Məhkəmə qərarları › İş №3(3-7)-581/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-581/2026

26.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-581/2026 26.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Tovuz Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İŞİN HALLARI: Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən başlanmış icra işi üzrə 11082.24 manat borcunu ödəməmişdir. Həmin protokol baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan məhkəmə qərarı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxs apellyasiya şikayət verərək məhkəmənin qərarını ləğv edilməsinə və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə tənbeh edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə Azərbaycan Respublikası Konstitusiyasının, İnzibati Xətalar Məcəlləsinin və məhkəmə qərarlarının məcburiliyinə dair hüquqi prinsiplərin tələblərini düzgün tətbiq etməmişdir. Məhkəmə qərarında borclunun II qrup əlilliyi və pensiyadan başqa gəlirinin olmaması əsas götürülərək onun barəsində İXMin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə xitam verilmişdir. Lakin nə İXMin 528.1-ci maddəsində, nə də digər qanunvericilik aktlarında II qrup əlilliyin məhkəmə qərarını icra etməməyə görə şəxsi inzibati məsuliyyətdən azad edən hal kimi nəzərdə tutulması mövcud deyildir. Borclu artıq bir ildən artıq müddətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra etmir. Məhkəmə qərarı ilə müəyyən edilmiş 12.126 manat borcun böyük hissəsi bu günədək ödənilməmiş qalır. Məhkəmə yalnız pensiyasından qısa müddət ərzində aparılmış tutulmaları əsas götürərək onun qərarı icra etdiyini hesab etmişdir. Halbuki həmin tutulmalar borclunun könüllü iradəsi ilə deyil, məcburi icra tədbirləri nəticəsində həyata keçirilmişdir və sonradan dayandırılmışdır. Bu hal məhkəmə qətnaməsinin könüllü icra olunduğunu sübut etmir. Məhkəməyə borclunun faktiki olaraq əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edən fotoşəkillər, video görüntülər, sosial şəbəkələrdə, o cümlədən "TikTok" platformasında paylaşdığı videolar təqdim etmişdir. Həmin materiallardan görünür ki, borclu qaynaqçı kimi işləyir, öz həyətində müxtəlif qaynaq işləri görür, gəlir əldə edir və bunu özü də etiraf edir. Lakin məhkəmə bu sübutları tam və obyektiv araşdırmamış, onların həqiqiliyini yoxlamamış, həmin videoların hansı şəraitdə çəkildiyini müəyyən etməmiş, əlavə araşdırma aparmadan onları sübut kimi qəbul etməmişdir. Bu isə sübutların hərtərəfli və obyektiv qiymətləndirilməsi prinsipinin pozulmasıdır. Məhkəmə qərarında göstərilmişdir ki, guya borclunun başqa gəlir mənbəyinə malik olması barədə mötəbər sübut yoxdur. Halbuki onun təqdim etdiyi materiallar əlavə araşdırma aparılması üçün kifayət qədər əsas yaradırdı. Borclunun faktiki gəlirlərinin, qeyri-rəsmi əmək fəaliyyətinin, bank hesablarının, daşınar və daşınmaz əmlakının, habelə üçüncü şəxslərin adına rəsmiləşdirilmiş əmlaklardan istifadə edibetməməsinin araşdırılması həm icra orqanının, həm də məhkəmənin vəzifəsi idi. Bundan əlavə, borclunun ailə vəziyyəti ilə bağlı verdiyi izahatlar da ciddi şübhə doğurur. Aliment tutulmasının yalnız bu borcun ödənilməsinin qarşısını almaq məqsədi ilə formal xarakter daşıması ehtimalı məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə bu hallara ümumiyyətlə hüquqi qiymət verməmişdir. Borclu dəfələrlə ona bildirmişdir ki, II qrup əlil olduğu üçün ondan heç kimin, o cümlədən dövlət orqanlarının və məhkəmənin həmin pulu ala bilməyəcəyini, borcu ödəməyəcəyini və onu uzun müddət süründürəcəyini söyləmişdir. Bundan əlavə, ona qarşı fiziki zor tətbiq edeceyini döyüb öldürəcəyi ilə bağlı hədələr səsləndirmişdir. Bu hallar borclunun məhkəmə qətnaməsini könüllü icra etmək niyyətində olmadığını göstərən mühüm sübutlardır. İcra məmuru tərəfindən də borclunun faktiki gəlirlərinin, qeyri-rəsmi əmək fəaliyyətinin, bank hesablarının, daşınar və daşınmaz əmlakının, üçüncü şəxslərin adına rəsmiləşdirilmiş əmlaklardan istifadə etməsinin və digər gəlir mənbələrinin tam araşdırıldığı iş materialları ilə təsdiq olunmur. Halbuki məcburi icra tədbirləri yalnız pensiyadan tutulma ilə məhdudlaşmamalı idi. Məhkəmə yalnız üç ay ərzində pensiyadan müəyyən məbləğin tutulmasını əsas götürərək borclunun məhkəmə qərarını icra etdiyini hesab etmişdir. Halbuki həmin tutulmalar borclunun könüllü davranışı nəticəsində deyil, icra məmurunun tətbiq etdiyi məcburi icra tədbiri nəticəsində həyata keçirilmişdir. Sonradan tutulmaların dayandırılması isə borcun aradan qalxdığı və ya borclunun məsuliyyətdən azad olunduğu anlamına gəlmir. Belə olan halda haqlı olaraq sual yaranır: əgər qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi bir ildən artıq müddətdə icra olunmursa, borclu faktiki olaraq işləyir, gəlir əldə edir, lakin yalnız II qrup əlillik statusuna istinad edilməklə məsuliyyətdən yayınırsa, məhkəmə qərarlarının məcburiliyi prinsipi necə təmin olunur? Hüquqi dövlətdə heç bir şəxs qanundan üstün ola bilməz və heç bir status məhkəmə qərarlarının icrasından yayınmaq üçün əsas yaratmamalıdır. Borclunun uzun müddətdir məhkəmə qərarını tam şəkildə icra etməməsi, borcun böyük hissəsinin ödənilməmiş qalması, gəlirlərini gizlətməsi, rəsmi əmək münasibətlərindən yayınması və təqdim etdiyi sübutlara baxmayaraq onların araşdırılmaması məhkəmənin gəldiyi nəticənin düzgün olmadığını göstərir. Məhkəmə qərarında qeyd edilmişdir ki, guya borclunun başqa gəlir mənbəyinə malik olması barədə mötəbər sübut yoxdur. Halbuki həmin sübutların toplanması və hərtərəfli araşdırılması məhkəmənin və icra orqanının vəzifəsidir. Onun təqdim etdiyi videolar, izahatlar və digər məlumatlar əlavə araşdırma aparılması üçün kifayət qədər əsas yaradırdı. Buna baxmayaraq, həmin sübutlar araşdırılmadan rədd edilmişdir. Hesab edir ki, məhkəmə iş üzrə sübutları tam araşdırmamış, işin faktiki hallarını düzgün müəyyən etməmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsini düzgün tətbiq etməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadаn məlumat verilmiş protokol tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)- ****/**** saylı icra vərəqəsindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 12000 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 126 manat pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Eyni zamanda, Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən başlanmış icra işi üzrə 11082.24 manat borcunu ödəməmişdir, 2 ay müddətinə pensiyadan ödənişlər olub, hazırda tutulmalar alimentə yönəlmişdir. İXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi başa düşülür. İşin hallarından görünür ki, ## ###### 2026-cı il tarixdə icraya qəbul edilmiş, həmin tarixdən etibarən borclunun əlilliyə görə aldığı pensiyasına tutma yönəldilmiş və üç ay müddətində hər ay 347,92 manat məbləğində vəsait tutulmaqla tələbkara ödənilmişdir. Bu hal borclunun icra sənədinin icrasından yayındığını deyil, əksinə, icra sənədinin qanunvericiliyin nəzərdə tutduğu qaydada icra olunduğunu təsdiq edir. İş materiallarından həmçinin müəyyən edilir ki, ## ### 2026-cı il tarixdən etibarən borclu barəsində başqa icra sənədi üzrə aliment tələbinin icrası zərurəti yarandığından pensiyadan əvvəlki tutulmalar dayandırılmış, qanunvericiliyin tələblərinə uyğun olaraq aliment üzrə tutulmalar həyata keçirilməyə başlanılmışdır. Beləliklə, əvvəlki tutulmaların dayandırılması borclunun iradəsindən irəli gəlməmiş, icra orqanı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tutulmaların növbəliliyi və məcburi icra qaydası ilə bağlı olmuşdur. Bundan başqa, müəyyən edilir ki, borclu əlildir, işsizdir və onun yeganə rəsmi gəlir mənbəyi əlilliyə görə aldığı pensiyadır. İş materiallarında borclunun başqa gəlir mənbəyinə və ya üzərinə yönəldilə biləcək əmlaka malik olması, yaxud icra sənədinin icrasından qəsdən yayınmaq məqsədilə hər hansı hərəkət etməsi barədə mötəbər sübutlar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” ## ######## 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Qeyd edilməlidir ki, borclu tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsi üzrsüz səbəbdən baş verdiyi, həmçinin qərəzli olaraq icra edilmədiyi hallarda şəxsin məsuliyyətindən söhbət gedə bilər. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, inzibati xətalara dair qanunvericiliyin tələblərinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində haqlı olaraq inzibati xəta tərkibi olmadığı əsası ilə onun barəsində başlanmış icraata xitam verilmiş, borcun ödənilməsində qərəzli yayınma halı təsdiqini tapmamışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır və hesab edir ki, apellyasiya şikayət təmin edilməməli və məhkəmənin qərarı dəyişdirlmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Tovuz Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar