Məhkəmə qərarları › İş №3(3-6)-3129/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3129/2026

28.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3129/2026 28.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 Oruc qızının katibliyi, Barəsində icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDILDI: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası IXM-nin 405-1.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsindən daxil olmuş inzibati xəta haqqında material Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə “xxxx” MMC Azərbaycan Respublikası IXM-nin 405-1.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 1000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan “xxxx” MMC apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam hərtərəfli obyektiiv araşdırmadan qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, tam ödənilmiş nizamnamə kapitalı barədə 5 iş günü müddətində məlumat verilməli olduğu göstərilsə də, bu müddətin məhz hansı tarixdən hesablanmalı olması açıq və birmənalı şəkildə müəyyən edilməmişdir. Dövlət Vergi Xidməti tərəfindən ##.##.2026-cı il tarixində cəmiyyətə nizamnamə kapitalının ödənilməsi barədə məlumatın təqdim edilməsi ilə bağlı məktub göndərilmiş, cəmiyyət isə həmin məktubdan sonra ##.##.2026-cı il tarixində tələb olunan məlumatı və ödənişi təsdiq edən sənədi təqdim etmişdir. Bu səbəbdən cəmiyyətin hərəkətsiz qalması və ya məlumatı gizlətməsi kimi hal mövcud deyil. Buna görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası IXM-nin 405-1.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumatın “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilməməsinə görə - vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Iş materiallarında olan inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, “xxxx” MMC ##.##.2026 dövlət qeydiyyatına alınmasına və ##.##.2026-cı il tarixdə nizamnamə kapitalının tam ödənilməsinə baxmayaraq, qanunvericiliklə nəzərdə tutulan müddət ərzində müvafiq icra hakimiyyəti orqanına tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumat verməmişdir. Bununla da “xxxx” MMC hüquqi şəxs olaraq Azərbaycan Respublikası IXM-nin 405-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMCnin Azərbaycan Respublikası IXM-nin 405-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası IXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilatihüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; - 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; - 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; - 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir; - 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş- şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər; - 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 135-ci maddələri rəhbər tutularaq QƏRARA ALINDI: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətlar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar