Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-218/2026 10.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nadirov Sahil Qədirxan oğlu və onun müdafiəçisi Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Nadirov Sahil Qədirxan oğlunun Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından müdafiəçi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio- video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim : Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim Samir İsmayılov) Sahil Nadirov Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdə saxlama müddətinin əvvəlinin ## ##### 2026-cı il tarixdən saat 16:55-dən hesablanması qərara alınmışdır. İşin halları : Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 tərəfindən Nadirov Sahil Qədirxan oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə ## ##### 2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Qərardan narazı qalan müdafiəçi Vəkil apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda tələbkar ilə Sahil Nadirovun ailəsi arasında barışıq əldə edilmişdir. Tələbkara 600 manat ödəniş edilmiş, qalan borcun isə hər ay hissə-hissə icra edilməsi barədə öhdəlik götürülmüşdür. Bu barədə Zərərçəkmiş şəxs həm məhkəməyə, həm də İcra İdarəsinə ərizələr də tərtib etmişdir. Beləliklə də, işin hallarından görünür ki, icra sənədində göstərilən tələb qismən icra edilmiş, onun tam icra edilməsi barədə tərəflər arasında razılıq əldə edilmişdir. Belə olan halda isə, Sahil Nadirovun Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməməsi müəyyən olunur. Ona görə də hesab edir ki, Sahil Nadirov barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Proses iştirakçılarının izahatları : Apellyasiya instansiyası məhkəməsinin iclasında müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Nadirov Sahil Qədirxan oğlu barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasında Sahil Nadirov apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru və zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bununla belə apellyasiya instansiyası məhkəməsinin iclasına “Whatsapp” mobil tətbiqi vasitəsilə qoşulmuş zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etdi ki, 3480 manat borcdan 200 manat ödəniş edilmişdir. Sahil Nadirov həbs olunandan sonra onun qohumları 600 manat ödəniş etmişlər, ayda da 300 manat ödəməyə söz vermişlər. Hazırda 2880 manat borcu qalıb və qardaşı hər ay 300 manat ödəyəcəyini bildirib. Apellyasiya məhkəməsi şikayət üzrə məhkəmə baxışının inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikasının İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı işdə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, proses iştirakçılarının izahatlarını dinləyib, iş materialları ilə apellyasiya şikayətinin dəlillərini əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən icarə obyekti borclu tərəfindən saxlandığı müddət üçün ## ###### 2024-cü il tarixdən etibarən hər ay 300 manat kompensasiya məbləği hesablanmaqla borclu Nadirov Sahil Qədirxan oğlundan alınaraq Zərərçəkmiş şəxs ödənilməli, icarə obyektinin yaxşılaşdırılması üçün Nadirov Sahil Qədirxan oğlu tərəfindən çəkilmiş xərcin əvəzi qismində borclu Zərərçəkmiş şəxs 770 manat və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi olmaqla, cəmi 790 manat tutularaq Nadirov Sahil Qədirxan oğluna ödənilməli, ünvan 1 ünvanında yerləşən sahəsi 42,5 kvadrat metr olan qeyri-yaşayış obyekti Nadirov Sahil Qədirxan oğlunun qanunsuz sahibliyindən götürülüb boşaldılaraq Zərərçəkmiş şəxs təhvil verilməli, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Nadirov Sahil Qədirxan oğlundan tutularaq Zərərçəkmiş şəxs ödənilməli, hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manatın əvəzi Nadirov Sahil Qədirxan oğlundan tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi üzrə ##.##.2025-ci ildə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş borclu Nadirov Sahil Qədirxan oğluna təqdim edilmişdir. İcra sənədi üzrə tələblərdən biri obyektin boşaldılaraq təhvil verilməsi olmuş və icra sənədi həmin hissədə icra edilərək ##.##.2025-ci ildə obyekt boşaldılaraq Zərərçəkmiş şəxs təhvil verilmişdir. İcra sənədi üzrə hər iki tərəf birbirinə münasibətdə tələbkar və borclu qismində çıxış etdiyi üçüm qarşılıqlı tələblər əvəzləşdirilmiş və Nadirov Sahil Qədirxan oğlu 320 manat ödəniş etmişdir. Bundan sonra Nadirov Sahil Qədirxan oğlunun qarşı tərəfə 3460 manat borcunun olması müəyyən edilmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, Nadirov Sahil Qədirxan oğlu eyni icra sənədinin icra edilməməsinə görə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə İXM-in 528.1-ci maddəsi ilə 500 manat inzibati cərimə edilmişdir. Birinci instansiya məhkəməsi hazırkı mübahisələndirilən qərarını qəbul edərkən Nadirov Sahil Qədirxan oğlunun icra sənədi üzrə ödənişləri tam icra etməyərək icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirməklə, eyni əməli il ərzində təkrar törətdiyindən onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmasına dair yekun nəticəyə gəlmişdir. Onun şəxsiyyətini, təqsirinin dərəcəsini, barsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə baxmayaraq yenidən eyni xətanı törətməsini nəzərə almış və borcluya təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 3 və 4-cü bəndlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar (“İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1 və 3.2-ci maddəsi). “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dizpozisiyasına əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə görə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati məsuliyyət yaradır. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə qətnaməsinin və ya digər məhkəmə qərarının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları icra edilmədikdə pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. Digər tərəfdən bu əməllə demokratik cəmiyyət və ədalət mühakiməsinin fundamental hüquqlarından biri olan ədalətli məhkəmə araşdırması hüququ real mahiyyət kəsb etməyən xəyali bir hüquqa çevrilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, ağırlaşdıran halın olmaması, təqsirin dərəcəsi, tələbkara real olaraq ödənilmiş zərərin həcmi, inzibati tənbehin şəxsin islah olunmasına yönəlməsi nəzərə alınarsa apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən barəsində inzibati xəta üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, həmin qərarın ləğv edilərək, borclu şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassız və formal mülahizə kimi dəyərləndirilməlidir. Birinci instansiya məhkəməsinin Nadirov Sahil Qədirxan oğlunun barəsində həbs növündə tənbeh tədbirini tətbiq etməsi inzibati tənbeh tədbirinin inzibati xəta törətmiş şəxsin islah olunmasına, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Bundan başqa apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, həmin dəlillər əsassızdır ona görə ki, iş materiallarından göründüyü kimi borclu tərəfindən zərərçəkmiş şəxsə icra sənədi üzrə tam ödəniş edilməmişdir. İcra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinə əsasən tutulmalı olan məbləğin azaldılması və ya icra üsulunun dəyişdirilməsi barədə digər qərar qəbul olunmamış, ən əsası isə məhkəmə qətnaməsi ilə ödənilməsi tələb olunan borcun ödənməsi üçün borclu tərəfindən lazımi səy göstərməməsi onu deməyə əsas verir ki, borclu Nadirov Sahil Qədirxan oğlu icra sənədini icra etməkdən üzrsüz səbəbdən yayınır və icra məmurunun qanuni tələbini icra etmir, icra sənədinə etinasız yanaşır və xeyli müddət keçməsinə baxmayaraq borcunu tam ödəməmiş, yalnız inzibati qaydada həbs olunandan sonra borclunun qohumları tərəfindən tələbkara 600 manat ödəniş edilmişdir. İşin bu halı icra sənədinin tam icra olunması kimi qiymətləndirilə bilməz. Bundan başqa apellyasiya məhkəməsinin iclasında o da müəyyən edilmişdir ki, Sahil Nadirov eyni icra sənədinin üzürsüz səbəbdən icra etməməsinə görə cərimə olunduğu 500 manatı da ödəməmişdir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Nadirov Sahil Qədirxan oğluna tətbiq edilmiş inzibati tənbeh onun şəxsiyyətinə, törətdiyi inzibati xətanın xarakterinə və təqsirinin dərəcəsinə, işin hallarına, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən normalarına uyğundur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nadirov Sahil Qədirxan oğlunun apellyasiya məhkəməsində dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməli, hər iş saatına görə ödəniləcək məbləğin hazırda 11 manat olması və müdafiəçinin hesabatı nəzərə alınmaqla 3 iş saatına görə 33 manat məbləğində vəsait həmin vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülsün. İXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasan inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Apellyasiya şikayəti təmin olunmasın. Nadirov Sahil Qədirxan oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Nadirov Sahil Qədirxan oğluna hüquqi yardım göstərilməsinə görə onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası dövlət büdcəsindən Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına 33 (otuz üç) manat köçürülsün. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-218/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-218/2026
10.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver