Məhkəmə qərarları › İş №3(3-6)-3236/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3236/2026

28.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3236/2026 28.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin sədri Əkbərov Mübariz Dosməmməd oğlu, aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə əlaqədar mübahisəni həll etmək məqsədilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM) 346-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı qəbul edilmiş ## ######## 2025-ci il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayətə dair materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDIM: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək barəsində qəbul edilmiş ## ######## 2025-cı il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə inzibati xəta haqqında material inzibati xəta hadisəsinin Sabunçu rayonu ərazisində törədildilməsi ehtimal olunduğundan aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə inzibati xəta haqqında materiala barəsində elektron qərar çıxarılmış şəxsin yaşadığı yer üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmalı olması əsas gətirilərək, məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həll edilməsi üçün materialın Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Materialı nəzərdən keçirib hesab edirəm ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-in 346-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş ehtimal olunan inzibati xətanın törədilməsi ilə bağlı qəbul edilmiş elektron qərardan verilmiş şikayətə dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2020-ci il tarixli Qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” ## #### 2025-ci il tarixli, ***-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə IXM-in 129.1.3-cü maddəsində dəyişiklik edilmiş, Məcəlləyə yeni 129.1.3-1-ci maddə əlavə olunmuş və həmin dəyişikliklər ## ###### 2025-ci il tarixdə qüvvəyə minmişdir. Qeyd olunan dəyişikliklərə əsasən IXM-in 129.1.3-cü və 129.1.3-1-ci maddələri aşağıdakı redaksiyalarda verilmişdir: “129.1. Inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla); 129.1.3-1. bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə;” Qanunun tələbinə əsasən hazırkı iş üzrə IXM-in 346-1.1-ci maddəsi ilə qəbul edilmiş elektron qərardan şikayət 129.1.3-1-ci maddəsinə əsasən elektron qaydada qeydə alındığından, eləcə də IXM-in 122.1-ci maddəsində nəzərdə tutulduğundan şikayətçinin yaşayış yeri (şəxsiyyət vəsiqəsi üzrə qeydə alındığı yer) üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərilmişdir ki, yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş məlumatlardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) yaşayış ünvanı Füzuli şəhəri, Ə.Məmmədov küçəsi, ev 20 ünvanıdır. Lakin, Qərardan şikayət verən orqan (şəxs) şikayətinə əlavə edilmiş məcburi köçkünlərin yaşayış yeri haqqından məlumatlardan çıxarışa əsasən müəyyən olunur ki, o, məcburi köçkün kimi Bakı şəhəri, Səbail rayonu, Nemanzadə 33 ünvanında faktiki məskunlaşmışdır və onun faktiki yaşayış yeri Bakı şəhərinin Səbail rayonu ərazisindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442.1-ci maddəsinin həmin Məcəllənin 207.5, 215.7 və 216.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” # ###### 2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə aidiyyəti prinsipi (ərazi, predmet və ya şəxs üzrə) prosessual qənaət prinsipinə riayət edilməsinə, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasına, pozulmuş hüquqların bərpasına qısa müddətdə nail olunmasına xidmət edir, habelə məhkəmə müdafiəsi hüququnun əlçatanlığını və səmərəliliyini təmin edir. Əlavə olaraq qeyd olunmalıdır ki, iş materiallarına əsasən törədilməsi ehtimal olunan inzibati xəta hadisəsinin də Bakı şəhərinin Səbail rayonu ərazisində baş verdiyi müəyyən edilmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında elektron qərarda törədilməsi ehtimal olunan inzibati xəta hadisəsinin Mirvarid Dilbazi – ***** nömrəli parklanma məntəqəsində baş verdiyi qeyd olunmuşdur. Qərarından şikayət verilən orqan internet portalından əldə olunmuş çıxarışa əsasən həmin parklanma məntəqəsinin Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşdiyi görünür. Odur ki, yuxarıda göstərilən hüquqi mövqelər nəzərə alınaraq, prosessual qənaət prinsipi və məhkəmə müdafiəsinin əlçatanlığını təmin etmək məqsədilə, hazırkı materialın IXM-in 129.1.3-1-cü maddəsinə uyğun olaraq şikayətçinin faktiki yaşayış yeri üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmasını məqsədəuyğun hesab edirəm. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. IXM-in 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin, qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. IXM-də məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmamışdır. Lakin məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 77.1-ci maddəsinə istinad olunmalıdır. CPM-in 77.1-ci mаddəsinə əsаsən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Şərh edilənlərə əsasən və CPM-in 77-ci mаddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı qəbul edilmiş ## ######## 2025-ci il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayətə dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar