Məhkəmə qərarları › İş №3(3-6)-2878/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2878/2026

08.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2878/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, «xxxx” MMC və onun vəzifəli şəxsi X1 Azərbaycan Respublikası IXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından «xxxx” MMC-nin direktoru X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Protokolu tərtib edən orqan Bakı şəhər idarəsindən «xxxx» MMC tərəfindən Azərbaycan Respublikası IXM-in 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## ### 2026-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və X1 IXM-in 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## ### 2026-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə daxil olmuşdur. Inzibati xəta haqqında həmin protokollardan görünür ki, “xxxx” MMC ##.##.2026-cı il tarixində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 150.5.1-ci maddəsi ilə nəzərdə tutulan subyekt tərəfindən inzibati cərimənin X1 əmək haqqından tutulması məqsədilə onun işlədiyi müəssisəyə göndərilmiş, ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** saylı məktuba əsasən tutulma aparılmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə X1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi, «xxxx» MMCnin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «xxxx” MMC-nin direktoru X1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilərək işə yenidən onun iştirakı ilə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarından xəbərdar olmamış və icraat zamanı proseslərdə iştirak edə bilməmişdir. Barəsində tətbiq edilmiş cərimənin əməkhaqqından tutulmaqla ödənilməsi barədə direktoru olduğu cəmiyyətə, yəni “xxxx” MMC-yə müraciət edilmişdir. Bu tutulma həyata keçirilmədiyinə görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə “xxxx” MMC və eyni zamanda onun barəsində 529.1-1 -ci maddə ilə inzibati cərimə tətbiq edilmişdir. Lakin icra məmurunun icraata başlamaq haqqında qərarı qəbul edilənədək baş verən heç bir məhkəmə prosesindən xəbərdar olmamışdır. Eyni zamanda barəsində Inzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsilə inzibati tənbeh vermə haqqında elektron qərardan da xəbərdar olmamışdır. Yalnız Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli qərarının surətini aldıqdan sonra barəsində müvafiq maddə ilə cərimə tətbiq edildiyi ona məlum olmuşdur. Göstərilən hallardan xəbərdar olmadığı üçün məhkəmə proseslərində iştirak edə bilməmişdir. Inzibati tənbeh vermə haqqında iş materiallarına məhkəmə iclasında baxılacağı barəsində ona heç bir bildiriş və yaxud məlumat verilməmişdir. Bütün bu hallar onun hüquqlarının pozulması ilə nəticələn qərarın qəbul edilməsinə səbəb olmuşdur. Qərarda barəsində tətbiq edilən cərimənin əməkhaqqımdan tutulması üçün “xxxx” MMC-yə bildiriş göndərildiyi qeyd edilsə də, həmin müraciət MMCyə daxil olmamışdır. Bu səbəbdən ona tətbiq edilən inzibati cərimədən xəbərdar olmamışdır. Səlahiyyətli orqan tərəfindən müraciətin düzgün formada həyata keçirilməməsi nəticəsində əsassız olaraq MMC barəsində inzibati cərimə tətbiq edilmişdir. Qərarda MMC-yə cərimə yazılmasının əsası kimi tutulmanın əməkhaqqından aparılmaması qeyd olunsa da, bu barədə müəssəyə heç bir məlumat daxil olmamışdır. Nəticə etibarı ilə göstərilən hallar onun və direktoru olduğu cəmiyyət “xxxx” MMC-nin barəsində əsassız olaraq cərimə tətbiq edilməsinə səbəb olmuşdur. Məhkəmə prosesindən xəbərdar olmadığı üçün hüquqlarının lazımi qaydada müdafiəsini həyata keçirə bilməmişdir. Bu səbəbdən müdafiə hüququnun təmin edilməsi məqsədilə həmin qərarın ləğv edilməsini və iş yenidən məhkəmə iclasında baxılmasını zəruri hesab edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi və məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: ## ###### 2026-cı il tarixli “xxxx” MMC-yə ünvanlanmış məktubdan görünür ki, Protokolu tərtib edən orqan tərəfindən aparılmış təhlillər nəticəsində “xxxx” MMC tərəfindən işçilərlə bağlanılmış əmək müqavilələrində qanunvericiliklə müəyyən edilmiş minimum əməkhaqqı normasından aşağı əməkhaqqı göstərildiyi müəyyən edilmişdir. Bununla əlaqədar cəmiyyətin direktoru X1 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilərək 1000 manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Həmçinin, inzibati cərimənin qanunla müəyyən edilmiş müddətdə ödənilməməsi ilə əlaqədar Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 150.5.1 və 150.6-cı maddələrinə uyğun olaraq həmin cərimənin şəxsin əməkhaqqından hər ay 25 faiz tutulmaqla ödənilməsinin təmin edilməsi və bununla bağlı müvafiq məlumatların Xidmətə təqdim olunması barədə işəgötürənə müraciət edilmişdir. “Azerexpresspost”-dan əldə edilmiş çıxarışdan görünür ki, qeyd olunan məktub ##.##.2026-cı il tarixində “xxxx” MMC-yə çatdırılmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, «xxxx” MMC və onun vəzifəli şəxsi X1 hərəkətləri Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsilə düzgün tövsif olunmuşdur və onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi «xxxx” MMC və onun vəzifəli şəxsi X1 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi, törətmiş olduğu inzibati xətanın xarakterini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin hüquqi şəxsin islah olunmasına təsirini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, «xxxx” MMC və onun vəzifəli şəxsi X1 cərimə növündə tənbeh tətbiq edilməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, işəgötürənə inzibati cərimənin tutulması ilə bağlı qanunvericiliyin tələbləri vaxtında bildirilməsinə baxmayaraq, üzərinə düşən vəzifələri yerinə yetirməmişdir. Belə ki, X1 barəsində tətbiq edilmiş inzibati cərimənin tutulması məqsədilə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 150.5.1-ci maddəsinə uyğun olaraq ##.##.2026-cı il tarixdə müvafiq qərarın surəti onun işlədiyi “xxxx” MMC-yə göndərilmişdir. Lakin cəmiyyət tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubdan müəyyən olunur ki, həmin qərarın tələbləri icra edilməmiş, inzibati cərimənin işçinin əməkhaqqından tutulması təmin olunmamışdır. Digər tərəfdən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktorunun inzibati orqan tərəfindən göndərilən məktubun hüquqi şəxsə çatdırılmaması məzmununda olan dəlillərinə münasibətdə bildirir ki, həmin fakt “Azerexpresspost”-dan əldə edilmiş çıxarışla təkzib olunmuşdur. Belə ki, həmin çıxarışlarla müəyyən edilmişdir ki, inzibati orqan tərəfindən göndərilən sorğu xarakterli məktub “xxxx” MMC-nin hüquqi ünvanına göndərilmiş və ünvana çatdırılmışdır. Belə olan halda məhkəmə “poçt göndərişlərinin izlənməsi” altsistemində olan məlumatları daha mötəbər hesab edir. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi «xxxx” MMC və onun vəzifəli şəxsi X1 barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası IXM-in 529.1-1-ci maddəsi ilə tənbeh etmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə bildirməyi zəruri hesab edir ki, publik hüquqi şəxs barəsində Inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmişdir, şikayətdə göstərilən dəlillər qərarın ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunculuq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası IXM-in 529.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 150.1-ci maddəsinə əsasən Inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. 150.5.1-ci maddəsinə Bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə həmçinin təyin olunmuş inzibati tənbehlə bağlı hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə iş üzrə sübutları qiymətləndirərək «xxxx” MMC və onun vəzifəli şəxsi X1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş minumum məbləğdə cərimə növündə inzibati tənbeh edilməsi barədə düzgün və ədalətli nəticəyə gəlmişdir. Təyin olunmuş inzibati tənbeh inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğundur. Ona görə də, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən «xxxx” MMC və onun vəzifəli şəxsi X1 Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 2000 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati icraat haqqında iş aparılan «xxxx” MMC-nin direktoru X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. «xxxx” MMC və onun vəzifəli şəxsi X1 Azərbaycan Respublikası IXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar