Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-675/2026 24.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi ilə, “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinmələri barədə Gəncə Şəhər Məhkəməsinin ## ######## 2026-cı il tarixli 3(5- ***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və vəzifəli şəxsin nümayəndəsi-vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokolu tərtib edən orqan tərəfindən “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin və həmin hüquqi şəxsin direktoru – vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması barədə qərarlar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə “X2” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci mаddəsi ilə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilməsi, vəzifəli şəxs - “X2” MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci mаddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin nümayəndəsi-vəkil apellyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv edilməsini, “X2” MMC və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İXM-nin 53.0.1 və 53.0.2ci maddələrinə əsasən icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. İş üzrə mühüm əhəmiyyət kəsb edən hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, müdafiə tərəfinin məhkəmə iclasında irəli sürdüyü əsaslı arqumentlərə lazımi hüquqi qiymət verilməmiş, ziddiyyətli sübutlar aradan qaldırılmamış, ittihamın əhatə etdiyi müddət və həmin müddətdə hər bir həkimlə faktiki münasibətin xarakteri fərdiləşdirilməmiş, nəticədə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tətbiqi üçün zəruri olan hüquqpozma tərkibinin mövcudluğu lazımi qaydada sübuta yetirilməmişdir. ##.##.2026-cı il tarixli məhkəmə iclasında vəkil müdafiənin əsas mövqeyini açıq şəkildə ifadə etmiş, “X2” MMC-də xidmət müqaviləsi əsasında fəaliyyət göstərən həkimlərin olmasının tibb sahəsinin xüsusiyyətlərindən irəli gəldiyini, həkimlərin bir neçə tibb müəssisəsində xidmət göstərə bildiyini, xidmət müqaviləsi əsasında fəaliyyət göstərilməsinin öz-özlüyündə qanunvericiliyə zidd olmadığını bildirmişdir. Müdafiə tərəfi bununla kifayətlənməmiş, konkret olaraq Niyazi İbrahimovun VÖEN-i olduğunu, 2025-ci ildə xarici ölkələrdə olduğunu, əvvəlki əmək müqaviləsinə xitam verildikdən sonra 2026-cı ilin yanvarında Mərkəzə qayıtdığını, həmin vaxt müstəqil vergi qeydiyyatının olduğunu və tərəflərin xidmət müqaviləsi bağladığını, şahid1 isə digər tibb müəssisəsində də fəaliyyət göstərdiyini, bütün günü Mərkəzdə ola bilmədiyini və buna görə xidmət müqaviləsi bağlandığını məhkəmənin diqqətinə çatdırmışdır. Lakin məhkəmə qərarında həmin arqumentlərin hər birinə konkret cavab verilməmiş, hansı sübut əsasında müdafiənin bu mövqeyinin rədd edildiyi göstərilməmişdir. Məhkəmə əsasən həkimlərin Mərkəzdə pasiyent qəbul etməsini, Mərkəzin blanklarından və infrastrukturundan istifadə etməsini, ödənişlərin Mərkəz vasitəsilə qəbul edilməsini və sosial şəbəkədə reklam olunmalarını əmək münasibətinin mövcudluğuna əsas kimi qəbul etmişdir. Halbuki müdafiənin əsas sualı məhz bundan ibarət olmuşdur: bu hallar xidmət müqaviləsi əsasında tibbi xidmət göstərilməsini istisna edirmi və onları əmək münasibətini müəyyən edən həlledici meyar kimi qəbul etməyə hansı konkret hüquqi və faktiki əsas vardır? Məhkəmə bu suala əsaslandırılmış cavab verməmişdir. Məhkəmənin həkimlərin Mərkəzin həkimləri kimi ictimaiyyətə təqdim edilməsini əmək münasibətinin əlaməti kimi qəbul etməsi də əsaslı deyildir. Həkimin müəyyən tibb müəssisəsində xidmət göstərməsi və həmin müəssisənin reklamında təqdim olunması özözlüyündə onun həmin müəssisənin işçisi olduğunu sübut etmir. Müdafiə tərəfi heç vaxt yalnız “müqavilənin adı xidmət müqaviləsidir, deməli əmək münasibəti yoxdur” mövqeyini irəli sürməmişdir. Əsas mövqe ondan ibarət olmuşdur ki, tərəflər arasında yazılı xidmət müqavilələri bağlanmış, həmin müqavilələrin bağlanmasının konkret səbəbləri olmuş, həkimlərin fəaliyyət xüsusiyyətləri, vergi qeydiyyatı, digər müəssisələrdə fəaliyyəti və xidmətə görə ödəniş mexanizmi mövcud olmuş, buna görə münasibətin faktiki mahiyyəti ayrıca və fərdi şəkildə araşdırılmalı idi. Konstitusiya Məhkəməsinin ## ####### 2023-cü il tarixli hüquqi mövqeyinə görə, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin və xidmətlərin yerinə yetirilməsi ilə əlaqədar münasibətin əmək münasibəti olub-olmaması həmin münasibətin xarakteri, həqiqi mahiyyəti və işin faktiki halları araşdırılmaqla müəyyən edilməlidir. Beləliklə, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinə istinad etməklə məsələni avtomatik həll etmək mümkün deyildir. Əvvəlcə faktiki münasibətin əmək münasibətinin əlamətlərini daşıdığı sübuta yetirilməlidir. Məhkəmə isə faktiki münasibətin xarakterini müəyyən etmək üçün mühüm olan tabeçilik, iş rejiminin məcburi qaydada müəyyən edilməsi, əmək intizamına tabeçilik, sabit əməkhaqqı, məzuniyyət, əmək funksiyasının işəgötürən tərəfindən müəyyən edilməsi, iqtisadi asılılıq və digər mühüm meyarları konkret sübutlarla müəyyən etməmişdir. Prokurorluğun və məhkəmənin mövqeyinə əsasən Niyazi İbrahimov ##.##.2025-ci ildən ##.##.2026-cı ilədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Mərkəzdə işə cəlb edilmişdir. Lakin müdafiə tərəfi məhkəmədə konkret olaraq bildirmişdir ki, Niyazi İbrahimov “X2” MMC-də ##.##.2023-cü ildən ##.##.2025-ci ilədək əmək müqaviləsi əsasında çalışmış, ##.##.2025-ci ildə xarici ölkəyə getməsi ilə əlaqədar həmin müqaviləyə xitam verilmiş, 2026cı ilin yanvarında qayıtdıqdan sonra isə VÖEN-i olmaqla xidmət müqaviləsi bağlamışdır. Belə olan halda ##.##.2025-ci ildən ##.##.2025-ci ilədək olan dövrün hansı əsasla əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işləmə dövrü hesab edildiyi aydın deyil. Əgər həmin dövrdə qüvvədə olan əmək münasibəti mövcud olmuşdursa, həmin müddətin İXM-nin 192.1ci maddəsi üzrə hüquqpozmanın müddətinə daxil edilməsi necə əsaslandırılmışdır? Əgər əmək müqaviləsinə ##.##.2025-ci ildə xitam verildiyi barədə X4 Xidmətinin məlumatı əsas götürülürsə, onda ##.##.2025-ci ildən sonrakı dövrdə Niyazi İbrahimovun faktiki olaraq hansı günlərdə, hansı rejimdə və hansı hüquqi əsasla xidmət göstərdiyi ayrıca sübuta yetirilməli idi. Məhkəmə isə bu mühüm müddət fərqini aradan qaldırmadan Niyazi İbrahimovun bütün dövr ərzində fasiləsiz işlədiyi nəticəsinə gəlmişdir. X4 Xidmətinin məlumatında əvvəlki əmək müqaviləsinə ##.##.2025-ci ildə xitam verildiyi, növbəti əmək müqaviləsinin isə ##.##.2026cı ildə bağlandığı göstərilsə də, bu məlumat özü-özlüyündə həmin iki tarix arasında fasiləsiz əmək fəaliyyəti faktını sübut etmir. Niyazi İbrahimovun ********** nömrəli VÖEN-i olmuş, 2026-cı ilin yanvarında Mərkəzə qayıtdıqdan sonra onunla xidmət müqaviləsi bağlanmış, sonradan isə 2026-cı ilin may ayında əmək müqaviləsi bağlanmışdır. O, məhkəmədə də bu halları təsdiq etmişdir. Belə olan halda xidmət müqaviləsi ilə əmək müqaviləsi arasında olan dövr ayrıca qiymətləndirilməli, sonrakı dövrdə mövcud olmuş iş rejimi əvvəlki dövrə avtomatik şamil edilməməli idi. Məhkəmə isə bu fərqləndirməni aparmamışdır. Niyazi İbrahimov məhkəmədə 2026-cı ilin yanvarından dörd ay müddətində xidmət müqaviləsi ilə işlədiyini, bundan sonra 2026-cı ilin may ayında əmək müqaviləsinin bağlandığını, həftənin beş günü saat 09:30-dan 13:30-dək işlədiyini bildirmişdir. Məhkəmə həmin ifadəni faktiki olaraq xidmət müqaviləsinin bütün dövrünün əmək münasibəti olduğuna əsas kimi qəbul etmişdir. Lakin hüquqi baxımdan sonradan formalaşmış iş rejiminin əvvəlki müqavilə dövrünə avtomatik tətbiq edilməsi mümkün deyil. Məhkəmə müəyyən etməli idi ki, 2026-cı ilin yanvarında xidmət müqaviləsi bağlandığı zaman Niyazi İbrahimov üçün konkret iş rejimi, iş vaxtı, tabeçilik, əmək funksiyası, intizam qaydaları və sabit əməkhaqqı mövcud olmuşdurmu. şahid1 üzrə məhkəmə Niyazi İbrahimovla bağlı nəticəni faktiki olaraq eynilə tətbiq etmişdir. Halbuki şahid1 özü bildirmişdir ki, X7 PHŞ-də də fəaliyyət göstərir, “X2”ndə isə xəstə olduqda və Gəncə şəhərində olduğu vaxtlarda pasiyent qəbul edir. Onun izahatına görə, xəstənin qəbuluna görə ödənilən 28 manatın 50 faizi ona, 50 faizi Mərkəzə çatır, onun göndərişi ilə Mərkəzdə aparılan digər müayinələrdən əldə edilən məbləğin isə 30 faizi ona verilir. Bu ödəniş mexanizmi sabit əməkhaqqından fərqli xüsusiyyət daşıyır. Əgər məhkəmə bu münasibətin əmək münasibəti olduğunu hesab edirdisə, həmin nəticənin əsasını təşkil edən sabit əməkhaqqı, iş rejimi, tabeçilik və digər əmək hüquqi əlamətlər konkret olaraq hansı sübutlarla müəyyən edilmişdir? Qərarda bu suallara cavab verilməmişdir. İş materiallarında şahid1 “X2”nin sosial şəbəkə hesabında onun həftəiçi hər gün xəstə qəbul etməsi barədə məlumatın düzgün olmadığını bildirdiyi göstərilir. O, yalnız Naxçıvanda olmadığı və Gəncə şəhərində olduğu müəyyən vaxtlarda Mərkəzdə xəstə qəbul etdiyini izah etmişdir. Buna baxmayaraq məhkəmə həmin sosial şəbəkə elanlarını onun fəaliyyətinin davamlı və sistematik olmasının sübutlarından biri kimi qəbul etmişdir. Əgər şəxsin özü həmin məlumatın həqiqətə uyğun olmadığını bildirirsə, məhkəmə həmin məlumatın kim tərəfindən yerləşdirildiyini, həkimin bu məlumatın hazırlanmasında iştirak edib-etmədiyini, faktiki qəbul günlərinə uyğunluğunu və məlumatın həqiqiliyini araşdırmadan onu şəxsin iş rejiminin sübutu kimi necə qəbul etmişdir? Bu ziddiyyət aradan qaldırılmadan həmin sosial media məlumatına həlledici sübut əhəmiyyəti verilməsi əsaslı sayıla bilməz. Məhkəmə pasiyentlərin Mərkəz tərəfindən qeydiyyata alınmasını, ödənişlərin Mərkəzə edilməsini, Mərkəzin blanklarından və tibbi infrastrukturundan istifadə olunmasını əmək münasibətinin əsas əlamətləri kimi qəbul etmişdir. Lakin xidmət müqaviləsi əsasında fəaliyyət göstərən həkimin tibbi xidmət göstərdiyi tibb müəssisəsinin qeydiyyat sistemindən, blanklarından, laboratoriya və digər tibbi infrastrukturundan istifadə etməsi xidmət münasibətlərinə zidd deyil. Əksinə, tibbi xidmətin Mərkəzin daxilində göstərilməsi həmin xidmətin təşkilati baxımdan Mərkəzin qeydiyyat və ödəniş sistemindən keçirilməsini zəruri edə bilər. Ona görə bu hallar yalnız digər əmək hüquqi meyarlarla birlikdə qiymətləndirilə bilər. Məhkəmə isə həmin halları əmək münasibətinin faktiki sübutu kimi qəbul etmiş, lakin onların xidmət müqaviləsi ilə necə ziddiyyət təşkil etdiyini əsaslandırmamışdır. İş materiallarında Niyazi İbrahimovla ##.##.2026-cı il tarixli xidmət müqaviləsinin, şahid1 ilə isə ##.##.2025-ci il tarixli №**/** və ##.##.2026-cı il tarixli №**/** xidmət müqavilələrinin mövcudluğu vardır. şahid1 ilə ##.##.2025-ci il tarixli müqavilənin mövcudluğu xüsusilə əhəmiyyətlidir, çünki prokurorluq və məhkəmə onun fəaliyyətini 2025-ci ildən etibarən qiymətləndirmişdir. Məhkəmə həmin müqaviləni ##.##.2026-cı il tarixli sənədlərlə eyniləşdirməklə onun tətbiq olunduğu dövrü düzgün müəyyən etməmişdir. Bu məsələ texniki yanlışlıq kimi deyil, ittihamın əhatə etdiyi dövrün və həmin dövrdə tərəflər arasındakı münasibətin hüquqi əsasının müəyyən edilməsinə təsir edən hal kimi qiymətləndirilməlidir. Eyni zamada məhkəmə xidməti müqavilə kimi ciddi sənədə dırnaqarası yanaşmış və onu ‘xidməti müqavilə adlandırılan’ sənəd kimi təqdim etməsi düzgün hesab edilə bilməz. Bu, məhkəmənin həmin müqaviləyə əvvəlcədən əhəmiyyətsiz sənəd kimi yanaşdığını göstərir. Halbuki, xidməti müqavilə tərəflərin razılığı əsasında bağlanır, tərəflərin imzası və möhürü ilə təsdiqlənir və rəsmi sənəd kimi tanınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Cəmiyyətin direktoru və fəaliyyətinə rəhbərlik edən şəxs olmasını əsas götürərək onun əmək münasibətlərinin rəsmiləşdirilməsini təmin etməli olduğu halda bunu etmədiyi nəticəsinə gəlmişdir. Lakin direktor statusu öz-özlüyündə 192.1-ci maddə üzrə fərdi inzibati təqsirin avtomatik sübutu deyildir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 konkret olaraq həkimlərin xidmət müqaviləsi əsasında deyil, əmək münasibəti çərçivəsində fəaliyyət göstərdiyini bildiyi, buna baxmayaraq əmək müqaviləsi bağlamadığı və həmin fəaliyyətə qəsdən və ya təqsirli şəkildə yol verdiyi ayrıca müəyyən edilməlidir. Əgər tərəflər arasında yazılı xidmət müqavilələri mövcud olubsa, Niyazi İbrahimov VÖEN əsasında fəaliyyət göstəribsə, şahid1 isə digər tibb müəssisəsində də fəaliyyət göstərib xidmət haqqı əsasında qəbul həyata keçiribsə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 məhz hansı hərəkəti və ya hərəkətsizliyi ilə 192.1-ci maddənin pozuntusunu törətdiyi konkretləşdirilməli idi. Qərarda bu məsələ fərdiləşdirilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qabaqcadan məlumat verilmiş inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqanının nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və vəzifəli şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə baxışı barədə qabaqcadan məlumat verilmiş inzibati xəta haqqında qərar tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq, məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə tərtib olunmuş inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş sənədlərlə tanış olub, sübutları qiymətləndirərkən hesab edir ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin və həmin hüquqi şəxsin direktoru – vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin və həmin hüquqi şəxsin direktoru – vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 əməli ona istinad edilmiş maddənin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşdüyündən birinci instansiya məhkəməsi onun İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün nəticəyə gəlmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ##.##.2026-cı il tarixli "İnstagram" sosial şəbəkəsinə baxış keçirilməsi haqqında" protokoldan görünür ki, "X2" MMC-nin rəsmi "İnstagram" sosial şəbkə profilinə baxış keçirilmiş, baxış zamanı "shans_medical_center_"adlı profilə daxil olunduqda, profilin 7525 izləyiciyə sahib olmaqla, məlumat hissəsində Gəncə şəhəri Şans T.M və əlaqə nömrələri qeyd edildiyi və shansmedical.az adlı tibb mərkəzinin internet saytının əlavə edildiyi müəyyən edilmiş, profildə edilən paylaşımlara nəzər yetirdikdə ##.##.2025-ci il tarixdə və ##.##.2026- Cl il tarixdə "ümumi cərrah Niyazi Bayramovun həftə içi hər gün X1 Mərkəzində pasientləri qəbul etməsi",##.##.2025-ci il tarixdə və30.04.2026-cı il tarixdə "endokrinoloq şahid1 həftə içi hər gün X1 Mərkəzində pasientləri qəbul etməsi" barədə elanlar yerləşdirildiyi aşkar edilmişdir; X4 Xidmətinin Gəncə-X5 ##.##.2026-cl il tarixli sorğuya cavab məktubu və ona əlavə edilmiş cədvəldən görünür ki, "X2" MMC ilə İbrahimov Niyazi İdris oğlu arasında ##.##.2023cü il tarixdə bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam verilmiş, növbəti əmək müqaviləsi ##.##.2026-cı il tarixdə bağlanmışdır ##.##.2026-cı il tarixli,"Elektron Prokurorluq İnformasiya Sisteminə baxış aparılması haqqında" protokoldan görünür ki, şahid1 İbrahim qızının iş yeri və vəzifəsinin müəyyən edilməsi məqsədilə Elektron Prokurorluq İnformasiya Sisteminin "Əmək müqaviləsi məlumatları" bölməsinə baxış keçirildmiş, baxış nəticəsində sonuncunun "Naxçıvan Muxtar Respublika Xəstəxanas" PHŞ-də həkim vəzifəsində işlədiyi, "X2" MMC ilə müqaviləsinin olmadığı aşkar edilmişdir ##.##.2026-cl il tarixli, "taxes.gov.az elektron saytına baxış keçirilməsi haqqında" protokoldan görünür ki, "X2" MMC barəsində vergi məlumatlarının əldə edilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "taxes.gov.az" elektron saytına baxış keçirilmiş, baxış nəticəsində "X2" MMC-nin ##.##.2007ci il tarixdə ** saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı, hüquqi ünvanının ünvan 1 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 saylı VÖEN əsasında fəaliyyət göstərdiyi və qanuni təmsilçisinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 olduğu müəyyən edilmişdir. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 əməlində İXM-in 192.1-ci maddəsinin tərkib əlaməti vardır. Apellyasiya şikayətində qeyd edilən əsaslar yalnız mülahizədən ibarətdir, heç bir sənədlə öz təsdiqini tapmır. Belə ki, şahid1 mərkəzdə endokrinoloq kimi xəstə qəbul etməsi onun öz izahatı, X3 izahatı, xəstə qeydiyyatı və “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin blankında verilmiş göndərişlə təsdiqlənir. Xəstə qəbul üçün 28 manat məbləği mərkəzə ödəmiş, şahid1 isə Mərkəzin blankında əlavə analiz və müayinələrə göndəriş vermişdir. “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin sosial şəbəkə hesabında 2025 və 2026-cı illərdə hər iki həkimin (N.İbrahimov və şahid1) həftə içi hər gün həmin mərkəzdə xəstə qəbul etməsi barədə elanlar yerləşdirilmişdir. Bu hallar həkimlərin fəaliyyətinin təsadüfi və birdəfəlik xidmət deyil, mərkəzin davamlı tibbi fəaliyyətinin tərkib hissəsi olduğunu göstərir. X4 Xidmətinin məlumatına əsasən, Niyazi İbrahimovla əvvəl bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci ildə xitam verilmiş, növbəti əmək müqaviləsi ##.##.2026-cı ildə bağlanmışdır. Onun özünün həmin dövrdə fasiləsiz işlədiyini bildirməsi, əvvəl və sonradan eyni mərkəzdə əmək müqaviləsi ilə eyni peşə üzrə fəaliyyət göstərməsi və aralıq dövrdə də həmin fəaliyyəti davam etdirməsi faktiki münasibətin mahiyyətinin dəyişmədiyini göstərən mühüm hallardır. Birinci instansiya məhkəməsi haqlı olaraq qərarda göstərmişdir ki, şahid1 ilə mərkəz arasında elektron sistemdə əmək müqaviləsinin olmadığı müəyyən edilmişdir. Bununla yanaşı, pasiyentlərin mərkəz tərəfindən qeydiyyata alınması, xidmət haqqının mərkəzə ödənilməsi, tibbi xidmətin mərkəzin maddi və təşkilati imkanlarından istifadə edilməklə göstərilməsi, mərkəzin blankından istifadə olunması və Qapaqovanın mərkəzin həkimi kimi ictimaiyyətə təqdim edilməsi onun fəaliyyətinin mərkəzin təşkil etdiyi vahid tibbi xidmət prosesinə daxil olduğunu göstərir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35- ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## ####### 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində nəzərdə tutulan hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin görülməsi ilə bağlı münasibətlərin əmək münasibəti olub-olmaması münasibətlərin xarakteri və həqiqi mahiyyəti, habelə işin faktiki halları araşdırılmaqla müəyyən edilməlidir. Odur ki, şikayətin dəlilləri tam əsassız olmaqla hər hansı bir sübutla təsdiq olunmur. Şikayətin dəlilləri məhkəmənin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Birinci instansiya məhkəməsi törədilən inzibati xətanı törədilmə şəraitini, inzibati xətanın necə törədildiyini, inzibati xəta tərkibinin yaranması üçün əsasları araşdırmışdır. Bu da qanunun tələblərinin düzgün tətbiq və təfsir edilməsidir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinmələri barədə Gəncə Şəhər Məhkəməsinin ## ######## 2026-cı il tarixli 3(5- ***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-675/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-675/2026
24.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver