Məhkəmə qərarları › İş №3(3-7)-205/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-205/2026

02.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-205/2026 02.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi – Əzizov Sevindik Əziz oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov Rasim Elxan oğlunun iştirakı ilə Məmmədov Rasim Elxan oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 206, 510.1, 535.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin 11 mart 2026-cı il tarixli, 3(5-121)-934/2026 saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin 11 mart 2026-cı il tarixli, 3(5-121)-934/2026 saylı qərarı ilə (sədrlik edən hakim E.U.Məmmədov) 01.05.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Gəncə şəhəri Yeni Gəncə Massivi ev 14 mənzil 19 ünvanında qeydiyyatda olan və yaşayan Məmmədov Rasim Elxan oğlunun İXM-nin 206, 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 206-cı maddəsinin sanksiyası həddində 1 (bir) ay 25 (iyirmi beş) gün müddətində inzibati qaydada həbs edilməsi, inzibati həbsdə olmanın əvvəlinin inzibati qaydada tutulduğu 9 mart 2026-cı il tarixdən saat 19:30-dan hesablanması, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi, qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi, onun inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi, qərarın təyin edilmiş inzibati tənbehə dair hissədə icrasının Gəncə Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə və Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə həvalə edilməsi, narkomaniyadan məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə müvafiq dövlət icra məmuru tərəfindən nəzarət edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 11 mart 2026-cı il tarixli, 3(5-121)-934/2026 saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və həbsdən azad edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Məhkəmə qərarı onun barəsində saxtalaşdırılmış sənədlərə qanuni qiymət vermədən və ona istinad edilən inzibati xətaları məntiqlə araşdırmadan çıxarmışdır. İXM-nin 206-cı maddəsinin sanksiyasını narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi halları olduqda tətbiq edilə bilər. Onda isə bu halların heç birisi mövcud deyil. O nə zamansa narkotik vasitədən ya yoxlamaq üçün, ya da təsadüfən istifadə etməyini etiraf etmişdirsə, bu hal onun həmin maddə ilə töhmətləndirilməyi üçün əsas ola bilməz. Bu mövcud olan ya olmayan halı etiraf etmişdirsə, polis işçilərinin zorakılığı ilə etmişdir. İXM-nin 510.1-cı maddəsi – xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə isə o yol verməmişdir. Onun xuliqanlıq kimi qiymətləndirilən hərəkəti adi şit hərəkətdir. Belə hərəkət xuliqanlıq kimi qiymətləndirilə bilməz. Belə hərəkət xuliqanlıq kimi qiymətləndirilsə, gərək Azərbaycanın əhalisinin 90% hər gün, özü də bir neçə dəfə həbsə alınsın. Onun polis tərəfindən saxlanılmağı üstündə narkotik vasitə olubolmamasını yoxlamaq üçündür. O saxlandıqda üstündən narkotik vasitə tapılmadığı üçün sıxışdırılmışdır. Buraxılmağını təkidlə tələb edəndə isə ona İXM-nin 535.1-ci maddəsi də sırınmışdır. Güya o, polis işçisinin qanuni tələblərinə tabe olmamışdır. Maddənin dispozisiyası belədir: polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama. Sərxoş olsaydı, belə bir hal güman edilərdi. O nə sərxoş, nə də narkotik vasitəsinin təsiri altında olmamışdır. Qurbanlıq quzu kimi polisin bütün qanuni və qanunsuz tələblərinə baş əymişdir. Məhkəmənin polis işçilərinin aşkar qanunsuz hərəkətlərinə yaşıl işıq yandırıb, hər hansı təqsiri olmayan vətəndaşa 1 ay 25 gün inzibati həbs verməsi insan hüququ və azadlığı ilə bir araya çığmayan haqsızlıqdır. Belə haqsızlıq dövlətin polis dövlətinə çevrilməsinə gətirib çıxara bilər. Bu isə dəhşət deməkdir. Beləliklə, haqqında olan iş qurama işdir. Ona 5-6 sutka cəza versəydilər, bəlkə də dözərdi. Belə bir qurma işdə vətəndaşa 1 ay 25 gün həbs verilməsi super qanunsuzluqdur”. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiya məhkəməsi işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov Rasim Elxan oğlu apellyasiya şikayətini müdafiə edərək ona uyğun çıxış etdi və apellyasiya şikayətinin təmin edilməsini, həbsdən azad edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadığına görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs olunur. İş materiallarından olan: 11 mart 2026-cı il tarixli, MN 2208172 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, 09.03.2026-cı il tarixdə saat 17 radələrində Məmmədov Rasim Elxan oğlu Gəncə şəhəri “Qrand Qafqaz” Ticarət Mərkəzinin yaxınlığında telefonla yüksək səslə danışmış, polis əməkdaşları ona yaxınlaşarkən hadisə yerindən qaçmış, sonradan tutularaq şöbəyə aparılmış, onun narkotik vasitədən istifadə etməsində şübhələr yaranmış, müvafiq ekspertizadan keçirilmiş və narkotik vasitələrdən istifadə etməsi aşkar olunmuşdur. Bununla da o, İXM-nin 206, 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Məmmədov Rasim Elxan oğlu 09.03.2026-cı il tarixdə saat 19:30-da inzibati qaydada tutulmuşdur. 10 mart 2026-cı il tarixli, 1076/2026 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunun surətindən görünür ki, Məmmədov Rasim Elxan oğlunun sidiyində THC və PGB aşkar olunmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 mart 2026-cı il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Məmmədov Rasim Elxan oğlunun əməlində İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Gəncə şəhər 2-ci Polis Şöbəsinin İTB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserindən verilmiş 11.03.2026-cı il tarixli 412 nömrəli rəydən görünür ki, Məmmədov Rasim Elxan oğlu narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən və psixotrop maddə olan preqobolindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəsətliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Bununla yanaşı birinci instansiya məhkəməsində izahat vermiş Gəncə şəhər 2-ci Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Hacıyev Rəhman Cümşüd oğlu bildirmişdir ki, 09.03.2026-cı il tarixdə saat 17 radələrində Məmmədov Rasim Elxan oğlu Gəncə şəhəri, “Qrand Qafqaz” Ticarət Mərkəzinin yaxınlığında ictimai qaydanı pozmuş, polisin qanuni tələbinə tabe olmamış və narkotik vasitələrdən istifadə etməsi ekspertiza rəyi ilə aşkar edilmişdir. Bununla da o, İXM-in 206, 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş və onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov Rasim Elxan oğlu bildirmişdir ki, narkotik vasitədən istifadə etmiş, ictimai qaydanın pozulmasına yönəldilmiş hərəkətlərə yol vermiş və polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, buna məhəl qoymamışdır. O, narkotik vasitəni təxminən on gün əvvəl istifadə etmişdir. O, narkotik vasitə olan marixuananı əsgər yoldaşı Vüsal Əliyevin ad günündə əsgər yoldaşı ilə birlikdə istifadə etmişdir. O, sonuncu dəfə isə Gəncə şəhərində olan zaman lirika (preqabalin) istifadə etmişdir. O, narkotik vasitədən mütəmadi olaraq istifadə edir. O və dostu Əliyev Mirpaşa narkotik vasitələri Mirpaşanın telefonu vasitəsi ilə əlaqə saxladığı tanımadığı şəxsdən 10 manata alırlar. Həmin şəxs narkotik vasitəni qoyduğu yerin konumunu (məkanını) dostu Əliyev Mirpaşanın telefonuna göndərdikdən sonra onlar narkotik vasitəni gedib götürmüşlər. O, lirikanı da marixuananı da dostu Əliyev Mirpaşanın vasitəsi ilə əldə etmişdir. Əliyev Mirpaşa “xarabayeri” adlanan ərazidə 24 nömrəli məktəbin arxasında qalır. O, 09.03.2026-cı il tarixdə də Gəncə şəhəri “Qrand Qafqaz” Ticarət Mərkəzində olarkən başqa dostu ilə telefonla danışan zaman onun üzüyünü alıb qaytarmadığına görə dostunun ünvanına nalayiq ifadələr işlədərək, səs-küy salmış və ona yaxınlaşan polis əməkdaşları ondan sakitləşməsini tələb etdikdə o, öz hərəkətlərini yenə davam etdirmiş və daha sonra oradan qaçmışdır. O, hazırda törətdiyi əməllərdən peşmandır. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin xidmət üzrə baş inspektoru, polis baş leytenantı Hüseynov Murad Alif oğlu ifadəsində bildirmişdir ki, 09.03.2026-cı il tarixdə Gəncə şəhər 2-ci Polis Şöbəsinin inzibati ərazisində Qrand-Qafqaz adlanan ticarət mərkəzində polis kapitanı Həsən Quliyev ilə birlikdə xidmətdə olarkən 1 nəfər adını bilmədiyi şəxsin ucadan danışmasını və nalayiq ifadələr işlətməsini görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və sakitləşməsini tələb etmişlər. Şəxsi nizam-intizama dəvət etsələr də həmin şəxs tutulan iradlara məhəl qoymayaraq öz qeyrietik hərəkətlərinə və nalayiq ifadələr işlətməyə davam etmişdir. Daha sonra şəxs oradan qaçaraq uzaqlaşmağa çalışsa da onu saxlayaraq 2-ci Polis Şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə qeyd edir ki, Məmmədov Rasim Elxan oğluna istinad edilən İXM-nin 206, 510.1 və 535.1-ci maddələri ilə inzibati xətanın onun tərəfindən törədilməsi iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sübutlarla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına əsasən birinci instansiya məhkəməsi düzgün olaraq Məmmədov Rasim Elxan oğlunun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Lakin tətbiq edilən inzibati tənbehin həddi məsələsinə gəldikdə isə apellyasiya instansiyası qeyd edir ki, birinci instansiya məhkəməsi inzibati xəta törətmiş şəxsə tətbiq edilən inzibati həbs tənbehinin həddini müəyyən edərkən, düzgün nəticəyə gəlməmişdir. Belə ki, İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Məmmədov Rasim Elxan oğlunun törətdiyi əməli etiraf etməsi və səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmiş və onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin apellyasiya instansiyası hesab edir ki, Məmmədov Rasim Elxan oğlunun məsuliyyətini yüngülləşdirən yuxarıda göstərilən hallar yetərincə nəzərə alınmadan ona təqsirli bilindiyi İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh yuxarı həddə yaxın tətbiq edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Məmmədov Rasim Elxan oğluna təyin edilmiş inzibati həbsin müddəti azaldılmalıdır. İXM-nin 135.1 və 135.1.5-ci maddələrinə görə tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, apellyasiya instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Məmmədov Rasim Elxan oğlunun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş inzibati həbsin müddəti 1 (bir) aya endirilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 11 mart 2026-cı il tarixli, 3(5- 121)-934/2026 saylı qərarı inzibati tənbehə dair hissədə dəyişdirilsin. Məmmədov Rasim Elxan oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təyin edilmiş inzibati həbsin müddəti 1 (bir) aya endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar