Məhkəmə qərarları › İş №3(3-7)-603/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-603/2026

14.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-603/2026 14.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi, Quliyev Anar Elcan oğlunun katibliyi, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi barəsində olan inzibati xəta haqqında iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş Gəncə Şəhər Icra Hakimiyyətinin Memarlıq və Tikinti Məsələləri Sektorunun ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli Qərarın Gəncə Şəhər Icra Hakimiyyətinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi hissəsinin qüvvədə saxlanılmasını, digər hissədə isə ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarın Gəncə Şəhər Icra Hakimiyyətinə göndərilməsi hissəsi ilə razı deyil və həmin hissənin ədalətsiz olduğunu nəzərə alaraq onun ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Hesab edir ki, birinci instansiya məhkəməsi işin mühüm faktiki halarını tam və obyektiv araşdırmamış, tərəfimdən təqdim edilmiş mühüm sübutlara lazımi hüquqi qiymət verməmiş, cavabdehin sonradan təqdim etdiyi və digər sübutlarla ziddiyyət təşkil edən məlumatlara əsassız üstünlük vermiş və nəticədə iş üzrə inzibati xəta tərkibinin mövcud olub-olmamasını düzgün müəyyən etməmişdir. X1 395.1-ci maddəsi icazə alınmadan tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə məsuliyyət nəzərdə tutur. Hazırkı işdə isə yeni tikinti obyektinin inşa edilməsi barədə sübut yoxdur. Mübahisənin faktiki mahiyyəti mövcud yaşayış evinin küçəyə baxan fasadında əvvələr pəncərə olmuş bir boşluğun qapıya çevrilməsindən ibarətdir. Cavabdehin əsrdən çox mövcud olan tikilinin yeni tikinti obyekti kimi inşa edilməsi, tikinti sahəsinin və ya ümumi sahənin artırılması, yeni tikinti həcminin yaradılması və ya obyektin funksional təyinatının dəyişdirilməsi barədə mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, 395.1-ci maddənin dispozisiyasında nəzərdə tutulan “tikinti obyektinin inşa edilməsi” faktı müəyyən edilməmişdir. Inzibati məsuliyyət yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olduqda mümkündür. Cavabdehin məhkəməyə təqdim etdiyi ##.##.2026-cı il tarixli məktubunda mübahisəli mənzilin fasadında iki qapı açıldığı göstərilmişdir. Bu məlumat faktiki vəziyyətə uyğun deyil. Faktiki olaraq: fasadda əvvəldən mövcud olan bir qapı vardır; iki pəncərədən biri sonradan qapıya çevrilmişdir; digər pəncərə isə pəncərə olaraq qalmışdır. Beləliklə, dəyişiklikdən əvvəl bir qapı və iki pəncərə mövcud olmuş, dəyişiklikdən sonra isə bir köhnə qapı, bir yeni qapı və bir pəncərə qalmışdır. Bu fakt ##.##.2025-ci il tarixli fotoşəkil və dəyişiklikdən sonrakı fotoşəkilərin müqayisəsi ilə aydın şəkildə müəyyən olunur. Əgər cavabdehin iddia etdiyi kimi iki yeni qapı açılmış olsaydı, əvvəldən mövcud olan qapı da nəzərə alınmaqla fasadda üç qapı olmalı idi. Lakin fotoşəkilər belə vəziyyəti təsdiq etmir. IXM-nin 75.0.1 və 75.0.7-ci maddələrinə görə inzibati xəta hadisəsi və işin düzgün həli üçün əhəmiyyətli digər halar müəyyən edilməlidir. IXM-nin 76.1-ci maddəsinə görə isə belə halar sübutlarla müəyyən edilməlidir. Məhkəmə bu açıq faktiki ziddiyyəti araşdırmadan cavabdehin məktubuna istinad etmişdir. Bu isə IXM-nin 135.1.1, 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulan əsaslara uyğun gələn prosessual və faktiki qüsurdur. ##.##.2026-cı il tarixli məktubda iki bina arasındakı tikili barədə onun guya əlavə və qanunsuz tikili olduğu təsəvvürü yaradılır. Bu məlumat da həqiqətə uyğun deyil. Həmin tikili yeni inşa edilmiş obyekt deyil. Birinci instansiya məhkəməsi ##.##.2026-cı il tarixli inzibati tənbeh qərarını artıq ləğv etmişdir. Lakin hesab edir ki, işin Gəncə Şəhər Icra Hakimiyyətinə yenidən baxılması üçün göndərilməsi düzgün deyil. Çünki mövcud sübutların məcmusu əsasında yeni tikinti obyektinin inşaası müəyyən edilməmişdir, yalnız bir yeni qapının yaradılması barədə faktiki vəziyyət mövcuddur; cavabdehin “iki qapı” məlumatı fotoşəkilərlə ziddiyyət təşkil edir; iki bina arasındakı köhnə tikilinin 2000-ci ildə verilmiş sərəncam, icazə və təsdiq edilmiş layihə ilə sənədləşmiş hüquqi tarixçəsi vardır; həmin sənədlərin ləğv edilməsi barədə sübut yoxdur; funksional təyinatın dəyişdirilməsi müəyyən edilməmişdir; tərəfindən təqdim edilmiş sübutların mühüm hissəsinə hüquqi qiymət verilməmişdir. Belə vəziyyətdə IXMin 53.0.2-ci maddəsi tətbiq edilməli, yəni inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. IXM-in 134.1.3-cü maddəsi də 53-cü maddədə nəzərdə tutulmuş hallar müəyyən edildikdə qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini nəzərdə tutur. Ona görə də Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının Gəncə Şəhər Icra Hakimiyyətinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi hissəsi qüvvədə saxlanılmasını xahiş edilmişdir. Məhkəmə baxışının vaxtı və yeri barədə proses iştirakçılarına məhkəmə bildirişi və SMS bildiriş göndərilməklə məlumat verilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Gəncə Şəhər Icra Hakimiyyətinin Memarlıq və Tikinti Məsələləri Sektorunun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Gəncə Şəhər Icra Hakimiyyətinin Memarlıq və Tikinti Məsələləri Sektorunun nümayəndəsi iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. IXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Həmin Məcəllənin 65.1-1-ci maddəsinə əsasən məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, müdafiəçi qismində və nümayəndə kimi inzibati xəta haqqında iş üzrə icraatda vəkil və ya digər şəxslər iştirak edə bilərlər. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlandığı vaxtdan müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılırlar. Törədilmiş inzibati xətaya görə fiziki şəxs barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda müdafiəçi həmin şəxs inzibati qaydada tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməyə buraxılır. Qanunun qeyd edilən müddəalarından göründüyü kimi, inzibati xətalara dair işlərə baxılmasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin iştirakı nəzərdə tutulmamışdır. Inzibati xətalara dair işlərə baxılmasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yalnız müdafiəçisinin (yetkinlik yaşına çatmayan şəxslərin həmçinin qanuni nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdur. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan onun etibarnamə üzrə nümayəndəsinin iştirakı ilə baxmışdır ki, bu da qanunun yuxarıda qeyd edilən tələblərinə ziddir. Bundan başqa, birinci instansiya məhkəməsi işə baxarkən inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş inzibati xəta haqqında materialı( inzibati xəta haqqında protokolu və iş üzrə sübutları) səlahiyyətli orqandan tələb edib tədqiq etməmiş, səlahiyyətli orqanın hansı sübutlar əsasında şəxsin istinad edilən inzibati xətanın törədilməsində təqsirli olduğu qənaətinə gəldiyini, ümumiyyətlə şəxsin əməlində IXM-nin 395.1ci maddəsinin tərkibinin olub-ilmadığını aydınlaşdırmamış, bununla da işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməmişdir. Iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən şikayətə səlahiyyətli orqanın qanuna müvafiq şəkildə təsdiq edilməmiş qərarının kserosurəti əlavə edilmiş və məhkəmə tərəfindən işə yalnız şəxsin şikayətə əlavə etdiyi dəlillər əsasında baxılmışdır. IXM-nin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1 və 84.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. IXM-nin 395.1-ci maddəsində Müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslərin səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslərin iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslərin iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. IXM-nin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilə bilər. Şəxsin qanunla nəzərdə tutulmuş inzibati xətanı törətməsi isə qanunla müəyyən edilmiş qaydada əldə edilmiş sübutlarla təsdiq edilməlidir. Bu sübutlara barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi və maddi sübutlar aiddir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadan, işin bütün faktiki halları aydınlaşdırılmadan qərar qəbul edilmişdir. Məhkəmə işə baxarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın məhkəmə baxışında iştirakları təmin edilməklə onların işin faktiki halları ilə bağlı izahatları dinlənilməli, bu qərarın qəbul edilməsinə əsas olmuş material (inzibati xəta haqqında protokol və ona əlavə edilmiş iş üçün əhəmiyyətli olan sübutlar) tələb edilib tədqiq edilməli və araşdırmanın nəticəsi olaraq səlahiyyətli orqan tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilərək ona inzibati tənbehin tətbiq edilməsinin qanuni və əsaslı olubolmamasına, o cümlədən şəxsin əməlində IXM-nin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin olub-olmamasına hüquqi qiymət verilməlidir. Işə baxılarkən həm də nəzərə alınmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməkdə təqsirli olub-olmaması mötəbər sübutlarla sübut edilməlidir. IXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd edilənləri yekunlaşdıraraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməli, işə yenidən baxılarkən qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən halların araşdırılması üçün zəruri tədbirlər görülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi barəsində olan inzibati xəta haqqında iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilsin. Inzibati xəta haqqında material yenidən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar