Məhkəmə qərarları › İş №3(3-6)-2886/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2886/2026

08.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2886/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclasının katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Bakı şəhəri Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərərfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər BPI-nin Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, barəsində ##.##.2026-cı il tarixində TP******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilərək işıqforun qadağanedici siqnalını keçdiyi iddiası ilə IXP******* nömrəli protokola əsasən cərimə tətbiq edilmişdir. Həmin qərar ilə razı deyildir. Belə ki, hadisənin baş verdiyi yerdə - Xan Şuşinski və Mirəsədulla Mirqasımov küçəsinin kəşişdiyi yerdə yerləşən işıqfor ağacın budaqları və yarpaqları ilə əhəmiyyətli dərəcədə örtülmüşdür. Bu səbəbdən işıqforun siqnalını vaxtında və aydın şəkildə görmək obyektiv olaraq mümkün olmamışdır. O, yol hərəkəti qaydalarını qəsdən pozmamışdır və hərəkət zamanı mövcud yol şəraitinə uyğun davranmışdır. Həmin zaman hətta düzgün quraşdırılmamış stop nişanının tələbinə uyğun olaraq hərəkətini davam etdirmişdir. Mövcud vəziyyəti polis əməkdaşına bildirdikdə, o, işıqforun aydın görünməmə səbəbini Yaşıllaşdırma Idarəsinin vəziyyətlə bağlı hər hansı bir addım atmaması ilə əlaqələndirmişdir. "Yol nişanları və siqnalları haqqında" Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinə əsasən sürücülər üçün nəzərdə tutulmuş nişanlar elə quraşdırılmalıdır ki, sürücülər onu asanlıqla və vaxtında qavraya bilsinlər. Lakin təqdim edilmiş görüntüdən də aydın olur ki, həmin zaman ağacla örtülmüş işıqforun görünməsi mümkün deyildir. Inzibati icraat zamanı bu hal araşdırılmamış, işıqforun görünmə vəziyyəti qiymətləndirilməmiş, hadisənin bütün faktiki halları nəzərə alınmadan barəsində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin məcəllənin 53-cü maddəsinə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar da öz əksini tapmışdır. Belə ki, inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda icraat başlana bilməz və ya başlanmış icraata xitam verilir. Həmin zaman maşında olan videoreqistrator vasitəsilə görüntü qeydə alınmışdır və həmin görüntünü məhkəməyə təqdim edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər bir vətəndaş öz hüquq və azadlıqlarını məhkəmədə müdafiə edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP******* nömrəlin qərarın və onun əsasında tətbiq edilmiş cərimənin ləğv edilməsini, müvafiq icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər BPI Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi və qeyd edilən qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv olunmasını, şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinə verilmiş şikayətin dəlilləri ilə eynilik təşkil edərək tərtib olunmuş və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmadan qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin nümayəndəsi nümayəndə1 şikayətin əsassız olduğunu bildirdi və məhkəmədən şikayətin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə əvvəlcədən məlumat verməmişdir. Odur ki, məhkəmə şikayətçinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhər Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 14:57-də Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi 23A ərazisində “HAVAL JOLION MINIK” markalı **PB*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyinə görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında hadisənin videogörüntülərini əks etdirən diskə baxış zamanı müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) svetoforun qadağanedici işarəsi verildiyi halda hərəkətini davam etdirmiş və bununla da yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 14:57-də Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi 23A ərazisində “HAVAL JOLION MINIK” markalı **PB*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmiş və nəticədə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş IXP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında protokolla kifayət qədər sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq IXM-nin 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etməsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmiş və qanunun tələblərinə əsasən barəsində inzibati xəta haqqında protokol və onun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən Inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Işin faktiki hallarından məlum olur ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati xəta haqqında tərtib olunmuş protokol IXM-nin 76-cı maddəsinə əsasən sübut qismində çıxış edir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş şikayəti təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi və onun barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi ilə bağlı səlahiyyətli orqanın gəlmiş olduğu qənaətlə razılaşaraq sonuncunun həmin qərardan vermiş olduğu şikayəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələblərinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yaxud hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və inzibati qaydada tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xətanı törətmiş şəxs barəsində tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən və hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab edilir. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, onun və ya başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, xətanı törədən şəxsin təqsirini və ya işin düzgün həllinə əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakim və səlahiyyətli orqanın əsaslana bildiyi faktiki məlumatlar sübutlar sayılır. Bunlar maddi sübutlar, icraat aparılan şəxsin, zərərçəkmişin və şahidlərin izahatları ilə, şəxsin təqsirini təsdiq edən digər sənədlərlə, ekspertizanın rəyləri ilə, inzibati protokolla və bu Məcəllə ilə müəyyən olunmuş digər protokollarla, eləcə də mötəbər sənədlərlə müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” Siyahısının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 322.0.8, 323, 326-1, 327.1 – 327.5, 329 – 331, 332.1 – 332.3, 338.1 – 338.6, 339.1 (fiziki şəxslər barədə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi adından dövlət yol polisinin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş Dövlət Yol Polisi Idarəsinin, dövlət yol polisi idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının dövlət yol polisi şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları baxır. Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər BPI-nin Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar