Məhkəmə qərarları › İş №3(3-6)-906/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-906/2026

09.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-906/2026 09.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, məhkəmə iclas katibi Osmanov Vahab Bəhram oğlunun iştirakı ilə Xəlilov Sədyar Əhməd oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2.000 (iki min) manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)- 1372/2025 saylı, 24 iyul 2025-ci il tarixli qərarından barəsində inzibati qərar qəbul edilmiş Xəlilov Sədyar Əhməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xəlilov Sədyar Əhməd oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən toplanmış inzibati material və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-1372/2025 saylı, 24 iyul 2025-ci il tarixli qərarı ilə Xəlilov Sədyar Əhməd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2.000 (iki min) manat məbləğində inzibati cərimə edilməsi, zərərçəkmiş Ağayev Ramin Azay oğluna yuxarıda qeyd olunan hadisə ilə əlaqədar ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi məqsədi ilə inzibati xəta törətmiş Xəlilov Sədyar Əhməd oğluna qarşı məhkəmədə iddia qaldırmaq hüququna malik olmasının izah edilməsi qərara alınmışdır. Qərardan barəsində inzibati qərar qəbul edilmiş şəxs Xəlilov Sədyar Əhməd oğlu apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-1372/2025 saylı 24 iyul 2025-ci il tarixli qərarının ləğv edilməsi və Xəlilov Sədyar Əhməd oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta törədilməsi barədə materiala xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri onunla əsaslandırılmışdır ki, iş materillarından da görünür ki, Sədyar Xəlilov “Cənub Topdan” adlanan obyekdə deyil onunla üzbə üz yerləşən obyekdə işləmişdir. Yəni Sədyar Xəlilov “Cənub Topdan” satış adlanan obyektdə işləməmiş və heç bir əmək müqaviləsi olmamışdır. Zərərçəkmiş şəxs Ağayev Ramin Azay oğlu da öz izahatında “Cənub Topdan” adlanan obyekdə yıxıldığını bildirmişdir. Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi işi tam araşdırmamış və nəticədə düzgün olmayan qərar qəbul etmişdir. Hadisədən və verilən izahatlardan da görünür ki, “Cənub Topdan” satış adlanan obyektdən Sədyar Xəlilova obyekdə təmir işləri görmək üçün işçi tapmasını xahiş etmişlər. Sədyar Xəlilovda tanıdığı Səxavətə bu barədə bildirib Səxavət də özü ilə birlikdə zərərçəkmiş şəxs Ağayev Ramin Azay oğlunu gətirmiş və onlar birlikdə “Cənub Topdan” satış adlanan obyektdə tikinti işləri aparmışdır. Göründüyü kimi burda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi Sədyar Xəlilova edilməsi barədə heç bir sübut yoxdur. Belə ki, Sədyar Xəlilov “Cənub Topdan” satış adlanan obyektdə işləməmiş və aralarında əmək müqaviləsi olmamışdır. Sədyar Xəlilov sadəcə “Cənub Topdan” satış adlanan obyektdin rəhbərinin xahişi ilə Səxavət adlı şəxsə həmin obyektdə təmir tikinti ilə bağlı işçi axtardığını bildirmişdir. Sədyar Xəlilov məsuliyyət daşıdığından daha çox Səxavət və “Cənub Topdan” satış adlanan obyektin məsul şəxsi məsuliyyət daşımalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Xəlilov Sədyar Əhməd oğlu və Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə şikayətə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayəti və inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, belə hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-1372/2025 saylı, 24 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsinin 03 iyun 2025-ci il tarixli, 771 saylı rəyindən görünür ki, Ağayev Ramin Azay oğlunda soldan IV-XI qabırğaların az yerdəyişmiş sınıqları və reaktiv reaksiya hesabına sol tərəfli (15 mm) minimal hemotoraksla müşayiət olunan döş qəfəsinin küt travması, II bel fəqərəsinin sol yan çıxıntısının, oma sümüyünün və sol qasıq, oturaq sümükləriinin sınıqları, sol bud sümüyünün burmalararası sınığı aşkar edilmişdir. Qeyd olunan xəsaətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 01.02.2025-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞIR zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsinin 23 may 2022-ci il tarixli, 341 saylı rəyindən görünür ki, Vət. Ə.Ə.Əhmədlinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarət –sifət, hər iki qulaq seyvanı, boyun nahiyəsinin yuxarı 1/3-i, sağ dirsək oynağının arxa səthi, sağ mil-bilək oynağı, sağ əl və əl barmaqları, sol yuxarı ətrafının bədən səthinin 26%-i II-III dərəcəli termiki yanıqları. Qeyd olunan xəsarətlər yüksək hərarətin təsirindən onun tibbi yardım üçün Nərimanov Tibb Mərkəzinə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 28 aprel 2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2025-ci il tarixli, 10/2583 saylı “Əmək təhlükəsizliyinin tədqiqi ekspertizası”ndan aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək Ticarət Mərkəzi”ndə yerləşən mağazada təmir işləri zamanı döşəmədən 2,7 m hündürlükdə görülən işlər zamanı mövcud tələblərə cavab verməyən ayaqaltıdan istifadə edilməsi, yəni ayaqaltının təsadüfən yıxılmanı istisna edən məhəccərinin olmaması, həmçinin işçinin həmin işlərin görülməsi zamanı fərdi mühafizə vasitəsi olan qoruyucu kəmər ilə təmin edilməməsi baş vermiş hadisəyə səbəb olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 2.3, 2.4.1, 2.4.2, 2.4.3, 3.1, 5.27.2, 5.27.3-cü bəndlərinin tələbləri pozulmuşdur. Hündürlükdə aparılan işin xarakterinə uyğun müvafiq ixtisasa malik olmadan, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırılmadan, nəzəri bilikləri yoxlanılmadan, hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metodları, onların üsulları öyrədilmədən, bununla yanaşı iş sahəsində istifadə olunan ayaqaltının mövcud tələblərə cavab vermədən, yəni ayaqaltının təsadüfən yıxılmanı istisna edən məhəccəri olmadan, eləcə də hündürlükdə görülən işlər zamanı fərdi mühafizə vasitəsi olan qoruyucu kəmərdən istifadəsi təmin olunmadan Ağayev Ramin Azay oğlunun hündürlükdə işlərin görülməsinə yol verildiyinə görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 2.3, 2.4.1, 2.4.2, 2.4.3, 3.1, 5.27.2, 5.27.3 bəndlərinin tələbləri Ağayev Ramin Azay oğlunu mağazada təmir işlərinin aparılmasına cəlb etmiş şəxs(-lər) tərəfindən pozulmuşdur. Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda, zərərçəkmiş Ağayev Ramin Azay oğlu tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Bakı şəhəri Qaradağ rayon prokurorluğunun böyük müstəntiqi, II dərəcəli hüquqşünas Hüseynli Nicat Aydın oğlunun 06 iyun 2025-ci il tarixli, “cinayət işinin başlnamasının rədd edilməsi haqqında” qərarın nəticə hissəsindən aydın olur ki, Ağayev Ramin Azay oğlunun 01 fevral 2025-ci il tarixdə xəsarət alması faktında hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Xəlilov Sədyar Əhməd oğlunun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinin tərkibi olmadığından onun barəsində həmin maddə ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən əməldə cinayat tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş 3. Toplanmış materiallar Xəlilov Sədyar Əhməd oğlu barasində Azərbaycan Respublikası İnzibati Xatalar Məcəlləsinin 192.1 və 198.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün Qaradağ rayon prokuroruna təqdim edilməsi, 4. Qəbul edilmiş qərarın surati ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, 4. Qəbul edilmiş qərarın surətinin maraqlı şəxslərə göndərilməsi və qarardan narazı qaldığı halda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhberliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud Qaradağ rayon məhkəməsinə şikayət vermək hüququnun olmasının izah edilməsi, 5. Material saxlanılması üçün rayon prokurorluğunun saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində iştirak edən Bakı şəhəri Qaradağ rayon Prokurorunun köməkçisi Paşayeva Mədinə İbrahim qızı öz izahatında tərtib edilmiş inzibati xəta haqqında qərarı müdafiə edərək göstərmişdir ki, vəzifəli şəxs Xəlilov Sədyar Əhməd oğlu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzində yolun kənarında Meyvəli bazarı ilə üzbəüz yerləşən obyektdə tikinti işlərini həyata keçirən zaman Ağayev Ramin Azay oğlunu işlərin görülməsinə cəlb etmiş və faktiki olaraq texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 2.3, 2.4.1, 2.4.2, 2.4.3, 3.1, 5.27.2, 5.27.3-cü bəndlərinin tələblərinə görə hündürlükdə aparılan işin xarakterinə uyğun müvafiq ixtisasa malik şəxsi işə cəlb etməli, həmin şəxsi əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırmalı, nəzəri biliklərini yoxlamalı, hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metodları, onların üsulları öyrətməli, bununla yanaşı iş sahəsində istifadə olunan ayaqaltının mövcud tələblərə cavab verməsini, yəni ayaqaltının təsadüfən yıxılmanı istisna edən məhəccərin olmasını, eləcə də hündürlükdə görülən işlər zamanı fərdi mühafizə vasitəsi olan qoruyucu kəmərdən istifadəni təmin etməli olduğu halda cinayətkarcasına etinasızlıq edərək həmin vəzifələrini yerinə yetirmədiyindən 01 fevral 2025-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək Ticarət Mərkəzi”ndə yerləşən mağazada lambirin vurulması işinin görülməsinə cəlb etdiyi Ağayev Ramin Azay oğlunun iş görən zaman döşəmədən 2,7 m hündürlükdə quraşdırılmış ayaqaltıdan yerə yıxılması nəticəsində dərəcəsinə görə, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş, bununla da Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulması inzibati xətasını törətmişdir. Odur ki, vəzifəli şəxs Xəlilov Sədyar Əhməd oğlunun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən zərərçəkmiş şəxs Ağayev Ramin Azay oğlu öz izahatında şikayətçi olduğunu və araşdırma zamanı verdiyi izahatını təsdiq edərək göstərmişdir ki, 01 fevral 2025-ci il tarixdə “Cənub Topdan” adlanan obyektdə yıxılmışdır. Təcili tibbi yardım vasitəsilə əvvəlcə Lökbatan qəsəbəsinə gətirilmiş, oradan da 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş, otuz iki gün həmin xəstəxanada müalicə almışdır. Hadisədən on altı gün sonra Xəlilov Sədyar Əhməd oğlu xəstəxanaya, onun yanına gəlmiş, o Sədyara xəsarətinin və maddi vəziyyətinin ağır olduğunu demişdir. Sədyar həmin tikintidə tikintiyə məsul şəxs olmuşdur. Turqut adlı şəxs isə onun tikintisini apardığı obketyin sahibi olmuşdur. O gündəlik əmək haqqını Sədyardan almışdır. Sədyar o, xəstəxanada mülaicə aldığı dövrdə onunla maraqlanmamış, 130 (yüz otuz) manata ayaq üçün qəlib almaqdan başqa heç bir maddi yardım göstərməmişdir. Qəza nəticəsində çanaq, bud sümükləri sınmış, bir ayağı 3 sm qısalmışdır və buna görə də yenidən əməliyyat olunmalıdır. Ailəsi altı nəfərdən ibarət olmaqla altı aydır ki, xəstə olduğuna görə işləyə bilmir. Buna görə də yaxın qohumları ailəsini dolandırır. Bütün bu qeyd etdiklərinin nəzərə alınaraq Xəlilov Sədyar Əhməd oğlunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Zərərçəkmiş Ağayev Ramin Azay oğlu Bakı şəhəri Qaradağ rayon Prokruroluğunda 06 fevral 2025-ci il tarixdə verdiyi izahatında bildirmişdir ki, uzun müddətdir tanıdığı Səxavət adlı tanışı ona Sədərək Ticarət Mərkəzində yerləşən obyektdə lambirin vurulması işinin olmasını demişdir. 27 yanvar 2025-ci il tarixdən həmin mağazada 4 gün, hər gün səhər saat 08-dən, axşam saat 19-dək işləmişlər. 01 fevral 2025-ci il tarixdə təxminən saat 18 radələrində həmin iş yerində lambirin vurulması zamanı dəmir konstruksiya ilə quraşdırılmış saxlanc yerinin üzərindən sol yan üstünə yerə yıxılmışdır. Onun yıxıldığı yerin hündürlüyü təxminən 4,5 metr olmuşdur. Onunla heç bir əmək müqaviləsi bağlanmamışdır. Ona iş yerində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə bağlı heç bir təlimat keçirilməmişdir. O, heç bir fərdi mühafizə vasitələri və təhlükəsizlik kəməri ilə təmn olunmamışdır. Onun tərəfindən görülən işə gündəlik olaraq Mustafa, Sədyar və “Cənub Topdan” mağazasının adını bilmədiyi işçiləri nəzarət etmişdir. Birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xəlilov Sədyar Əhməd oğlu öz izahatında barəsində qəbul edilmiş qərarı qəbul etməyərək və araşdırma zamanı veridyi izahatını təsdiq edərək göstərmişdir ki, o, zərərçəkmiş şəxs Ağayev Ramin Azay oğlunu şəxsən tanımamışdır. Belə ki, o, Səxavət adlı şəxsə işlərin görülməsini tapşırmış, Səxavət iki-üç gün həmin işi görmüş, sonra Ramini də işə cəlb etmişdir. Ramin 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş, xəstəxanada Raminin qardaşları mübahisə yaratdığından o tanışı Səxavətə 2.250 (iki min iki yüz əlli) manat pul vermişdir ki, Raminə versinlər. Səxavət ona Raminin vəziyyətinin yaxşı olduğunu bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Səxavət həmin puldan cəmi 200-300 manatı Ramin üçün xərcləmiş, qalan pulu ona verməmişdir. Sonradan o, Raminin qardaşları ilə görüşmüş, qardaşları ona bildirmişlər ki, Ramin işlədiyi dövrdə ayda üç min manat qazanmışdır. O isə bu məbləği ödəyə bilmədiyini demiş, nəticədə aralarında razılıq əldə olunmamışdır. O, öz izahatında daha sonra göstərmişdir ki, onu işə Turqut cəlb etmiş, o, Ağayev Raminlə əməkhaqqı barəsində danışmamışdır. Tikintiyə nəzarət ona tapşırılmışdır. O, Səxavəti işə cəlb etmiş, Səxavət də Ramini işə gətirmişdir. O, öz əməlində hər hansı inzibati xəta tərkibinin olmadığını, Ramini işə şəxsən özünün qəbul etmədiyini və hal-hazırda vurulmuş ziyanla bağlı ödəniş etməyə imkanının olmadığını bildirərək barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xəlilov Sədyar Əhməd oğlu 27 fevral 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Prokururluğunda verdiyi izahatında bildirmişdir ki, o, uzun müddətdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində alkopon vurulmasını işlərini həyata keçirmişdir. Sədərək Ticarət Mərkəzində yolun kənarında Meyvəli bazarı ilə üzbəüz yerləşən obyektdə tikinti-təmir işlərini həyata keçirmək üçün işə cəlb etdiyi şəxslər müvafiq işlərin görülməsinə başlamış, işçilərə o, nəzarət etmişdir. Həmin obyektdə tikinti işləri onun tərəfindən həyata keçirilmiş, Ramin Ağayev hadisə baş verməmişdən bir neçə gün əvvəl Səxavətlə birlikdə ora gəlib işləmiş, onların hər ikisi lambirin vurulması işlərini həyata keçirmiş, 01 fevral 2025-ci il tarixdə o, axşam saat 18 radələrində Sədərək bazarında olmuş və Səxavət ona zəng edərək Raminin iş görən zaman yıxılaraq xəsarət aldığını bildirmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Xəlilov Sədyar Əhməd oğlunun əməli iş materialları ilə tam təsdiq olunur. Birinci instansiya məhkəməsində material tədqiq edilərkən müəyyən edilmişdir ki, Xəlilov Sədyar Əhməd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmişdir. Birinci instansiya məhkəməsi qeyd olunanları və inzibati xəta törətmiş Xəlilov Sədyar Əhməd oğlunun əməlini etiraf edərək peşiman olmamasını və zərərçəkmiş şəxslə barışıq əldə etməyə real olaraq cəhd göstərməməsinin nəzərə alaraq hesab etmişdir ki, Xəlilov Sədyar Əhməd oğlunun sanksiya daxilində yuxarı həddə cərimə edilməsi daha məqsədə müvafiqdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Xəlilov Sədyar Əhməd oğlu tərəfindən həmin inzibati xətanı törədilməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan və hazırkı qərarda istinad edilən yuxarıdakı yazılı sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə hesab edir ki, “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 25 iyun 2025-ci il tarixli qərar, məhkəmə-tibbi ekspertiza rəyləri və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Xəlilov Sədyar Əhməd oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Xəlilov Sədyar Əhməd oğlu həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsi də onunla razılaşır və qeyd edir ki, verilmiş şikayət həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edərək məhkəmə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Eyni zamanda şikayətdə qeyd edilən Sədyar Xəlilovun “Cənub Topdan” satış adlanan obyektdə işləməməsi, “Cənub Topdan” satış adlanan obyektdən Sədyar Xəlilova obyektdə təmir işləri görmək üçün işçi tapmasını xahiş etmələri, onun da Sədyar Xəlilovun da tanıdığı Səxavətə bu barədə bildirməsi barədə dəlillər təsdiqini tapmayaraq əsassız hesab edilir. Qeyd edilir ki, İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi Sədyar Xəlilova məxsus olduğundan inzibati xətaya görə məsuliyyəti də ona şamil olur. Həmçinin, məhkəmə qeyd edir ki, Səxavət və “Cənub Topdan” satış adlanan obyektin məsul şəxsi məsuliyyət daşımalı olması barədə dəlillər isə hazırki mübahisənin predmeti deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 198.3-cü maddəsinə əsasən Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, şikayət təmin edilməməli, Xəlilov Sədyar Əhməd oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə tənbeh tətbiq etmə haqqında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-1372/2025 saylı, 24 iyul 2025ci il tarixli qərarı barəsində inzibati qərar qəbul edilmiş Xəlilov Sədyar Əhməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, QƏRARA A L D I: Barəsində inzibati qərar qəbul edilmiş Xəlilov Sədyar Əhməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xəlilov Sədyar Əhməd oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-1372/2025 saylı, 24 iyul 2025-ci il tarixli qərarı barəsində inzibati qərar qəbul edilmiş Xəlilov Sədyar Əhməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayəti verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar