Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-948/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X38 sədrliyi, məhkəmə iclasının katibi X36 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – Inzibati Xətalar Məcəlləsi) 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 barəsində Binəqədi rayon icra şöbəsinin icra məmuru X4 tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə X1 Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilərək borclunun barəsində başqa cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-****/**** saylı qətnaməsinə əsasən X2ndan azyaşlı övladları – ## ###### 2016-cı il təvəllüdlü Ilahə və ## ###### 2018-ci il təvəllüdlü Məleykənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 180 manat olmaqla, ümumilikdə 360 manat məbləğində aliment tutulması və ona ödənilməsi müəyyən edilmişdir. Ağdam Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə həmin aliment məbləği qanunvericiliyə uyğun olaraq indeksasiya edilmiş, minimum əmək haqqının müəyyən edilmiş misli əsasında artırılmışdır ki, bu da uşaqların artan tələbatlarına uyğunlaşdırılması məqsədi daşıyır. Lakin borclu məhkəmə qərarlarına açıq şəkildə etinasız yanaşır, üzərinə düşən valideynlik və qanuni öhdəlikləri yerinə yetirmir, aliment ödənişlərini mütəmadi şəkildə həyata keçirmir və nəticə etibarilə hazırda 4828 manat məbləğində borc yaranmışdır. Bu borcun yaranması təsadüfi hal deyil, uzun müddət ərzində davam edən məsuliyyətsizlik və öhdəlikdən yayınmanın nəticəsidir. O, iki azyaşlı uşağın anası olaraq onların gündəlik ehtiyaclarını – qidalanma, geyim, təhsil, tibbi xidmət və digər zəruri xərcləri təkbaşına qarşılamaq məcburiyyətində qalmışdır. Mövcud iqtisadi şəraitdə bu yükün yalnız bir valideynin üzərinə düşməsi son dərəcə ağırdır və uşaqların normal inkişafına birbaşa mənfi təsir göstərir. Aliment ödənişləri sadəcə maliyyə məsələsi deyil, bu, uşaqların konstitusion hüquqlarının təmin olunması məsələsidir və borclunun bu öhdəlikdən yayınması faktiki olaraq uşaqların hüquqlarının pozulması deməkdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı onun və övladlarının real problemlərini həll etmir, çünki tətbiq olunan cərimə nə yaranmış aliment borcunun ödənilməsinə yönəlmişdir, nə də gələcəkdə ödənişlərin vaxtında həyata keçirilməsinə təminat verir. Əksinə, bu cərimə borclunun maliyyə vəziyyətini daha da ağırlaşdıraraq aliment ödənişlərindən yayınmasını davam etdirməsinə şərait yarada bilər. Borclu öz öhdəliklərini yerinə yetirməməsini işsiz olması ilə əsaslandırmağa çalışsa da, bu hal qanunvericiliyə görə onu valideynlik vəzifələrindən azad etmir. Azərbaycan Respublikasının qanunlarına əsasən, valideyn uşağın saxlanılması üçün bütün mümkün vasitələrdən istifadə etməli, işləmədiyi halda belə gəlir əldə etmək üçün tədbirlər görməlidir. Borclunun bu istiqamətdə hər hansı real cəhd göstərməməsi onun məsuliyyətdən yayınmaq niyyətində olduğunu göstərir. Həmçinin icra orqanı tərəfindən müəyyən tədbirlərin görüldüyü bildirilsə də, bu tədbirlər real nəticə verməmiş, borcun artmasının qarşısı alınmamış və aliment ödənişlərinin davamlılığı təmin edilməmişdir. Borclunun adına əmlakın olmaması onun məsuliyyətdən yayınması üçün əsas hesab edilə bilməz və bu halda qanunvericilikdə nəzərdə tutulmuş digər təsirli mexanizmlər tətbiq olunmalıdır. Yuxarıda qeyd olunanları, uşaqların mənafeyinin üstünlüyü prinsipini və məhkəmə qərarlarının icrasının məcburiliyini nəzərə alaraq borclunun aliment üzrə yaranmış 4828 manat borcunun tam və qısa müddətdə ödənilməsi üçün daha ciddi və təsirli icra tədbirlərinin görülməsini, aliment ödənişlərinin gələcəkdə gecikdirilmədən və mütəmadi şəkildə həyata keçirilməsinin təmin olunması üçün borclu üzərində ciddi nəzarətin təşkil edilməsini, borclunun qəsdən öhdəlikdən yayınması halları nəzərə alınaraq onun barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha sərt tədbirlərin, o cümlədən məhdudiyyətlərin və digər məsuliyyət tədbirlərinin tətbiq edilməsinin nəzərdən keçirilməsini, icra prosesinin formal xarakter daşımaması, faktiki nəticəyə yönəlməsi və uşaqların hüquqlarının real şəkildə qorunması üçün əlavə tədbirlərin görülməsini. xahiş edir. Onun əsas məqsədi borclunun cəzalandırılması deyil, övladlarının qanunla müəyyən edilmiş təminatının vaxtında və tam şəkildə ödənilməsidir. Uşaqların gələcəyi, sağlamlığı və inkişafı birbaşa bu məsələnin ədalətli həllindən asılıdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada rəsmi məlumatlandırılmasına baxmayaraq tələbkar, icra məmuru məhkəmə iclasında iştirak etmir, məhkəmə iclasın onların iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, işdə iştirak edən şəxsi dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Ağdam Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-****/**** saylı icra vərəqəsinə əsasən ## ### 2024-cü il tarixdən başlayaraq X1 ## ###### 2016-cı il təvəllüdlü Ilahə və ## ###### 2018-ci il təvəllüdlü Məleykə adlı uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 180 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməlidir. Icraata başlamaq haqqında ## #### 2024-cü il tarixli qərardan görünür ki, Ağdam Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-****/**** saylı icra vərəqəsi əsasında icraata başlanılmışdır. Ağdam Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli icra vərəqəsinə əsasən Ağdam Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə X2ndan – ## ###### 2016-cı il təvəllüdlü X3 və ## ###### 2018-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay tutulub Zərərçəkmiş şəxs xeyrinə verilən alimentin məbləği indeksasiya edilməklə - sonrakı artımlar nəzərə alınmaqla və hazırkı qərardad qanuni qüvvəsini aldığı tarixdən hesablanılmaqla Azərbaycan Respublikasında müəyyən edilmiş 400 manat minimum aylıq əmək haqqı məbləğinin 1 uşaq üçün 0.52 misli, 2 uşaq üçün cəmi 1.04 misli məbləğində /0.52+0.52/ müəyyən edilmişdir. Icraata başlamaq haqqında ## ###### 2025-ci il tarixli qərardan görünür ki, Ağdam Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə ## ###### 2025-ci il tarixli qərardan görünür ki, Ağdam Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-****/**** saylı və Ağdam Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli icra vərəqələri ümumi icraatda birləşdirilmişdir. “Elektron Icra Sistemi”ndən çıxarışdan görünür ki, X1 adına hər hansı daşınar və daşınmaz əmlak, əmək haqqı, pensiya və digər sosial ödəniş aşkar edilməmişdir. X1 izahatlardan görünür ki, o, işsiz olması səbəbi ilə icra sənədini tam icra edə bilməmişdir. 2024-cü il ərzində tələbkarla faktiki nikah münasibətlərində olduğunu, birlikdə yaşadıqlarını və ailənin maddi təminatını öz üzərinə götürdüyünü göstərmişdir. Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Icra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikasının Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli Qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin Qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar”. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, X1 dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, X1 Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozması öz təsdiqini tapmışdır. Məhkəmə tələbkarın apellyasiya şikayətinə münasibətdə bildirir ki, birinci instansiya məhkəməsi haqlı olaraq şəxsi 500 manat məbləğində cərimə etmiş, tənbeh tədbirinin növünün dəyişdirilməsi və ya barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi üçün əsaslar olmamışdır. Zərərçəkmiş şəxs apellyasiya şikayətində Fərid Kazımov barəsində alternativ inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında yalnız cərimə və inzibati həbs növündə tənbeh tədbirləri nəzərdə tutulmuşdur. Eyni zamanda apellyasiya şikayətində qeyd olunanlar zərərçəkmiş şəxsin iddia etdiyi kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati həbs növündə tənbeh tətbiq edilməsi üçün əsas olmamışdır. Göründüyü kimi, Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyası icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi ilə bağlıdır. Qanunverici orqan həmin maddənin dispozisyasını və sanksiyasını müəyyən edərkən apellyasiya şikayətində qeyd olunan halları nəzərə almış və həbs növündə tənbeh tədbiri ilə yanaşı həm də daha yüngül tənbeh növü sayılan cərimə tənbeh tədbiri nəzərdə tutmuşdur. Nəhayət, apellyasiya şikayətində qeyd olunanlar inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi üçün yetərli olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq X1 barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Inzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq cərimə növündə tənbeh tədbiri tətbiq etmişdir. Eyni zamanda, apellyasiya şikayətində qeyd edilən hallar inzibati tənbeh növünün ağırlaşdırılması üçün əsas deyil, həmçinin müvafiq inzibati xətanın dispozisiyasında nəzərdə tutulmuşdur və həmin hallara uyğun olaraq tənbeh növləri və həddi müəyyən edilmişdir. Inzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə qeyd edir ki, hazırkı apellyasiya baxışı zamanı da X1 təqsirli olması təsdiq edilir, buna baxmayaraq barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilmir. Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Inzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı işin faktiki hallarına uyğun, qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Inzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-948/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-948/2026
15.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver