Məhkəmə qərarları › İş №3(3-7)-553/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-553/2026

14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-553/2026 14.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsini hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi, Quliyev Anar Elcan oğlunun katibliyi, Qərarından şikayət verilən orqan * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 233.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Qərarından şikayət verilən orqan * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Elşən Şirinov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Elşən Şirinov tərəfindən qəbul edilmiş inzibati tənbeh verilmə haqqında ##.##.2026-cı il tarixli, MN ******* saylı qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 2500(iki min beş yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərarında göstərilmişdir ki, “xxxx” iaşə obyektində ##.##.2026- cı il tarixdə XKEM-si tərəfindən aparılmış ölçmələr nəticəsində atmosfer havasına atılan zərərli maddələrin normadan artıq olmuşdur. Nəticədə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi və həmin maddənin tələbinə əsasən 2500 (iki min beş) manat məbləğində cərimə olunmağı qərara alınmışdır. Hesab edir ki, ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərar aşağıdakı sadalanan səbəblərdən tam əsassızdır, Azərbaycan Respublikasının qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri pozularaq qəbul edilmişdir və buna görə də məhkəmə qaydasında ləğv edilməlidir. İlk öncə barəsində tərtib olunmuş ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərarda protokolun tərtib edilməsi göstərilsə də, onun bu protokoldan xəbəri yoxdur, bu prokolla tanış deyil və imzalamamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən isə protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Barəsində tərtib olunmuş ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərara baxılan zamanı onun iştirakı təmin olunmamış, inzibati xəta ilə bağlı olan işin baxılmasının vaxtı və yeri barədə ona məlumat verilməmiş, nəticədə qərar qəbul edən səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalara dair müdafiə hüququnu hazırlamaqla yanaşı vaxtında gəlməməsinə şərait yaratmamış, sübutların araşdırılması və qiymətləndirilməsi prinsiplərini pozmuşdur. Yəni barəsində inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmışdır. İşə baxılmasının yeri və vaxtı ona vaxtında bildirilməmişdir və bu barədə onun məlumatım olmamışdı. Odur ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsi və inzibatı xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmiş, Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin ## #### 2026–cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Qərarından şikayət verilən orqan * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Elşən Şirinov apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının qanunsuz olduğuna görə ləğv edilməsini, Qərardan şikayət verən orqan (şəxs) barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi qəbul edilmiş ## #### 2026–cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinin təmin edilməməsini, Azərbaycan Respublikası İXM-nin 233.1ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə X3 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən Şəmkir rayonu ərazisində atmosfer havasına olan zərərli fiziki təsirlərin və formalaşan tullantıların mövcud qanunvericiliyin tələblərinə uyğun idarə olunması istiqamətində ekoloji monitorinq keçirilmişdir. ünvan 1 ünvanında fəaliyyət göstərən “xxxx” restoranında XKEMİ-nin əməkdaşlarının apardığı monitorinq nəticələrinə dair tərtib olunmuş sənədlər (##.##.2026-cı il tarixli 107/XKEMİ-25 saylı XKEMİ-nin İnformasiya bülleteni) müvafiq tədbirlər görülməsi üçün * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olmuşdur. Müraciətlə bağlı * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində müvafiq araşdırma aparmaq məqsədi ilə "xxxx” restoranın sahibi Qərardan şikayət verən orqan (şəxs) XKEMİ-nin əməkdaşlarının səyyar ölçü cihazları vasitəsilə apardıqları analiz-ölçmə işləri zamanı aşkar edilmiş atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarının yol verilən normadan dəfələrlə çox olması və bununla bağlı Monitorinq İdarəsi əməkdaşları tərəfindən müvafiq akt tərtib edilməsi barədə məlumat verilmiş, onun tərəfindən “Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası qanununun tələblərinin pozulduğu izah olunmuşdur. Yol verilmiş qanun pozuntusu ilə bağlı təqsirkar şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində tərəfimizdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi üzrə ##.##.2026-cı il tarixli, MN № ******* saylı İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında * saylı RETSİ tərəfindən barəsində ##.##.2026- cı İl tarixdə inzibati tənbeh vermə haqqında qərar çıxarılacağı ilə bağlı vətəndaşa ##.##.2026-cı il tarixli bildiriş məktubu ünvanlanaraq, qərar çıxarılmasında iştirak etmək üçün idarəyə dəvət edilmişdir. Lakin Qərardan şikayət verən orqan (şəxs) etinasızlıq nümayiş etdirərək idarəyə gəlməmişdir. Nəticədə özünün iştirakı olmadan Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2026-cı il tarixli, MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-cİ maddəsi rəhbər tutularaq, vəzifəli şəxs qismində 2500,00 (iki min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi və şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə baxışının vaxtı və yeri barədə məhkəmə bildirişi və SMS bildiriş göndərilməklə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məlumat verilmsəinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verilməmişdir. İşə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını nəzərdən keçirib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayət əsassız olduğundan təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmaılıdır. Məhkəmə materialda olan sənədləri tam, obyektiv və hərtərəfli araşdıraraq şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol Şəmkir rayonu Dəllər qəsəbə sakini Qərardan şikayət verən orqan (şəxs) barəsində ona məxsus iaşə obyektində X3 Monitorinq İdarəsi tərəfindən keçirilmiş monitorinq zamanı aparılmış ölçmələr nəticəsində atmosferə atılan zərərli maddələrin normadan artıq olması və bununla da İXM-nin 233.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə tərtib olunmuşdur. İşdə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Elşən Şirinov tərəfində qəbul edilmiş inzibati tənbeh verilmə haqqında ## #### 2026-cı il tarixli, ******* saylı qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən 2500(iki min beş yüz) manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi tədqiq edilmiş material əsasında belə qənaətə gəlmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 233.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (mətndə bundan sonra “Konstitusiya”) 60-cı maddəsinin birinci (İ) hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İkinci (II) hissəsinə əsasən, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 125-ci maddəsinin yeddinci (VII) hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin üçüncü (III) hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1 və 84.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslərin iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslərin on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. İXM-nin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilə bilər. Şəxsin qanunla nəzərdə tutulmuş inzibati xətanı törətməsi isə qanunla müəyyən edilmiş qaydada əldə edilmiş sübutlarla təsdiq edilməlidir. Bu sübutlara barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi və maddi sübutlar aiddir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən və qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2027-ci il ######ın #-dək dayandırılır. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağmədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ####### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nın 1-ci bəndinə müvafiq olaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində sanitar-gigiyenik qaydalara riayət edilməsinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yoxlanılması, fitosanitar tələblərə, qaydalara uyğunluğun və baytarlıq tələblərinə, qaydalarına uyğunluğun Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılması, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən monitorinqi, kənd təsərrüfatı bitkilərinin toxum və əkin materialları, habelə seleksiya nailiyyətləri ilə bağlı “Toxumçuluq haqqında”, “Çayçılıq haqqında”, “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının qanunları və bu sahədə münasibətləri tənzimləyən Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş müvafiq tələblərə riayət olunmasının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanılması aparıla bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin qanunun 16.1.3-cü maddəsinə əsasən insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama aparılır. Həmin Qanunun 16.11-ci maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. İşin faktiki hallarından göründüyü kimi Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbiii Sərvətlər İdarəsi tərəfindən “Annefeld” restoranında aparılan yoxlama (monitorinq) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin təsiri altına düşür. Lakin iş materiallarından görünür ki, Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbiii Sərvətlər İdarəsi tərəfindən yoxlama (monitortinq) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 16.1.3, 16.11 və 20.1-ci maddələrinin tələbləri pozulmaqla aparılmışdır. Belə ki, * saylı Regional Ekologiya və Təbiii Sərvətlər İdarəsi iaşə obyektində yoxlama (monitorinq) aparmazdan əvvəl monitorinqin aparılması haqqında qərar qəbul edərək həmin qərarı yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün elektron formada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etməli və yoxlamanın (monitorinqin) başlanmasından əvvəl reyestrdən çıxarış almalı, yoxlamanın (monitorinqin) aparılması haqqında qərarın surətini və yoxlamanın (moitorinqin) yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməli, yoxlamanın (monitorinqin) hüquqi əsasları, predmeti, müddəti, yoxlama (monitorinq) zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verməli olduğu halda qanunun bu tələblərinə əməl etməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbiii Sərvətlər İdarəsi tərəfindən aparılmış yoxlamanın (monitorinqin) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulması ilə aparıldığı və buna görə aparılan yoxlamanın hüquqi nəticəsinin olmadığı qənaətinə gəlmişdir. Bundan başqa, iş materiallarından görünür ki, * saylı Regional Ekologiya və Təbiii Sərvətlər İdarəsi tərəfindən monitorinq zamanı atmosferdəki zərərli maddələrin “xxxx” istehsal ərazisində və ya müəssisənin çölündə yaşayış massivinə yaxın kənar ərazidə ölçülməsinə dair heç bir fotoşəkil, videogörüntü əlavə edilməmişdir. Ona görə də atmosfer havasında zərərli hissəciklərin normadan artıq olmasının mənbəyinin konkret olaraq “xxxx” restoranına məxsus fəaliyyət ilə bağlı olmasını birmənalı müəyyən etmək mümkün deyildir. Birinci instansiya məhkəməsi düzgün olaraq bütün qeyd edilən xüsusatların şübhə doğurduğu və bu şübhələrin inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin xeyrinə həll edilməli olduğunu hesab etmişdir. İş materiallarından da görünür ki, təqdim edilən monitorinq materiallarında ölçmələrin aparıldığı dəqiq nöqtə, koordinat və məsafə göstərilməmiş, yaxınlıqdakı digər istehsal obyektləri ilə emissiya səviyyələri müqayisə olunmamış, habelə havadakı zərərli maddələrin tərkib analizi aparılmamışdır. Beləliklə, ətraf mühitə atılan maddələrin məhz “xxxx” restoranının fəaliyyəti ilə əlaqəli olduğu hüquqi baxımdan müəyyən edilməmişdir. Həmçinin inzibati məsuliyyətin tətbiqi üçün təkcə atmosferə atılan zərərli maddələrin miqdarının ölçülməsi kifayət deyil, inzibati orqan həm də sübut etməlidir ki, həmin miqdar mövcud qanunvericiliklə müəyyən edilmiş yol verilə bilən normativləri aşmışdır. Bunun üçün inzibati orqan tərəfindən konkret normativ əsas, yəni hansı qayda, standart və ya normativhüquqi aktla bu həddin müəyyən edildiyini göstərməli olsa da, buna əməl edilməmişdir. Beləliklə iş materialları əsasında müəyyən edilir ki, səlahiyyətli orqan tətəfindən qərar İXMnin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə qəbul edilmişdir. Səlahiyyətli orqan qərar qəbul edərkən yalnız Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının tərtib etdiyi ## #### 2026-cı il tarixli, ****** nömrəli aktda qeyd edilənlərə əsaslanmış, lakin yoxlamanın (monitorinqin) qanunun tələblərinə uyğun aparılıb-aparılmadığını, eləcə də aktda göstərilənlərlə bağlı halların mövcudluğunu kifayət qədər araşdırmamışdır. Birinci instansiya məhkəməsi kimi apellyasiya məhkəməsi də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinin tələbini əsas tutaraq hesab edir ki, səlahiyytəli orqan tərəfindən yoxlama bu Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparıldığına görə hazırki halda həmin yoxlama nəticəsində əldə edilmiş sübutlar mötəbər hesab edilə bilməz və bu yoxlamanın gedişində aşkar edilmiş faktlarla bağlı sahibkar Qərardan şikayət verən orqan (şəxs) barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, apellyasiya instansiyası məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi səlahiyyətli orqanın qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlmiş, qanunun normalarını düzgün tətbiq etmiş, heç bir qanun pozuntusuna yol verməmişdir. Apellyasiya şikayətinin dəlilləri əsasında birinci instansiya məhkəməsinin qərarı ləğv edilə bilməz. İXM-in 134.1.1-ci maddəsin əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Elşən Şirinov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar