Məhkəmə qərarları › İş №3(3-7)-237/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-237/2026

11.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-237/2026 11.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi - Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X5 iclas katibliyi, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs İmanov İsmət Hüseyn oğlu və onun müdafiəçisi X1 iştirakları ilə İmanov İsmət Hüseyn oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə Samux Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Samux Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim T.Ə.Kərimova) ## ###### 1993-cü il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Samux rayonu Ağasıbəyli kəndində qeydiyyatda olan İmanov İsmət Hüseyn oğlu İXM-nin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində 8 (səkkiz) gün müddətində inzibati həbs edilmiş, inzibati həbsdə olmanın əvvəlinin inzibati qaydada tutulduğu ##.##.2026-cı il tarixdən saat 00:20-dən hesablanması, qərarın icrasının Samux Rayon Polis Şöbəsinin müvvəqəti saxlama yerinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmişdir. Müdafiəçi apellyasiya şikayətində Samux Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının əsassız olması səbəbindən ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Məhkəmənin qərarına görə, DYP və Post Patrul Xidməti əməkdaşları İmanov Nemət Hüseyn oğlunun onlara qarşı təhqirəmiz ifadələr işlətdiyi və onların qanuni tələblərinə tabe olmadığı halını iddia etmişlər. Lakin həmin iddia yalnız DYP və Post Patrul Xidməti əməkdaşlarının şifahi ifadələrinə əsaslanmış, heç bir video çəkiliş, səs yazısı, üçüncü tərəf şahidi və ya digər obyektiv sübut təqdim edilməmişdir. Məhkəmə isə bu çatışmazlıqları nəzərə almadan yalnız protokolu əsas sübut kimi qəbul edərək cəzalandırma qərarı çıxarmışdır. Hesab edir ki, həmin qərar hüquqi baxımdan əsassızdır, əməlin tərkibi mövcud olmadığından qanunsuz və ədalətsizdir, pozulmuş prosessual normalar isə qərarın qüvvədən düşürülməsini vacib edir. İş materiallarında İXM-nin 535.1-ci maddəsində əks olunan elementlərin mövcud olduğunu təsdiqləyən heç bir obyektiv sübut yoxdur. DYP əməkdaşları özləri nə video çəkiliş, nə audio yazı, nə üçüncü tərəf şahidi, nə də başqa sübut təqdim edə bilmişlər. Deməli, əməlin qanuni tərkibi sübuta yetirilməmişdir. Eyni zamanda nəqliyyat vasitəsində olan İmanov Nəmət Hüseyn oğlunun 15 yaşlı oğlu İmanzadə Kərim Nemət oğlu hadisənin şahidi olmasına baxmayaraq, o, şahid kimi dinlənilməmişdir. İş üzrə şahidlər isə yalnız məsələdə maraqlı şəxslər yəni DYP və Yol Patrul Xidmətinin əməkdaşları olmuşlar. Məhkəmə yeganə sübutun DYP protokolunun yetərliliyini şübhə altına almamış, alternativ izahları tədqiq etməmiş, mövcud şübhələri cəzalandırılmış şəxsin xeyrinə həll etməmişdir. Bu, apellyasiya instansiyasında qərarın ləğvi üçün özlüyündə kifayət edən əsasdır. Bu işdə DYP əməkdaşları özlərinin iddialarını heç bir müstəqil sübutla əsaslandıra bilməmişlər. Məhkəmə bu vəziyyətdə cəzalandırma qərarı çıxarmaqla sübutetmə yükünü qeyri-qanuni olaraq müttəhim tərəfə keçirmişdir. İşin materiallarına görə, rayon məhkəməsinin baxışında DYP əməkdaşlarının ifadələri dinlənilmiş, lakin cəzalandırılmış şəxsin verdiyi izahatlar, öz sübutlarını təqdim etmək imkanı yetərincə təmin edilməmiş, şahid çağırmaq tələbi rədd edilmişdir. Bu işdə müstəqil sübut yoxdur; şəxsin əvvəlki inzibati xəta tarixi araşdırılmamışdır; şəxsin şəxsiyyəti, ailə vəziyyəti, sağlamlığı nəzərə alınmamışdır; cərimə tənbehinin bu halda kifayət edib-etməyəcəyi araşdırılmamışdır. 8 sutkalıq inzibati həbs cərimə seçilmədən birbaşa ən ağır tənbehin tətbiqi mütənasiblik prinsipini pozur”. Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs apellyasiya şikayətində Samux Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından narazı olduğunu bildirərək işinə apellyasiya qaydasında baxılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs İmanov İsmət Hüseyn oğlunun müdafiəçisi X1 apellyasiya şikayətlərinin dəlillərinə uyğun çıxış edərək Samux Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının əsassız olması səbəbindən ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs İmanov İsmət Hüseyn oğlu apellyasiya şikayətini müdafiə edərək barəsində seçilmiş inzibati həbs tənbeh tədbirinin cərimə ilə əvəz edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq protokolu tərtib etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Sədrlik edən işə protokolu tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını işin müəyyən olunmuş halları əsasında yoxlayaraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan: ##.##.2026-cı il tarixli protokoldan görünür ki, İmanov İsmət Hüseyn oğlu ##.##.2026-cı il tarixdə saat 21:40 radələrində Samux rayonu İnstitut qəsəbəsi ərazisində polis əməkdaşlarına qarşı uca səslə nalayiq ifadələr işlətmiş, ictimai yerdə ictimai qaydaların pozulmasına səbəb olan hərəkətlərə yol vermiş və polisinin qanuni tələblərinə tabe olmamışdır. İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İmanov İsmət Hüseyn oğlunun ##.##.2026-cı il tarixdə saat 21:38-də Vaz 2107 markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-nin 329.3, 327.1 maddələri ilə inzibati xətaları törətməsi qeyd olunmuşdur. ##.##.2026-cı il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, İmanov İsmət Hüseyn oğlu ##.##.2026-cı il tarixdə saat 00:20-də inzibati qaydada tutulmuşdur. Video görüntüdən görünür ki, İmanov İsmət Hüseyn oğlu polisin xidməti maşının qarşısında özünün idarə etdiyi VAZ-2107 markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq avtomobildən düşür və əl-qol hərəkətləri ilə, polisin xidməti nəqliyyat vasitəsinin qarşısında aqressiv şəkildə davranış sərgiləyir. Məhkəmə qeyd edir ki, İmanov İsmət Hüseyn oğluna istinad edilən İXM-nin 510.1 və 535.1-ci maddələri ilə inzibati xətanın onun tərəfindən törədilməsi iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sübutlarla tam sübuta yetirilir. Lakin tətbiq edilən inzibati tənbehin növü məsələsinə gəldikdə isə apellyasiya instansiyası qeyd edir ki, birinci instansiya məhkəməsi inzibati xəta törətmiş şəxsə tətbiq edilən inzibati tənbehinin növünü müəyyən edərkən, İmanov İsmət Hüseyn oğlunun məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə almamışdır. Belə ki, İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İmanov İsmət Hüseyn oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, İmanov İsmət Hüseyn oğlunun himayəsində 3 azyaşlı övladı - ##.##.2015-ci il təvəllüdlü Hikmət İmanzadə, ##.##.2017-ci il təvəllüdlü İnci İmanzadə və ##.##.2023-cü il təvəllüdlü Muadil İmazadə vardır. Apellyasiya instansiyası hesab edir ki, İmanov İsmət Hüseyn oğlunun himayəsində 3 azyaşlı övladının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilməli və inzibati tənbehin müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi İmanov İsmət Hüseyn oğlunun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı tətbiq edilmiş inzibati tənbehin növünə aid hissədə dəyişdirilməli və İmanov İsmət Hüseyn oğlunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül tənbeh hesab olunan inzibati cərimə təyin edilməlidir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-nin 135.1 və 135.1.5-ci maddələrinə görə tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayətləri qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı inzibati tənbehin növü ilə bağlı hissədə dəyişdirilsin. Həmin qərarla İmanov İsmət Hüseyn oğluna təyin edilmiş inzibati həbs növündə tənbeh 200 (iki yüz) manat inzibati cərimə ilə əvəz edilsin. İmanov İsmət Hüseyn oğlu məhkəmə iclas zalında inzibati həbsdən dərhal azad edilsin. Qərarın icrası Samux Rayon Polis Şöbəsinə və Samux Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar