Məhkəmə qərarları › İş №3(3-6)-2992/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2992/2026

18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2992/2026 18.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlu, Məhkəmə iclas katibi X4, Barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) vəkili Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq idarəsinin nümayəndəsi Mansurov İlkin Çingiz oğlunun iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası X5 Xidmətinin ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət ilə müraciət etmişdir. Şikayətdə bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə ##.##.2026-cı il tarixli, MN******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən isə ##.##.2026-cı il tarixli, MN******* nömrəli qərarla 2000 manat məbləğində inzibati cərimənin şərti tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Qərarın "Müəyyən edildi" hissəsində vətəndaş X2 əmək hüquqlarının pozulması ilə bağlı daxil olmuş müraciət əsasında təqdim edilmiş sənədlər araşdırılarkən onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilərkən Məcəllənin 187.2-ci maddəsinin tələblərinin pozulduğunun müəyyən edildiyi göstərilmişdir. X2 ilə "xxxx" MMC arasında ##.##.2025-ci il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə isə ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. Bildirmişdir ki, Əmək Məcəlləsinin 71.2-ci maddəsinə əsasən işçi qəsdən və ya səhlənkarlıq nəticəsində əmək funksiyasını və ya vəzifə öhdəliklərini yerinə yetirmədikdə, bunun nəticəsində işəgötürənin qanunla qorunan mənafelərinə zərər vurulduqda əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilə bilər. Həmçinin, Məcəllənin 83.1-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri ilə rəsmiləşdirilməlidir. X5 Xidməti tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı sənədlərin təqdim olunması barədə sorğu daxil olmuş, həmin sorğuya cavab olaraq əmək müqaviləsinə xitam verilməsi barədə əmr, akt, işçinin izahatı və digər aidiyyəti sənədlər tam həcmdə Xidmətə təqdim edilmişdir. Sürücü vəzifəsində çalışan X2 ##.##.2025-ci il tarixdə işəgötürənə məxsus nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, bundan sonra müəyyən müddət işə çıxmamışdır. Növbəti ilin hesablaşmaları yoxlanılarkən ##.##.2026-cı il tarixdə müəyyən edilmişdir ki, onun xidmət göstərdiyi müştəri ilə hesablaşmalarda 2270 manat məbləğində çatışmazlıq mövcuddur. Bununla əlaqədar işçi ##.##.2026-cı il tarixdə izahat verməyə dəvət edilmiş və izahatında göstərmişdir ki, digər əməkdaş Bayramzadə Əmiraslan tərəfindən ona təhvil verilmiş 2270 manat məbləğində pul vəsaitini müştəriyə çatdırmalı olduğu halda, yol-nəqliyyat hadisəsi zamanı keçirdiyi həyəcan səbəbindən pul və aktın itdiyini, sonradan isə onları tapa bilmədiyini etiraf etmişdir. Hadisənin araşdırılması məqsədilə işəgötürən tərəfindən komissiya yaradılmış, araşdırmanın nəticəsi olaraq ##.##.2026-cı il tarixli akt tərtib edilmiş və həmin aktla X2 ona etibar olunmuş 2270 manat məbləğində pul vəsaitini təyinatı üzrə təhvil verməməsi nəticəsində işəgötürənə maddi zərər vurduğu müəyyən edilmişdir. Bunun əsasında ##.##.2026-cı il tarixli ***/ş nömrəli əmrlə onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən işçi əmək funksiyasını yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, yaxud əmək və daxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi kimi əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verə bilər. Həmçinin, Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən intizam tənbehi əmək və ya icra intizamının pozulmasının aşkar edildiyi gündən etibarən bir ay müddətində tətbiq edilməlidir. Hadisə ilə bağlı pozuntu ##.##.2026-cı il tarixdə aşkar edilmiş, əmək müqaviləsinə xitam isə həmin tarixdən bir aylıq müddət başa çatmadan, ##.##.2026- cı il tarixdə verilmişdir. İşçidən izahatın ##.##.2026-cı il tarixdə alınması da pozuntunun məhz ##.##.2026-cı il tarixdə aşkar edildiyini təsdiq edir. Əmək müqaviləsinə xitam verilməsinin qanuniliyini təsdiq edən bütün sənədlər X5 Xidmətinə təqdim edilməsinə baxmayaraq, həmin qurum tərəfindən inzibati cərimənin şərti tətbiq edilməsi barədə qərarın qəbul edilməsi qanunsuz olmuşdur. Onun fikrincə, müəssisə tərəfindən əmək qanunvericiliyinin tələblərinə tam riayət edilmiş, bütün zəruri sənədləşdirmə aparılmış və aidiyyəti üzrə təqdim edilmişdir. Beləliklə həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarı ilə şikayət təmin olunmuş, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası X5 Xidmətinin ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq idarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə ##.##.2026-cı il tarixli, MN******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən isə ##.##.2026-cı il tarixli, MN******* nömrəli qərarla 2000 manat məbləğində inzibati cərimənin şərti tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Qərarın "Müəyyən edildi" hissəsində vətəndaş X2 əmək hüquqlarının pozulmasıl ilə bağlı daxil olmuş müraciət əsasında təqdim edilmiş sənədlər araşdırılarkən onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilərkən Məcəllənin 187.2-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edildiyi göstərilmişdir. Həmçinin X2 ilə "xxxx" MMC arasında 10:04.2025-ci il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə isə ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. Bildirmişdir ki, Əmək Məcəlləsinin 71.2-ci maddəsinə əsasən işçi qəsdən və ya səhlənkarlıq nəticəsində əmək funksiyasını və ya vəzifə öhdəliklərini yerinə yetirmədikdə,bunun nəticəsində işəgötürənin qanunla qorunan mənafelərinə zərər vurulduqda əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin "çM bəndi ilə xitam verilə bilər. Həmçinin, Məcəllənin 83.1-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri ilə rəsmiləşdirilməlidir. X5 Xidməti tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı sənədlərin təqdim olunması barədə sorğu daxil olmuş, həmin sorğuya cavab olaraq əmək müqaviləsinə xitam verilməsi barədə əmr, akt, işçinin izahatı və digər aidiyyəti sənədlər tam həcmdə Xidmətə təqdim edilmişdir. Beləliklə, yuxarıda sadalanan qanun pozuntularına yol verdiyinə görə, Xidmətin Bakı şəhər İdarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 192.6-cı maddəsi ilə ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraatlar başlanılmış, sözügedən protokollar (əlavə olunmuş iş materialları) üzrə işlərə baxılma zamanı ##.##.2026-cı il tarixli MN ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərar qəbul edilmişdir. Bu səbəbdən vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasınin İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə əsasən ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən araşdırma və sübutların qiymətləndirilməsi obyektiv aparılmamış, sözügedən inzibati xətanın aşkarlanmasına səbəb olmuş şikayət və vətəndaşın müraciətinə isə ümumiyyətlə, etinasız yanaşılmışdır. Məhkəmə sadəcə bir tərəfin, xüsusilə vəzifəli şəxsə münasibətdə qərardan şikayət vermiş şəxsin özünümüdafiə xarakterli mülahizələrinə əsaslanaraq birtərəfli qaydada qanunazidd qərar çıxarmışdır. Beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tam qanuni və əsaslıdır. Eyni zamanda, Qərardan şikayət verən orqan (şəxs) Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) anlayışına uyğun əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik şəxs oiduğundan, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edilir. Qərardan şikayət verən orqan (şəxs)nun təqsiri yuxarıda qeyd olunmuş mötəbər, qanuni və etibarlı sənəd və dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq idarəsinin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin vəkili apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iclasda iştirak edən şəxsləri dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası X5 Xidmətinin ##.##.2026-cı il tarixli MN ******* saylı elektron qərarından görünür ki, vətəndaş X2 əmək hüquqlarının pozulması ilə bağlı göndərilmiş *-**-*/*-*****/**** saylı ##.##.2026-cı il tarixli məktuba əsasən təqdim edilmiş ##.##.2026-cı il tarixli, *-**-***-*****/**** saylı sənədlərə əsasən E.Yolçuyevin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilərkən həmin Məcəllənin 187.2-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. “xxxx” MMC tərəfindən ## ###### 2026-cı il tarixdə qəbul edilmiş aktdan görünür ki, sürücü X2 ##.##.2025-ci il tarixində iş vaxtı ona etibar edilmiş, şirkətə məxsus 2.270 (iki min iki yüz yetmiş) manat məbləğində pul vəsaitini təyinatı üzrə təhvil verməmişdir. Həmin pul vəsaitinin itməsi faktı aparılmış araşdırma ilə təsdiq edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan tarixdə işçiyə iş yoldaşı tərəfindən Ulduz metrosunun qarşısında 2.270 (iki min iki yüz yetmiş) manat məbləğində şirkətə məxsus pul vəsaiti təqdim edilmişdir ki, həmin vəsait Kontakt Home şirkətinə çatdırılsın. Sözügedən gün işçi "Kontakt Home" sifarişini icra etdiyinə görə pul vəsaiti ona verilmişdir. İşçi öz yazılı izahatında bildirmişdir ki, qeyd olunan məbləği aktla birlikdə idarə etdiyi avtomobilin sənəd qutusunda saxlamışdır. “Kontakt Home"a gedən zaman yol-nəqliyyat hadisəsi baş verdiyini, hadisənin təsirindən həyəcan keçirdiyini və naməlum səbəbdən 2.270 manat məbləğində pul və aktın itdiyini qeyd etmişdir. İşçi vəsaitin harada və hansı şəraitdə itdiyini izah edə bilmədiyini və pulu tapa bilmədiyini bildirmişdir. Aparılmış xidməti araşdırmanın nəticəsinə əsasən müəyyən edilmişdir ki, işçiyə etibar edilmiş 2.270 (iki min iki yüz yetmiş) manat məbləğində pul vəsaiti təyinatı üzrə təhvil verilməmiş və nəticədə işəgötürənə maddi zərər dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verməklə bağlı intizam tənbehini verə bilər. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. X2 iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi ##.##.2025-ci il tarixdə baş versə də, həmin hadisə nəticəsində işəgötürənə vurulmuş zərər və işçi tərəfindən əmək vəzifələrinin pozulması faktı həmin tarixdə deyil, müəssisədə aparılmış daxili yoxlama zamanı, yəni ##.##.2026-cı il tarixdə aşkar edilmişdir. Belə ki, növbəti ilin hesablaşmalarının yoxlanılması zamanı işçinin xidmət göstərdiyi müştəri ilə hesablaşmalarda 2270 manat məbləğində çatışmazlığın olduğu müəyyən edilmiş, bununla əlaqədar olaraq işçidən ##.##.2026-cı il tarixdə yazılı izahat alınmışdır. Bundan sonra işəgötürən tərəfindən ##.##.2026-cı il tarixli akt tərtib edilmiş və həmin aktla işçinin ona etibar edilmiş pul vəsaitini təyinatı üzrə təhvil verməməsi nəticəsində işəgötürənə maddi zərər vurduğu müəyyən edilmişdir. Eyni tarixdə qəbul edilmiş ***/ş nömrəli əmrlə X2 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, həmin normanın məzmunundan göründüyü kimi, intizam tənbehinin tətbiqi üçün nəzərdə tutulmuş bir aylıq müddətin hesablanması pozuntunun baş verdiyi tarixdən deyil, onun işəgötürən tərəfindən aşkar edildiyi tarixdən başlanılır. Hazırkı iş üzrə pozuntu ##.##.2026-cı il tarixdə aşkar edilmiş, tənbehi tədbiri isə ##.##.2026-cı il tarixdə tətbiq olunmuşdur. Beləliklə, əmək müqaviləsinə xitam verilməsi qanunvericilikdə nəzərdə tutulmuş bir aylıq müddət bitmədən həyata keçirilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, işəgötürən tərəfindən intizam tənbehinin tətbiqi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.2-ci maddəsində nəzərdə tutulmuş prosessual müddətlərə riayət edilmiş, əmək müqaviləsinə xitam verilməsi qanunla müəyyən edilmiş qaydada və müddətdə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati tənbeh edilməsi barədə X5 Xidmətinin ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassızdır və ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində, yəni inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı işin faktiki hallarına uyğun, qanuni və əsaslı olduğundan, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar