Məhkəmə qərarları › İş №3(3-7)-559/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-559/2026

19.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-559/2026 19.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsgəndərov Sərxan Cavanşir oğlunun və zərərçəkmiş şəxs İsayeva Məlaikə Sahib qızının iştirakı ilə, İsgəndərov Sərxan Cavanşir oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5-114)- ****/**** nömrəli qərarından zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İsgəndərov Sərxan Cavanşir oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən ## #### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə İsgəndərov Sərxan Cavanşir oğlunun əməlində İXM-in 528.1-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxs apellyasiya şikayət verərək məhkəmənin qərarını ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin sözügedən qərarı tamamilə əsassız, qanunsuz, işin faktiki hallarına cavab verməyən və mülki-prosessual, ailə və inzibati qanunvericiliyin normativ tələblərinin kobud şəkildə pozulması ilə çıxarılmışdır. Məhkəmə tərəfindən həqiqi hallar araşdırılmamış, aliment borcunun real məbləği müəyyən edilməmiş, tələbkar kimi hüquqları tapdalanmış və borclunun məsuliyyətdən yayınmasına şərait yaradılmışdır. Bərdə Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli 2(012)3796/2016saylı qətnaməsi və ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qərardadı ilə borclu İsgəndərov Sərxan Cavanşir oğlundan 3 azyaşlı övladlarının (Fatimə,Zəhra və Sərvan) saxlanılması üçün onun xeyrinə müəyyən edilmiş aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.5 misli həddində indeksasiya olunaraq tutulmalıdır. İcra məmuru tərəfindən protokolda borcun 8 690 AZN olduğu şifahi vəya səthi şəkildə göstərilmiş, birinci instansiya məhkəməsi isə bu məbləğin icra məmuru tərəfindən rəsmi qərarla təsdiqlənməməsini əsas gətirərək borclunun üzərindən inzibati məsuliyyəti götürmüşdür. Lakin onun şəxsi hesablamalarına, bank və poçt çıxarışlarına əsasən borclunun ona olan real aliment borcu 20.000 (iyirmi min) manata yaxındır. Məhkəmə borcun məbləğində ziddiyyət olduğunu gördüyü halda, işin həqiqətini ortaya çıxarmaq əvəzinə, işə xitam verməyi üstün tutmuşdur. Apellyasiya instansiyasında iştirak edən zərərçəkmiş şəxs şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şikayətə etiraz etdi və təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuruna qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə protokol tərtib edən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını işin müəyyən olunmuş halları əsasında yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadından görünür ki, tələbkar İsayeva Məlaikə Sahib qızının ərizəsi təmin edilmiş, tərəflərin birgə nikahından doğulmuş ## ###### 2011-ci il təvəllüdlü İsgəndərzadə Fatimə Sərxan qızı, ## #### 2012-ci il təvəllüdlü İsgəndərzadə Zəhra Sərxan qızının və ## #### 2014-cü il təvəllüdlü İsgəndərli Sərvan Sərxan oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün Bərdə Rayon Məhkəməsinin *(***)****/**** saylı ##.##.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı indeksasiya edilməklə borclu İsgəndərov Sərxan Cavanşir oğlundan tələbkar İsayeva Məlaikə Sahib qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. ## ### 2025-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü ödənilməsi haqqında ## ####### 2025-ci il tarixli bildirişdən görünür ki, Bərdə Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(****)-**/**** nömrəli icra sənədi üzrə icraata başlanmış və borclu İsgəndərov Sərxan Cavanşir oğluna borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu İsgəndərov Sərxan Cavanşir oğlunun icra sənədi üzrə 8690 manat aliment borcu yaranmışdır. “xxxx” MMC-dən daxil olmuş məlumatda göstərilir ki, borclu İsgəndərov Sərxan Cavanşir oğlu tələbkar İsayeva Məlaikə Sahib qızına ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025,##.##.2025,##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026-ci il tarixlər 148,0 manat olmaqla, ümumilikdə 2664,0 manat ödəniş edilmişdir İXM-in 528.1-ci maddəsində qeyd olunan inzibati xətanın obyekti ədalət mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış ayrı-ayrı hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafeyi olmaqla, obyektiv cəhətdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmədə, həmin məhkəmə qətnaməsinin icrasına maneçilik törətmədə, habelə icra ilə əlaqədar icra məmurlarının qanuni tələblərini icra etməmədə ifadə olunur. İnzibati hüquq nəzəriyyəsində məhkəmə qətnaməsini, hökmünü, qərarını və yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə onda ehtiva olunur ki, təqsirkar şəxsə yazılı şəkildə məhkəmə qərarının icra edilməsi barədə xəbərdarlıq edilmiş olsun, həmin xəbərdarlıqdan və icra məmurlarının qanuni tələblərindən təqsirkar şəxsin məlumatı olsun və hər hansı üzrlü səbəb göstərmədən həmin hərəkətlərini davam etdirmiş olsun. Apellyasiya məhkəməsi hesab edir ki, yuxarıda qeyd olunan səbəblərdən birinci instansiya məhkəməsinin işə mövcud materiallar əsasında baxması, daha doğrusu işin mövcud faktiki hallarını qiymətləndirməsi, tərəflərdən daha hansı sübutlarının olub-olmamasını müəyyən etməsi və bununla obyektiv həqiqətin müəyyən edilməsi daha düzgün qərarın qəbul edilməsi ilə nəticələnə bilərdi. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxan məhkəmə kimi yuxarıda qeyd olunan halları özü tam, hərtərəfli və obyektiv araşdırmaqla qanuni və əsaslı qərar qəbul edilməsinə nail olmalıdır. Göründüyü kimi İsgəndərov Sərxan Cavanşir oğlu icra sənədi üzrə borcu ödəməsinə dair bildiriş göndərilməklə məlumatlandırılmış, lakin qeyd edilən borcu tam icra etməmişdir. Beləliklə apellyasiya instansiyası hesab edir ki, İsgəndərov Sərxan Cavanşir oğlunun əməli İXM-in 528.1-ci maddəsinin dispozisiyasında göstərilən halla tam üst-üstə düşür və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsi qadağan edilən Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsində müəyyən edilmiş şəxslərin kateqoriyasına inzibati xəta törədən İsgəndərov Sərxan Cavanşir oğlunun daxil olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən hesab edirəm ki, zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət təmin edilməli, Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, İsgəndərov Sərxan Cavanşir oğlu Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin. İsgəndərov Sərxan Cavanşir oğlu İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İsgəndərov Sərxan Cavanşir oğlu məhkəmə iclas zalında həbs alınsın və həbs etmənin əvvəli ## ###### 2026-cı il tarixdən, saat 13:00-dan hesablansın. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar