Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-214/2026 17.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mütəllimova Təranə Islam qızının iştirakları ilə, Mütəllimova Təranə Islam qızının barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mütəllimova Təranə Islam qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim F.A.Nəsimiyev), Mütəllimova Təranə Islam qızının Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsi alınmışdır. IŞIN HALLARI : Inzibati materialdan müəyyən olunur ki, Mütəllimova Təranə Islam qızının Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş protokol məhkəməyə göndərilmiş və protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mütəllimova Təranə Islam qızı apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, inzibati işə üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı tam qanunsuz və ədalətsizdir. Belə ki, göründüyü kimi, məhkəmə qətnaməsi məhz pul tələbi ilə bağlıdır. Icra məmurunun protokolda qeyd etdiyi hallar həqiqəti əks etdirmir. O hər zaman icra məmurunun çağırışları üzrə icra idarəsinə yaxınlaşmış və orada maddi vəziyyətinin acınacaqlı olduğunu bildirmişdir. Qeyd etmişdir ki, tək gəlir yeri övladıyla bağlı aldığı 300 manat pensiyadır və borcun həmin pensiyaya yönəldilməsi mümkündür. Lakin icra məmuru hər dəfəsində müxtəlif bəhanələrlə onu yola vermiş və narahat olmamasını bildirmişdir. Görünür ki, tələbkar tərəf icra məmuruna təzyiq göstərdikdən sonra məsələ dərhal məhkəməyə çıxarılmışdır. Halbuki o, borcdan yayınmır. Pensiyadan başqa heç bir gəlir mənbəyi yoxdur. Himayəsində azyaşlı övladı və birinci dərəcəli əlilliyi olan həyat yoldaşı vardır. Həyat yoldaşı ağır xəstədir. Onun həmin borcu birdəfəyə ödəməsi mümkün deyildir. Buna baxmayaraq, məhkəmə araşdırma aparmadan və qeyd olunan halları nəzərə almadan qərar qəbul etmişdir. Bundan əlavə, məhkəmə tərəfindən ona 500 manat məbləğində cərimə tətbiq edilməsi də əsassızdır. Əgər belə maddi imkanı olsaydı, həmin məbləği birbaşa borcun ödənilməsinə yönəldərdi. Məhkəmənin əsas vəzifəsi ədalət mühakiməsinin həyata keçirilməsidir. Onun isə məhkəmədən başqa müraciət edəcəyi bir yer yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən xahiş edir ki, qəbul edilmiş qərar ləğv edilsin və iş üzrə yenidən ədalətli araşdırma aparılsın. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya məhkəməsinin iclasında iştirak edən protokolu tərtib etmiş icra məmuru X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edərək əlavə olaraq qeyd etdi ki, məhkəmə qərarı ilə onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Adına qeydə alınan əmlak müəyyən edilməmişdir. Rəsmi gəliri olsa da, həmin gəlir himayəsində olan şəxsə baxmağa görə təyin edildiyindən məcburi tutulma yönəldilə bilməmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qızı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək qeyd etdi ki, o hazırda da pulunu tələb edir. Qızıyla barışmışdır, amma pulundan imtina etmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs olan qızı pulu az-az ödəyəcək. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Mütəllimova Təranə Islam qızı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, protokolu tərtib etmiş icra məmuru, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materialları ilə apellyasiya şikayətinin dəlillərini əlaqəli şəkildə tədqiq edərək hesab edirəm ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, protokolda göstərilənlərə əsasən borclu Sumqayıt Şəhər Məhkəməsinin *(***)****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi üzrə borclu məhkəmə qərarını yerinə yetirməmiş və qərarı icra etməkdən boyun qaçırmışdır. Bununla da, Mütəllimova Təranə Islam qızı Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbi qismən təmin edilmişdir. cavabdeh Mütəllimova Təranə Islam qızından 12000 (on iki min) manat məbləğində pul, habelə ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumunun və 325 (üç yüz iyirmi beş) manat məbləğində hüquqi yardımın əvəzi alınaraq iddiaçı Zərərçəkmiş şəxs qızına verilsin. Iddia tələbi qalan hissədə və cavabdeh X2 münasibətdə təmin edilməsin. Iş materiallarından görünür ki, borclu Mütəllimova Təranə Islam qızı icra sənədindən məlumatlı olmuş, icra məmuru tərəfindən dəfələrlə icra idarəsinə çağırılmış, ona könüllü icra üçün qanunla nəzərdə tutulmuş müddət verilmiş və bu barədə rəsmi qaydada xəbərdarlıq edilmişdir. Lakin buna baxmayaraq, o, icra sənədində göstərilən tələbi yerinə yetirməmiş, borcun hər hansı hissəsinin ödənilməsi istiqamətində real və təsdiqedici tədbirlər görməmişdir. Apellyasiya şikayətində göstərilən, guya borclunun icra sənədini icra etmək niyyətində olması və yalnız maddi imkansızlıq səbəbindən bunu edə bilməməsi barədə arqumentlər onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən məsuliyyətin yaranması üçün əsas şərt icra sənədində nəzərdə tutulan tələbin üzrsüz səbəbdən icra edilməməsidir. Iş üzrə isə borclunun icranı mümkünsüz edən obyektiv və üzrlü səbəbləri təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, borclunun maddi vəziyyətinin ağır olması, ailə vəziyyəti və digər sosial xarakterli halları icra sənədinin icrasından yayınmanı əsaslandıran hal kimi qiymətləndirilə bilməz və bu hallar icra sənədinin icrasını istisna etmir. Qanunvericilik icra sənədinin məcburiliyini təsbit etmiş və belə sənədlərin icrasını bütün şəxslər üçün vacib etmişdir. Apellyasiya şikayətində icra məmurunun hərəkətlərinin guya qeyri-obyektiv olması və üçüncü şəxslərin təsiri altında protokol tərtib etməsi barədə iddialar da heç bir sübutla təsdiq olunmur, iş materiallarında bu halları təsdiqləyən hər hansı dəlil mövcud deyildir və həmin iddialar mülahizə xarakteri daşıyır. Bundan əlavə, borclunun izahatlarından da aydın olur ki, o, icra sənədi üzrə borcun mövcudluğunu və uzun müddət ərzində ödənilmədiyini etiraf etmişdir ki, bu da onun təqsirini təsdiq edən hallardan biridir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlara düzgün hüquqi qiymət verilmiş, inzibati xətanın obyektiv və subyektiv tərkibi düzgün müəyyən edilmiş və nəticə etibarı ilə Mütəllimova Təranə Islam qızının Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinməsi barədə nəticə qanuni və əsaslı olmuşdur. Eyni zamanda, tətbiq edilmiş 500 manat məbləğində inzibati cərimə sanksiyanın aşağı həddində olmaqla, törədilmiş inzibati xətanın xarakterinə, borcun məbləğinə, şəxsin şəxsiyyətinə və işin digər hallarına uyğun seçilmiş, ədalətlilik və proporsionallıq prinsiplərinə cavab verir. Bu səbəbdən apellyasiya şikayətində cərimənin əsassız olması barədə dəlillər də qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129 maddəsinin İ və II hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 3 və 4-cü bəndlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Qeyd edilməsi zəruridir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının IXM-nin 528.1-ci maddəsinin tələbinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, Mütəllimova Təranə Islam qızının icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməməsi iş materialları ilə sübuta yetirildiyindən birinci instansiya məhkəməsinin onu IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək, barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsinin Mütəllimova Təranə Islam qızının barəsində cərimə növündə tənbeh tədbirini tətbiq etməsi inzibati tənbeh tədbirinin inzibati xəta törətmiş şəxsin islah olunmasına, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Hesab edirəm ki, apellyasiya şikayətinin dəlilləri mülahizə xarakterli olmaqla işin halları ilə təkzib edildiyindən əsassızdır və bu dəlillərə istinad etməklə inzibati xəta törətmiş şəxs məsuliyyətdən yayınmaq məqsədi daşıyır, ona görə də barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mütəllimova Təranə Islam qızına törətmiş olduğu inzibati xətaya görə inzibati xətalar qanunvericiliyinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsi əsaslı olmuşdur. Belə olan halda törədilmiş inzibati xətanın xarakterini, Mütəllimova Təranə Islam qızının şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, icra sənədində göstərilən tələb üzrlü səbəb olmadan ödənilmədiyini nəzərə alaraq onun barəsində inzibati cərimə tətbiq edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edirəm. Qanunun tələbinə əsasən məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Belə ki, IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. IXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda şərh edilənlərə əsasən hesab edirəm ki, apellyasiya şikayətinin dəlilləri formal əsaslar kimi qiymətləndirilməklə təmin edilməməli, Mütəllimova Təranə Islam qızının Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasan inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən IXM-nin 134.1.1, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Mütəllimova Təranə Islam qızının barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mütəllimova Təranə Islam qızının apellyasiya şikayəti təmin olunmasın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-214/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-214/2026
17.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver