Məhkəmə qərarları › İş №3(3-7)-259/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-259/2026

21.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-259/2026 21.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin sədri Əli Toğrul Məhəmməd oğlu, X2 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Tərtər rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiallara Tərtər Rayon Məhkəməsində baxılarkən, iş üzrə zərərçəkmiş şəxs Əmrahova Hicran Nurəddin qızı tərəfindən işə baxan məhkəmə sədri Tahir Qubadova və bütün Tərtər Rayon Məhkəməsinə verilmiş etirazın təmin edilməsi üzrə məhkəmə aidiyyətinin dəyişdirilməsi barədə iş materiallarına baxaraq MÜƏYYƏN ETDIM : Tərtər rayon Polis Şöbəsi ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikası IXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Iş üzrə zərərçəkmiş şəxs qismində iştirak edən Əmrahova Hicran Nurəddin qızı məhkəməyə etiraz ərizəsi göndərərək, işə baxan məhkəmənin sədri Tahir Qubadova və bütün Tərtər Rayon Məhkəməsinə etiraz etdiyini, işin başqa rayon məhkəməsinə verilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, o, ##.##.2026-cı il tarixdə məhkəməyə gələrkən (inzibati xətaya dair iş və tərəflər həmin gün polis əməkdaşı tərəfindən məhkəməyə təqdim olunmuşdur) Pünhan Tağıyevin sahə müvəkkili ilə birgə məhkəmənin otağından çıxdığını görmüşdür. Halbu ki, məhkəmə işə baxana qədər tərəflərdən heç birini qəbul edə bilməz. Şifahi etirazına məhkəmə əhəmiyyət verməmiş, onun söyülüb-təhqir edilməsinə dair şahid istəmişdir. Məhkəmə yəqin ki, inzibati işin icraatına ya xitam verəcək, ya da ki, cərimə cəzası ilə işi yekunlaşdıracadır. Ona görə də məhkəmə iclasına sədrlik edən hakimin hazırkı iş üzrə qərəzli və qeyri-obyektiv mövqe tutmasını nəzərə alaraq işə baxan Tərtər Rayon Məhkəməsinin sədrinə və bütün hakiminə etiraz edir. Tərtər Rayon Məhkəməsinin (sədrlik edən T.Qubadov) ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərardadı ilə iş üzrə zərərçəkmiş şəxs qismində iştirak edən Əmrahova Hicran Nurəddin qızının işə baxan məhkəmənin sədri Tahir Qubadova və bütün Tərtər Rayon Məhkəməsinə verdiyi etirazı təmin edilmiş, etiraz ərizəsi ərazi üzrə məhkəmə aidiyyətinin dəyişdirilməsi məsələsinə baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmənin bütün hakimləri özü-özlərinə verdikləri və ya onlara edilmiş etiraz məsələsi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. “Azərbaycan Respublikası IXM-nin 128-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Qeyd edilənləri nəzərə alaraq, X2 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Tərtər rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiallara dair işə Tərtər Rayon Məhkəməsində baxılarkən zərərçəkmiş şəxs Əmrahova Hicran Nurəddin qızının işə baxan məhkəmənin sədri Tahir Qubadova və bütün Tərtər Rayon Məhkəməsinə verdiyi etirazı təmin edildiyindən işin baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilməsini məqsədə uyğun hesab edirəm. Belə ki, Cinayət Prosessual Məcəllənin (bundan sonra CPM-in) 28.1.-ci maddəsinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. CPM-in 76.1-ci maddəsinə əsasən cinayət işinin və ya digər materialın ərazi üzrə məhkəmə aidiyyəti bu Məcəllənin 107, 109-cu maddələrinin müddəalarına əsasən aşağıdakı hallarda dəyişdirilə bilər: 76.1.1. bir hakimdən ibarət olan məhkəmənin fəaliyyət göstərdiyi ərazidə həmin hakimin özü-özünə verdiyi və ya ona edilmiş etiraz təmin edildikdə; 76.1.2. məhkəmənin bütün hakimləri özü-özlərinə verdikləri və ya onlara edilmiş etiraz təmin edildikdə; 76.2. Bu Məcəllənin 76.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə aidiyyətinin dəyişdirilməsinə dair qərar müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən qəbul edilir. Qeyd olunanlara əsasən və CPM-in 76-cı, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 66-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: X2 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Tərtər rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilsin. Sədr Toğrul Əli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar