Məhkəmə qərarları › İş №3(3-8)-196/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-196/2026

10.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-196/2026 10.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Quba Regional Reklam İdarəsinin nümayəndəsi Dəmir Elnur Etibar oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cəfərov Kənan Rahim oğlunun iştirakları ilə, Cəfərov Kənan Rahim oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2026-cı il tarixli, 3(5-126)-291/2026 nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cəfərov Kənan Rahim oğlu tərəfindən verilmiş şikayətə audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2026-cı il tarixli, 3(5-126)-291/2026 nömrəli qərarı ilə (hakim X.İ.Quliyev) Cəfərov Kənan Rahim oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. İŞİN HALLARI : Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Quba Regional Reklam İdarəsi tərəfindən Cəfərov Kənan Rahim oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə 05.02.2026-cı il tarixli, MN 1254823 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ : Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cəfərov Kənan Rahim oğlu şikayət verərək həmin qərarın ləğv edilib, işə yenidən baxılmasını xahiş etməklə şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona hər hansı rəsmi çağırış məktubu və ya bildiriş çatdırılmamışdır. Bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməmiş və öz mövqeyini məhkəməyə təqdim etmək imkanı olmamışdır. PROSES İŞTİRAKÇILARININ İZAHATLARI : Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cəfərov Kənan Rahim oğlu şikayəti müdafiə edərək onu da əlavə etdi ki, Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi, ev 16A ünvanında qeydiyyatda olsa da, orada deyil, Xaçmaz şəhəri, H.Əliyev prospektində yaşayır. Qeydiyyatda olduğu ünvanda ata və anası yaşasa da, məktub gətirilən vaxt onlar da rayonda olmuşlar. Yalnız 1 həftə sonra atası ona məktub barədə məlumat vermişdir. Onun işlətdiyi mağaza kiçik mağazadır, həmin mağazada heç 1500 manatlıq ərzaq və s. yoxdur. Lakin, onun barəsində 1500 manat məbləğində cərimə tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Quba Regional Reklam İdarəsinin nümayəndəsi Dəmir Elnur Etibar oğlu şikayətin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etməklə onu da əlavə etdi ki, aşkar olunmuş inzibati xəta pozuntusu barədə sahibkar məlumatlandırılmaqla xəbərdarlıq edilmiş, bundan bir müddət sonra pozuntunun aradan qaldırılması üçün məcburi göstərişdə verilmiş, buna baxmayaraq zəruri olan müqavilənin rəsmiləşdirilməsi təmin edilmədiyindən qanuna müvafiq addım atılaraq inzibati protokol tərtib edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətin dəlillərini iş üzrə toplanmış materiallar ilə müqayisəli şəkildə tədqiq edərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır ona görə ki, birinci instansiya məhkəməsi inzibati icraat üzrə qərar qəbul edərkən iş materiallarını mahiyyəti üzrə tam araşdırmış, inzibati məsuliyyətə cəlb edilmənin əsası olan qanunvericiliyin tələblərinə riayət etmişdir. Aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini qanuni və əsaslı sayıram. İş materiallarında olan açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair 15.12.2025-ci il tarixli aktdan və əlavə edilmiş foroşəkillərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Quba Regional İdarəsinin əməkdaşları tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cəfərov Kənan Rahim oğlunun Xaçmaz şəhəri, Heydər Əliyev prospektində yerləşən “Residence Market” adlı obyektin fasadında “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 19.12.2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərini pozmaqla, fasadda reklam yayımladığı aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş Vergi uçotu haqqında şəhadətnamədən görünür ki, vergi ödəyicisi Cəfərov Kənan Rahim oğlu fərdi sahibkar olaraq 770209002 VÖEN nömrəsi ilə 3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. İş materiallarında olan müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcbur olan 18 dekabr 2025-ci il tarixli, 11-3-4/2-802/2025 nömrəli göstərişdən görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Quba Regional Reklam İdarəsi tərəfindən Xaçmaz şəhəri, Heydər Əliyev prospektində yerləşən “Residence Market” adlı obyektin üzərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirildiyi aşkar edilmiş və bu barədə 15.12.2025-ci il tarixli Akt tərtib edilmişdir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3-cü bındini rəhbər tutularaq 15.12.2025-ci il tarixli Aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması tələb olunmuşdur. Məhkəməyə verilmiş protokol əsasında işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi hesab etmişdir ki, toplanmış sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cəfərov Kənan Rahim oğlunun İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri barədə guya lazımi qaydada xəbərdar edilməmiş, bu səbəbdən müdafiə hüququnu həyata keçirmək imkanından məhrum olmuşdur. Məhkəmə bu dəlili əsassız hesab edir. İş materiallarının araşdırılması ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsini və barəsində inzibati icraat aparılan şəxsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyin tələblərinə uyğun qaydada xəbərdar etmiş, lakin həmin şəxslər üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Bu hal məhkəməyə İXM-in 61.3 və 112.1.4-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxmaq üçün hüquqi əsas yaratmışdır. Apellyasiya şikayətində göstərilən “xəbərdarlığın çatdırılmaması” barədə dəlil isə iş materialları ilə təkzib olunur. Belə ki, məhkəmə çağırışlarının göndərilməsi faktı inzibati iş materiallarında mövcud olan rəsmi sənədlərlə təsdiq edilir və həmin sənədlərin mötəbərliyi şübhə doğurmur. Şəxsin qeydiyyat ünvanında yaşayıb-yaşamaması isə məhkəmə çağırışının göndərilməsi və onun hüquqi qüvvəsini aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Şəxsin özü tərəfindən bildirilən faktlardan da görünür ki, o qeydiyyat ünvanından fərqli yaşayış ünvanından istifadə edir və bu da onunla əlaqənin operativ təmin olunmamasına səbəb olmuşdur. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, inzibati icraatda iştirak etmək və məhkəmə çağırışlarını almaq vəzifəsi ilk növbədə şəxsə aiddir və yaşayış ünvanının düzgün və aktual saxlanılması onun hüquqi vəzifəsidir. Şəxsin özünün qeyd etdiyi hallar – çağırışın ailə üzvləri tərəfindən gec bildirilməsi – məhkəmənin prosessual qaydalara riayət etməsini şübhə altına alan hüquqi əsas kimi qəbul edilə bilməz. Apellyasiya şikayətində irəli sürülən digər dəlil – tətbiq edilmiş 1500 manat məbləğində cərimənin “obyektin kiçik olması və real dövriyyəyə uyğun olmaması” ilə bağlıdır. Lakin bu dəlil də əsassızdır. Belə ki, inzibati tənbeh tədbiri tətbiq edilərkən məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq xətanın xarakterini və sanksiyanın hədlərini nəzərə almış, İXM-in 31.2ci maddəsinə uyğun olaraq məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Tətbiq edilmiş cərimə İXM-in 428.7.1-ci maddəsinin sanksiya hədləri daxilində müəyyən olunmuşdur və məhkəmə tərəfindən fərdi yanaşma prinsipi pozulmamışdır. Şəxsin əmlak vəziyyəti ilə bağlı gətirdiyi dəlil isə qanunla müəyyən edilmiş cəza həddinin dəyişdirilməsi üçün əsas təşkil etmir. Bundan əlavə, iş materiallarında olan fotoşəkillər, yoxlama aktı və digər sübutlar açıq məkanda reklamın müvafiq icazə olmadan yerləşdirildiyini təsdiq edir və bu sübutların mötəbərliyi apellyasiya baxışında şübhə altına alınmamışdır. Cəfərov Kənan Rahim oğlu barəsində tətbiq edilmiş inzibati tənbehin əsaslılığını müzakirə edilərək aşağıdakılar nəzərə alınır. Belə ki, “Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Həmin qanunun 26.2-1-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin formasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 26.2-2.1-ci maddəsinə əsasən reklam daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır. Həmin Qanunun 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parklarına, sənaye məhəllələrinə və aqroparklara münasibətdə isə hər birinin ümumi ölçüsü 20 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyrikommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 1.3-cü bəndinə görə, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cəfərov Kənan Rahim oğlunun inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. O da qeyd edilməlidir ki, Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2026-cı il tarixli, 3(5- 126)-291/2026 nömrəli qərarı ilə Cəfərov Kənan Rahim oğlunun Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilmiş, bu da onun təqsirli bilindiyi maddədə vəzifəli şəxs üçün müəyyən olunmuş cərimə məbləğinin minimum həddidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Hesab edirəm ki, şikayətin dəlilləri mülahizə xarakterli olmaqla işin halları ilə təkzib edildiyindən əsassızdır və bu dəlillərə istinad etməklə inzibati xəta törətmiş şəxs məsuliyyətdən yayınmaq məqsədi daşıyır, ona görə də barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cəfərov Kənan Rahim oğluna törətmiş olduğu inzibati xətaya görə inzibati xətalar qanunvericiliyinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsi əsaslı olmuşdur. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 21 və 31.1-ci maddələrinə əsasən inzibati tənbeh inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır və bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edirəm ki, Cəfərov Kənan Rahim oğlunun Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində cərimə edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan şikayətin dəlilləri Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2026-cı il tarixli, 3(5-126)-291/2026 nömrəli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə qərar qəbul edilməsinə əsas ola bilməz. Belə ki, İXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasan inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən İXM-nin 134.1.1, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Cəfərov Kənan Rahim oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində cərimə edilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2026-cı il tarixli, 3(5-126)-291/2026 nömrəli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Cəfərov Kənan Rahim oğlunun şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar