Məhkəmə qərarları › İş №3(3-6)-2995/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2995/2026

17.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2995/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlu, məhkəmə iclas katibi X2 oğlunun katibliyi, Tələbkar Maraqlı şəxs (üçüncü şəxs), Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xankişiyev İntiqam Kamal oğlunun iştirakı ilə, Xankişiyev İntiqam Kamal oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib cərimə edilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-*****/**** saylı qərarından tələbkar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Xankişiyev İntiqam Kamal oğlu Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Xankişiyev İntiqam Kamal oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru İsrafilov Orxan Xudaqulu oğlu tərəfindən ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-*****/**** saylı qərarı ilə Xankişiyev İntiqam Kamal oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1000 (min) manat məbləğində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan tələbkar Maraqlı şəxs (üçüncü şəxs) apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- *****/**** saylı qərarının ləğv edilməsini və borclu barəsində inzibati həbsin tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon İcra probasiya şöbəsinin icra məmuru İsrafilov Orxan Xanqulu oğlu təqdimatla məhkəməyə müraciət edərək icraatında olan Bakı Şəhəri Xətai rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2 (011)-8422/2025-nömrəli icra sənədi ilə əlaqədar borclu Xankişiyev İntiqam Kamal oğlundan 21750 (iyirmi bir min yeddi yüz əlli) manat məbləğində pul tutulmalı və həmin vəsait tələbkar kimi ona ödənilməlidir. Qeyd olunan məhkəmə aktı əsasında verilmiş icra sənədi ## ###### 2026-cı il tarixdə Xətai rayon İcra şöbəsinin icra məmuru İsrafilov Orxan Xudaqulu oğlunun icraatına daxil olmuşdur. İcra sənədinin icrası ilə əlaqədar borcluya müvafiq qaydada xəbərdarlıq edilmiş, icra sənədində nəzərdə tutulmuş tələbin icrası və icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsi tələb olunmuşdur. Lakin borclu Xankişiyev İntiqam Kamal oğlu icra sənədinin icrası üçün müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən öhdəliyini yerinə yetirməmiş, icra məmurunun qanuni tələblərinə əməl etməmiş və nəticədə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, ## #### 2026-cı il tarixdə icra sənədi üzrə borcun ödənilməməsi ilə əlaqədar protokol tərtib edilərək məhkəməyə göndərilmiş və məhkəmə tərəfindən borclu Xankişiyev İntiqam Kamal oğlu barəsində 500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Lakin həmin inzibati tənbeh də borclunun davranışını dəyişdirməmişdir. Əksinə, əvvəlki inzibati tənbeh tətbiq edildikdən sonra da Xankişiyev İntiqam Kamal oğlu eyni icra sənədini icra etməmiş, ondan 21750 manat məbləğində borcu ödəməmiş, icra sənədinin icrasından yayınmağa davam etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatına görə, icra məmurunun məhkəmə və digər dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar qanuni tələbləri fiziki şəxslər üçün də məcburidir. Xankişiyev İntiqam Kamal oğlunun əməlində təkrar inzibati xəta tərkibi mövcuddur. Beləliklə, borclu Xankişiyev İntiqam Kamal oğlunun sonrakı hərəkətsizliyi əvvəlki inzibati tənbehdən sonra eyni icra sənədinə münasibətdə təkrar törədilmiş inzibati xəta xarakteri daşıyır. Məhkəmə tərəfindən inzibati tənbehin növü seçilərkən işin mühüm halları kifayət qədər nəzərə alınmamışdır. Məhkəmənin borclu Xankişiyev İntiqam Kamal oğlunu İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilməsi ilə mübahisə etmir. Onun narazılığı tətbiq edilmiş inzibati tənbehin 1000 manat məbləğində cərimə ilə məhdudlaşdırılması ilə bağlıdır. Çünki iş materiallarından görünür ki, borclu Xankişiyev İntiqam Kamal oğluna qarşı artıq inzibati təsir tədbiri görülmüşdür. Lakin 500 manatlıq əvvəlki cərimə borcun ödənilməsini və məhkəmə aktının icrasını təmin etməmişdir. Başqa sözlə, əvvəlki inzibati tənbeh öz məqsədinə çatmamışdır. Deməli, borclunun davranışı göstərir ki, o, icra sənədinin tələblərini könüllü qaydada yerinə yetirmək niyyətində olmamış, əksinə, məsuliyyətdən yayınmağa çalışmışdır. İnzibati xəta artıq həmin müddətdə baş vermiş və tamamlanmışdır. Sonradan, inzibati məsuliyyətə cəlb olunacağını anladıqdan sonra cüzi məbləğdə ödəniş etməsi törədilmiş inzibati xətanı aradan qaldırmır və onu məsuliyyətdən azad etmir. Buna baxmayaraq, məhkəmə növbəti dəfə yenidən yalnız pul cəriməsi tətbiq etməklə kifayətlənmişdir. Hesab edir ki, bu halda cərimənin yenidən tətbiq edilməsi faktiki olaraq əvvəlki tənbehin nəticəsizliyini nəzərə almamaq deməkdir. Lakin 500 manatlıq əvvəlki cərimə borcun ödənilməsini və məhkəmə aktının icrasını təmin etməmişdir. Hesab edir ki, hazırkı işdə yalnız növbəti cərimənin tətbiqi məhkəmə qərarının icrasını təmin edən səmərəli tədbir hesab edilə bilməz. Çünki, birinci inzibati cərimə -500 manat tətbiq edilmişdir, lakin borc ödənilməmişdir, icra sənədi icra edilməmişdir, icra məmurunun tələbləri yerinə yetirilməmişdir, buna baxmayaraq, ikinci dəfə də cərimə tətbiq edilmişdir.Belə vəziyyətdə inzibati tənbehin yalnız cərimə formasında seçilməsi borclunun davranışına real təsir göstərməmiş və məhkəmə aktının icrasına səbəb olmamışdır. Məhkəmə iclasında iştirak edən tələbkar apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış icra məmuru məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-*****/**** saylı qərarı qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru İsrafilov Orxan Xudaqulu oğlu tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, (***)-****/**** saylı icra sənədi üzrə borclu tərəfindən öhdəlik yerinə yetirilməmişdir. Bakı Şəhəri Xətai rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı icra vərəqəsinə əsasən, cavabdeh Xankişiyev İntiqam Kamal oğlundan 21750 (iyirmi bir min yeddi yüz əlli) manat pul vəsaiti alınaraq iddiaçı Maraqlı şəxs (üçüncü şəxs) ödənilməsi qeyd edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli icra vərəqəsindən müəyyən olunur ki, həmin məhkəmənin qətnaməsi ilə cavabdeh Xankişiyev İntiqam Kamal oğlundan 21750 (iyirmi bir min yeddi yüz əlli) manat məbləğində maddi zərər və 155 (yüz əlli beş) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Maraqlı şəxs (üçüncü şəxs) ödənilməsi müəyyən edilmişdir. Qətnamə ## ###### 2026-cı il tarixdə qanuni qüvvəyə minmiş, icra vərəqəsi isə ## ###### 2026cı il tarixdə verilmişdir. ##.##.2026-cı il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. ##.##.2026-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, bildiriş borclu Xankişiyev İntiqam Kamal oğluna təqdim edilərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadından müəyyən olunur ki, məhkəmənin qərardadı ilə ## ##### 1983cü ildə ünvan 1 5-6 ünvanında qeydiyyatda olan borclu Xankişiyev İntiqam Kamal oğlunun Azərbaycan Respublikasının hüdudlarından getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. ##.##.2026-cı il tarixli, e*****/****-*-** nömrəli müraciətdən müəyyən olunur ki, icra sənədinin icrası ilə əlaqədar hər ay borclunun gəlirinin 50 faizinin tutulması, tutulmuş məbləğin 90 faizinin tələbkara, 10 faizinin isə icra qurumunun hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, Xankişiyev İntiqam Kamal oğlu Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, Xankişiyev İntiqam Kamal oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gələrək inzibati xəta törətmiş şəxsə təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında, törətmiş olduğu inzibati xətanın xarakterinə və törədilməsi hallarına uyğun, qanuni, əsaslı və ədalətli inzibati tənbeh tədbiri tətbiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-*****/**** saylı qərarı işin faktiki hallarına uyğun, qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-*****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar