Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 3(3-7)-634/2026 02.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlu “MAKRO200 YAPI İNŞAAT ANONİM ŞİRKƏTİ”-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 266.1-cü maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsinə dair Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından “MAKRO200 YAPI İNŞAAT ANONİM ŞİRKƏTİ”-nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmağa hazırlanması məqsədi ilə iş materiallarını nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə “MAKRO200 YAPI İNŞAAT ANONİM ŞİRKƏTİ” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-cü maddəsi ilə təqsirli bilinib 8500 (səkkiz min beş yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmənin həmin qərarından “MAKRO200 YAPI İNŞAAT ANONİM ŞİRKƏTİ”-nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X1 apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti həmin Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İş materiallarından görünür ki, Tərtər Rayon Məhkəməsində inzibati xəta haqqında iş üzrə qərar ##.##.2026-cı il tarixdə çıxarılmışdır. İş materiallarından və eləcə də elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ##.##.2026-ci il tarixdə gücləndirilmiş imza ilə təsdiq olunmaqla “MAKRO200 YAPI İNŞAAT ANONİM ŞİRKƏTİ”-nin Azərbaycan Respublikasındakı Filialının elektron kabinetinə yerləşdirilmiş, həmçinin qərarın surəti həmin tarixli məktubla poçt vasitəsi ilə sonuncuya göndərilmişdir. Mövcud qaydalara görə məhkəmə aktı gücləndirilmiş imza ilə təsdiq olunmaqla elektron kabinetə yerləşdirildikdə həmin akt elektron kabinet istifadəçisinə çatdırılmış hesab olunur. Belə olan halda apellyasiya şikayəti vermə müddətinin sonuncu günü ##.##.2026-cı il tarix hesab olunur. Lakin iş materiallarından görünür ki, “MAKRO200 YAPI İNŞAAT ANONİM ŞİRKƏTİ”-nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti, şikayətdə tərtib olunduğu tarix ##.##.2026-cı il göstərilməsinə baxmayaraq ##.##.2026-cı il tarixdə, yəni iki aya yaxın vaxt keçdikdən sonra elektron sənəd dövriyyəsi vasitəsi ilə elektron məhkəmə informasiya sisteminə yerləşdirilmiş və həmin tarixdə işə baxmış hakim tərəfindən elektron qaydada təhvil alınmışdır. Göründüyü kimi, “MAKRO200 YAPI İNŞAAT ANONİM ŞİRKƏTİ”-nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi tərəfindən apellyasiya şikayəti, şikayət vermə müddəti buraxılmaqla verilmiş, lakin buraxılmış müddətin bərpa edilməsinə dair birinci instansiya məhkəməsinə vəsatət verilməmişdir. Qeyd olunmalıdır ki, inzibati xətalar qanunvericliyində prosessual müddətin ötürülməsi ilə verilən şikayətlərin birinci instansiya məhkəməsi və ya apellyasiya instansiyası məhkəməsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qaytarılması haqqında qərar qəbul edilməsi nəzərdə tutulmamışdır. Prosessual müddət ötürülməklə verilmiş şikayətlərin hansı qaydada həll edilməli olması mübahisə doğurur. Bu vəziyyətdən çıxış imkanları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun da baxış predmeti olmuş, Plenum qeyd edilən məsələyə müəyyən dərəcədə aydınlıq gətirmişdir. Belə ki, “Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, cinayət işlərinə apellyasiya instansiyası məhkəməsinin hazırlıq iclasında baxılması məsələlərini tənzimləyən 391.3.5 və 391.5-ci maddələrinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayəti və ya apellyasiya protestinin buna hüququ olmayan şəxs tərəfindən verildiyini müəyyən etdikdə şikayətin və ya protestin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Hazırki iş materiallarını nəzərdən keçirən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, “MAKRO200 YAPI İNŞAAT ANONİM ŞİRKƏTİ”-nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsinin apellyasiya şikayəti (iş materiallarında olan sənədlərə əsasən) prosessual müddət ötürülməklə verildiyi üçün, habelə müddətin bərpasına dair qərar olmadığı üçün şikayət hüququ olmayan şəxs tərəfindən verilmiş şikayət kimi qəbul edilməli və onun apellyasiya icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, prosessual normaların əlaqəli təhlilinə görə prosessual müddət ötürüldükdə prosessual hüquq da keçmiş olur. Bu isə özlüyündə o deməkdir ki, müddətin ötürülməsi hüququn olmasını istisna edir ki, qanunvericilik belə hallarda şikayətin icraata qəbul edilməsindən imtina edilməsini nəzərdə tutur. Həmçinin, məhkəmə qeyd etməyi lazım bilir ki, hazırki qərardadın qəbul edilməsi barəsində inzibati tənbeh tətbiq edilmiş “MAKRO200 YAPI İNŞAAT ANONİM ŞİRKƏTİ”-nin birinci instansiya məhkəməsi qarşısında prosessual müddətin bərpası barədə vəsatət qaldırmaq imkanından məhrum etmir. “MAKRO200 YAPI İNŞAAT ANONİM ŞİRKƏTİ”-nin Azərbaycan Respublikasındakı Filialı hazırkı inzibati xəta haqqında iş üzrə məhkəmə qərarından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə Tərtər Rayon Məhkəməsi qarşısında vəsatət qaldıra bilər. Belə ki, İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən “MAKRO200 YAPI İNŞAAT ANONİM ŞİRKƏTİ”-nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi tərəfindən apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyi üçün şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalı, barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxsə apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətlə Tərtər Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanları və İXM-nin 130 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM: “MAKRO200 YAPI İNŞAAT ANONİM ŞİRKƏTİ”-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-cü maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsinə dair Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından “MAKRO200 YAPI İNŞAAT ANONİM ŞİRKƏTİ”-nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya icraatına qəbul olunmasından imtina edilsin və şikayət prosessual müddət ötürülməklə verildiyindən iş birinci instansiya məhkəməsinə qaytarılsın. “MAKRO200 YAPI İNŞAAT ANONİM ŞİRKƏTİ”-nin Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından şikayət vermə müddətinin bərpasına dair vəsatətlə həmin məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-634/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-7)-634/2026
02.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver