Məhkəmə qərarları › İş №3(3-6)-2876/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2876/2026

14.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2876/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs), Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi nümayəndə3 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhəri X1 Idarəsi tərəfindən qəbul etdiyi ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı “Inzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) onun barəsində olan Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhəri X1 Idarəsi tərəfindən qəbul etdiyi ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixdə idarə etdiyi “Nissan Maxima” minik markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsindən Ağa Nemətulla küçəsinə dönərkən yol polisi əməkdaşı tərəfindən saxlanılmışdır. Şikayətçi həmin ərazinin 2.4 “Yol ver”, 4.1.6 “Sağa və sola dönmə” yol nişanları və 1.25 “Yolun hərəkət hissələrinin kəsişmə yerini göstərən nişanlama” ilə təchiz olunduğunu, hadisə zamanı yolun sağ hərəkət hissəsinin ** saylı marşrut avtobusu tərəfindən tutulduğunu, sol tərəfdən gələn nəqliyyat vasitəsinin isə hələ yolayrıcına çatmadığını, yol şəraitini düzgün qiymətləndirərək təhlükəsiz şəkildə dönmə əməliyyatını yerinə yetirdiyini bildirmişdir. Həmin vaxt yol polisi əməkdaşı tərəfindən onun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə IXP ******* nömrəli inzibati xəta haqqında elektron protokol tərtib edilmiş, lakin protokol tərtib edilərkən iddia olunan inzibati xətanı təsdiq edən hər hansı fotoşəkil, videoçəkiliş və ya digər obyektiv sübut ona təqdim edilməmişdir. Həmin qərardan verdiyi şikayətə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmış və məhkəmənin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə müəyyən edilmişdir ki, onun barəsində inzibati icraat aparılarkən qanun pozuntularına yol verilmiş, işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, həmçinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi hər hansı sübutla təsdiq olunmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, şikayətçinin iştirakı təmin edilməmiş, müdafiə hüququna riayət olunmamış və Inzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində nəzərdə tutulan sübutetmə vəzifəsi inzibati orqan tərəfindən yerinə yetirilməmişdir. Bu əsaslarla ## #### 2026-cı il tarixli TP******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və işə yenidən baxılması Bakı şəhər X1 Idarəsinə həvalə edilmişdir. Şikayətçi qeyd etmişdir ki, məhkəmənin müəyyən etdiyi nöqsanlar aradan qaldırılmadan, yenidən baxılma barədə ona məlumat verilmədən, icraatda iştirakı təmin edilmədən, izahatı alınmadan, müdafiə hüququndan istifadə etmək imkanı yaradılmadan və təqsirini təsdiq edən hər hansı yeni sübut əldə edilmədən R X2 tərəfindən ## #### 2026-cı il tarixli TP******* nömrəli inzibati tənbeh vermə haqqında yeni qərar qəbul edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhəri X1 Idarəsi tərəfindən qəbul etdiyi ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı “Inzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan səlahiyyətli orqan Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi, inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: məhkəmə iş üzrə faktiki halları tam araşdırmamış, sübutları düzgün qiymətləndirməmiş və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qərarının təsviri hissəsində göstərilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixdə “Nissan Maxima” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsindən Ağa Nemətulla küçəsinə dönərkən yol polisi əməkdaşı tərəfindən saxlanılmışdır. Həmçinin qərarda qeyd edilmişdir ki, həmin vaxt yol polisi əməkdaşı tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-in 327.2-ci maddəsi ilə IXP ******* nömrəli inzibati xəta haqqında elektron protokol tərtib edilmişdir. Beləliklə, məhkəmənin özünün müəyyən etdiyi faktiki hallardan görünür ki, inzibati xəta yol polisi əməkdaşının bilavasitə müşahidəsi nəticəsində rəsmiləşdirilmişdir. Lakin qərarın sonrakı hissəsində məhkəmə tamamilə fərqli nəticəyə gələrək ## #### 2026- cı il tarixli TP******* nömrəli qərarda göstərilən inzibati xətanın xüsusi texniki vasitə ilə aşkar edildiyini qəbul etmiş və məhz xüsusi texniki vasitənin informasiya sisteminə inteqrasiyası, metroloji yoxlaması və digər texniki göstəricilərinin qərarda əks olunmamasını qərarın ləğv edilməsi üçün əsas hesab etmişdir. Bu nəticə işin faktiki halları ilə uzlaşmır. Belə ki, əgər inzibati xəta yol polisi əməkdaşının bilavasitə iştirakı və müşahidəsi nəticəsində aşkar edilmişdirsə, həmin hadisəyə foto və ya video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitə ilə aşkar edilmiş inzibati xətalara dair normaların mexaniki şəkildə tətbiq edilməsi düzgün deyildir. Məhkəmə ilk növbədə inzibati xətanın hansı üsulla aşkar edildiyini, elektron protokolun hansı əsasla tərtib olunduğunu, TP******* nömrəli qərarın hansı inzibati icraat nəticəsində qəbul edildiyini dəqiq müəyyən etməli idi. Lakin məhkəmə bu mühüm məsələni araşdırmadan xüsusi texniki vasitələrə dair tələblərə istinad etmişdir. IXM-in 76.1 -ci maddəsinə əsasən inzibati xətanın baş verib-verməməsini, şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər halları müəyyən edən faktiki məlumatlar qanunla nəzərdə tutulmuş və mötəbər sübutlarla təsdiq edilməlidir. Hazırkı işdə isə inzibati xəta haqqında elektron protokol, inzibati tənbeh vermə haqqında qərar və inzibati icraat zamanı toplanmış digər materiallar mövcuddur. Məhkəmə həmin sübutların hər birini ayrılıqda və qarşılıqlı əlaqədə qiymətləndirməli, onların əldə edilmə üsulunu, məzmununu və işin faktiki halları ilə uyğunluğunu araşdırmalı idi. Lakin qərarın əsaslandırılmasından görünür ki, məhkəmə əsas diqqəti yalnız xüsusi texniki vasitənin texniki göstəricilərinə yönəltmiş və bununla da inzibati xətanın bilavasitə yol polisi əməkdaşı tərəfindən müşahidə edilməsi barədə iş materiallarında əks olunan məlumatı faktiki olaraq nəzərə almamışdır. Bu isə sübutların hərtərəfli və obyektiv qiymətləndirilməsi prinsipinə uyğun deyildir. Məhkəmə TP******* nömrəli elektron qərarda xüsusi texniki vasitənin göstəriciləri, tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin sonuncu dövlət yoxlamasından keçməsini təsdiq edən sənədin rekvizitləri və növbəti dövlət yoxlamasının müddəti barədə məlumatların göstərilmədiyini əsas götürmüşdür. Lakin bu normanın tətbiqindən əvvəl məhkəmə həmin inzibati xətanın məhz IXM-in xüsusi texniki vasitələrlə aşkar edilən xətalara dair müddəalarının tətbiq dairəsinə daxil olub-olmadığını müəyyən etməli idi. Əgər inzibati xəta yol polisi əməkdaşının bilavasitə müşahidəsi əsasında rəsmiləşdirilmişdirsə, xüsusi texniki vasitənin metroloji yoxlamasına dair məlumatların elektron qərarda göstərilməməsi qərarın qanunsuzluğu üçün əsas kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə əvvəlcə tətbiq ediləcək hüquq normasının predmetini müəyyən etməli, daha sonra həmin normanın konkret faktiki hallara tətbiqini qiymətləndirməli idi. Məhkəmə qərarında əvvəlki icraat zamanı Qərardan şikayət verən orqan (şəxs) iştirakının təmin edilmədiyini və müdafiə hüququna riayət olunmadığını qeyd etmişdir. Lakin yeni inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi zamanı onun prosessual hüquqlarının hansı konkret formada pozulduğu, bunun iş üzrə qəbul edilmiş qərarın qanuniliyinə necə təsir etdiyi və hansı sübutlarla təsdiq edildiyi ətraflı göstərilməmişdir, inzibati icraat zamanı yol verilmiş hər bir formal çatışmazlıq avtomatik olaraq qəbul edilmiş qərarın ləğvinə və iş üzrə icraata xitam verilməsinə səbəb olmur. Məhkəmə müəyyən edilmiş prosessual pozuntunun şəxsin müdafiə imkanlarını faktiki olaraq məhdudlaşdırıb-məhdudlaşdırmadığını və bunun işin nəticəsinə təsir edibetmədiyini əsaslandırmalı idi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi nümayəndə3 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi, inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında verilmiş şikayətə etiraz edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, hesab edir ki, Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında toplanmış materialları işin faktiki halları ilə birlikdə tam, hərtərəfli və obyektiv şəkildə araşdırmadan, Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsinin ##.##.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməklə haqlı olmamış və düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhəri X1 Idarəsi tərəfindən qəbul etdiyi ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 16:22 radələrində Ağa Nemətulla küçəsi 24 ünvanında IXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi ilə bağlı 100 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən kifayət qədər araşdırma aparmamasını, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməsini, həmçinin inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutların (videogörüntü, protokol və digər materiallar) tam və ziddiyyətsiz şəkildə araşdırılmasını həyata keçirməməsini əsas götürərək inzibati tənbeh vermə haqqında qərarın əsassız olmasının səbəbi kimi dəyərləndirmiş və nəticədə əsassız nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhəri X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli elektron qərara əsasən, ehtimal olunan inzibati xəta ##.##.2026cı il tarixdə saat 16:22-də ünvan 1 ünvanında xüsusi texniki vasitə ilə aşkar edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 81.2-ci maddəsinin tələblərinə uyğun olaraq, inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitənin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun informasiya sisteminə inteqrasiyasını, habelə həmin vasitə ilə əldə edilmiş foto və video materialların mötəbərliyini təsdiq edən zəruri məlumatlar iş materiallarına əlavə edilməmişdir. Məhkəmənin qərarında gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması işin hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına səbəb olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, obyektiv həqiqətin müəyyən edilməsi, şübhələrin aradan qaldırılması üçün hakim bütün zəruri prosessual hərəkətlər etməli və son nəticədə sübutlara düzgün hüquqi qiymət verməklə qanuni və əsaslı nəticəyə gəlməlidir. Birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində IXMin 327.2-ci maddəsi üzrə başlanılmış iş üzrə icraata xitam verilməsi qənaətinə gəlsə də, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan hallar tam və ətraflı araşdırılmamış, işdə olan sübutlar, işin faktiki halları qarşılıqlı təhlil edilməmiş, iş üzrə mövcud olan və iş üzrə özünün müəyyən etdiyi ziddiyyətli məqamlar aydınlaşdırılmadan formal, eyni zamanda işin faktiki halları ilə uzlaşmayan məhkəmə aktı qəbul olunmuşdur. Inzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməsi, Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsinin ##.##.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərarı qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələblərinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yaxud hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və inzibati qaydada tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xətanı törətmiş şəxs barəsində tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən və hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab edilir. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, onun və ya başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, xətanı törədən şəxsin təqsirini və ya işin düzgün həllinə əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakim və səlahiyyətli orqanın əsaslana bildiyi faktiki məlumatlar sübutlar sayılır. Bunlar maddi sübutlar, icraat aparılan şəxsin, zərərçəkmişin və şahidlərin izahatları ilə, şəxsin təqsirini təsdiq edən digər sənədlərlə, ekspertizanın rəyləri ilə, inzibati protokolla və bu Məcəllə ilə müəyyən olunmuş digər protokollarla, eləcə də mötəbər sənədlərlə müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi hakim yuxarıda sadalanan halların heç biri araşdırılaraq həmin hallara hüquqi qiymət verilmədən formal yanaşma edib qanuni və əsaslı qərarı ləğv etməklə kobud səhvə yol vermişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinə əsasən yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Məhkəmə qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən yuxarıda qeyd olunan yolayrıcını keçmə qaydalarının pozulması xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək protokolla rəsmiləşdirilmiş və qanunun tələblərinə əsasən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. Işin faktiki hallarına görə barəsində qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 16:22 radələrində Ağa Nemətulla küçəsi 24 ünvanında idarə etdiyi “Nissan Maxima” minik markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydaları pozuntusuna yol vermişdir. Pozuntu xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş və barəsində IXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında da Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən Inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən IXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş protokol IXM-nin 76-cı maddəsinə əsasən sübut qismində çıxış edir. Eyni zamanda apellyasiya baxışı zamanı məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən də müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) digər nəqliyyat vasitəsinə yol verməli olduğu halda, yol verməmiş, yolayrıcını keçmə qaydalarını pozmuş və nəticədə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. 135.1.2-ci maddəsinin tələblərinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qəbul olunmuş qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, IXM-nin 134.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya qaydasında verilmiş şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməməli, Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2; 135.1.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsinin tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar