Məhkəmə qərarları › İş №3(3-7)-651/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-651/2026

10.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-651/2026 10.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hüseynzadə İsa İlham oğlunun və müdafiəçisi İsgəndərov Hümbət Rafiq oğlunun, protokolu tərtib etmiş şəxs X1 iştirakı ilə, Hüseynzadə İsa İlham oğlunun Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Gəncə şəhər Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-***)****/**** saylı (sədrlik edən Ülkər Babazadə) qərarı ilə Hüseynzadə İsa İlham oğlu Azərbaycan Respublikası İXMnin 510.1 və 535.1-ci maddələri ilə təqsirli təqsirli bilinərək, həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası həddində 01 (bir) ay müddətində inzibati həbs edilməsi, inzibati həbsdə olmanın əvvəlinin ## ######## 2026-cı il tarixdən saat 15:00-dan hesablanması qərara alınmışdır. İŞİN HALLARI: Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, R X1 tərəfindən Hüseynzadə İsa İlham oğlu barəsində İXM-nin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə ## ######## 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında ## ######## 2026-cı il tarixli, MN ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Hüseynzadə İsa İlham oğlu ##.##.2026-ci il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmayaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. İnzibati xəta haqqında materiala baxan Gəncə şəhər Məhkəməsi yuxarıda qeyd edilən qaydada qərar qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkəmənin qeyd edilən qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi İsgəndərov Hümbət Rafiq oğlu apellyasia şikayəti verərək məhkəmənin qərarının tətbiq edilmiş inzibati tənbeh hissəsində dəyişdirilməsini, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təyin edilmiş 1 ay müddətinə inzibati həbsin 200 manat məbləğində cərimə ilə əvəz edilməsini və dərhal inzibati həbsdən azad edilməsini, məhkəmə inzibati həbsin cərimə ilə əvəz edilməsini mümkün hesab etmədiyi halda, alternativ olaraq inzibati həbsin müddətinin qanunla mümkün olan minimum həddədək azaldılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərarında İsa Hüseynzadənin əməlini qismən etiraf etməyini və səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul etmiş, məsuliyyəti ağırlaşdıran heç bir hal müəyyən etməmişdir. Buna baxmayaraq, alternativ tənbeh kimi qanunda birbaşa nəzərdə tutulmuş 200 manat məbləğində cərimənin nə üçün kifayət etməyəcəyini göstərmədən daha ağır tənbeh növünü və həmin tənbehin mümkün olan ən yuxarı həddini - 1 ay inzibati həbsi tətbiq etmişdir. Qərar qəbul edilərkən onun ailə vəziyyəti, ailədə yeganə qazanc gətirən şəxs olmağı, ## ####### 2023-cü il təvəllüdlü azyaşlı oğlu Alixan Hüseynzadənin ciddi və davamlı nevroloji sağlamlıq problemləri, mütəmadi müayinə, tibbi nəzarət və müalicə xərcləri və yaşlı ata anasına onun baxmağı araşdırılmamışdır. Bu hallar tənbehin fərdiləşdirilməsi baxımından mühüm olsa da, qərarda onlara heç bir hüquqi qiymət verilməmişdir. İXM-in 535.1-ci maddəsinin sanksiyasında 200 manat məbləğində cərimə və ya işin halları, habelə pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla cərimənin kifayət sayılmadığı halda bir ayadək inzibati həbs nəzərdə tutulur. Deməli, inzibati həbsin seçilməsi üçün məhkəmə cərimənin niyə kifayət etmədiyini konkret faktlarla əsaslandırmalıdır. Mübahisələndirilən qərarda isə belə bir əsaslandırma yoxdur, qanunun ifadələri təkrar edildikdən sonra inzibati həbsin məqsədəuyğun olduğu barədə ümumi nəticə ilə kifayətlənilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və müdafiəçisi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, məhkəmənin qərarının tətbiq edilmiş inzibati tənbeh hissəsində dəyişdirilməsini, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təyin edilmiş 1 ay müddətinə inzibati həbs 200 manat məbləğində cərimə ilə əvəz edilməsini və dərhal inzibati həbsdən azad edilməsini, məhkəmə inzibati həbsin cərimə ilə əvəz edilməsini mümkün hesab etmədiyi halda, alternativ olaraq inzibati həbsin müddətinin qanunla mümkün olan minimum həddədək azaldılmasını xahiş etdilər. Apellyasiya məhkəmə baxışı iclasında protokolu tərtib etmiş şəxs X1 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci (İ) hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin yeddinci (VII) hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin üçüncü (III) hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı və Gəncə şəhər Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X1 qeyd etmişdir ki, ##.##.2026-cı il tarixində daxil olmuş raport əsasında ## ######## 2026-cı il tarixli, MN ******* nömrəli protokolu tərtib etmiş və digər materiallarla birgə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hüseynzadə İsa İlham oğlunun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili, R şahid3 izahatında bildirmişdir ki, ##.##.2026-cı il tarixdə digər polis əməkdaşı ilə birgə Gəncə şəhəri, “Alov” ticarət mərkəzinin yaxınlığında xidmətdə olarkən adı sonradan onlara məlum olan iki vətəndaşın - İsa Hüseynzadənin və şahid1 binanın arxa tərəfində ucadan nalayiq ifadələr işlədərək mübahisə etdiklərini görmüşdürlər. Onlara yaxınlaşmış və onları nizam-intizama dəvət etmişdirlər. Lakin İsa Hüseynzadə öz hüquqazidd hərəkətlərini davam etdirmiş, yəni şahid1 ünvanına nalayiq ifadələr işlətməkdə davam etmişdir. Daha sonra onu polis şöbəsinə dəvət etdikdə şöbəyə gəlməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili, R şahid2 İvan oğlu izahatında bildirmişdir ki, ##.##.2026-cı il tarixdə R şahid3la xidmətdə olarkən “Alov” ticarət mərkəzinin yaxınlığındakı binanın arxa tərəfində adı sonradan onlara məlum olan iki vətəndaşın mübahisə etdiyini, bir-birlərinə nalayiq ifadələr işlətdiyini görmüşdürlər. Bu zaman həmin vətəndaşlara yaxınlaşaraq onları sakitləşdirməyə çalışmışdırlar. Lakin vətəndaş İsa Hüseynzadə öz hüquqazidd hərəkətlərini davam etdirmişdir. Onu polis şöbəsinə dəvət etdikdə əvvəllər polis işçisi olduğundan gəlmək istəmədiyini bildirmişdir. Daha sonra isə onu və digər vətəndaşı polis əməkdaşları ilə birgə xidməti maşına əyləşdirərək polis şöbəsinə gətrimişdirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid1 izahatında bildirmişdir ki, ##.##.2026-cı il tarixdə sınmış telefonunu düzəltdirmək üçün təmir mağazasına getmişdir. Mağazaya daxil olduqda İsa Hüseynzadə onunla mübahisə etməyə başlamışdır. Ona çölə çıxmasını demiş və çöldə onunla sözlü mübahisə etməkdə davam etmiş, səs-küy salmışdır. Daha sonra polis əməkdaşları onlara yaxınlaşmış, onları sakitləşdirmişdir. Onları polis şöbəsinə dəvət etdikdə o, şöbəyə getməyə razılaşsa da, İsa Hüseynzadə sabiq polis əməkdaşı olduğunu və şöbəyə getmək istəmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Hüseynzadə İsa İlham oğlunun qeyd edilən inzibati xəta hadisəsini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən inzibati icraata başlamış səlahiyyətli orqan tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyəti ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir ki, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı inzibati işin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, Hüseynzadə İsa İlham oğlunun Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmışdır, istər inzibati xəta haqqında protokol tərtib etmiş orqan, istərsə də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-in 75-85-ci maddələrinin tələblərinə əməl edərək inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birini mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Aşağıda qeyd olunanlara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Hüseynzadə İsa İlham oğluna tətbiq edilmiş 01 (bir) ay həbs növündə inzibati tənbeh tədbiri qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından görünür ki, məhkəmə Hüseynzadə İsa İlham oğlunun törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədlərinə nail olmaq, Hüseynzadə İsa İlham oğlunun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində 01 (bir) ay həbs növündə inzibati tənbeh tədbiq edilməsini məqsədə müvafiq saymışdır. Qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi Hüseynzadə İsa İlham oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələrinin sanksiyasında müəyyən olunmuş həbs növündə tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti inzibati tənbeh tədbirinin inzibati xəta törətmiş şəxsin islah olunmasına, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması, habelə törədilmiş inzibati xətanın xarakteri, onun törədilməsi hallarını baxımından qanuni və ədalətli olmuş, tənbeh tədbir edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Yuxarıda qeyd olunanlara qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Hüseynzadə İsa İlham oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, Azərbaycan Rspublikası İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində həmin məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla 01 (bir) ay həbs növündə inzibati tənbeh tədbirini tətbiq edərkən sonuncunun törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də məkhəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə şəhər Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar