Məhkəmə qərarları › İş №3(3-7)-558/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-558/2026

08.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-558/2026 08.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçi Vəkil İmran qızının iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXMin 510.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bərdə Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli 3(5-114) ****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil İmran qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi, inzibati həbs etmənin əvvəlinin ## ###### 2026 cı il tarixdən saat 15:10-dən hesablanması qərara alınmışdır. İŞİN HALLARI Bərdə Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi, R Məmmədov İsrail Fikrət oğlu tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə Bərdə Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil İmran qızı apellyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən əməl 2025-ci ilin avqust ayında törədilmişdir. Həmin tarixdə onun 18 yaşı tamam olmamış, yəni yetkinlik yaşına çatmamış şəxs olmuşdur. Həmin hadisə ilə əlaqədar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2025-ci ilin dekabr ayında polis orqanına çağırılmış, profilaktik söhbətlər aparılmış, törətdiyi əməlin hüquqi nəticələri izah edilmiş və eyni hadisəyə görə barəsində 50 (əli) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Tətbiq olunmuş inzibati cərimə onun tərəfindən tam ödənilmiş və həmin inzibati icraat yekunlaşmışdır. Qeyd olunan inzibati tənbeh tətbiq edildikdən sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən sosial şəbəkələrdə eyni xarakterli və ya İXM-nin 510.2-ci maddəsinin dispozisiyasına uyğun gələn hər hansı yeni hüquqazidd paylaşım və ya hərəkət edilməmişdir. Başqa sözlə, onun barəsində hazırkı iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokol yeni törədilmiş əmələ deyil, artıq inzibati məsuliyyət tədbiri tətbiq edilmiş və yekunlaşmış eyni hadisəyə əsaslanır. Belə olan halda, eyni fakt və eyni əmələ görə şəxsin ikinci dəfə inzibati məsuliyyətə cəlb edilməsi, əvvəl tətbiq olunmuş inzibati tənbehin daha ağır tənbeh növü ilə əvəz edilməsi qanunvericiliyin tələblərinə, hüquqi müəyyənlik prinsipinə və eyni hüquq pozuntusuna görə şəxsin təkrar məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi prinsipinə ziddir. Buna baxmayaraq, təxminən bir il sonra eyni paylaşım, eyni faktiki halar və eyni əməl üzrə yenidən inzibati xəta haqqında protokol tərtib edilmiş və Bərdə Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ikinci dəfə eyni əmələ görə 8 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. Beləliklə, eyni hüquq pozuntusuna görə əvvəlcə inzibati cərimə tətbiq edilmiş, həmin qərar icra olunmuş, sonradan isə eyni əmələ görə yenidən inzibati məsuliyyət tətbiq edilərək daha ağır tənbeh növü seçilmişdir. Belə yanaşma həm inzibati məsuliyyətin fərdiləşdirilməsi prinsipinə, həm də inzibati tənbehin məqsədinə uyğun deyildir. Məhkəmə şəxsin yaşını, əvvəl tətbiq edilmiş inzibati tənbehin artıq icra olunmasını, sonrakı davranışını, islah olunmasını və cəmiyyət üçün təhlükəlilik dərəcəsini lazımi qaydada qiymətləndirmədən ən ağır inzibati tənbeh tədbirini seçmişdir ki, bu da qanunçuluq, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olmuşdur. PROSES İŞTIRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya məhkəmə iclasında iştirak edən inzibati tənbeh edilmiş şəxs şikayəti müdafiə etdi və şikayətdə göstərilən məzmunda çıxış edərək əslində heç bir inzibati xəta hadisəsi törətmədiyini, həmin sosial şəbəkə hesabının onun istifadəsində olmadığını bildirdi və şikayətin təmin olunmasını xahiş etdi. Apellyasiya məhkəmə iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış edərək şikayətin təmin olunmasını xahiş etdi. Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadаn məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Məhkəmə barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsi və müdafiəçini dinləyib, inzibati xəta üzrə işin materiallarını və şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayətin dəlillərini araşdıran apellyasiya məhkəməsi təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 510.2-ci maddəsi ilə təqsirli olması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi mövqeyini bu cür əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli, ##.##.2026cı il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Halbuki, iş materiallarına nəzər saldıqda “instagram” sosial şəbəkəsindən təqdim olunan çıxarışlarda “mrburlera” adlı sosial şəbəkə istifadəçisinin müxtəlif paylaşımların altında və digər istifadəçilərin şərhlərinə cavab olaraq təhqiredici məzmunlu, nalayiq ifadələrdən istifadə etməsi görünür. Bununla belə, protokol tərtib etmiş orqan və birinci instansiya məhkəməsi tərəfindən həmin hesabın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus olubolmaması, əgər ona məxsusdursa, həmin vaxt həqiqətən də onun istifadəsində olubolmaması və həmin şərhlərin onun tərəfindən yazılıb-yazılmaması, həmçinin həmin şərhlərin ümumiyyətlə hansı tarixdə yazılması aydınlaşdırılmamışdır. Belə ki, “instagram” sosial şəbəkəsindən təqdim olunan foto-şəkilərdə yalnız şərhlər və həmin şərhlərin hansı hesabdan göndərilməsi müəyyən olunsa da, həmin paylaşımların hansı tarixdə edilməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin apellyasiya şikayətinin dəlillərinə əsasən hadisə ötən il baş vermiş, həmin hadisə ilə əlaqədar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2025-ci ilin dekabr ayında polis orqanına çağırılmış, profilaktik söhbətlər aparılmış, törətdiyi əməlin hüquqi nəticələri izah edilmiş və eyni hadisəyə görə barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Birinci instansiya məhkəməsini iclasında iştirak edən protokol tərtib edən şəxs də bu halı təsdiq etmiş, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən növbəti əməlin törədilməsi ilə bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 510.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə iş materiallarında polis əməkdaşının tərtib etdiyi raport və protokol, eyni zamanda natamam məzmunlu instagram çıxarışlarında başqa bu halı təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin «təqsirsizlik prezumpsiyası prinsipi» adlanan 8-ci maddəsində göstərilmişdir: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilə bilər. Şəxsin qanunla nəzərdə tutulmuş inzibati xətanı törətməsi isə qanunla müəyyən edilmiş qaydada əldə edilmiş sübutlarla təsdiq edilməlidir. Bu sübutlara barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi və maddi sübutlar aiddir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilənləri yekunlaşdıraraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməli, Bərdə Rayon Polis Şöbəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokolu və Bərdə Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar