Məhkəmə qərarları › İş №3(3-8)-201/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-201/2026

06.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-201/2026 06.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Qırımxanlı Sübhan İlham oğlunun iştirakı ilə, «İLÇİN.İ» MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolla bağlı qəbul olunmuş Abşeron Rayon Məhkəməsinin 3(5-105)-775/2026 nömrəli, 16.03.2026-cı il tarixli qərarından «İLÇİN.İ» MMC-nin direktoru Rauf Məmmədov tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 3(5-105)-775/2026 nömrəli, 16.03.2026-cı il tarixli qərarına (hakim Abusət Qasımov) əsasən «İLÇİN.İ» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. İşin halları: Abşeron RPİ DYPŞ tərəfindən «İLÇİN.İ» MMC-nin mülkiyyətində olan «Ford» markalı, 77 YZ 518 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 17.02.2026-cı il tarixli, AP 0217419 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs «İLÇİN.İ» Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan «Ford» markalı, 77 YZ 518 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 31 yanvar 2026-ci il tarixində, saat 10:44-də inzibati xəta törədilməsi zaman həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə cavab verməmişdir. Abşeron Rayon Məhkəməsi yuxarıda qeyd edilən qərarı qəbul etmişdir. Qərardan narazı qalan «İLÇİN.İ» MMC-nin direktoru Rauf Məmmədov apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 3(5-105)-775/2026 saylı, 16.03.2026-cı il tarixli qərarının ləğv olunması və “İLÇİN.İ” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xalalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri Abşeron Rayon Polis İdarəsinə geri qaytarılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən qərarın çıxarılmasına dair sübut və sair sənədləri düzgün araşdırmamışdır. Belə ki, inzibati xəta ilə bağlı bildiriş 10.02.2026-cı il tarixdə cəmiyyətə göndərilmişdir. Bildirişə cavab məktubu 13.02.2026-cı il tarixdə göndərilmiş və DYPŞ-nin dəftərxanası tərəfindən qəbul edilmişdir. Təqdim edilmiş məlumatlara baxmayaraq 17.02.2026-cı il tarixdə İXM 347-ci maddəsi ilə protokol tərtib edilmişdir. 23.02.2026-cı il tarixində yenidən Abşeron RPİ DYPŞ-nə göndərilmiş məktubun vaxtında göndərilməsi və tərtib edilmiş protokolun ləğv edilməsi barədə müraciət edilməsinəə baxmayaraq heç bir müsbət nəticə əldə edilməmişdir. Hesab edir ki, qəbul edilmiş qərar əsassız olduğu üçün ləğv edilməlidir. Prosessual məsələlər: Apellyasiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, hüquqi şəxs barəsində İXM-nin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, “İLÇİN.İ” MMC-yə məxsus 77-JZ-518 dövlət qeydiyyat nişanlı Ford Transit yük avtomobilin 05.01.2026-ci il tarixdən 31.12.2026-ci il tarixədək Quliyev Babaş Gülağa oğlunun idarəsinə verilməsi barədə məktub tərtib edilərək DYPŞ-nin dəftərxanasına təqdim edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Abşeron Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi məlumatlandırılmış olsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə Abşeron Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi şikayətin dəlillərini iş materiallarında olan və şikayətə əlavə edilmiş sənədlərlə müqayisəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməklə Abşeron Rayon Məhkəməsinin 3(5-105)-775/2026 nömrəli, 16.03.2026-cı nömrəli qərarı ləğv olunmalı, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiya məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsinin məktubu və müvafiq poçt qəbzindən aydın olur ki, «İLÇİN.İ» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus «Ford» markalı, 77 YZ 518 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 31 yanvar 2026-ci il tarixində, saat 10:44-də inzibati xəta törədilən zaman həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə, yəni 11 fevral 2026-ci il tarixdə şirkətə çatdırılmaqla, cavab verilməsi xahiş olunmuşdur. İş materiallarında olan SX085226166AZ saylı xəbərnamədən görünür ki, Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubu 11 fevral 2026-ci il tarixdə «İLÇİN.İ» Məhdud Məsuliyyətli Cəmiyyətinə çatdırılmış və “H.Aslanov” tərəfindən imza olunmaqla qəbul edilmişdir. Mübahisələndirilən qərardan görünür ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında AP seriyalı 0217419 nömrəli protokol və ona əlavə olunmuş sənədləri araşdıraraq müəyyən edmişdir ki, «İLÇİN.İ» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus «Ford» markalı, 77 YZ 518 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 31 yanvar 2026-ci il tarixində, saat 10:44 inzibati xəta törədilməsi zamanı həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə icra edilməmişdir. Aşağıda qeyd olunanlara görə məhkəmə hesab edir ki, İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, «İLÇİN.İ» MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 05.01.2026-cı il tarixli 10 nömrəli məktubdan görünür ki, “İLÇİN.İ” MMC-yə məxsus 77-JZ-518 dövlət qeydiyyat nişanlı Ford Transit yük avtomobilin 05.01.2026-ci il tarixdən 31.12.2026-ci il tarixədək Quliyev Babaş Gülağa oğlunun idarəsinə verilməsi barədə məlumat və ona əlavə edilmiş avtomobilin texpasportunun surəti, sürücünün sürücülük vəsiqəsinin surəti, yol vərəqəsinin surəti 13.01.2026-cı il tarixdə Abşeron Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin dəftərxanası tərəfindən qəbul edilmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “İLÇİN.İ” MMC tərəfindən tərtib edilmiş 05.01.2026-cı il tarixli məktub Abşeron Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə 13.01.2026-cı il tarixdə çatdırılmışdır. Apellyasiya məhkəməsi tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, hüquqi şəxs olan “İLÇİN.İ” MMC mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olmamışdan əvvəl vermişdir. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibinin olmadığı halda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, «İLÇİN.İ» MMC-nin İXM-nin 347-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Abşeron Rayon Məhkəməsinin 3(5-105)-775/2026 nömrəli, 16.03.2026-cı nömrəli qərarı ləğv olunmalı, İXM-nin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1, 53, 105.1, 134-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilsin. «İLÇİN.İ» MMC-nin İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilməsinə dair Abşeron Rayon Məhkəməsinin 3(5-105)-775/2026 nömrəli, 16.03.2026-cı nömrəli qərarı ləğv edilsin. «İLÇİN.İ» MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar