Məhkəmə qərarları › İş №3(3-6)-2790/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2790/2026

02.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2790/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs1 tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim : Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim X2) *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (## #### 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 2 ünvanında yaşayan) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. İşin halları: Materialdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Ramil Quliyev tərəfindən ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, **(***)-***/**** saylı icra vərəqəsinə əsasən “İnci Group of Companies” QSC, onun struktur bölməsi olan “İzə Nəşriyyat evi” və üçüncü şəxslər tərəfindən zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 müəllifi olduqları bütün kitab və əsərlərin çapı, satışı, elektron yayımlanması, sosial şəbəkələrdə paylaşılması, habelə həmin müəlliflərin adlarının çıxarılması, dəyişdirliməsi və ya başqa ad altında təqdim edilərək satılması və yayılması “İnci Group of Companies” QSC və (və ya) həmin hüquqi şəxsə məxsus olan bütün satış nöqtələrində, satış şəbəkələrində və anbarlarında zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 aid kitab və digər nəşrlərin mövcud siyahısı tərtib olunaraq nəzarətə götürməklə qadağan edilmişdir. İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan zərərçəkmiş şəxs1 apellyasiya qaydada şikayət verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, birinci instasiya məhkəməsi işi tam, ətraflı araşdırmadığından qərar ləğv edilməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2 və 528.1-ci maddələrini tətbiq edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hüquqi statusunu — o cümlədən onun "28 kitab evi" mağazası ilə bağlı vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə (VÖEN) malik olubolmamasını araşdırmadan və qiymətləndirmədən, sadəcə onun "satıcı" adlandırılmasını əsas götürərək qərar qəbul etmişdir. Şikayətə əlavə olunan sənədlərdən göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "28 kitab evi" mağazası üzrə fəaliyyətlə bağlı VÖENə (yaxud fərdi sahibkar statusuna) malikdir. Onun VÖEN-i 1903153622-dir. Bu hal onu sübut edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mağazada sadəcə muzdlu işçi (satıcı) qismində deyil, mağazanın kommersiya fəaliyyətinə görə bilavasitə məsuliyyət daşıyan subyekt qismində çıxış edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, tələbkar və icra məmuru məhkəmə prosesinə gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə əvvəcədən məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələb İXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. İXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirlilik məsələsini həll edərkən mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75-84-cü maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu öz daxili inamı ilə qiymətləndirmiş, izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək iş üzrə icraata xitam vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırda sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətinin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Şikayətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibinin olması iddia edilsə də, bu əsaslı olmamışdır. Çünki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8-ci maddəsi). Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi və borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Həmin maddə ilə inzibati məsuliyyətin yaranmasının müəyyən edilməsi özlüyündə icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülübgörülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İş materiallarından görünür ki, “İnci Group of Companies” QSC, onun struktur bölməsi olan “İzə Nəşriyyat evi” və üçüncü şəxslər tərəfindən zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 müəllifi olduqları bütün kitab və əsərlərin çapı, satışı, elektron yayımlanması, sosial şəbəkələrdə paylaşılması, habelə həmin müəlliflərin adlarının çıxarılması, dəyişdirliməsi və ya başqa ad altında təqdim edilərək satılması və yayılması “İnci Group of Companies” QSC və (və ya) həmin hüquqi şəxsə məxsus olan bütün satış nöqtələrində, satış şəbəkələrində və anbarlarında zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 aid kitab və digər nəşrlərin mövcud siyahısı tərtib olunaraq nəzarətə götürməklə qadağan edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında “28 Kitab evi”ndə satıcı işlədiyini, hər hansı kitabın satışının həyata keçirilməsinin məhdudlaşdırılmasından və qadağanın qoyulmasından xəbəri olmadığını bildirmişdir. Həqiqətən, ## ###### 2026-cı il tarixli aktdan görünür ki, “28 kitab evi” mağazasının müdiri X1 iştirakı ilə icra tədbirlərinin həyata keçirmək məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi ** saylı ünvanda yerləşən “28 kitab evi” mağazasında zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 aid kitab və digər nəşrlərin mövcud siyahısı tərtib olunaraq nəzarətə götürməklə qadağan edilmişdir. Göründüyü kimi, aktla mağazanın müdiri kimi X1 iştirak etmiş, akt onun iştirakı ilə tərtib edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, **(***)-***/**** saylı icra sənədi üzrə X1 məlumatlandırılmışdır. Lakin, icra işində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə məlumatlandırılmasına, onun “28 kitab evi” mağazasının müdiri olmasına dair sübutlar olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "28 kitab evi" mağazası üzrə fəaliyyətlə bağlı VÖEN-ə məxsus olması da, onun Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025ci il tarixli, **(***)-***/**** saylı icra sənədi üzrə məlumatlandırılmadığı halda İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinməsinə əsas olmamışdır. Beləliklə, birinci instansiya məhkəməsinin şərh olunan məsələlər üzrə çıxardığı nəticələr apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində İXM-in 75-84-cü maddələrinə müvafiq qaydada tədqiq edilib - qiymətləndirilmiş sübutlara əsaslandığından, apellyasiya şikayətində isə birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə birinci instansiya məhkəməsinin sözügedən məsələlər üzrə çıxardığı nəticələri, o cümlədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın tərkibinin olmaması barədə yekun qənaətini şübhə altına almaq üçün heç bir əsas görmür. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldım: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar