Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-939/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, məhkəmə iclas katibi X1, şikayətçi Tağıyev Füzuli Səfərqulu oğlunun, Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi X3 iştirakları ilə, Tağıyev Füzuli Səfərqulu oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Qərarından şikayət verilən orqan ## ###### 2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından Qərarından şikayət verilən orqan tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tağıyev Füzuli Səfərqulu oğlu şikayət ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Qərarından şikayət verilən orqan ## ###### 2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş EP ******* nömrəli, ## ###### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən o, yəni Tağıyev Füzuli Səfərqulu oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1.489,50 avro məbləğində cərimə olunmuşdur. Qeyd olunan qərar ## ###### 2025-ci il tarixdə qəbul edilsə də, o, bu qərarı ## ###### 2026-cı ildə əldə etmişdir. Ona görə də qərardan şikayət vermə müddətini ötürməmişdir. Ümumiyyətlə qərarı qəbul edən orqan qərarın onun tərəfindən əldə edilməyində maraqlı olmamışdır. Qeyd olunan qərar qəbul edilərkən inzibati orqan tərəfindən maddi və prosessual hüquq normaları qərəzli olaraq pozulmuş və nəticə etibarı ilə o, bir iş adamı - sahibkar olaraq əsassız şəkildə 14.895,00 avro məbləğində maddi yüklə cəzalandırılmışdır. Ümumiyyətlə o qərarda istinad olunan inzibati xətanı törətməmişdir. Qeyd olunan inzibati xətanın törədilməsi ilə bağlı onun qəsd və ya ehtiyatsızlığı olmamış, hərəkət və niyyətində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulan əməlin törədilməsinə dəlalət edən subyektiv cəhət təsbit edilməmişdir. Belə ki, ## ###### 2023-cü il tarixində o, yəni Tağıyev Füzuli Səfərqulu oğlu və “xxxx" GMBH arasında müqavilə bağlanmışdır. Bundan sonra isə o, müqavilə üzrə ödəməli olduğu 110.000 avro məbləğində pul vəsaitini qarşı tərəfin, yəni "xxxx" GMBH-nin hesabına köçürmüşdür. Lakin “xxxx" GMBH aramızda bağlanmış bu müqaviləyə müxtəlif səbəblərdən əməl edə bilməmişdir. Hətta o, bu məsələnin həlli üçün bir neçə dəfə həmin ölkəyə (Almaniya Federativ Respublikasına getməyini təsdiq edən pasportunun müvafiq vərəqələrini bu şikayətinə əlavə etmişdir) getsə də, qarşı tərəf qeyd olunan müqavilənin icrasını reallaşdıra bilməmişdir. Bundan sonra isə şirkət onların hesabına göndərdiyi pulun bir hissəsini ona geri qaytarsa da, bir hissəsini geri qaytarmamışdır. Belə ki, qeyd olunan şirkətin təmsilçisi Behzat Özenle (zərurət yaranarsa bu şəxs məhkəməyə gəlib müvafiq hesabat sənədlərinə istinad etməklə ifadə verəcəkdir) uzun illər işgüzar münasibətləri olduğundan, o, pulun hissəhissə qaytarılmasına razılıq vermişdir. Buna baxmayaraq həmin şirkətdə yaranmış maddi çətinliklər səbəbindən həmin pulun 14.895 avro məbləğində olan hissəsi hələ də geri qaytarılmamışdır. Göründüyü kimi, həmin pulun böyük bir hissəsi qaytarılmış, lakin qarşı tərərfin pulu geri qaytarması gecikdiyindən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qərar nəticəsində o, əsassız olaraq cərimələnmişdir. Belə çıxır ki, o, həmin müqavilə üzrə 14.895 avro pulu geri ala bilmədiyi üçün əlavə olaraq da 1.489,50 avro cərimə edilir. Ümumilikdə isə 16.500,00 avro məbləğində ziyanı yaranır. Göründüyü kimi, bir iş adamı olaraq onun 14.895,00 avro məbləğində ziyan etməyi azmış kimi, Mərkəzi Bankı tərəfindən də əlavə olaraq 1.489,50 avro cərimə olunur. Hesab edir ki, bir şəxsin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə olunması üçün həmin şəxsin bu əməlin törədilməsində qəsd və yaxud da ehtiyatsızlığı qərar qəbul edən orqan tərəfindən araşdırılaraq sübuta yeririlməlidir. Bir halda ki, Konstitusiya Məhkəməsinin bu məsələyə dair hüquqi mövqeyi də, onun söylədikləri ilə eynilik təşkil edir. Belə ki, sağlam hüquqi düşüncə də bu yöndə olmalıdır. Hazırkı vəziyyətdə isə qərar qəbul edən orqan nəinki onun təqsirini sübuta yetirmiş, hətta onun inzibati icraat aparılan zaman iştirakı üçün heç bir addım atmamışdır. Göründüyü kimi, müqavilə üzrə qarşı tərəfin müqavilə şərtlərinə əməl etməməsi nəticəsində o, həm pulunun bir hissəsindən məhrum olmuş, əlavə olaraq da, müvafiq qurum tərəfindən də əsassız olaraq cərimə olunmuşdur. Halbuki, Konstitusiya Məhkəməsinin ## ###### 2019-cu il tarixli qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsiri müəyyən edilməlidir. Bundan başqa, həmin Qərarda qeyd edilmişdir ki, malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və sair). Buna görə müvafiq orqan işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Hesab edir ki, barəsində qərar qəbul edilərkən Konstitusiya Məhkəməsinin ## ###### 2019-cu il tarixli qərarı ümumiyyətlə nəzərə alınmamışdır. Bununla yanaşı, X2 Heyətinin ## ###### 2020-ci il tarixli qərarı ilə Qaydalara dəyişiklik edilmiş, qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti 270 gündən ən geci 2 il müddətinə qədər uzadılmış, bununla yanaşı, idxal olunmayan mal və xidmətlərin dəyəri 10.000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılmışdır. Mərkəzi Bankın qeyd olunan qərarından da göründüyü kimi, idxal olunmayan mal və xidmətlərin dəyəri 10.000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda inzibati məsuliyyət nəzərdə tutulmamış və bu məbləğ azadolma məbləği kimi təsbit edilmişdir. Göründüyü kimi, hətta şəxsin əməldə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş təqsirli hərəkətlər olsa belə, 10.000 ABŞ dolları ekvivalenti məbləğə qədər hissə inzibati tənbeh verilərkən nəzərə alınmamalıdır. Hesab edir ki, Mərkəzi Bank özü tərəfindən qəbul edilmiş qaydaya da əməl etməmişdir. Yuxarıda sadalananlarla yanaşı, qeyd etmək istəyir ki, Mərkəzi Bankı tərəfindən barəsində qərar qəbul edilərkən Inzibati Xətalar Məcəlləsinin imperativ qaydaları təsbit edən bir sıra normalarının tələblərinə də əməl olunmamışdır. Belə ki, barəsində qərar qəbul edən orqan Inzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinin tələblərinə riayət etməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən onun inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi əsas hüquqlarını təmin etməmiş və Inzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələblərini kobud surətdə pozaraq iş üzrə icraat aparılarkən onun iştirakını təmin etməyə yönələn heç bir hərəkət etməmişdir. Bundan əlavə, Mərkəz Bankı tərəfindən qəbul edilmiş EP ******* nömrəli, ## ###### 2025-ci il tarixli qərar qəbul edilərkən qərarda istinad edilmiş ## ###### 2025-ci il tarixli protokol da ona təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə görə, protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilməlidir. Bundan başqa, Mərkəzi Bank tərəfindən qəbul edilmiş EP ******* nömrəli, ## ###### 2025-ci il tarixli qərar inzibati xətanın məhz ## ###### 2025- ci il tarixdə törədildiyi qeyd edilmişdir (Şərti olaraq qəbul edilsin ki, inzibati xəta ## ###### 2025-ci il tarixdə törədilib). Bu halda da Mərkəzi Bank tərəfindən Inzibati Xətalar Məcəlləsinin 101.1-ci və ya 102.1-ci maddəsinin tələbləri kobud səkildə və qəsddən pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinə görə, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Göründüyü kimi, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməli olduğu halda, Mərkəzi Bank tərəfindən qeyd olunan protokol ## ###### 2025-ci il tarixindən dərhal sonra yox, 1 ay 3 gün müddət keçəndən sonra tərtib olunub. Bu halda Mərkəzi Bank bəlkə də, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 101.3-cü maddəsinə istinad edərək bildirə bilər ki, bu iş üzrə Inzibati araşdırma aparılıb və buna görə də protokol gec tərtib olunub. Bu təqdirdə isə X4 Xətalar Məcəlləsinin 102.1-ci maddəsinin tələblərini pozmuş olacaqdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 102.1- ci maddəsinə görə, sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, qida təhlükəsizliyi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət ə leyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 300.1-ci, 302-ci, 304-cü, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci, 602-3-cü və 602-4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Qeyd olunan 102.1-ci maddəyə görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə inzibati araşdırma aparılması nəzərdə tutulmamışdır. Sadalananlardan da göründüyü kimi, Mərkəzi Bank qeyd olunan qərarı kobud qanun pozuntuları edərək qəbul etmişdir. Bundan əlavə, barəsində qərar qəbul edən orqan Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərini də pozmuşdur. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Qeyd edilənlərə əsasən ## ###### 2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə şikayətin təmin edilməsi, Tağıyev Füzuli Səfərqulu oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Qərarından şikayət verilən orqan ## ###### 2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, Tağıyev Füzuli Səfərqulu oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Mərkəzi Bankı şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının ləğv edilərək, Mərkəzi Bank tərəfindən Tağıyev Füzuli Səfərqulu oğlu barəsində qəbul olunmuş ## ###### 2025-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri onun əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı Tağıyev Füzuli Səfərqulu oğlu tərəfindən bəyan olunmayan 1.489,50 Avro qalıq hissəyə münasibətdə nə malların ölkəyə idxalı, nə də ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı sübut təqdim edilməmişdir. Məhkəmə öz qərarını şikayətçinin iradəsindən asılı olmayan səbəblərdən malın idxalının, yaxud avans üzrə qalıq hissənin tam həcmdə qaytarılmasının mümkün olmaması ilə əsaslandırmışdır. 1.489,50 Avro hissəsi ilə əlaqədar malların idxalı və ya vəsaitin geri qaytarılması üçün faktiki hərəkətlər edilməmiş və bu hərəkətlərin edilməsi ilə bağlı hər hansı təsdiqedici sənədlər işə baxılarkən Mərkəzi Banka və məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi, hakimin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması və işin hallarına düzgün hüquqi qiymət verməməsi nəticədə yanlış qərarın qəbul edilməsinə gətirib çıxarmışdır Məhkəmə iclasında Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi X3 şikayətin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının ləğv edilərək, Mərkəzi Bank tərəfindən Tağıyev Füzuli Səfərqulu oğlu barəsində qəbul olunmuş ## ###### 2025-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında şikayətçi Tağıyev Füzuli Səfərqulu oğlu apellyasiya şikayətinin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi şikayəti və inzibati xəta haqqında iş üzrə icraat materiallarını hərtərəfli tam və obyektiv araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək, belə hesab edir ki, şikayət təmin edilməli və inzibati iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ləğv edilməli, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin ## ###### 2025-ci il tarixli EP seriyalı ******* saylı qərarı qüvvədə saxlanılmalıdır. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati işə baxılarkən, qanunvericiliyin tələbləri düzgün nəzərə alınmamış, işin faktiki hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına imkan verən kifayət qədər sübutlar qiymətləndirilməmişdir. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi inzibati icraat və şikayət üzrə təqdim olunmuş məlumatları, habelə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq qeyd edir ki, inzibati iş üzrə mübahisə doğuran və araşdırılması tələb olunan hallar, habelə inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər ziddiyyətli məqamlar mövcuddur. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Tağıyev Füzuli Səfərqulu oğlu ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında dəyəri 110.000.00 Avro olan ## ###### 2023-cü il tarixli, N****** saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə görə alıcı lazım olan sənəd və məlumat ilə vaxtında təmin edilməli, müqavilədə göstərilən invoys məbləği 6 ay içində müqavilədə göstərilən Satıcı Şirkətinin bank hesabına ödəniləcək, satıcı malın istisamara verildiyi tarixdən etibarən 12 (on iki) ay müddətində və zəmanət dövrü ərzində yaranmış nasazlıqları öz hesabına aradan qaldırmağı öhdəsinə götürmüşdür. - Tağıyev Füzuli Səfərqulu oğlunun “xxxx” Açıq Səhmdar Cəmiyyətində olan hesab üzrə çıxarışdan aydın olur ki, ## ###### 2023-cü il tarixdə Tağıyev Füzuli Səfərqulu oğlu tərəfindən 110.000,00 Avro məbləğində vəsait ## ###### 2023-cü il tarixli, N****** saylı müqavilə üzrə ## ###### 2023-cü il tarixli, ******** saylı proforma invoys ilə bağlı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülmüşdür. Daha sonra “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ## ###### 2023-cü il tarixli, N****** saylı müqavilə üzrə ## ###### 2023-cü il tarixli, ******** saylı proforma invoys ilə ## ### 2025-ci il tarixdə 19.975,00 Avro, ## #### 2025-ci il tarixdə 40.170,00 Avro, ## ####### 2025-ci il tarixdə 14.985,00 Avro, ## ###### 2026-cı il tarixdə 15.000,00 Avro məbləğində vəsait olmaqla ümumilikdə 90.130,00 Avro məbləğində pul Tağıyev Füzuli Səfərqulu oğlunun hesabına göndərilmişdir. - Qərarından şikayət verilən orqan ## ###### 2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Tağıyev Füzuli Səfərqulu oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.489,50 Avro məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarına hüquqi qiymət verərək hesab etmişdir ki, Tağıyev Füzuli Səfərqulu oğlu ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında dəyəri 110.000.00 Avro olan ## ###### 2023-cü il tarixli, N****** saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilə üzrə Tağıyev Füzuli Səfərqulu oğlu tərəfindən bu şirkətin hesabına həmin məbləğdə pul köçürülmüşdür. Lakin sifariş verilmiş malları “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqaviləyə uyğun şəkildə göndərməmiş, ödənilmiş vəsaiti geri qaytarmaqda problem yaratmış, bu məbləği də tam formada geri qaytarmamışdır. Belə ki, ümumilikdə 90.130,00 Avro məbləğində pul Tağıyev Füzuli Səfərqulu oğlunun hesabına göndərilmişdir. Məhkəmə qeyd etmişdir ki, Tağıyev Füzuli Səfərqulu oğlu tərəfindən xaricdə sifariş verilmiş malların vaxtında gətirilməməsi onun iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, şikayət təmin edilməli, Tağıyev Füzuli Səfərqulu oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Qərarından şikayət verilən orqan ## ###### 2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və Tağıyev Füzuli Səfərqulu oğlunun əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilməlidir ki, məhkəmə şikayətdə göstərilən halları araşdırmadan, Tağıyev Füzuli Səfərqulu oğlunun əməlində inzibati xəta tərkibi olmadığı nəticəsinə gələrkən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilmiş sübutlara ümumiyyətlə əhəmiyyət verməmişdir. Məhkəmə qeyd edir ki, X5 Füzuli Səfərqulu oğlunun əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətinin mövcud olduğu qənaəti ilə barəsində inzibati xəta haqqında protokol tərtib etsə də, lakin məhkəmə inzibati xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirməmiş, əməldə inzibati xəta tərkibi olmadığı əsası ilə Mərkəzi Bankı tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mərkəzi X6 ## ###### 2016-cı il tarixli, **/* saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Qərarından şikayət verilən orqan təqdim edilir. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Tağıyev Füzuli Səfərqulu oğlu tərəfindən “xxxx" GMBH (“xxxx” MMC) arasında müqaviləyə əsasən şirkətin hesabına ## ###### 2023cü il tarixdə 110.000 avro məbləğində xarici valyutada olan vəsait Azərbaycan Respublikasından kənara köçürmüş və 2 (iki) il müddət ərzində 1.489,50 avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə Tağıyev Füzuli Səfərqulu oğlunun “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində yaranmış maddi çətinliklər səbəbindən həmin pulun 14.895 avro məbləğində olan hissəsi hələ də geri qaytarılmaması barədə şikayətinə münasibətdə qeyd edir ki, qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini banka təqdim etmək və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğin geri qaytarılması öhdəliyi respublikadan kənara ödənişi edən hüquqi şəxsə məxsusdur və ödəniş müqabilində malların ölkəyə idxalını və ya ödənilmiş məbləğin geri qaytarılmasını o, təmin etməlidir. Göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi işi araşdırarkan qanunvericiliyin normasına düzgün qiymət verməmiş, inzibati orqan üzərinə düşən sübutetmə yükünü həyata keçirsə də, bu sübut növünə qiymət verilməmişdir. Məhkəmə Tağıyev Füzuli Səfərqulu oğlu barəsində iş üzrə icraata xitam verilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Tağıyev Füzuli Səfərqulu oğluna münasibətdə subyektiv mülahizə və məsuliyyətdən boyun qaçırmaq cəhdi kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, sadalanan hallara əsasən inzibati orqan tərəfindən inzibati araşdırma düzgün aparılaraq inzibati xəta hadisəsinin mövcud olması sübut edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. -430.4-cü maddəsinə görə, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi Mərkəzi Bankı tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara baxaraq mötəbər sübutları düzgün qiymətləndirmədən işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Iş materiallarına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olması müəyyən olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.1 maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması Inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi inzibati orqan tərəfindən inzibati araşdırmanın düzgün aparılmamasını qeyd edərək qərarı əsassız olaraq ləğv etmişdir. Belə ki, həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlara əsasən, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ləğv edilməli, Tağıyev Füzuli Səfərqulu oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib 1.489,50 Avro məbləğində cərimə olunması ilə bağlı Mərkəzi Bankı tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli qərarı qanuni və əsaslı olduğundan, həmin qərar qüvvədə saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, QƏRARA A L D İ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ləğv edilsin və Tağıyev Füzuli Səfərqulu oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, EP seriyalı 0256852 nömrəli qərarı qüvvədə saxlanılsın. Qərar qətidir, ondan şikayəti verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-939/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-939/2026
16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver