Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-199/2026 10.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mirzəliyev Rauf Namiq oğlunun iştirakı ilə, Mirzəliyev Rauf Namiq oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2026-cı il tarixli, 3(5-155)-419/2026 nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mirzəliyev Rauf Namiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2026-cı il tarixli, 3(5-155)-419/2026 nömrəli qərarı ilə (hakim F.A.Nəsimiyev) Mirzəliyev Rauf Namiq oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətə məhdudlaşdırılması qərara alınmışdır. İŞİN HALLARI : Sumqayıt şəhər DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis baş serjantı Abdulov Ziya Faiq oğlu tərəfindən Mirzəliyev Rauf Namiq oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci və 329.1-ci maddələri ilə 04.02.2026-cı il tarixli, İXP seriyalı, 7799733 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Mirzəliyev Rauf Namiq oğlu 04.02.2026-cı ildə saat 08:45-də “HYUNDAİ SONATA MINIK” markalı 77-QB-712 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinmişdir. İnzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mirzəliyev Rauf Namiq oğlu apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2026-cı il tarixli, 3(5-155)-419/2026 nömrəli qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, hadisə zamanı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməmişdir. Bildirmişdir ki, restorandan çıxdıqdan sonra cəmi təxminən 1 km məsafə hərəkət etdikdən sonra yol polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılarkən avtomobildə xanım sərnişinin olması da onun sərxoş vəziyyətdə olmamasını təsdiq edən haldır. PROSES İŞTİRAKÇISININ İZAHATI : Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mirzəliyev Rauf Namiq oğlu apellyasiya şikayətini müdafiə edərək əlavə olaraq onu da qeyd etdi ki, o, spirtli içki qəbul etməmişdir. Xüsusi texniki vasitə olan alkotesterin göstəricisi ilə razılaşmadığı üçün həkim müayinəsindən keçmiş və spirtli içki qəbul etmədiyi müəyyən olunmuşdur. Həmin sənədi birinci instansiya məhkəməsinə təqdim etsə də, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qan analizi verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Hesab edirəm ki, apellyasiya şikayəti üzrə məhkəmə baxışı iclası inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkündür. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati icraat materiallarını yoxlayıb, apellyasiya şikayətinin dəlillərini öyrənib hesab edirəm ki, Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2026-cı il tarixli, 3(5-155)-419/2026 nömrəli qərarı dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır, ona görə ki, birinci instansiya məhkəməsi inzibati icraat üzrə qərar qəbul edərkən işin materiallarını mahiyyəti üzrə tam araşdırmış, inzibati məsuliyyətə cəlb edilmənin əsası olan qanunvericiliyin tələblərinə riayət etmişdir. Birinci instansiya məhkəməsində hazırkı mübahisə olunan qərar qəbul edilərkən məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş Sumqayıt şəhər DYPŞ Yol patrul xidməti inspektoru Abdulov Ziya Faiq oğlu izahat verib bildirmişdir ki, sürücü onun tərəfindən saxlanılmış və sonuncu özünü polis əməkdaşı kimi təqdim etmişdir. Alkotester cihazı vasitəsi ilə sürücü yoxlanılmış və onun spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Narkoloji dispanserə aparılaraq həkim müayinəsindən keçiriləcəyini bildirdikdə sürücü ondan aparmamasını xahiş etmişdir. O, sürücüyə həkim müayinəsinə getməyi təklif etmiş, sürücü də ona lazım olmadığını bildirmişdir. Həmçinin, sürücü ona 100 manat pul təklif etmişdir. Həmin vaxt özü xidmətdə tək idi. Sürücü saat 08:20-də alkotester cihazından keçmiş, ondan 1 saat yarım sonra isə saat 10:40-da özü həkim müayinəsindən keçmişdir. İş materiallarında olan 04 fevral 2026-cı il tarixli İXP 7799733 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Mirzəliyev Rauf Namiq oğlu 04.02.2026-cı ildə saat 08:45-də “HYUNDAİ SONATA MINIK” markalı 77-QB-712 dövlət qeydiyyat nişanlı avtomobili İXM-in 329.1 və 333.1-ci maddələri ilə inzibati xəta törətmişdir. İş materiallarında olan Alcovisor Jupiter X-in 04.02.2026-cı il tarixli nəticəsindən görünür ki, saat 08.43 dəqiqədə sürücü Rauf Mirzəliyevdə 0,332 faiz alkoqol tərkibi müəyyən olunmuşdur. İş materiallarında olan 04.02.2026-cı il tarixli 701 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan görünür ki, sürücünün öz müraciəti ilə həmin saat 10.20-də keçirilmiş həkim müayinəsində alkoqol sərxoşluq vəziyyəti aşkar olunmamışdır. İş materiallarında olan 04.02.2026-cı il tarixli “avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə” aktdan görünür ki, ““HYUNDAİ SONATA MINIK” markalı, 77-QB712 dövlət qeydiyyat nişanlı avtomobil duracağa qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarında göstərilir ki, Mirzəliyev Rauf Namiq oğlu izahatında yol polisi əməkdaşına alkotesterin nəticəsi ilə razılaşmadığına görə həkim müayinəsinə getməyi təklif etdiyini bildirsə də, həmin fakt iş materiallarına əlavə edilmiş audiovideo yazı ilə təkzib olunmuşdur. Belə ki, YPX əməkdaşı tərəfindən təqdim edilmiş və birinci instansiya məhkəməsində tədqiq edilmiş səs yazısında məlum olmuşdur ki, R.Mirzəliyev alkotestr vasitəsi ilə sərxoşluğu yoxlanılmış, sərxoşluğu müəyyən edildikdən sonra sürücü xeyli müddət əvvəl spirtli içki içdiyini bildirmiş, bundan sonra polis əməkdaşı narkoloji müəssisədə yoxlanılacağını dedikdə sürücü buna ehtiyac olmadığı bildirmiş, ona kömək olunmasını xahiş etmişdir. Bundan başqa, barəsində icraat aparılan şəxsin təqdim etdiyi 701 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, aktda müvafiq tibbi müəssisəsinin möhürü və tibb işçisinin imzası olsa da, həkimin ad, soyadı qeyri-müəyyəndir. Bundan başqa, tibbi müayinə şəxsin saxlanıldığı vaxtdan təxminən 1 saat 40 dəqiqə sonra keçirilmiş, həmçinin keçirilmiş yoxlama zamanı istifadə edilən xüsusi texniki vasitənin göstəricisi (çap edilmiş nəticə) əlavə edilməmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin yoxlama zamanı R.Mirzəliyevin həkim müayinəsinə ehtiyac bilmədiyi halda, inzibati xəta haqqında iş üzrə icraatdan kənar həkim müayinəsindən keçərək əldə etdiyi sənəd (akt) mötəbər sübut olaraq qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi əlavə olaraq bildirmişdir ki, YPX əməkdaşı inzibati xəta haqqında iş üzrə icraat zamanı DİN-in “YPX haqqında Təlimat”ının tələblərini pozmuş və bir sıra pozuntulara yol vermişdir. Belə ki, YPX əməkdaşı 30 dəqiqə ərzində sürücü ilə lüzumsuz söhbətlər aparmış, sürücü tərəfindən idarə olunaraq avtomobilin müvəqqəti duracağa yerləşdirilməsinə icazə vermişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, göstərilən xüsusatlar “YPX haqqında Təlimat”ın tələblərinin pozulması hesab edilsə də, şəxsin inzibati məsuliyyətdən azad edilməsi əsası deyil. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mirzəliyev Rauf Namiq oğlu 04.02.2026-cı il tarixində idarə etdiyi “Hyundai Sonata” markalı 77- QB-712 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı olaraq alkoqol sərxoşluğu şübhəsi əsasında yoxlanılmışdır. Alcovisor Jupiter X xüsusi texniki vasitəsinin nəticəsinə əsasən, sürücüdə 0,332 faiz alkoqol tərkibi müəyyən edilmişdir ki, bu da onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsinə dair ilkin və mötəbər sübut kimi qiymətləndirilmişdir. Bundan əlavə, iş materiallarında olan inzibati xəta haqqında protokol, YPX əməkdaşının izahatı və audio-video materiallar bir-birini tamamlayaraq inzibati xətanın baş verməsini təsdiq edən sübutlar kimi çıxış edir. Apellyasiya şikayətində sürücünün sərxoş olmaması, həmçinin tibbi müayinədə alkoqol aşkarlanmadığı barədə 04.02.2026-cı il tarixli 701 nömrəli aktın mötəbər sübut kimi qəbul edilməsi tələb olunur. Lakin birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki: - Tibbi müayinə inzibati icraat qaydasından kənar və təxminən 1 saat 40 dəqiqə gecikmə ilə aparılmışdır; - Aktda həkimin adı və soyadı dəqiq göstərilməmişdir; - Müayinənin nəticəsini təsdiq edən texniki cihazın çap nəticəsi iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri sübut növü kimi qəbul edilir. İş üzrə təqdim olunmuş Alcovisor Jupiter X cihazının nəticəsi, eləcə də hadisə yerində və dərhal aparılmış yoxlama: - hadisəyə ən yaxın zamanda əldə edilmiş sübutdur; - obyektiv ölçmə nəticəsidir; - digər sübutlarla (YPX əməkdaşının izahatı və audio-video yazı) uyğunluq təşkil edir. Bu baxımdan birinci instansiya məhkəməsi düzgün olaraq həmin sübuta üstünlük vermişdir. Şikayətdə YPX əməkdaşının qanun pozuntularına yol verməsi, sürücüyə təzyiq edilməsi və prosessual pozuntulara dair iddialar irəli sürülür. Birinci instansiya məhkəməsi bu halları araşdıraraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki: - müəyyən edilmiş bəzi prosessual nöqsanlar olsa da, - həmin hallar inzibati xəta faktını aradan qaldırmır və məsuliyyətdən azad etmir. Apellyasiya instansiyası da bu yanaşmanı əsaslı hesab edir. Məhkəməyə verilmiş protokol əsasında işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi hesab etmişdir ki, toplanmış sübutlarla Mirzəliyev Rauf Namiq oğlunun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, törətdiyi xətaya görə Mirzəliyev Rauf Namiq oğlu inzibati tənbeh edilməlidir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin I bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İş materialları ilə təsdiq olunur ki, Mirzəliyev Rauf Namiq oğlu “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq, avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. Mirzəliyev Rauf Namiq oğlu tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, inzibati xəta haqqında protokol, videogörüntü, xüsusi texniki vasitə olan alkotesterin nəticəsi və iş materiallarında olan digər sənədlər ilə öz təsdiqini tapır. Hesab edirəm ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti düzgün olmuş, eyni zamanda apellyaiya şikayətinin dəlilləri formal xarakterli dəlillər kimi qiymətləndirilməklə əsassız hesab edilir və inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Halbuki, inzibati tənbeh tədbirinin inzibati xəta törətmiş şəxsin islah olunmasına, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması, habelə törədilmiş inzibati xətanın xarakteri, onun törədilməsi halları baxımından qanuni və ədalətli olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının 2.1-ci bəndinə göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. Həmin Qaydaların 2.2-ci bəndində göstərilir ki, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. İstinad edilən Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 saylı Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na görə sərxoşluğun müəyyən edilməsinin iki fərqli proseduru mövcuddur ki, birinci halda sərxoşluğun DYP əməkdaşları tərəfindən yerində müəyyən edilməsi; ikinci halda sərxoşluğun tibb müəssisəsində müəyyən edilməsi. DYP əməkdaşı qaydalarda göstərilən üç əlamətdən biri və ya bir neçəsi olduqda alkotesterdən və ya narkotesterdən istifadə etməklə sürücünün sərxoşluğunu müəyyən edə bilər. Həmin əlamətlərdən birincisi sürücünün nəfəsindən alkoqollu içki qoxusu gəlməsi; ikincisi sürücünün ayaq üstə sərbəst dayana bilməməsi və üçüncüsü sürücünün özünü idarə edə bilməməsi. Alkotester və narkotesterin tətbiqi, habelə onların göstəricilərinin qəbul edilməsi sürücünün iradəsindən asılıdır. Yəni sürücü bu vasitələrlə sərxoşluğun müayinəsindən imtina edərsə, yaxud həmin vasitələrin sərxoşluğun olmasına dair göstəricilərini qəbul etməzsə, sərxoş sayıla bilməz və mütləq tibbi müayinədən keçirilməlidir. Sərxoşluğun tibbi müayinəsi də sərxoşluğun növündən asılı olaraq həyata keçirilir. Tibb müəssisəsində alkoqol sərxoşluğu qanın analizi yolu ilə, narkoloji sərxoşluq isə qanın, tüpürcəyin, sidiyin və s. müvafiq tibbi metodlarla analiz edilməsi yolu ilə müəyyən edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumun müvafiq qərarlarında vurğulandığı kimi, apellyasiya instansiyası məhkəmələrinin diqqətini ona cəlb etməyi lazım bilinir ki, onlar birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı, mahiyyət üzrə düzgün olan qərarının yalnız formal mülahizələrə görə ləğv edilməsindən çəkinməlidirlər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarı). Hesab edirəm ki, birinci instansiya məhkəməsi tərəfindən Mirzəliyev Rauf Namiq oğluna tətbiq edilmiş inzibati tənbeh əsaslı olmuş və bu tənbehin əsaslılığı müzakirə edilərkən aşağıdakılar nəzərə alınır. Belə ki, İXM-nin 3-cü maddəsinə müvafiq olaraq məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 21 və 31.1-ci maddələrinə əsasən inzibati tənbeh inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır və bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Hesab edirəm ki, apellyasiya şikayətinin dəlillərində qeyd edilən hallar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mirzəliyev Rauf Namiq oğlu tərəfindən birinci instansiya məhkəməsində göstərdiyi hallarla eynilik təşkil etdiyindən və həmin hallara dair birinci instansiya məhkəməsi tərəfindən verilmiş hüquqi qiymət əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilmədiyindən həmin dəlillər birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, hesab edirəm ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və bu qərar ədalətli olmaqla inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə xidmət edir. Bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən Mirzəliyev Rauf Namiq oğluna tətbiq edilən inzibati tənbeh növünün və bu tənbehin həddinin dəyişdirilməsi üçün hər hansı bir əsas yoxdur. Qeyd olunanları, Rauf Mirzəliyevin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, sonuncunu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq və ədalətlilik prinsipi baxımından sonuncuya tətbiq edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququnun altı ay müddətinə məhdudlaşdırılması törədilmiş əmələ adekvatdır. Yuxarıda şərh edilənlərə əsasən hesab edirəm ki, apellyasiya şikayətinin dəlilləri qərarın dəyişdirilməsi üçün əsas kimi qəbul edilməyərək Mirzəliyev Rauf Namiq oğlunun Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmasına dair Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2026-cı il tarixli, 3(5-155)-419/2026 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, İXM-nin 134.1, 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən İXM-nin 134.1.1, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Mirzəliyev Rauf Namiq oğlunun Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2026-cı il tarixli, 3(5-155)-419/2026 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Mirzəliyev Rauf Namiq oğlunun apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-199/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-199/2026
10.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver