Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-907/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Qanbayev Emil Məhəmməd oğlunun, Şikayətçi Əliyev Ramiz Rasim oğlunun iştirakları ilə, Şikayətçi Əliyev Ramiz Rasim oğlunun Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 18 fevral 2026-cı il tarixli, EQ seriaylı 34028720 saylı qərardan verdiyi şikayət təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 mart 2026-ci il tarixli, 3(5-101)-2416/2026 nömrəli qərarından Əliyev Ramiz Rasim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Əliyev Ramiz Rasim oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş 18 fevral 2026-cı il tarixli EQ seriaylı 34028720 nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırımışdır ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Əliyev Ramiz Rasim oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə (nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında 2-ci və ya sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə) 18 fevral 2026-ci il tarixli EQ 34028720 saylı inzibati xəta haqqında elektron protokol tərtib edilmişdir.Qərara əsasən mən 80 (səksən) manat məbləğində inzibati tənbeh qaydasında cərimə olunmaqla yanaşı törədilmiş xəta 2 cərimə balı ilə qiymətləndirilmişdir. Hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Qeyd edir ki, O, Əliyev Ramiz Rasim oğlu özünə məxsus olan Mitsubishi markalı 77 CZ 394 dövlət nişanlı avtomobil ilə Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ilə hərəkətdə olan zaman “Metropark “ticarət mərkəzinin qarşısında ondan öndəki avtomobilin dayanması və hərəkətin sıxlığı səbəbindən məcburi dayanmalı olmuşdur. Bu zaman onun avtomobilindəki sərnişin ani olaraq avtomobildən düşmüşdür. Onun orada məcburi dayanmağı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzərə alınmamış və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə elektron qərar qəbul edilmişdir. Barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qanunsuz və əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə qəbul olunmuş 18 fevral 2026-cı il tarixli EQ 34028720 saylı elektron qərarın ləğv olunması və bu qərar əsasında ona tətbiq edilmiş 80 manat məbləğində cərimənin və 2 cərimə balının silinməsi barədə qərar qəbul edilməsini xahiş edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 mart 2026-ci il tarixli qərarı ilə şikayətçi Əliyev Ramiz Rasim oğlunun Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 18 fevral 2026-cı il tarixli, EQ seriaylı 34028720 saylı qərardan verdiyi şikayət təmin edilməmişdir. Həmin qərardan narazı qalan Əliyev Ramiz Rasim oğlu şikayətlə eyni məzmunlu apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 mart 2026-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Əliyev Ramiz Rasim oğlu apellyasiya qaydasında verilmiş şikayətin məzmununa uyğun çıxış edərək xətanı qəsdən törətmədiyini, qarşıdan avtomobil olduğu üçün məcburi dayandığını və bu zaman avtomobildəki qızının qəfl avtomobildən düşməsi nəticəsində baş verdiyini və apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Qanbayev Emil Məhəmməd oğlu apellyasiya şikayətini əsassız hesab edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdiriləmədən saxlanmasını xahiş etdi. İşin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfin çıxışını dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Əliyev Ramiz Rasim oğlunun Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 18 fevral 2026-cı il tarixli, EQ seriaylı 34028720 saylı qərardan verdiyi şikayət təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 mart 2026-ci il tarixli, 3(5-101)-2416/2026 nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 18 fevral 2026-cı il tarixli, EQ seriaylı 34028720 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 18 fevral 2026-cı il tarixdə saat 14:07-də Təbriz küçəsi ünvanında “MİTSUBİSHİ L200 minik” markalı 77-CZ-394 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durması nəticəsində Əliyev Ramiz Rasim oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə barəsində 80 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; -iş marteriallarında olan fotoşəkillərdən və video görüntüdən aydın olur ki, Əliyev Ramiz Rasim oğlu tərəfindən “MİTSUBİSHİ L200 minik” markalı 77-CZ-394 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durması halı aşkar edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Əliyev Ramiz Rasim oğlunun İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır, Əliyev Ramiz Rasim oğlu məhkəmə iclasında məcburi dayandığını göstərsə də, məhkəmə onun bu izahatının özünü müdafiə xarakteri daşıdığı qənaətinə gəlir. “Yol hərəkəti haqqında” Qanununun 1-ci maddəsinin 30-cu bəndinə əsasən məcburi dayanma – texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin: 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, xətanın törədilməsini istisna edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Əksinə Əliyev Ramiz Rasim oğlu tərəfindən inzibati xətanın törədilməsi iş materiallarında olan video görüntü və foto şəkillər ilə tam sübuta yetirilir. Birinci instansiya məhkəməsinin Əliyev Ramiz Rasim oğlunun Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 18 fevral 2026-cı il tarixli, EQ seriaylı 34028720 saylı qərardan verdiyi şikayət təmin edilməməsi barədə qənaəti əsaslıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 mart 2026-ci il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 mart 2026-ci nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Əliyev Ramiz Rasim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayətçi Əliyev Ramiz Rasim oğlunun Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 18 fevral 2026-cı il tarixli, EQ seriaylı 34028720 saylı qərardan verdiyi şikayət təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 mart 2026-ci il tarixli, 3(5-101)-2416/2026 nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-907/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-907/2026
08.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver