Məhkəmə qərarları › İş №3(3-7)-338/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-338/2026

21.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-338/2026 21.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi - Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əhmədov İslam Tofiq oğlunun iştirakları ilə Əhmədov İslam Tofiq oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 206-cı maddəsi ilə inzibati tənbeh edilməsinə dair Qazax Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Protokolu tərtib edən orqan tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Protokolu tərtib edən orqan tərəfindən Əhmədov İslam Tofiq oğlunun barəsində İXM-nin 206cı maddəsi ilə MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Əhmədov İslam Tofiq oğlu ##.##.2026-cı il tarixdə saat 21:30 radələrində Qazax şəhəri Ə.Seyidov küçəsində yaşadığı evdə narkotik vasitə olan metamfetamindən istifadə etmişdir. Qazax Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim E.F.Mansırov) Əhmədov İslam Tofiq oğlu İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilmiş, onun inzibati qaydada tutulduğu 2 (iki) gün müddət nəzərə alınaraq ona təyin edilmiş 400 (dörd yüz) manat məbləğində inzibati tənbeh yüngülləşdirilib 300 (üç yüz) manat məbləğinə endirilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarından Protokolu tərtib edən orqan tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilərək Əhmədov İslam Tofiq oğlunun İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsi barədə Qazax Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının dəyişdirilməsi və Əhmədov İslam Tofiq oğlunun barəsində inzibati tənbeh növü kimi inzibati həbs tətbiq edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “##.##.2026-cı il tarixli, HK-*/*** nömrəli material üzrə Qazax RPS-nin TB-dən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, Əhmədov İslam Tofiq oğlunun əməlində İXM-nin 206-cı maddəsinin tərkib əlaməti olduğundan sonuncunun barəsində müvafiq protokol tərtib edilmişdir. Protokolun tərtib edilməsinə əsas Gəncə şəhəri Narkoloji Dispanserinin ##.##.2026-cı il tarixli, *** nömrəli rəy olmuşdur. Belə ki, rəydə göstərilmişdir ki, Əhmədov İslam Tofiq oğlu narkotik vasitə olan kannobinoidlərən və psixotrop maddə olan metamfetamindan epizodik istifadə halları olub. Əhmədov İslam Tofiq oğlunun sidiyində THC, AMP və TML aşkar edilmişdir və narkomaniya xəstəliyindən əzab çəkməsi qeyd olunmuşdur. İş üzrə izahatı alınmış Əhmədov İslam Tofiq oğlu bildirmişdir ki, təxminən 2-3 aydır ki, narkotik vasitələr və psixotrop maddələrdən istifadə edir. Sonuncu dəfə # ### 2026-cı il tarixdə saat 20 radələrində yaşadığı evdə spirtli içki qəbul edərək sərxoş vəziyyətə düşmüşdür. Bir müddət sonra o, mağazaya getmək məqsədi ilə yaşadığı evi tərk etmişdir. O, təxminən saat 21:30 radələrində Qazax şəhəri Ə.Seyidov küçəsi ilə piyada hərəkətdə olan zaman yerdə siqaret qutusunun gümüşü kağız bükümünü görmüşdür. Həmin bükümə baxış keçirən zaman bükümün içərisində "patı" yəni, metamfetamin deyilən psixotrop maddənin olduğunu görmüşdür. O həmin psixotrop maddəni üzərində daşıyaraq yaşadığı evə geri qayıtmışdır. Yaşadığı evdə olan zaman məhlədən aparmış olduğu psixotrop maddəni istifadə etmişdir. # ### 2026-cı il tarixdə səhər saatlarında siqaret almaq məqsədi ilə yaşadığı evi tərk etmişdir. Qazax şəhəri Ə.Seyidov küçəsində olan zaman bir neçə polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etməsi xahiş edilmişdir. Özünü təqdim etdikdən sonra polis əməkdaşı narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək polis bölməsinə dəvət etmişdir. O, polis əməkdaşına etiraz etməyərək Qazax RPŞ-nin inzibati binasına getmişdir. Qazax RPŞ-nin inzibati binasında narkotik vasitə istifadə etməsini etiraf edərək tutduğu əməldən peşman olmasını bildirmişdir. Əhmədov İslam Tofiq oğlunun ifadəsindən göründüyü kimi # ### 2026-cı il tarixdə inzibati xəta törədən zaman sərxoş halda olmuşdur. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Əhmədov İslam Tofiq oğlu əvvəllər məhkum edilmişdir. Əhmədov İslam Tofiq oğlunun əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi, ifadəsinə əsasən təkrarən narkotik vasitə istifadə etməsini bildirməsi və İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda törədilməsi nəzərə alınaraq inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Qazax Rayon Məhkəməsi # ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı qəbul edən zaman Əhmədov İslam Tofiq oğlunun İXM-nin 33.1.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların mövcud olmasını nəzərə almamış, İslam Əhmədovun azadlıq hüququnu cəmiyyətin maraqlarından üstün tutaraq onun cərimə edilməsi qənaətinə gəlmişdir. Hesab edir ki, törədilmiş inzibati xətaların xarakteri, inzibati xəta törətmiş şəxsin şəxsiyyətinin mənfi səciyyələnməsi, onun məsuliyyətini yüngülləşdirən halların müəyyən edilməməsi, inzibati xətanın sərxoş halda törədilməsinin məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınaraq Əhmədov İslam Tofiq oğlu İXM-nin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh edilməlidir. Bundan başqa Qazax Rayon Məhkəməsi Əhmədov İslam Tofiq oğlu barəsində qərar qəbul edilən zaman onun ##.##.2026-cı il tarixdə İXMnin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinərək 15 sutka inzibati həbs olunsa da islah olunmamasını və müxtəlif inzibati xətaları yenidən törətməsini nəzərə almamışdır. Göründüyü kimi, məhkəmə inzibati xəta haqqında işə baxan zaman iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan, işə baxılan zaman müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halları sübuta yetirmədən, inzibati məsuliyyət müəyyən edən qanunun normasını düzgün tətbiq etmədən Əhmədov İslam Tofiq oğlunu 300 manat məbləğində inzibati cərimə etmişdir. Eyni zamanda məhkəmə cərimə cəzasını əsassız verməklə İXM-nin 21-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Lakin Qazax Rayon Məhkəməsi tərəfindən Əliyev İslam Tofiq oğluna tətbiq edilmiş 300 manat məbləğində cərimə tənbehi onun şəxsiyyətinə və törətmiş olduğu əmələ açıq-aşkar uyğun gəlməmişdir”. Apellyasiya baxışı zamanı inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 apellyasiya şikayətini müdafiə edərək ona uyğun çıxış etdi və şikayətinin təmin edilməsini, Qazax Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının dəyişdirilməsini, Əhmədov İslam Tofiq oğluna İXM-nin 206-cı maddəsi ilə inzibati həbs tətbiq edilməsini məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əhmədov İslam Tofiq oğlu apellyasiya şikayətinə etiraz edərək Qazax Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını işin müəyyən olunmuş halları əsasında yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı inzibati tənbeh hissəsində dəyişdirilməlirdir. İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarında olan: Gəncə şəhəri Narkoloji Dispanserinin ##.##.2026-cı il tarixli, *** nömrəli rəyindən görünür ki, Əhmədov İslam Tofiq oğlu narkotik vasitə olan kannobinoidlərdən və psixotrop maddə olan metamfetamindən epizotik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyac yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülmüşdür. Əhmədov İslam Tofiq oğlunun sidiyində THC, AMP və TML aşkar edilmişdir. ##.##.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Əhmədov İslam Tofiq oğlunun əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və Əhmədov İslam Tofiq oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün tərtib edilmiş protokol və materiallar Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Əhmədov İslam Tofiq oğlu # ### 2026-cı il tarixdə saat 08:35-də inzibati qaydada tutulmuşdur. ##.##.2026-cı il tarixli Azərbaycan Respublikası ƏƏSMN Mərkəzləşdirilmiş elektron informasiya sistemi pensiya haqqında və sosial müavinət haqqında arayışlardan görünür ki, Əhmədov İslam Tofiq oğlu Mərkəzləşdirilmiş elektron informasiya sistemində şəxsin pensiyaçı olması, sosial müavinət və təqaüd alması barədə məlumat mövcud deyildir. Qazax Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Əhmədov İslam Tofiq oğlu İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Əhmədov İslam Tofiq oğlunun # ### 2026-cı il tarixli Qazax RPŞ-də verdiyi izahatından aydın olur ki, o, inzibati xətanı törədən zaman sərxoş halda olmuşdur. Tələbnamədən görünür ki, Əhmədov İslam Tofiq oğlu əvvəllər məhkum edilmişdir. Göründüyü kimi iş materialları ilə Əhmədov İslam Tofiq oğlunun əməlində İXM-nin 206-cı maddəsində əks olunan inzibati xəta tərkibi olduğu tam təsdiq olunur. Lakin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi Əhmədov İslam Tofiq oğlunu İXMnin 206-cı maddəsi ilə təqsirli bilərək inzibati məsuliyyətə cəlb etməkdə düzgün nəticəyə gəlsə də, onun barəsində tətbiq edilməli olan inzibati tənbehin növündə düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Əhmədov İslam Tofiq oğlunun əməlini səmimi etiraf edərək peşman olması, himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını və ailəni yeganə dolandıran şəxs olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmış və onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədiyi qeyd edilmişdir. Qeyd edilməlidir ki, Əhmədov İslam Tofiq oğlunun özünün izahatı ilə müəyyən edilir ki, inzibati xətanı törədərkən sərxoş vəziyyətdə olmuşdur (İnzibati xətanı törədərkən sərxoş vəziyyətdə olmasını Əhmədov İslam Tofiq oğlu apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında da təsdiq etmişdir). Bu hal müvafiq rəylə təsdiq olunmadığına görə onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alına bilməzdi. Ancaq həmin hal məhkəmə tərəfindən tənbehin növünün seçilməsi zamanı İslam Əhmədovun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alınmalı idi. Bundan başqa, İslam Əhmədov Qazax Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə inzibati qaydada həbs edilməsinə baxmayaraq o, islah olunmayaraq yenidən inzibati xəta törətmişdir. Bu hal da İslam Əhmədovun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş inzibati cərimə tənbehi ilə Əhmədov İslam Tofiq oğlunun islah olunması üçün mümkün hesab edilə bilməz. İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Əhmədov İslam Tofiq oğlunun, barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsi qadağan edilən İXM-nin 30.2-ci maddəsində müəyyən edilmiş şəxslərin kateqoriyasına daxil olması müəyyən edilməmişdir. İXM-nin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Əhmədov İslam Tofiq oğlunun əməlində İXM-nin 206-cı maddəsinin tərkibi vardır. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növlərindən olan inzibati həbsin təyin edilməsi inzibati xəta törətmiş şəxsin şəxsiyyətinə və işin digər hallarına uyğun olar. Həmin tənbeh növü Əhmədov İslam Tofiq oğlunu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi həmin İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edər. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qazax Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli, Əhmədov İslam Tofiq oğlu İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib inzibati qaydada həbs edilməlidir. Bundan başqa, Gəncə şəhəri Narkoloji Dispanserinin ##.##.2026-cı il tarixli, *** nömrəli rəyində Əhmədov İslam Tofiq oğlunun Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülsə də, birinci instansiya məhkəməsi öz qərarında bu halı nəzərə almamışdır. Apellyasiya instansiyası hesab edir ki, Gəncə şəhəri Narkoloji Dispanserinin ##.##.2026-cı il tarixli, *** nömrəli rəyinə əsasən Əhmədov İslam Tofiq oğlu qeydiyyatda olduğu yer üzrə Narkoloji Dispanserdə qeydiyyata alınmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Qazax Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı inzibati tənbeh hissəsində dəyişdirilsin. Əhmədov İslam Tofiq oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Əhmədov İslam Tofiq oğlunun inzibati qaydada tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbirindən çıxılaraq üzərində 13 (on üç) gün müddətinə inzibati həbs tənbehi saxlanılsın. Əhmədov İslam Tofiq oğlunun inzibati həbsə alınmasının əvvəli ##.##.2026-cı il tarixdən saat 10:35-dən hesablansın. Əhmədov İslam Tofiq oğlu qeydiyyatda olduğu yer üzrə Narkoloji Dispanserdə qeydiyyata alınsın. Qərаrın icrаsı Protokolu tərtib edən orqan həvаlə edilsin. Qərar elan edildiyi andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar