Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-400/2026 09.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) İlqar oğlunun iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) İlqar oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Ağdam Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdam Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə şikayətin təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) İlqar oğlunun İnzibati Xətalar Məcəlləsinin 327.2 ci maddəsi ilə təqsirli bilinib, üç bal tətbiq edilməklə yüz manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin ##.##.2026-cı il tarixli TP ******* saylı qərarı ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İŞİN HALLARI: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib, üç bal tətbiq edilməklə yüz manat cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) İlqar oğlu şikayət ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati xəta barədə qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin həmin qərarından Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin rəisi Rəşid Piriyev apellyasiya şikayət verərək məhkəmənin qərarının ləğv edilməsini, Bakı şəhər X1 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) İlqar oğlunun barəsində AR İXM-nin 327.2-ci maddəsinə əsasən vəzifəli şəxs tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hakimi BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hakim qərarda məhkəmə iclasının vaxtı və yeri barədə məlumatın BDYPİ-nə göndərildiyini göstərmişdir. Halbuki inzibati tənbeh vermə haqqında elektron qərarı qəbul etmiş orqan Bakı şəhər X1 İdarəsinin deyil, başqa hüquqi statusa və səlahiyyətlərə malik olan BDYPİ-nin məlumatlandırılması iş üzrə iştirak etməli olan orqanın lazımi qaydada xəbərdar edilməsi kimi qiymətləndirilə bilməz. AR İXM-nin 133.2.2 və 133.2.4-cü maddələrinin mənasına görə hakim ilk növbədə iş üzrə iştirak etməli olan şəxslərin və orqanların lazımi qaydada çağırılıb-çağırılmadığını müəyyən etməlidir. Əgər hakim çağırışı iş üzrə iştirak edən müvafiq orqana deyil, başqa quruma göndəribsə, həmin orqanın məhkəmə iclasına gəlməməsi onun xəbərdar edilməməsinin nəticəsi ola bilər və bu halda işə həmin orqanın iştirakı olmadan baxılması prosessual pozuntu hesab edilə bilər. Bununla da, məhkəmə ədalətli araşdırma hüququnu pozaraq formal mülahizələrə uyğun qərar qəbul etmişdir. Belə ki, İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar sübut hesab olunur. Həmin normada sübutların dairəsi geniş müəyyən edilmiş, bunlara inzibati xəta haqqında protokol, vəzifəli şəxslərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri və digər məlumatlar aid edilmişdir. Birinci instansiya məhkəməsinin hakimi foto və video materialların təqdim olunmamasını əsas götürərək inzibati xətanın sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Halbuki qanunvericilik heç bir halda foto və ya video görüntüləri inzibati xətanın mövcudluğunu təsdiq edən yeganə və müstəsna sübut kimi nəzərdə tutmur. İnzibati məsuliyyətə cəlbetmə haqqında qərar səlahiyyətli vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin icrası zamanı bilavasitə müşahidə zamanı əldə etdiyi məlumatlar qanunla müəyyən olunmuş qaydada rəsmiləşdirildikdə sübut əhəmiyyəti daşıyır və yalnız həmin məlumatların həqiqətə uyğun olmamasını təsdiq edən mötəbər sübutlar olduqda etibarsız hesab edilə bilər. Hakim qərarda Yol Patrul Xidməti əməkdaşının müəyyən etdiyi faktiki halların nəyə görə etibarsız sayılması əsaslandırılmamış, həmin məlumatların həqiqətə uyğunluğunu təkzib edən hər hansı sübut göstərilməmişdir. Şikayətçi yalnız qayda pozuntusunu törətmədiyini bildirmiş, lakin bu mövqeyini təsdiq edən obyektiv sübutlar təqdim etməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şikayəti qəbul etmədi və təmin olunmamasını xahiş etdi. Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadan məlumat verilmiş inzibati tənbehetmə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə inzibati tənbehetmə haqqında qərar qəbul etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq, qeyd olunan izahatı dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayətin dəlillərini araşdıran məhkəmə təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 100 (yüz) manat məbləğində cərimə edilir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Qeyd olunan Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətalar Məcəlləsinin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Hazırki vəziyyətdə şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs tərəfindən həmin inzibati xəta hadisəsi törədilməsini sübut etməlidir. Lakin Qərardan şikayət verən orqan (şəxs) İlqar oğlu tərəfindən svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən avtomobili idarə etməsi ilə bağlı mötəbər sübutlar Məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Məhkəmə Qərardan şikayət verən orqan (şəxs) təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi inzibati xəta tərkibinin yaranması üçün əsasların olmadığını tam araşdırmışdır. Bu da qanunun tələblərinin düzgün tətbiq və təfsir edilməsidir. Beləliklə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və İXM-in 133-134, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) İlqar oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Ağdam Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-400/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-400/2026
09.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver