Məhkəmə qərarları › İş №3(3-7)-317/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-317/2026

14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-317/2026 14.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Əliyev İlyas İlya oğlunun və onun müdafiəçisi – Göygöl Rayon Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə Əliyev İlyas İlya oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsinə dair Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Əliyev İlyas İlya oğlu və onun müdafiəçisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə ##.##.1986-cı ildə anadan olmuş, Tərtər rayonu Hacıqərvənd kəndində yaşayan Əliyev İlyas İlya oğlunun İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib, 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudulaşdırılması və qərarın icrasının * saylı Rayonlararası İmtahan Qeydiyyat Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Əliyev İlyas İlya oğlu və onun müdafiəçisi Nümayəndə apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsini və Protokolu tərtib edən orqan Əliyev İlyas İlya oğlunun barəsində olan İXM-nin 529.3-cü maddəsi ilə verdiyi EQ ******** nömrəli protokola xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarını qanunsuz və əsassız hesab edir. Belə ki, ##.##.2025-ci il tarixdə idarə etdiyi TOYOTA PRİUS (HİBRİD) MİNİK markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən özünün də xəbəri olmadan sürət ölçmə panelində düyməyə toxunduğu üçün avtomobilin hərəkət sürətinin ölçmə mexanizmi km/saatdan mil-ə dəyişmiş və avtomobil mil/saatla işləmişdir. Buna görə də elə həmin gün barəsində 28 ədəd elektron inzibati xəta haqqında qərar qəbul edilərək 7720 (yeddi min yeddi yüz iyirmi) manat məbləğində cərimə edilmişdir. Həmin protokollardan biri də EQ/******** nömrəli protokol üzrə 360 manat cərimə məbləği olmuşdur. Qeyd etdiyi kimi ##.##.2025-ci tarixdə, barəsində 28 ədəd elektron qərar qəbul edilmişdir. Həmin qərarlardan 17-si qanuni olsa da, lakin 11-i qanunsuz olmuşdur. Belə ki, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının özündə də qeyd edilir ki, sürücü 21 bal topladığına görə barəsində cərimə tətbiq edilmədən sürücülük hüququ məhdudlaşdırılır. Lakin, buna baxmayaraq həmin elektron qərardan sonra yəni sürücülük hüququ avtomatik olaraq məhdudlaşdırdığından sonra barəsində 17 ədəd, hər biri 400 manat olmaqla cərimə tətbiq edilmişdir. Bu isə qanunvericiliklə ziddiyyət təşkil etmişdir. Həmin halları birinci insatnsiya araşdırmamış və nəticə etibarı ilə qanunsuz qərar qəbul etmişdir. İXM-nin 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Həmin məcəllənin 27.2-ci maddəsində göstərilir ki, Bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 327.7-ci maddəsində nəzərdə tutulan istisna hal dedikdə balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülərin bir il ərzində 20 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmasını nəzərdə tutur. Həmin məcəllənin 27.4-ci maddəsinə əsasən Bu Məcəllənin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 20 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılır. Qanunun tələblərinə nəzər saldıqda da görünür ki, sücünün 20 və daha çox bal toplaması halından sonra barəsində cərimə tətbiq edilməməli və onun sürücülük hüququ məhdudlaşdırmalıdır. Yəni sürücülük hüququnun məhdudlaşdırılması ilə yanaşı cərimə tənbeh tədbirinin tətbiq edilməsi hüquqda qeyri müəyyənlik yaradır və qəbul edilənlik prinsipinə ziddir. Bu mühüm hal nəzərə alınmamışdır. Bu baxımdan da hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz olduğundan apellyasiya qaydasında ləğv edilməlidir”. Məhkəmə baxışında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Əliyev İlyas İlya oğlu və onun müdafiəçisi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış etdilər və şikayətin təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və inzibati inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə baxışının vaxtı və yeri barədə Azərbaycan Respublikası Dazili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə məlumat verilsə də, Azərbaycan Respublikası Dazili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İşə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol Əliyev İlya İlyas oğlunun barəsində EQ/******** saylı protokol üzrə ##.##.2025-ci il tarixli inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərarı qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsi və bununla İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını nəzərdən keçirib aşağıdakı əsaslara görə hesab edir ki, şikayət qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin “İnzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilməsi barədə” ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərardadı və ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 99.4-cü maddəsinə əsasən bu Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan tədbirləri tətbiq etmə haqqında ilk protokol tərtib edildikdə(99.4.1), inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə(99.4.2), bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edildikdə (99.4.3) inzibati xata haqqında iş üzrə icraat həmin vaxtdan başlanılmış hesab edilir. İXM-nin 100-cü maddəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi əsasları, məzmunu, forması və tərtib edilməsi qaydaları nəzərdə tutulmuşdur: 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 100.2. İnzibati xəta haqqında protokol ciddi hesabat sənədi olmaqla, əl ilə və ya informasiya sistemləri vasitəsilə nömrələnmiş blanklarda və ya səlahiyyətli orqanların informasiya sistemlərində elektron qaydada tərtib olunur. Bu Məcəllənin 327–356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı protokol inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada bort-kompüter vasitəsilə, bort-kompüter olmadıqda isə əl ilə nömrələnmiş blanklarda tərtib olunur. 100.3. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir. 100.4. Protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.5. Nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.1. protokolun tərtib edildiyi tarix, vaxt və yer; 100.5.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.5.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları); 100.5.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.5.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.5.6. olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları; 100.5.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.5.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.5.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər; 100.5.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.6. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokolda bu Məcəllənin 100.5-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar da göstərilir: 100.6.1. nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanı; 100.6.2. törədilmiş inzibati xətaya görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi nəzərdə tutulduğu halda, götürülən sürücülük vəsiqəsinin seriyası və nömrəsi, nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin seriyası və nömrəsi; 100.6.3. sürücü nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırıldığı halda, kənarlaşdırılma səbəbi. 100.7. Səlahiyyətli orqanların informasiya sistemlərində elektron protokolun tərtib edilmə qaydası, habelə həmin protokolda göstərilən məlumatlar bu Məcəllənin 127-3-cü maddəsi ilə müəyyən edilir. 100.8. Protokolun, o cümlədən elektron protokolun forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. İXM-nin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərar (qərardad) qəbul edilir. İnzibati xəta haqqında protokolun tərtib edilməsi, məzmunu, forması və tərtib edilməsi qaydalarını özündə əks etdirən İXM-nin 100-cü maddəsinin tələblərindən göründüyü kimi inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə tərtib olunmalı, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməli, protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmalı və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilməli, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunmalıdır. Lakin iş materiallarından görünür ki, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən Əliyev İlyas İlya oğlunun barəsində İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərkən qanunun qeyd edilən tələblərinə əməl edilməmişdir. Qeyd edilənlər səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokolun düzgün tərtib edilmədiyi və materialın natamam olduğu, buna görə də inzibati xəta haqqında protokolun əlavə edilmiş materialla birlikdə səlahiyyətli orqana qaytarılmalı olduğu qənaətinə gəlməyə əsas verir. Bundan başqa, apellyasiya icraatı zamanı təqdim edilmiş Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixdə qəbul etdiyi *(*-***)-***/**** saylı, *(*-***)-***/**** saylı, *(*-***)-***/**** saylı, *(*-***)-***/**** saylı, *(*-***)-***/**** saylı, *(*-***)-***/**** saylı, *(*-***)-***/**** saylı, *(*- ***)-***/**** saylı, *(*-***)-***/**** saylı və *(*-***)-***/**** saylı qərarlarından görünür ki, Əliyev İlyas İlya oğlu BDYPİ tərəfindən qəbul edilmiş cərimə növündə tənbehin tətbiq edilməsinə dair qərarların icra edilməməsinə görə onun barəsində həmin qərarların hər biri üzrə İXM-nin 529.3cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək protokollar baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmiş, Tərtər Rayon Məhkəməsi isə öz növbəsində hər bir inzibati xəta haqqında protokola (işə) ayrıca icraatda baxaraq Əliyev İlyas İlya oğlunu hər bir inzibati xəta haqqında protokol üzrə İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilib, onun 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnu məhdudlaşdırmış və qərarların icrasını * saylı Rayonlararası İmtahan Qeydiyyat Şöbəsinə həvalə etmişdir. Göstərilən qərarlardan da apellyasiya şikayətləri verilmişdir və həmin işlər hazırda apellyasiya icraatındadır. Hazırki iş üzrə qərardan və yuxarıda qeyd edilən qərarlardan müəyyən edilir ki, göstərilən işlər üzrə inzibati xətalar Əliyev İlyas İlya oğlu tərəfindən eyni zamanda törədilmiş və sonuncunun qeyd edilən inzibati xətaları törətməsi səlahiyyətli orqan tərəfindən eyni vaxtda aşkar edilmişdir. Belə ki, bütün işlər üzrə inzibati xəta haqqında protokollar ##.##.2026-cı il tarixdə tərtib edilmişdir. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi aşağıdakıları qeyd edir. İXM-nin 34.1-ci maddəsinin tələbinə görə, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2-ci maddəsinin tələbinə görə, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinin tələbinə görə, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4-cü maddəsinin tələbinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Tənbeh tətbiq edilməsi ilə bağlı inzibati xətalar qanunvericiliyində xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də şəxsin bir neçə inzibati xəta törətdiyi halda ona inzibati tənbehin hansı qaydada tətbiq edilməsi ilə bağlıdır. Bu qaydalar İXM-nin 34-cü maddəsi ilə tənzimlənir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xəta haqqında protokolun tərtib edilməsi eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu müəyyən edildikdə, inzibati xəta haqqında iş üzrə icraatı başlamış və protokol tərtib etmiş müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) prosessual qənaət prinsipinin qorunması və işlərə qanunvericiliklə nəzərdə tutulmuş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi ilə bir neçə inzibati xəta haqqında işi (protokolu) bir icraatda birləşdirərək məhkəməyə göndərməkdə haqlıdır. Məhz buna görə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi bir neçə inzibati xətaya dair işlərin məcmusunun hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni vaxtda baxılmasını nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinin davamı olaraq Məcəllənin 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Bununla yanaşı Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən, şəxsin eyni vaxtda törətdiyi (bir hərəkətlə ideal məcmu yaradan) bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid olduqda, bu işlərin eyni vaxtda, eyni orqan tərəfindən baxılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsini zəruri hesab etmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Qərarda həmçinin qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi şəxsin məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir. Belə ki, həmin maddəyə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsindən göründüyü kimi, qanunverici müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə həmin Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq eyni vaxtda baxılmasının eyni orqan tərəfindən tərtib edilmiş protokollar və həmin xətalara baxılmasının eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni şəxs tərəfindən müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətindədirsə, bu xətaların heç birinə görə ona inzibati tənbeh tətbiq edilməmişdirsə və törədilən inzibati xətaların heç birinə görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdirsə məhkəmə və ya müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) bu inzibati xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Bu tələb birbaşa İXM-nin 34.2 və 34.4-cü maddələrinin müddəalarından irəli gəlir. İXM-nin 34-cü maddəsinin və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2020-ci il tarixli Qərarının qeyd edilən müddəalarından şıxış edərək qeyd edilməlidir ki, şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə və həmin inzibati xətaların törədilməsi səlahiyyətli orqan tərəfindən eyni vaxtda aşkar edildikdə, həmin inzibati xətalara dair protokolun tərtib edilməsi bu orqanın, işə baxılması isə məhkəmənin səlahiyyətinə aiddirsə, səlahiyyətli orqan tərəfindən törədilmiş inzibati xəta haqqında vahid inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməlidir. Səlahiyyətli orqan tərəfindən hər bir inzibati xəta haqqında ayrıca protokol tərtib edildikdə belə həmin inzibati xəta haqqında protokollar bir icraatda birləşdirilərək məhkəməyə göndərilməli, məhkəmə də həmin inzibati xəta haqqında protokollara bir icraatda baxmalıdır. Bu mövqedən çıxış edərək apellyasiya instansiya məhkəməsi hesab edir ki, Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixdə baxdığı hazırkı və *(*-***)-***/**** saylı, *(*-***)- ***/**** saylı, *(*-***)-***/**** saylı, *(*-***)-***/**** saylı, *(*-***)-***/**** saylı, *(*-***)-***/**** saylı, *(*-***)-***/**** saylı, *(*-***)-***/**** saylı, *(*-***)-***/**** saylı və *(*-***)-***/**** saylı işlər üzrə inzibati xətalar eyni vaxtda törədildiyindən və həmin xətaların törədilməsi eyni vaxtda aşkar edildiyindən, həmçinin həmin xətalar İXM-nin 529.3-cü maddəsinin tərkibi ilə əhatə olunduğundan səlahiyyətli orqan tərəfindən həmin xətalara görə vahid inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməli idi. Səlahiyyətli orqan tərəfindən hər bir inzibati xəta haqqında ayrıca protokol tərtib edilsə belə, həmin protokollar üzrə işlər bir icraatda birləşdirilərək məkəməyə göndərilməli, məhkəmə tərəfindən inzibati xəta haqqında protokollara bir icraatda baxılmalı idi. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, hazırki iş üzrə qərar İXM-nin tələbləri pozulmaqla qəbul edildiyindən qanuni hesab edilə bilməz. İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.6-cı maddəsi ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd edilənləri yekunlaşdıraraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin hazırki iş üzrə ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı və “İnzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilməsi barədə” ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Əliyev İlyas İlya oğlu və onun müdafiəçisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Əliyev İlyas İlya oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsinə dair inzibati xəta haqqında iş üzrə Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı və “İnzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilməsi barədə” ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərardadı ləğv edilsin. İnzibati xəta haqqında material yenidən baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar