Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-950/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Zəfər Vahid oğlu, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs İldarov Eldar Arif oğlunun iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadından barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs İldarov Eldar Arif oğlu tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Materialdan görünür ki, şikayətçi İldarov Eldar Arif oğlu məhkəməyə vəsatətlə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş ## ####### 2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş ## ####### 2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün ötürülmüş prosessual müddətinin bərpa edilməsinə dair İldarov Eldar Arif oğlunun vəsatəti rədd edilmişdir. Həmin qərardaddan İldarov Eldar Arif oğlu apellyasiya qaydasında şikayət verib Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, cərimə onun iştirakı olmadan yazılmış və ona sms vasitəsilə ##.##.2026-cı il “e-icra” portalından göndərilmişdir. Yazılan cərimə tam sübutsuz və əsassızdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs İldarov Eldar Arif oğlu məhkəmə iclasında çıxış edərək şikayətin təmin edilməsini, sözügedən qərardadın ləğv edilməsi, inzibati xəta haqqında cəzadan şikayətvermə müddətinin bərpa edilməsi və şikayətinə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, İldarov Eldar Arif oğlunun apellyasiya qaydasında verdiyi şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin şikayət verilməsi üçün müddətin bərpa edilməməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-in: 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, İldarov Eldar Arif oğlu şikayət vermə müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edəcək hər hansı əsas göstərə bilməmiş, məhkəmə tərəfindən də bele hal müəyyən edilməmişdir. Digər tərəfdən, məhkəmə qeyd etmişdir ki, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsindən 1 ildən artıq müddət keçmişdir, sözügedən müddət ərzində vəsatət vermiş şəxsin həmin qərardan məlumatsız olması barədə bildirdikləri məhkəmənin qənaətinə görə həqiqəti əks etdirmir. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən tənbeh tədbiri məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması ilə bağlı tərtib edilmişdir. Belə olduğu halda, tənbeh edilmiş şəxsin qəbul edilən qərardan məlumatsız olması inandırıcı deyildir. Çünki sözügedən pozuntu vəzifəli şəxs tərəfindən vizual müşahidə nəticəsində aşkar edilməklə protokol tərtib edilir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi İldarov Eldar Arif oğlu mübahisələndirən qərarı ##.##.2026-cı il tarixdə almışdır, hazırki vəsatəti və həmin qərardan şikayəti isə ##.##.2026-cı il tarixdə imzalamış, sözügedən sənədlər məhkəməyə ##.##.2026-cı il tarixdə daxil olmuşdur. Göründüyü kimi, barəsində qərar qəbul edilmiş şəxs tərəfindən qərardan şikayət verilməsi müddəti üzrsüz səbəbdən ötürülmüş və onu bu müddət ərzində şikayəti vermək imkanından məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qərardan uzun müddət keçdikdən sonra şikayəti vermə müddətinin bərpası son nəticədə hüquqi müəyyənlik prinsipinin pozuntusu ilə nəticələnər. Belə ki, Avropa Məhkəməsi “Ryabıx Rusiyaya və Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli mübahisələndirilən qərardadı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs İldarov Eldar Arif oğlu tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin şikayət verilməsi üçün müddətin bərpa edilməməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-950/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-950/2026
13.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver