Məhkəmə qərarları › İş №3(3-7)-212/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-212/2026

09.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-212/2026 09.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun iclas katibliyi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin XP 2029663 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarından Məmmədov Ramin Fariz oğlunun etibarnamə üzrə nümayəndəsi Qasımov Salman Elman oğlu tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Xankəndi Şəhər Məhkəməsinin 19 mart 2026-cı il tarixli 3(5-127)-22/2026 saylı qərarından Məmmədov Ramin Fariz oğlunun etibarnamə üzrə nümayəndəsi Qasımov Salman Elman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin polis polkovniki Səfərəliyev Pərvin Müstəcəb oğlu tərəfindən qəbul edilmiş XP 2029663 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərara əsasən Fətullzadə Yusif Vaqif oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair 15.06.2025-ci il tarixli, İXP 7200871 nömrəli qərar ləğv olunmaqla başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı olan maraqlarına toxunan şəxs Məmmədov Ramin Fariz oğlunun etibarnamə üzrə nümayəndəsi, vəkili Qasımov Salman Elman oğlu Sumqayıt Şəhər Məhkəməsinə şikayət verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin polis polkovniki Səfərəliyev Pərvin Müstəcəb oğlunun Fətullzadə Yusif Vaqif oğlu barəsində qəbul etdiyi 15.06.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında XP 2029663 nömrəli qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25.02.2026-cı il tarixli, 3(5-155)-507/2026 nömrəli qərardadı ilə şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə ərazi aidiyyəti üzrə baxılması üçün Xankəndi Şəhər Məhkəməsinə göndərilmişdir. Xankəndi Şəhər Məhkəməsinin 19 mart 2026-cı il tarixli 3(5-127)-22/2026 saylı qərarı ilə (sədrlik edən hakim S.M.Niyazova) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin XP 2029663 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarından Məmmədov Ramin Fariz oğlunun etibarnamə üzrə nümayəndəsi Qasımov Salman Elman oğlu tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Həmin qərardan Məmmədov Ramin Fariz oğlunun etibarnamə üzrə nümayəndəsi Qasımov Salman Elman oğlu apellyasiya şikayəti verərək Xankəndi Şəhər Məhkəməsinin 19 mart 2026-cı il tarixli 3(5-127)-22/2026 saylı qərarının ləğv edilməsini və DİN BDYPİ polis polkovniki Səfərəliyev Pərvin Müstəcəb oğlunun Fətullazadə Yusif Vaqif oğlu barəsində qəbul etdiyi 15.06.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında XP 2029663 saylı qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Meqa Sığorta ASC-də PME2410821880 saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmış Fətullazadə Yusif Vaqif oğlunun idarə etdiyi "Zil 131 X\t" markalı, 77 JP 176 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 15.06.2025-ci il tarixində Xankəndi şəhəri ərazisində hərəkət edən zaman yol-hərəkəti qaydalarını pozmuş, nəticədə "Azərbaycan Sənaye Sığorta" ASC-də "avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığortalanmış Məmmədov Ramin Fariz oğlunun idarə etdiyi "Bmw X5" markalı, 77 RM 660 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Yuxarıda qeyd olunan hadisə ilə bağlı Xankəndi şəhər DYPB-də tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxs "Zil 131 X\t" markalı, 77 JP 176 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Fətullazadə Yusif Vaqif oğlu müəyyən olunmuşdur. "Yol-nəqliyyat hadisəsində zərərçəkənin İdarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 29 iyun 2022ci il tarixli qərarına əsasən 1 noyabr 2022-ci il tarixindən etibarən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxslərə "avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası" növü üzrə sığortalanmış əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi birbaşa olaraq zərərçəkənin mülki məsuliyyətinin icbari sığortaçısı tərəfindən həyata keçirilir. Məhz buna görə də 15.06.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Məmmədov Ramin Fariz oğlu "Bmw X5" markalı, 77 RM 660 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün "avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığortaçısı olan "Azərbaycan Sənaye Sığorta" ASC-yə müraciət etmişdir. "Azərbaycan Sənaye Sığorta" ASC tərəfindən Məmmədov Ramin Fariz oğluna 10.07.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Daha sonra "Yolnəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda"ya, bu Qaydanın tələbi əsasında imzalanmış "Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair" 18.08.2022-ci il tarixli Kollektiv Sazişə əsasən sığorta şirkətləri arasında hesablaşma aparılmış və "Meqa Sığorta" ASC tərəfindən (Çünki zərərvuran "Zil 131 X\t" markalı, 77 JP 176 dövlət nömrə nişanlı avtoəqliyyat vasitəsinin icbari sığortası "Meqa Sığorta" ASC-dədir) 5 000 (beş min) manat məbləğində sığorta ödənişi "Azərbaycan Sənaye Sığorta" ASC-nin hesabına köçürülmüşdür. Lakin sonradan sığorta şirkəti tərəfindən araşdırma aparılmış və məlum olmuşdur ki, Fətullazadə Yusif Vaqif oğlunun barəsində qəbul edilmiş qərar xitam olunmuşdur. Ona görə də sığorta şirkəti tərəfindən Məmmədov Ramin Fariz oğluna qarşı mülki iddia qaldırılmış və ondan "Meqa Sığorta" ASC-nin hesabına ödənilmiş 5000 (beş min) manat, 70,40 (yetmiş manat, qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 5070,40 (beş min yetmiş manat, qırx qəpik) manat tutularaq İddiaçı "Meqa Sığorta" ASC-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. DİN BDYPİ Polis Polkovniki Səfərəliyev Pərvin Müstəcəb oğlunun 15.06.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında XP2029663 saylı qararı qanunsuz və əsassızdır. Çünki hadisə baş verən zaman araşdırma aparılmış və Fətullazadə Yusif Vaqif oğlunun inzibati xəta törətməsi müəyyən olunmuş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Sonradan həmin qərarın ləğv olunması Məmmədov Ramin Fariz oğlunun hüquqlarının pozulmasına səbəb olmuşdur. İşə baxan məhkəmə isə əsassız olaraq verilən şikayəti təmin etməmişdir. Məhkəmə qərarı ilə tanış olarkən açıq aydın görünür ki, hakim qərarı özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Bu isə yolverilməzdir. Məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Ona görə də hesab edir ki, qərar ləğv olunmalıdır”. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İş materiallarında olan: Xankəndi ŞPŞ-nin DYPB-nin YNH üzrə baş inspektoru, polis polkovnik leytenantı Məmmədov İlham Akif oğlu tərəfindən tərtib edilmiş 15.06.2025-ci il tarixli, İXP 7200871 saylı protokoldan görünür ki, 15.06.2025-ci il tarixdə saat 13:30-da Fətullazadə Yusif Vaqif oğlu Xankəndi şəhəri ərazisində idarə etdiyi “ZİL 131 xüsusi təy” markalı, 77 JP 176 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Xankəndi ŞPŞ-nin DYPB-nin YNH üzrə baş inspektoru, polis polkovnik leytenantı Məmmədov İlham Akif oğlu tərəfindən tərtib edilmiş 15.06.2025-ci il tarixli, TP 7312583 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 15.06.2025-ci il tarixli, İXP7200871 nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq Fətullazadə Yusif Vaqif oğlunun 15.06.2025-ci il tarixdə saat 13:30-da Xankəndi şəhəri ərazisində idarə etdiyi “ZİL 131 xüsusi təy” markalı, 77 JP 176 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. “Meqa Sığorta” ASC-nin DİN BDYP İdarəsinin rəisi, polis general mayoru Ramiz Zeynalova ünvanlanmış 03.07.2025-ci il tarixli, SHT/ƏŞ-1068 saylı məktubun surətindən görünür ki, sığorta şirkəti tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, 15.06.2025-ci il tarixdə Xankəndi şəhəri ərazisində “BMW X5” markalı, 77 RM 660 dövlət qeydiyyat nişanlı avtomobil dayanan zaman ondan qarşıda olan “ZİL 131 xüsusi təy” markalı, 77 JP 176 dövlət qeydiyyat nişanlı avtomobil arxa-arxaya verərək “BMW X5” markalı avtomobili vurmuşdur. Lakin hadisə yerinin şəkillərindən məlum olmuşdur ki, hadisə həmin yerdə baş verməmiş, ona dəyən zərərlərin xüsusiyyətləri olan qabaq kapotun üzərində olan ön üzlüklərin sınıqları, qırıntı izləri hadisə yerində yoxdur. Buna baxmayaraq YNH üzrə inspektor tərəfindən heç bir araşdırma aparılmadan (TŞ və MMX kameralarına baxış keçirmədən) hadisənin “ZİL 131” markalı, 77 JP 176 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Fətullazadə Yusif Vaqif oğlunun adına sənədləşdirilərək qeydə alınmış, forma 4 vasitəsi ilə “Meqa sığorta” ASC-yə göndərilmişdir. Ona görə də yol-nəqliyyat hadisəsinin yenidən düzgün araşdırılması barədə göstəriş verilməsi xahiş olunmuşdur. “Meqa Sığorta” ASC-dən DİN BDYP İdarəsinin rəisi, polis general mayoru Ramiz Zeynalova ünvanlanmış 31.07.2025-ci il tarixli, 3-13-16/1-152816/2025 saylı məktubun surətindən görünür ki, sığorta şirkəti 15.06.2025-ci il tarixdə Xankəndi şəhəri ərazisində “BMW” markalı, 77 RM 660 və “ZİL” markalı, 77 JP 176 dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində maddi ziyanla nəticələnən yolnəqliyyat hadisəsi zamanı YNH üzrə baş inspektor tərəfindən zəruri olan halların tam araşdırılmadığı, sürücülərin izahatlarına əsaslanaraq sənədləşdirmə aparıldığı, hadisənin hansı səbəbdən baş verdiyi barədə şübhələr olduğuna baxmayaraq hər iki sürücünün izahatı əsasında yol-nəqliyyat hadisəsinin sənədləşdirilərək Yusif Fətullazadənin barəsində protokol tərtib etdiyi bildirilərək, YNH üzrə baş inspektorun barəsində tədbir görülməsi və həmin hadisə ilə bağlı TP 7312583 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunaraq icraatına xitam verilməsi xahiş olunmuşdur. Xankəndi ŞPŞ-nin DYPB-nin YNH üzrə baş inspektoru, polis polkovnik leytenantı Məmmədov İlham Akif oğlunun izahatının surətindən görünür ki, qeyd edilən yol-nəqliyyat hadisəsi baş verən zaman “BMW” markalı, 77 RM 660 dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq farasının şüşəsi qırılmış, şüşələr faranın içərisinə düşmüş, yerdə heç bir qırıntı aşkar eləməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə əsasən, iş materiallarında olan sorğu əsasında alınmış hadisə yerindən çəkilmiş fotoşəkillərdən və video görüntüdən görünür ki, “ZİL 131 xüsusi təy” markalı, 77 JP 176 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsində sol və sağ tərəfdən dəmir çıxıntılar, eləcədə sol tərəfin üst hissəsində avtomobilin qeydiyyat nişanı var. “ZİL 131 xüsusi təy” markalı, 77 JP 176 dövlət qeydiyyat nişanlı avtomobilin arxa-arxaya verilməsi nəticəsində avtomobillərin toqquşması iddia edilsə də, “BMW X5” markalı avtomobilin yalnız qabaq mühərrik örtüyünün (kapot) sol tərəfinə zədə dəyməsi müəyyən olunur. Həmçinin “ZİL 131 xüsusi təy” markalı avtomobilin arxa sol dəmir çıxıntısında toqquşduğu avtomobilin zədə izləri, yəni həmin avtomobilin ağ boyası və ya zədə nəticəsində iri avtomobilin arxa sol dəmirinin deformasiyaya uğraması az miqdarda olsa belə öz təsdiqini tapmır. Eləcə də toqquşma nəticəsində “ZİL 131 xüsusi təy” markalı avtomobilin üst hissəsində avtomobilin qeydiyyat nişanı yerləşsə də toqquşma nəticəsində həmin nişan əyilməmiş və olduğu kimi qalmışdır. Xankəndi ŞPŞ-nin DYPB-nin YNH üzrə baş inspektoru, polis polkovnik leytenantı Məmmədov İlham Akif oğlunun izahatına əsasən qeyd edilən yol-nəqliyyat hadisəsi baş verən zaman “BMW” markalı, 77 RM 660 dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq farasının şüşəsinin qırıldığını göstərmiş, lakin fotoşəkillərdən görünür ki, “ZİL 131 xüsusi təy” markalı avtomobillə toqquşma zamanı zərbə ancaq avtomobilin sol tərəfinə dəymişdir. Avtomobilin arxa sol tərəfində olan dəmir çıxıntı “BMW X5” markalı avtomobilin qabaq kapotunun sol tərəfinə dəyməsinə baxmayaraq, “BMW X5” markalı avtomobilin həm sağ, həm də sol qabaq faralarının qırılması iddia olunur. Halbuki, faranın şüşə qırıqları nə hadisə yerinə, nə də faraların içərisinə düşməmişdir. Ümumiyyətlə faraların şüşə qırıqları və ya avtomobilin digər hissələrinə aid olan detallar hadisə yerində yoxdur. Həmçinin qırılmış faranın içərisində əvvəldən yığılıb qalmış toz qalıqları müşahidə olunur. Bu hal isə qabaq faraların hadisədən bir müddət əvvəl qırıldığını və qəza hadisəsinin görüntü məqsədi ilə təşkil edildiyinə dəlalət edir. İşin qeyd olunan bu halı YNH üzrə baş inspektorun BDYPİ-nə verdiyi izahatdan da məlum olur. Belə ki, o, BDYPİ-yə verdiyi izahatında hadisə yerində heç bir şüşə və ya kapron qırıqlarının, hər hansı bir qəzanın izinə rast gəlinmədiyini etiraf etmişdir. Bütün bunlar isə qeyd edilən hadisəyə qəza görüntüsü verilməsi üçün məqsədli şəkildə edildiyinə əsaslı şübhələr yaradır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qərar qəbul etmişdir. Belə ki, iş materiallarında olan fotoşəkillər və YNH üzrə baş inspektorun BDYPİ-nə verdiyi izahatından tam aydın olur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin XP 2029663 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ilə iş üzrə icraata xitam verilməsi qanuni olmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, Xankəndi Şəhər Məhkəməsinin 19 mart 2026-cı il tarixli 3(5-127)-22/2026 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Xankəndi Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 19 mart 2026-cı il tarixli 3(5-127)-22/2026 saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar