-cı il tarixdə səhər saatlarında Həyat işə gəlmiş, o isə saat 12 radələrində işə gəlmişdir. İşə gələndə ona Həyatın işə gəlib, sonra isə getdiyi barədə məlumat vermişlər. O da öz işlərini görməyə başlamış, təqribən 10 dəqiqə sonra Həyata zəng etmiş, lakin zəng çatmamışdır. Həyatdan işə nə vaxt gəlməsini soruşmaq istəmişdir. Bir az narahat olmağa başlamışlar. İşçilər iş yerinin yanında olan mağazaya gedən zaman Həyatın öldüyünü bildirmişlər. Onlar da öz aralarında Həyatın evinə getmək istəmişlər. Növbəti gün evinə getmiş, lakin qapının bağlı olduğunu müşahidə etmişlər. Həmin gün isə Həyatın gəlininin qardaşını yolda görmüş və ondan bu məsələ barədə soruşmuşdur. O isə ona hadisəni olduğu kimi danışmışdır. Bundan sonra isə yas mərasimlərində iştirak etmişlər. Verilən suala cavab olaraq bildirmişdir ki, X4 ona hər hansı şəxslə arasında mübahisə və ya münaqişənin olmasını, habelə kiminləsə davadalaş etməsi barədə məlumat verməmiş, övladı X2 barəsində də ona hər hansı informasiya verməmişdir. Ümumiyyətlə, Həyat işçiləri çox görmür, yeməyini bişirdikdən sonra çıxıb gedirdi. İşlədiyi müddət ərzində də onlara bu məzmunda hər hansı məlumat verməmişdir. X4 ailə münasibətləri barədə ona hər hansı məlumat vermədiyini, lakin Emil Ağayevi tanıdığını bildirmişdir. Belə ki, yolda gedən zaman Həyat Ağayeva onu oğlu Emillə tanış etmiş, bundan sonra aralarında salam-sağ ol yaranmışdır. Ancaq ciddi şəkildə münasibətləri olmamışdır. Emili 10 gündən bir görmüşdür. Danışdığı və ünsiyyətdə olduğu müddət ərzində Emildən hər hansı pis davranış görməmiş, Həyat da ona bu barədə məlumat verməmişdir. Onların ətrafında olan mağazalarda Həyatın hörməti çox olmuş, onun dürüst olması ilə əlaqədar demək olar ki, iş yerinin yaxınlığında olan hər bir şəxs ona dərin hörmət bəsləmişdir.X4 işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana Gülçülük sovxozu, Daş karxanasının yaxınlığında olan cücə sexində onunla əmək müqaviləsi bağlanmadığını, əmək haqqını bəzən gündəlik, bəzən isə aylıq özü verdiyini, ona isə pulu işçilər arasında bölüşdürmək üçün Aydının verdiyini bildirmişdir. Həyat həftənin bütün günü səhər saatlarından günorta saatlarına kimi işləyirdi. X2 hər hansı zərərli vərdişlərinin olub-olmaması barədə bildirmişdir ki, təqribən 3-4 il bundan qabaq Emilin əvvəllər narkotik vasitə istifadə etməsini eşitmiş, lakin sonradan tərgitməsini ona demişlər. Bununla belə, konkret olaraq hansı zərərli vərdişlərinin olmasını dəqiq bilmir. Emil isə Maştağa qəsəbəsində yerləşən “Xəyal” adlanan bazarda oboy mağazası işlədirdi, dəqiq olaraq isə ünvanını bilmir. İbtidai istintaq zamanı müəyyən edilmiş Emil Ağayevin ##.##.2026-cı il tarixdə saat 09 radələrində anası Həyat Ağayevanın işlədiyi iş yerinin qarşısına “UBER” mobil tətbiqi vasitəsilə sifariş etdiyi taksi ilə gələrək sonuncunu avtomobillə götürməsi və yaşadıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlmələri barədə suala cavab olaraq bildirmişdir ki, həmin gün saat 12 radələrində işə gəlməsi ilə əlaqədar olaraq Həyatı görməmişdir. Onun işdən çıxmasını və kiminlə getməsini görməmişdir. İş yoldaşı İzzət ona Həyatın səhər saatlarında gəldiyini, sonra isə işdən çıxaraq getdiyini demişdir. O, ancaq bu qədərini bilir. X2 ifadəsində anası Həyat Ağayevanın uzun illər əvvəl başqa kişilərlə əlaqə saxlaması, danışması, habelə görüşməsi, son dövrlərdə “TikTok” sosial şəbəkəsində başqa kişi cinsli şəxslərlə danışmasını aşkar etdiyini bildirməsi ilə bağlı suala cavab olaraq qeyd etmişdir ki, bunların heç birinə şahid olmamışdır. Həyat çox tərbiyəli və qanacaqlı şəxs olmuşdur. Onun belə hərəkətlər etməsini görməmişdir. Bundan başqa, Həyatın onlayn qaydada məişət ləvazimatlarının satışı ilə məşğul olmasını bilmişdir. Belə ki, əvvəllər Həyat onlayn şəkildə qab pastası, yuyucu toz, kosmetik vasitələr və s. əşyalar alaraq onları onlayn qaydada satmışdır. Son dövrlərdə isə bununla məşğul olmasını görməmişdir. ## ###### 2026-cı il tarixli, ********* nömrəli Məmmədov İzzət Ruslan oğlunun şahid qismində dindirilməsi haqqında protokoldan görünür ki, o, ## ###### 2006-cı il tarixdə Xaçmaz rayonunda anadan olmuşdur. 1 ay yarımdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində, Daş karxanasının yaxınlığında toyuq fermasında fəhlə kimi işləmişdir. Belə ki, o, orada işləyən dostu Arif vasitəsilə işə qəbul olunmuşdur. Fermada isə ona düşən iş yerlərin boşaldılması, toyuq-cücələrin yemlənməsindən ibarətdir. Həyat Ağayevanı elə orada işləməyə başladıqdan sonra tanımağa başlamışdır. O, çox yaxşı insan olmuş, mehriban və səmimi münasibət göstərmişdir. Həyat fermada aşpaz kimi işləyirdi, onlara yemək bişirirdi. Onunla münasibəti daim yaxşı olmuşdur. ## ###### 2026-cı il tarixdə saat 08 radələrində o, işə getmişdir. İşə çatdıqdan sonra Həyatın artıq işdə olduğunu görmüşdür. Bundan sonra Həyat ondan yaxınlıqda olan mağazadan çörək almağını istəmişdir. O da buna görə mağazaya gedib çörək almışdır, lakin geri qayıdanda Həyatın artıq işdə olmadığını görmüşdür. Təqribən 10 dəqiqə ərzində o, mağazaya gedib qayıtmışdır. Elə həmin ərəfədə Həyatın işdən çıxdığını düşünmüşdür. Bir neçə saat sonra Həyata zəng etmişdir, lakin zəng çatmamışdır. Bundan sonra Mehman işə gəlmiş, o da nəzarətçi kimi işləyən Mehmana bu barədə məlumat vermişdir. O da Həyata zəng etmiş, lakin əlaqə yarada bilməmişdir. Bir neçə saat sonra isə iş yoldaşları ona Həyatın ölməsi barədə məlumat vermişlər. Bu xəbər onu çox məyus etmişdir. Çünki Həyat özü hamı ilə yaxşı münasibətdə idi, hər kəs ona “böyük” kimi dərin hörmət bəsləyirdi. Ümumiyyətlə, Həyat işçiləri çox görmürdü, yeməyini bişirdikdən sonra çıxıb gedirdi. İşlədiyi müddət ərzində də onlara bu məzmunda hər hansı məlumat verməmişdir. Emil Ağayevi isə heç vaxt görməmiş və sonuncunu tanımır. Ona ailə münasibətləri barədə hər hansı məlumat verməmişdir. Emil Ağayevi isə tanımır. Onu bildirə bilər ki, Həyat çox yaxşı insan olmuş, hər kəsə mehriban və səmimi münasibət göstərmişdir. Onun cücə sexində aşpaz kimi işləməsi ilə bağlı əmək müqaviləsi bağlanmamışdır. Ona əmək haqqını Mehman verir, Mehmana isə kimin pul verməsini bilmir. Həyat Ağayeva adətən səhər saat 09 radələrində işə gəlib onlara səhər yeməyi vermişdir. Daha sonra isə onlar üçün günorta yeməyi hazırlayıb çıxıb getmişdir. Onunla da əmək müqaviləsi bağlanmamışdır. Həyat Ağayevanı o, ## ###### 2026-cı il tarixdə saat 09 radələrində işə gəldikdən sonra görmüşdür. Ondan çörək almağını istəmiş, o da çörək almaq üçün iş yerindən çıxmışdır. 15 dəqiqəyə geri qayıdan zaman isə artıq onun orada olmadığını görmüşdür. Onun necə və kiminlə birlikdə işdən getməsini, hansı avtomobilə əyləşməsini görməmişdir. ## ###### 2026-cı il tarixli, ********* nömrəli X5 şahid qismində dindirilməsi haqqında protokoldan görünür ki, X4 3 ildən çoxdur ki, onun tabeliyində işləmişdir. Belə ki, Həyat həmin obyektdə aşpaz kimi işləyərək fəhlələrə yeməklər hazırlayırdı. Həyatı tanıdığı müddət ərzində ondan hər hansı qeyri-əxlaqi və ya pis hərəkət görməmişdir, daim öz işində olmuş, başı aşağı işlərini tənzimləmişdir. Həyatdan başqa orada təqribən 5-6 nəfər işləyir. Onların sayı tez-tez dəyişir, işin çoxluğu ilə əlaqədar gah çox fəhlə kömək üçün çağırılır, gah da daha az fəhlələr işə cəlb olunurdu. O, təqribən 10 gündən bir həmin cücə sexinə getmişdir, sistematik olaraq isə mütəmadi həmin sexə getmirdi. Eyni zamanda, o özü baytar-zootexnik olmağı ilə əlaqədar olaraq cücələrdə və ya toyuqlarda hər hansı xəstəlik yarananda onu çağırmışdır. Orada həyata keçirilən işlərə isə əsas nəzarət X8 tərəfindən həyata keçirilmişdir. X3 ilə yaxın münasibəti olmasa da, onun barəsində işçilər daim xoş sözlər söyləmişlər. İşində məsuliyyətli olmaqla yanaşı, vaxtlı-vaxtında işə gəlib-gedirdi, hər hansı problem yaratmamışdır. ## ###### 2026-cı il tarixdə onun övladı ona zəng edərək işçi Həyat Ağayevanın övladı Emil Ağayev tərəfindən öldürülməsi barədə məlumat vermişdir. O, bu xəbəri eşitdikdən sonra şoka düşmüşdür, heç kimlə işi olmayan Həyatın hansı səbəbdən oğlu Emil tərəfindən öldürülməsi onda təəccüb doğurmuşdur. Bundan başqa hadisə barədə hər hansı məlumatı yoxdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, ümumiyyətlə, Həyat işçiləri çox görmürdü, yeməyini bişirdikdən sonra çıxıb gedirdi. İşlədiyi müddət ərzində də ona bu məzmunda hər hansı məlumat verməmişdir. Emil Ağayevi isə heç vaxt görməmiş və sonuncunu tanımır. Ona ailə münasibətləri barədə hər hansı məlumat verməmişdir. Emil Ağayevi isə tanımır. Həyat çox yaxşı insan olmuş, hər kəsə mehriban və səmimi münasibət göstərmişdir. Onun toyuq fermasında aşpaz kimi işləməsi ilə bağlı əmək müqaviləsi bağlanmamışdır. İşçilərə, o cümlədən əmək haqqı onun tərəfindən ödənilir. Ona da pulu Elsevər İsmayılov verir ki, o da işçilərə versin. Ona verilən pulu həmin sexdə nəzarətçi işləyən Mehmana təqdim etmişdir. O da işçilərlə haqq-hesab edir və pulu bölüşdürür. Digər işçilərlə əmək müqaviləsinin bağlanıb-bağlanmamasını dəqiq bilmir. Həmin obyektin sahibi Elsevər İsmayılov olması səbəbindən o, daha dəqiq informasiya verə bilər. Həyat Ağayevanı ## ###### 2026-cı il tarixdə ümumiyyətlə görməmişdir. Onun kiminlə işdən getməsi barədə məlumatsızdır. O, çox tərbiyəli və qanacaqlı şəxs olmuşdur. Onun pozğun qadın olmadığını düşünür. İfadəsini oxumuş, öz sözləri ilə düzgün yazıldığını bildirmiş və imzası ilə təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi şahidlərin izahatlarını mütəbər sübut hesab etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qeyd edir ki, ifadə maddi faktlara dair qaynağı insan olan bu səbəbdən də xəta və ya yanılma ehtimalı digər sübut növlərinə nəzərən daha yüksək olan bir sübut növüdür. Şəxslər tərəfindən verilmiş ifadələrində əksər hallarda özlərinin lehinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimallar mövcud olur. Şahidlərin izahatları iş materialları ilə əlaqəli təhqiq edildikdə həmin izahatların şübhə altına alınması üçün əsaslar müəyyən edilmir və mötəbər hesab edilir. Odur ki, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov Elsevər Yunis oğlu barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxs tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gələrək hüquqi şəxsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati cərimə tətbiq etmişdir. Hüquqi şəxsə tətbiq edilmiş tənbehə münasibətdə isə məhkəmə hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətinini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov Elsevər Yunis oğlu barəsində minimum həddə cərimə növündə inzibati tənbeh tətbiq etməklə qanuni və ədalətli nəticəyə gəlmişdir. Eyni zamanda, şikayətdə iddia olunanların əksinə hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti də keçməmişdir. Çünki, İXM-in 192.1-ci maddəsi əmək qanunvericiliyinin qaydasının pozulması əleyhinə olan inzibati xəta olmaqla İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov Elsevər Yunis oğlu İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsinə dair ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin İsmayılov Elsevər Yunis oğlunun İXM-in 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməsinə dair ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar