Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-204/2026 28.03.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əliyev Nural Turab oğlunun sədrliyi, Xəlilov Ramiq Rövşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rəsulov Rafiq Daşdəmir oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rəsulov Rafiq Daşdəmir oğlunun Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Gəncə şəhər Məhkəməsinin 23 mart 2026-cı il tarixli, 3(5-121)-1144/2026 nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rəsulov Rafiq Daşdəmir oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər Məhkəməsinin 23 mart 2026-cı il tarixli, 3(5-121)-1144/2026 saylı (hakim C.Tağıyev) qərarı ilə Rəsulov Rafiq Daşdəmir oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib İXM-in 34.3-cü maddəsinə əsasən İXM-in 535.1-ci maddəsi ilə barəsində 08 gün müddətinə inzibati qaydada həbs tənbehi tətbiq edilmişdir. Həbsdə saxlama müddətinin əvvəli tutulduğu vaxtdan 22.03.2026-cı il, saat 12:00dən hesablanması qərara alınmışdır. İŞİN HALLARI: İş materiallarına əlavə edilmiş əlavə edilmiş 23.03.2026-cı il tarixli, MN 2208073 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Rəsulov Rafiq Daşdəmir oğlunun 22.03.2026cı il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasında xırda xuliqanlıq hərəkətləri edərək, polisin qanuni tələblərinə məhəl qoymadığı müəyyən edilmişdir. Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı Hacıyev Rəhman Cümşüd oğlu tərəfindən Rəsulov Rafiq Daşdəmir oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə protokol tərtib tərtib edilərək məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında materiala baxan Gəncə şəhər Məhkəməsi yuxarıda qeyd edilən qaydada qərar qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkəmənin qeyd edilən qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rəsulov Rafiq Daşdəmir oğlu şikayət verərək Gəncə şəhər Məhkəməsinin 23 mart 2026-cı il tarixli, 3(5-121)-1144/2026 saylı qərarından narazı olduğunu və cəzasının çəkilməmiş hiissəsindən azad edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, o verilən qərardan narazıdır, işinə yenidən baxılmaqla cəzasının çəkilməmiş hissəsindən azad edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rəsulov Rafiq Daşdəmir oğlu şikayətin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, işinə yenidən baxılmaqla cəzasının çəkilməmiş hissəsindən azad edilməsini xahiş etdi. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş orqan Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmiş orqan Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci (I) hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin Konstitusiyanın 125-ci maddəsinin yeddinci (VII) hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmin Konstitusiyanın 129-cu maddəsinin üçüncü (III) hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı və Gəncə şəhər Məhkəməsinin 23 mart 2026-cı il tarixli, 3(5-121)-1144/2026 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə Şəhər BPİ-in 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı Hcıyev Rəhman Cümşüd oğlu göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rəsulov Rafiq Daşdəmir oğlunun qardaşı Rəsulov Ramin Daşdəmir oğlunun qonşusu ilə aralarında yaranmış mübahisə səbəbindən qarşılıqlı şikayətləri olduğuna görə polis əməkdaşları hər ikisini izahatlarının alınması üçün şöbəyə gətiriblər. Şöbədə olan zaman çıxıblar təhqiqatçının yanına ki, biz necə edək, təhqiqatçıda bildirib ki, barışıq ərizəsi verin çıxın gedin. Həmin vaxt Rafiq Rəsulov Ədalət adlı şəxslə söhbət edən zaman Rafiq Rəsulov Ədalətə icazəsiz kubik götürdüyünü deyən zaman Ədalətdə götürmədiyini demiş, Rafiq Rəsulov Ədalətin ünvanında nalayiq ifadələr işlədən zaman təhqiqatçı Ceyhun Rzayev ona irad bildirmiş, lakin Rafiq Rzayev öz hərəkətlərinə davam etdirdiyi üçün Ədaləti otaqdan çıxarıblar və həmin vaxt Rafiq polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Bu zaman Rafiq Rəsulovun qardaşı Ramin Rəsulov otağa daxil olaraq cibində olan açarı çıxarıb və özünü doğrayacağını dediyi üçün ona qarşı fiziki qüvvə tətbiq edilərək, növbətçi hissənin gözləmə otağına salmışlar. Birinci instansiya məhkəməsində iclasında şahid qismində dindirilmiş Gəncə Şəhər BPİin 2-ci Polis ŞöbəsininTB-nin təhqiqatçısı, polis leytenantı Rzayev Ceyhun Natiq oğlu ifadəsində göstərdi ki, Rafiq Rəsulovun qardaşı Ramin Rəsulov 102 qaynar xəttinə çıxaraq şikayət etdiyi üçün hər ikisi şöbəyə gətirilmiş, izahatları alınmış, həmin vaxtı Ramin Rəsulovun qardaşı Rafiq Rəsulovda şöbəyə gəlmiş, qonşu olduqları üçün onları barışdırmağı təklif etmiş. O da barışıq ərizəsi verib getmələrini bildirmişdir. Daha sonra Rafiq Rəsulov gəlmiş və Ədalətlə danışmaq istədiyini bildirmişdir. O da razılıq vermiş, söhbət zamanı aralarında kubik söhbəti olan zaman Rafiq Rəsulov Ədalətə sən o vaxt mənim kubikimi oğurlamısan demiş, Ədalətdə həmin vaxt Gədəbəy rayonunda öz ata yurdunda olduğunu deyəndə Rafiq Rəsulov Ədalətin ünvanına yalançının var yoxu və qeyrəti kim qeyri etik ifadələr işlədərək onu nalayiq ifadələrnən təhqir etmişdir. Bundan sonra yerindən qalxaraq iki dəfə Ədalətin sinəsindən və bir dəfə ağızından vurmuş, Ədalət otaqdan çölə çıxan zaman Rafiq Rəsulov onu vurmaq üçün arxasınca çıxmış, o da Rafiqi otaqdan çıxmağa qoymadığı üçün onunla mübahisə etməyə başlamış, o Rafiqə keç əyləş-sakitləş deyən zaman qardaşı Ramin Rəsulovun otağa girmiş və cibindən topa açar çıxararaq qardaşını və onu buraxmayacaqları halda özünə xəsarət yetirəcəyini demişdir. O həmin vaxt Ramin Rəsulovun əlindən açarları almış, otaqdan çıxaran zaman Ramin Rəsulovda nalayiq ifadələr işlətmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən Abbasov Ədalət Bakir oğlu şahid Rzayev Ceyhun Natiq oğlu ilə eyni məzmunda izahat verib əlavə olaraq göstərdi ki, təhqiqatçının otağında qonşusu Ramin Rəsulovla aralarında olan mübahisəyə görə barışmaq istədikdə Rafiq otağa girərək onun barəsində kubik oğurladığını deyərək mübahisə edib, nalayiq ifadələr işlətmişdir. Birinci instansiya məhkəməsində iclasında şahid qismində dindirilən Şəmilov Mehdi Səbuhi oğlu həmin günü pul kartının itməsi ilə əlaqədar polis şöbəsində təhqiqatçı Ceyhun müəllimin yanında olarkən Ceyhun müəllimin otağında həmin şəxslərin nalayiq ifadələrlə səsküy saldıqlarını və polis əməkdaşlarının onları sakitləşməyə çalışdıqlarını göstərdi. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Rəsulov Rafiq Daşdəmir oğlu qeyd edilən inzibati xəta hadisəsini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən inzibati icraata başlamış səlahiyyətli orqan tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikas İXM-in 510.1-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin obyekti ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyəti ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir ki, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı inzibati işin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, Rəsulov Rafiq Daşdəmir oğlunun Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmışdır, istər inzibati xəta haqqında protokol tərtib etmiş orqan, istərsə də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-in 75-85-ci maddələrinin tələblərinə əməl edərək inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birini mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Aşağıda qeyd olunanlara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Rəsulov Rafiq Daşdəmir oğluna tətbiq edilmiş 8 (səkkiz) gün həbs növündə inzibati tənbeh tədbiri qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından görünür ki, məhkəmə Rəsulov Rafiq Daşdəmir oğlunun törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədlərinə nail olmaq, Rəsulov Rafiq Daşdəmir oğlunun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində 8 (səkkiz) gün həbs növündə inzibati tənbeh tədbiq edilməsini məqsədə müvafiq saymışdır. Qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi Rəsulov Rafiq Daşdəmir oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələrinin sanksiyasında müəyyən olunmuş həbs növündə tənbeh tədbirinin aşağı həddinə yaxın tənbeh tətbiq etmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti inzibati tənbeh tədbirinin inzibati xəta törətmiş şəxsin islah olunmasına, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi,həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması, habelə törədilmiş inzibati xətanın xarakteri, onun törədilməsi hallarını baxımından qanuni və ədalətli olmuş, tənbeh tədbir edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Yuxarıda qeyd olunanlara qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Rəsulov Rafiq Daşdəmir oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, Azərbaycan Rspublikası İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində həmin məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla 8 (səkkiz) gün həbs növündə inzibati tənbeh tədbirini tətbiq edərkən sonuncunun törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də məkhəmə hesab edir ki, barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmuş Rəsulov Rafiq Daşdəmir oğlu tərəfindən verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Rəsulov Rafiq Daşdəmir oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə şəhər Məhkəməsinin 23 mart 2026-cı il tarixli, 3(5-121)-1144/2026 saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-204/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-204/2026
28.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver