Məhkəmə qərarları › İş №3(3-6)-930/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-930/2026

01.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-930/2026 01.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Ağa-EE İnşaat” MMC-nin (bundan sonra - “Ağa-EE İnşaat” MMC) nümayəndəsi X10 və müdafiəçisi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili vəkil2 Barış oğlunun iştirakları ilə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından “Ağa-EE İnşaat” MMC-nin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi (bundan sonra – prokurorluq orqanı) qəbul etdiyi “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” ## ###### 2025-ci il tarixli qərarla “Ağa-EE İnşaat” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXM-in) 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlayıb, toplanmış materialları baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ilə (hakim X16) “Ağa-EE İnşaat” MMC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20000,00 manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. “Ağa-EE İnşaat” MMC həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, X3 və X1 (bundan sonra - onlar) “Ağa-EE İnşaat” MMC -nin Cəbrayıl rayonu, Şükürbəyli kəndində Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə həyata keçirdiyi inşaat işlərində həmin Cəmiyyətin subpodrat müqaviləsi bağladığı X14 işçiləri qismində işləmiş, bu zaman qanunsuz hərəkətlər etdiklərinə görə Ərəstun Mirzəliyev tərəfindən ərizələri əsasında işdən azad edilmişdir. Sonuncu onlara son haqqhesablarını nağd qaydada vermişdir. X17 tələb etdikləri pulu ala bilmədikdən sonra həmin Cəmiyyət barəsində şikayət etmişlər. Həmin Cəmiyyət onlarla və X4 ilə əmək müqaviləsi bağlamamış, göstərilən şəxsləri hər hansı işin görülməsinə cəlb etməmişdir. Şahin Məmmədov məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, səlahiyyətli orqana verdiyi izahatı oxumadan imzalamış, orada göstərilənlər onun fikirlərini əks etdirmir. O, həmin Cəmiyyətdə işləməmişdir. Laçın rayonunda işləyərkən tanış olduğu Vasif Şabanovun kart hesabına bir dəfə həmyerlisi və sinif yoldaşı olmuş İmanov Fərman Babalar oğlunun xahişi ilə 600 manat məbləğində pul köçürmüşdür. Məhkəmə iclasında sonuncu verdiyi izahatında ## #### 2024-cü il tarixdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi həmin Cəmiyyətlə bağladığı subpodrat müqaviləsi əsasında Cəbrayıl rayonu, Şükürbəyli kəndində təmirtikinti işlərinin görülməsini təmin edərkən onları həmin işlərə cəlb etdiyini göstərmişdir. Onlar həmin Cəmiyyətin işçiləri olmamışlar. Araşdırma zamanı onların Qarabağ bölgəsində işləməsinə icazənin alınması üçün DİN-in portalına hansı sahibkarlıq subyekti tərəfindən müraciətin edilməsi araşdırılmamışdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanunsuz və əsassızdır. Apellyasiya məhkəməsi iclasında “Ağa-EE İnşaat” MMC-nin nümayəndəsi X10 və müdafiəçisi vəkil2 Barış oğlu şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayədəsi X2 şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə inzibati cərimənin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Prokurorluq orqanının qəbul etdiyi “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” ## ###### 2025-ci il tarixli qərarından görünür ki, “Ağa-EE İnşaat” MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas həmin Cəmiyyətin X3, X1 və X4 2024-cü ilin iyul ayından 2025-ci ilin may ayının ortalarınadək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Cəbrayıl rayonu, Şükürbəyli kəndi ərazisində fərdi yaşayış evlərinin tikintisində usta kimi işlərin yerinə yetirilməsinə cəlb etməsi olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə “Ağa-EE İnşaat” MMC-nin prokurorluq orqanının qəbul etdiyi “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” ## ###### 2025-ci il tarixli qərarda göstərilmiş, Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi X18, X6 və X4 prokurorluq orqanına və məhkəmə iclasında verdikləri, X3 və X7 isə yalnız prokurorluq orqanına verdikləri izahatları (məhkəmə həmin izahatların məzmununun birinci instansiya məhkəməsinin qərarında ətraflı göstərilib şərh edilməsinə görə hazırkı qərarda təkrarlanmasına zərurət görmür), “Elektron Prokurorluq İnformasiya Sistemi”ndən edilmiş çıxarışlar əsasında X3, X1 və X4 ilə “Ağa-EE İnşaat” MMC arasında əmək müqaviləsinin bağlanmamasının müəyyən edilməsi, eləcə də iş materiallarında olan digər sənədlərlə sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi həmin sübutları Azərbaycan Respublikası İXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq, tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra qəbul etdiyi qərarda işin faktiki hallarını düzgün müəyyən etmiş, “Ağa-EE İnşaat” MMC-nin Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəlmişdir. Həmin nəticə işin faktiki hallarına uyğundur. Buna görə də “Ağa-EE İnşaat” MMC-nin verdiyi şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, “Ağa-EE İnşaat” MMC-nin verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Ağa-EE İnşaat” MMC-nin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar