Məhkəmə qərarları › İş №3(3-7)-605/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-605/2026

02.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-605/2026 02.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X1 iştirakı ilə X1 IXM-nin 215.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-****/**** saylı (hakim Həsənli Məhəmməd) qərarı ilə şikayət təmin edilməmiş, X1 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: - X1 verilmiş “fizioterapiya və tibbi reabilitasiya” peşə tanınması ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən ##.##.2017-ci il tarixli şəhadətnamə əlavə edilmişdir. - T-***A nömrəli, ## #### 2026-cı il tarixli “özəl tibb müəssisənin plandankənar (növbədənkənar) yoxlama aktından görünür ki, “xxxx” MMC-nin həkim-fizioterapevti X1 qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan şəxs tərəfindən praktiki tibb fəaliyyətinin həyata keçirilməsi ilə məşğul olur. - X1 tərəfindən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Institutunun rektoru professor N.A.Qasımova ünvanlanmış ##.##.2024-cü il tarixli ərizədən görünür ki, o, 2017-ci ildə Dokuz Eylül Universitetinin “Fizioterapiya və tibbi reabilitasiya” fakültəsini bitirmişdir. Ixtisası üzrə ##.##.2023cü il tarixdən işləmədiyinə görə ona ixtisasartırma üzrə kurs keçməsinə və reyestr kodu almağa icazə verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən X1 ünvanlanmış ##.##.2024-cü il tarixli məktubdan görünür ki, Qərarından şikayət verilən orqan ünvanlanmış fizioterapiya və tibbi reabilitasiya ixtisası üzrə təkmilləşdirmə kursu və sertifikasiyadan keçmə barədə ərizəsinə baxılmış, bildirilmişdir ki, aldığı təhsilə uyğun olaraq o, fizioterapiya və tibbi reabilitasiya ixtisası üzrə təkmilləşdirmə kursu keçdikdən sonra bu ixtisas üzrə sertifikasiya oluna bilər. Cari il ərzimlə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Institutu tərəfindən fizioterapiya və tibbi reabilitasiya ixtisas üzrə mütəxəssislər üçün təkmilləşdirmə kursunun keçirilməsi nəzərdə tutulmuşdur, sözügedən kurslarla bağlı məlumat əldə etmək üçün instituta müraciət edə biləcəyi izah edilmişdir. Inzibati xəta haqqında materiala baxan Gəncə Şəhər Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin qeyd edilən qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş Gökhan Öztürk şikayət verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Türkiyə Respublikasının vətəndaşıdır və Azərbaycan Respublikasında fizioterapiya ilə məşğul olmaq üçün ilkin olaraq diplomunu təsdiqlətmək məqsədilə Elm və Təhsil Nazirliyinə müraciət etmiş, müraciət proses dövründə Səhiyyə Nazirliyi onu imtahana dəvət etmiş, və o, ödəniş edərək imtahan vermişdir. Yekunda ona onlayn qaydada “Fizioterapiya və tibbi reabilitasiya sahəsində fəaliyyət göstərmə və məşğul olmaq hüququ“ var şəhadətnaməsi verildi. Qeyd edilən xüsusatları o, iş yerində aparılan yoxlama zamanı əməkdaşlara bildirmişdir. Odur ki, qeyd edilənləri nəzərə alıb şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Gökhan Öztürk azərbaycan dilində sərbəst danışdığını, tərcüməçiyə ehtiyac olmadığını bildirərək şikayətin dəlillərini müdafiə etməklə şikayətin məzmununa uyğun çıxış etmiş, şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı və birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Gökhan Öztürk birinci instansiya məhkəməsində müdafiə etdiyi şikayəti dəlilləri ilə apellyasiya məhkəməsinə təqdim etdiyi şikayəti dəlilləri ilə eynidir. Belə ki, Gökhan Öztürkə verilmiş “fizioterapiya və tibbi reabilitasiya” peşə tanınması ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən ##.##.2017-ci il tarixli şəhadətnamədən görünür ki, Gökhan Öztürk diplomunu 2017-ci ildə Türkiyə Respublikasında almışdır. Qanunvericiliyə əsasən tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan şəxslərdən normativ hüquqi aktlara uyğun olaraq müvafiq peşə-ixtisas və ya elmi-ixtisas dərəcəsinin verildiyi gündən 5 (beş) il müddətində şəhadətnamə tələb olunmur. X2 2022-ci ilədək praktik tibb fəaliyyəti ilə məşğul olduğu müddətdə sertifikasiya şəhadətnaməsi tələb oluna bilməzdi, lakin görünür ki, 2022-ci ildən 4 il müddət keçmişdir və Gökhan Öztürk sertifikasiya şəhadətnaməsi əsasında praktik tibb fəaliyyəti ilə məşğul olmalı idi. Bundan başqa, Gökhan Öztürk ##.##.2024-cü il tarixli ərizə ilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Institutunun rektoru professor N.A.Qasımova müraciət edərək ixtisası üzrə ##.##.2023-cü il tarixdən işləmədiyinə görə ona ixtisasartırma üzrə kurs keçməsinə və reyestr kodu almağa icazə verilməsini xahiş etməsi barədə ərizəsini həm birinci instansiya məhkəməsinə, həm də apellyasiya şikayətinə əlavə edərək apellyasiya instansiya məhkəməsinə təqdim etsə də, həmin ərizənin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Institutuna həqiqətən göndərilməsini və ya onun Institut tərəfindən qəbul edilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Gökhan Öztürkün qeyd edilən inzibati xəta hadisəsini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən inzibati icraata başlamış səlahiyyətli orqan tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Belə olan halda inzibati tənbeh vermə haqqında və ona əlavə edilmiş sənədləri şübhə altına alan mötəbər sübutlar iş materialında mövcud deyil. Yuxarıda göstərilənlərə əsasən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətin dəlillərinə qiymət verərək məhkəmə hesab edir ki, həmin dəlillər iş materiallarında olan sənədlərlə təkzib olunan dəlillər olmaqla, şikayətin təmin olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Qeyd olunan hüquq normasını hazırki işin faktiki halları ilə müqayisəli şəkildə təhlil etdikdə Gökhan Öztürkün IXM-nin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinə verilmiş şikayətdə hər hansı sübuta əsaslanılmamış və şikayət formal xarakterli olmuşdur. Odur ki, şikayət formal xarakterli olmaqla birinci instansiya məhkəməsi qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz. Qeyd edilənlərə əsasən və IXM-in 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin olunmasın. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar