Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-916/2026 03.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi Osmanov Vahab Bəhram oğlunun iştirakı ilə, “Best Food Catering” Məhdud Məsuliyyətli Cəmiyyət barəsində Azərbaycan Rrespublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(5-104)-942/2026 saylı, 02 mart 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev tərəfindən verilmiş apellyasiya protestinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən “BEST FOOD CATERİNG” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə 22 yanvar 2026-cı il tarixdə qərar qəbul olunmuşdur ondan ötrü ki, "Best Food Catering Məhdud Məsuliyyətli Cəmiyyəti"-nin (VÖEN: 1305735801) direktoru Bayandurov Rəşad Hüseyn oğlu Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, yəni əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan Xəlilova Ruhiyyə Vidadi qızını 05.09.2025-ci il tarixdən 30.09.2025-ci il tarixədək aşpaz köməkçisi kimi işlərin görülməsinə cəlb etmiş, bununla da, “Best Food Catering” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(5-104)-942/2026 saylı, 02 mart 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Orxan Məmmədli) hüquqi şəxs “BEST FOOD CATERİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev apellyasiya qaydasında protest verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(5-104)-942/2026 saylı, 02 mart 2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, belə hesab edir ki, Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev tərəfindən verilmiş apellyasiya protesti baxılmadan, inzibati xəta haqqında iş üzrə icraat materialları ilə birlikdə birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(5-104)-942/2026 saylı, 02 mart 2026-cı il tarixli qərarının surəti 04 mart 2026-cı il tarixində Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin email ünvanına göndərilmişdir. Lakin cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən isə apellyasiya protesti 17 mart 2026-cı il tarixdə poçta təqdim edilərək 31 mart 2026-cı il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev tərəfindən 10 (on) gün prosessual müddət ərzində protest verilməmiş, prosessual müddəti ötürməklə apellyasiya protesti verilmişdir. Qanunun tələbinə görə inzibati xəta haqqında qərardan protest qərarın surətinin rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində verilməsi nəzərdə tutulduğundan qərardan protest vermə müddəti ötürülmüşdür. Odur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə inzibati tənbeh verilməsi haqqında qərarından protestin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasını və buraxılmış müddətin bərpa edilmədən protestin Bakı Apellyasiya Məhkəməsinə göndərildiyini nəzərə alaraq, protestə baxılmasını mümkün hesab etmir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(5-104)-942/2026 saylı, 02 mart 2026-cı il tarixli qərarından cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev tərəfindən prosessual müddət ötürülməklə apellyasiya protesti verildiyindən və müddətin bərpası barədə məhkəməyə müraciət edilmədiyindən, həmin apellyasiya protesti inzibati xəta haqqında iş üzrə icraat materialları ilə birlikdə geri qaytarılmalı və cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayevə apellyasiya protesti vermə müddətinin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D I M: Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(5-104)- 942/2026 saylı, 02 mart 2026-cı il tarixli qərarından verilmiş apellyasiya protestinə baxılmadan inzibati xəta haqqında iş üzrə icraat materialları birinci instansiya məhkəməsinə qaytarılsın. Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayevə buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-916/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-916/2026
03.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver