Məhkəmə qərarları › İş №3(3-7)-371/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-371/2026

23.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-371/2026 23.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X2 iştirakı ilə X2 İXM-nin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun məzmununda göstərilir ki, X2 ##.##.2026-cı il tarixdə X1 Şöbəsinin həyətində səs-küy salaraq ucadan ünvansız nalayiq ifadələr işlədərək avtomobilini duracağa gətirilməsi ilə bağlı narazılıq edən zaman ona sakit olmasını bildirən polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə tabe olmamışdır. Beləliklə, X2 İXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə (hakim Kəmalə Bayramova) ##.##.1991-ci il tarixdə Gədəbəy rayonu, Novo İvanovka kəndində anadan olmuş, fərdi identifikasiya nömrəsi ******* olan, Azərbaycan Respublikası vətəndaşı, subay, əlilliyi olmayan, Gədəbəy rayonu, Novo İvanovka kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış X2 İXM-nin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 8 (səkkiz) gün müddətində həbs edilmiş, həbsdə saxlama müddətinin əvvəli tutulduğu ## ### 2026-cı il tarixdən, saat 17:23-dən hesablanmışdır. İŞİN HALLARI: “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, X2 ##.##.2026-cı il tarixdə saat 17:23də inzibati qaydada tutulmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Vüqar Namazov şikayət verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilməsini və barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılmamış, şəxsiyyəti, yaşı, sosial vəziyyəti, həmçinin ##.##.2026-cı il tarixdə ”Kplus Medical” xəstəxanasında səhhətində olan problemlə bağlı əməliyyat olunmalı olduğunu, əvvəllər bu kimi inzibati xəta və ya cinayət əməli törətmədiyini, səmimi peşmançılığını və hadisənin ehtiyatsızlıq nəticəsində baş verməsi kifayət qədər nəzərə alınmamışdır. Odur ki, qeyd edilən halların nəzərə alınaraq şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Vüqar Namazov şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərmişdir ki, o, Bakıdan Gəncə şəhərinə qonaq gəlmiş, yol polisi əməkdaşları onun maşınını saxlayıb duracağa apardıqları üçün o da əsəbiləşmiş, onlarla uca səslə danışmağa başlamış, hadisə Gəncə şəhər DYP idarəsinin ərazisində baş vermişdir. Bakı şəhərində reklam agentliyində işlər, əlilliyi yoxdur, barəsində cərimə tənbeh tədbirinin tətbiq olunmasını xahiş edir. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş orqan Gəncə şəhəri 1-ci PŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmiş, eyni zamanda şikayətin dəlillərindən göründüyü kimi Vüqar Namazov barəsində təyin olunmuş inzibati həbs tənbeh tədbirinin cərimə tənbeh tədbiri ilə əvəz olunmasını xahiş edir. Hazırki vəziyyətdə birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, birinci instansiya məhkəməsi iş materialına əlavə edilmiş sənədləri və protokol, inzibati protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsinin izahatı, raportla Vüqar Namazovun İXM-nin 510.1, 535.1-ci maddələri ilə müəyyən edilmiş inzibati xəta hadisəsini törətməsi və həmin əməllərə görə təqsirli olmasını sübuta yetirilmiş hesab edib, Vüqar Namazovun əməlində yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair yekun nəticəyə gəlmişdir. Belə ki, Vüqar Namazovun əməlində yüngülləşdirən və ağırlaşdıran halların olmaması, törətdiyi inzibati xəta hadisələrin ictimai təhlükəliliyi və xarakterikası, şəxsiyyətini nəzərə alaraq hazırki vəziyyətdə inzibati cərimə tənbeh tədbirinin ona təyin edilmiş inzibati həbs tənbeh tədbiri ilə əvəz olunması əsasları inzibati xətalar qanunvericiliyində öz əskini tapmamışdır. Belə olan halda Vüqar Namazovun şikayətinin dəlillərinə qiymət verərək məhkəmə hesab edir ki, həmin dəlillər şikayətin təmin olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Yuxarıda qeyd olunanlara qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Vüqar Namazovun törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla qanuni və əsaslı nəticəyə gəlmiş, ona görə də Vüqar Namazovun təyin edilmiş inzibati həbs tənbeh tədbirinin azad olunmasına və ya inzibati cərimə tənbeh tədbiri ilə dəyişdirilməsinə əsas olan xüsusatlar hazırda mövcud deyil. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133-136 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar