Məhkəmə qərarları › İş №3(3-7)-667/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-667/2026

23.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-667/2026 23.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qasımov İsmayıl Əli oğlunun və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə Qasımov İsmayıl Əli oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qasımov İsmayıl Əli oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Baş Dövlət Yol Polisi İdarəsinin XIII Tağım R X1 tərəfindən ##.##.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə Qasımov İsmayıl Əli oğlu barəsində İXM-in 338.7-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv edilməsinə, Qasımov İsmayıl Əli oğlunun İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada inzibati tənbeh tədbiri təyin edilməsinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarı qanunsuz, əsassız, qeyri-obyektiv hesab edir. Belə ki, gecə saat 22:50 radələrində Yevlax-Bərdə yolunda **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobiliylə 60-70 km/saat sürətlə hərəkətdə olarkən, Bərdə rayon Qaraqoyunlu kənd ərazisində, həmin kənddə yaşayan Qasımov İsmayıl Əli oğluna məxsus 3(üç) baş at qəflətən magistral yolda onun idarə etdiyi avtomobilin qarşısına çıxmış, hadisənin qarşısının alınması mümkünsüz olmuş, yəni qəza hadisəsi qaçılmaz olmuşdur. İsmayıl Qasımov atları sahibsiz buraxmış, nəticədə atlar magistral yola çıxmış, hadisə qaçılmaz olmuş, İ.Qasımovun təqsiri ucbatından onun maşınına xeyli ziyan dəymişdir. Qərarının ləğv edilməsinə, Qasımov İsmayıl Əli oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada inzibati tənbeh tədbiri təyin edilməsinə dair məhkəmə aktına ehtiyacım var. Apellyasiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şikayətə etiraz etdi və təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadan məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını işin müəyyən olunmuş halları əsasında yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. İXM-nin 338.5-ci maddəsinə əsasən 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə səksən manat məbləğində cərimə edilir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən: Baş Dövlət Yol Polisi İdarəsinin XIII Tağım R X1 tərəfindən ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli protokolda göstərilmişdir ki, Qasımov İsmayıl Əli oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7.-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi ziyan vurulması hallarına yol verərək inzibati xəta əməli törətmişdir. ##.##.2026-cı il tarixli, ƏQ-****/**** saylı Yol-nəqliyyat hadisəsi zamanı avtomobilə dəymiş zərərin qiymətləndirilməsinə dair mütəxəssis rəyindən görünür ki, ##.##.2026-cı il tarixdə Mingəçevir-Bəhrəmtəpə yolunun Qaraqoyunlu kəndindən keçən hissəsinin 49-cu k/m-də Qasımov İsmayıl Əli oğluna məxsus 3 ədəd baş atın vurulması ilə nəticələnən baş verimiş yol nəqliyyat hadisəsi zamanı **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 3560 manat təşkil edir. Beləliklə, iş materiallarının araşdırılması zamanı məlum olur ki, ##.##.2026-cı il tarixdə saat 22:50 radələrində Qasımov İsmayıl Əli oğlunun yaşadığı Bərdə rayonu, Qaraqoyunlu kəndində yerləşən həyət evinin darvazasının açıq olması səbəbindən ona məxsus 3 baş at magistral yola çıxmış, Zərərçəkmiş şəxs idarə etdiyi ** CA *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə həmin atları vurmuş, sonuncunun avtomobilinə maddi ziyan dəymişdir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxan məhkəmə kimi yuxarıda qeyd olunan halları özü tam, hərtərəfli və obyektiv araşdırmaqla qanuni və əsaslı qərar qəbul edilməsinə nail olmalıdır. Məhkəmə qeyd edir ki, İXM-nin 338.7-ci maddəsində qeyd olunan inzibati xətanın obyekti əməyin mühafizəsi qaydalarına riayət edilməməsi ilə ifadə olunur. Yuxarıda qeyd olunanlara görə məhkəmə hesab edir ki, Qasımov İsmayıl Əli oğlunun əməyin mühafizəsi qaydalarına əməl etməməsi iş materialları ilə sübuta yetirildiyindən İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinməlidir. Beləliklə, apellyasiya instansiyası hesab edir ki, Qasımov İsmayıl Əli oğlunun əməli İXM-in 338.7-ci maddəsinin dispozisiyasında göstərilən halla tam üst-üstə düşür və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İXM-nin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Apellyasiya instansiyası məhkəməsi sadalanan halları Qasımov İsmayıl Əli oğlunun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, İsmayıl Qasımovun İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib ona inzibati cərimə tənbehi təyin edilməlidir. İXM-nin 135.1 və 135.1.5-ci maddələrinə görə tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən hesab edirəm ki, tərəfindən verilmiş şikayət təmin edilməli, Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, Qasımov İsmayıl Əli oğlu Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Qasımov İsmayıl Əli oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin. Qasımov İsmayıl Əli oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə həvalə olunsun. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar