Məhkəmə qərarları › İş №3(3-8)-268/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-268/2026

14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-268/2026 14.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Abdullayeva Naibə Ilham qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, onun müdafiəçiləri vəkil1 və X3, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Siyəzən rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən Nümayəndə iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Siyəzən Rayon Məhəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Siyəzən rayon prokuroru Ismayıl Abiyev tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDIM: “X1” MMC-nin sətəm üzrə inspektoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixdə Siyəzən rayonun ərazisində yerləşən həmin MMC-nin nəzdində olan HTP polimer zavodunda olan boruların istehsalı üçün nəzərdə tutulmuş avadanlığın texniki cəhətdən saz vəziyyətdə saxlanılması kimi texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riyayət edilməsi vəzifəsi ona həvalə olunduğu halda, boruların istehsalı üçün nəzərdə tutulmuş avadanlığın təhlüklə mənbəyi olan hərəkətli hissələrinin (bunkerlərinin) üzərini qoruyucu vasitələrlə təchiz olunmasını təmin etməyərək, “Istehsalat avadanlıqları.Ümumi təhlükəsizlik tələbləri.12.2.003-91 DÜST”-ün 1.2, 2.1.5 bəndlərinin tələblərini pozması ehtitarsızlıqdan adı çəkilən zavoda operator köməkçisi işləyən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuş, bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbehin tətbiq olunmasına dair Siyəzən rayon prokuroru Ismayıl Abiyev tərəfindən ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Siyəzən Rayon Məhəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Siyəzən rayon prokuroru Ismayıl Abiyev apellyasiya protesti verərək Siyəzən Rayon Məhəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Siyəzən rayon məhkəməsinin hakimi Günel Quluzadə tərəfindən inzibati xəta haqqında iş araşdırılarkən yalnız məhkəmədə izahatları alınmış Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə müdafiəçisi vəkil2 izahatlarına istinad edilmiş, əsassız olaraq ibtidai araşdırma orqanı tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmadığı, hadisənin baş verməsi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətləri arasında səbəbli əlaqənin tədqiq edilməməsi qənaətinə gəlinmişdir. Halbuki, ibtidai araşdırma orqanı tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılaraq hadisə olan günü dərhal hadisə yerinə zavodun əməkdaşının iştirakı ilə baxış keçirilmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmiş, zərərçəkmiş şəxsin, şahidlərin və məsul şəxslərin izahatları alınmış, zəruri sənədlər tələb edilərək iş materiallarına əlavə edilmiş, məhkəmə-tibbi və məhkəmətexniki təhlükəsizlik ekspertizaları təyin edilərək rəylər alınmışdır. Aparılmış araşdırma zamanı da qeyd olunan hadisənin baş verməsinə səbəb HTP polimer zavodunda olan boruların istehsalı üçün nəzərdə tutulmuş avadanlığın texniki cəhətdən saz vəziyyətdə saxlanılmasına cavabdeh olan şəxs, zavodun sətəm üzrə inspektoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən avadanlığın təhlükə mənbəyi olan hərəkətli hissələrinin (bunkerinin) üzərini qoruyucu vasitələrlə təchiz olunmasını təmin etməməsinin olması toplanmış materiallarla öz təsdiqini tapmışdır. Məhkəmə, öz qərarında baş vermiş hadisəni Zərərçəkmiş şəxs özünün ehtiyasızlığından aldığını, onun işlək vəziyyətdə olan aparatın içinə əlinin salınmaması barədə təlimatlandırılmasına, aparatın üzərində “əl salmaq qadağandır” sözlərinin yazılmasına baxmayaraq hadisə günü əlini işlək vəziyyətdə olan avadanlığın içərisinə salmaqla xəsarət aldığını, bununla da “HTP” zavodunun sətəm üzrə inspektoru tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməməsi nəticəsində baş vermədiyini iddia etsə də, Azərbaycan Respublikası IXM-nin 198.3cü maddəsinin dispozisiyasından görünür ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması həmin maddə ilə inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, istehsalat qəzaları zamanı alınmış xəsarətlər hər bir halda ehtiyatsızlıqdan alındıqda bu maddə ilə məsuliyyətə səbəb olur. Yəni, şəxsin istehsalat zamanı ehtiyatsızlıqdan xəsarət alması qeyd olunan maddə ilə məsuliyyətə səbəb olmama kimi qiymətləndirilməməlidir. Belə ki, araşdırma zamanı toplanmış materiallarla da müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs işə başlamadan əvvəl işlək vəziyyətdə olan aparatın içinə əlinin salınmaması barədə təlimatlandırılmış və həmin dəzgahın üzərində “əl salmaq qadağandır” sözləri yazılmışdır. Lakin araşdırma zamanı toplanmış sübutlar və məhkəmə-texniki təhlükəsizlik ekspertizasının rəyi ilə kifayət qədər sübuta yetirilmişdir ki, hadisənin baş verməsinə səbəb Zərərçəkmiş şəxs əlini ehtiyatsızlıqdan həmin avadanlığın işinə salınmasına görə yox, boruların istehsalı üçün nəzərdə tutulmuş avadanlığın texniki cəhətdən saz vəziyyətdə saxlanılmasına cavabdeh olan şəxs, zavodun sətəm üzrə inspektoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən avadanlığın təhlükə mənbəyi olan hərəkətli hissələrinin (bunkerinin) üzəri qoruyucu vasitələrlə təchiz olunmaması olmuşdur. Belə olan halda, hadisənin baş verməsi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətləri arasında səbəbli əlaqə vardır. Həmçinin, məhkəmə tədqiqat aparan ekspert tərəfindən müəssisəyə gedilərək həmin avadanlığa baxış keçirilmədiyini, yalnız hadisə yerinə baxış protokoluna əsasən rəy verildiyini, belə olan halda ekspert tərəfindən tam və düzgün tədqiqat aparılması halının məhkəmədə şübhə yaratdığını qeyd etsə də, məhkəmənin gəldiyi həmin qənaət də əsassızdır. Belə ki, araşdırma materiallarından görünür ki, hadisə barədə rayon prokurorluğuna məlumat daxil olan kimi dərhal hadisə yerinə araşdırmanı aparan şəxs tərəfindən HTP polimer zavodunun əməkdaşının iştirakı ilə ətraflı baxış keçirilmiş və fotoşəkillər tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. Həm baxış protokolunda qeyd olunanlar, həm də fotoşəkillərdən aydın şəkildə görünür ki, hadisənin baş verdiyi boruların istehsalı üçün nəzərdə tutulmuş avadanlığın təhlükə mənbəyi olan hərəkətli hissələrinin (bunkerinin) üzəri qoruyucu vasitələrlə təchiz olunmamışdır. Tədqiqatı aparan ekspert tərəfindən də, bu xüsusatlar nəzərə alındığından və kifayət qədər sübutlarla öz təsdiqini tapdığından hadisə yerinə təkrar baxış keçirtmək zərurəti yaranmamışdır. Belə olan halda ekspert tərəfindən tədqiqatın tam və düzgün aparılmasına hər hansı şübhə yaranmır. Bundan başqa, məhkəmə qərarında rayon prokuroruna inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verildiyini, lakin rayon prokurorunun səlahiyyətli nümayəndəsinin məhkəmə iclasına iştirakını təmin etmədiyini qeyd etsə də, məhkəmə iclasının keçirilmə vaxtı ilə bağlı rayon prokurolruğuna hər hansı məlumat verilməmiş, bununla bağlı bildiriş təqdim olunmamışdır. Bu səbəbdən də prokurorluğun nümayəndəsinin iclasda iştiraknı təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən Nümayəndə apellyasiya protestinin dəlillərini müdafiə edərək Siyəzən Rayon Məhəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, onun müdafiəçiləri vəkil1 və X3 çıxış edərək apellyasiya protestinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, səhər 08:00-da işə gəlmiş, işə başlamamışdan əvvəl baş kurator tərəfindən təhlükəsizlik təlimatları izah edilmiş, iş bölgüsü aparılmış, həmin gün işi aparata xammal boşaltmaq olmuşdur. Xammal boşaldılan yer setka ilə bağlı olmuşdur. Xammalı boşaldan zaman rezak əlindən boşaldılan yerə düşmüşdür. Təlimat üzrə aparatı söndürməli, bu barədə çilingərə məlumat verməli idi. Lakin refleks olaraq əlini həmin yerə salmış, bunun nəticəsində əlindən xəsarət almışdır. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarıını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq iş materiallarında olan sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmişdir. Belə ki, işdə olan Siyəzən rayon prokuroronun böyük köməkçisi vəzifəsini icra edən Nümayəndə tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış ***c-** nömrəli material üzrə X2 iş zamanı xəsarət alması faktı ilə əlaqədar HTP polimer zavodunun sətəm üzrə inspektoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olunun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-nin 198.3-cü maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair prokurora müraciət olunmuşdur. Işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin məhkəmə-tibb ekspertizasının ## ###### 2025-ci il tarixli, *** saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ əlin 4- 5-ci barmaqlarının əzilmiş-didilmiş yaraları və sağ 5-ci əldarağı sümüyünün çəp xətti sınığı aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti ## ###### 2025-ci il tarixə uyğun gəlir və səhhətin uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli, **/**** saylı rəyinin surətindən görünür ki, Siyəzən rayonu ərazisində yerləşən HTP polimer zavodunda boruların istehsalı üçün nəzərdə tutulmuş avadanlığın təhlükə mənbəyi olan hərəkətli hissələrinin (bunkerinin) üzərinin qoruyucu vasitələrlə təchiz olunmaması hadisənin baş verməsinə səbəb olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Istehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri 12.2.003-91 DÜST”-ün 1.2, 2.1.5 bəndlərinin tələbləri pozulmuşdur. Siyəzən rayonu ərazisində yerləşən HTP polimer zavodunda boruların istehsalı üçün nəzərdə tutulmuş avadanlığın təhlükə mənbəyi olan hərəkətli hissələrinin (bunkerinin) üzərinin qoruyucu vasitələrlə təchiz olunması təmin edilmədiyinə görə, “Istehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST”-ün 1.2, 2.1.5 bəndlərinin tələbləri həmin avadanlığın texniki cəhətdən saz vəziyyətdə saxlanılmasına cavabdeh olan şəxs(lər) tərəfindən pozulmuşdur. Apellyasiya şikayəti üzrə icraat zamanı şahid Şahid öz izahatında göstərmişdir ki, “X1” MMC-də çilingər vəzifəsində işləyir. Iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Zərərçəkmiş şəxs iş yoldaşlarıdır. Hadisə günü baş operator yaxınlaşıb məlumat vermişdir ki, rezak avadanlığın içinə düşmüşdür. Müvafiq olaraq avadanlığın qoruyucu hissəsini söküb rezakın qırıntılarını götürmüşdür. Bu ərəfədə prokurorluğun əməkdaşları gəlmiş, baş qarışmış, qoruyucu hissəsi yerinə taxa bilməmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə — min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda —min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Apellyasiya məhkəməsi onu qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətə cəlb olunması üçün onun hərəkəti ilə yaranan zərər arasında birbaşa səbəbnəticə əlaqəsi olmalıdır. Əgər nəticə başqa səbəblərdən yaranıbsa, səbəbli əlaqə yoxdur. Səbəbli əlaqə ilə bağlı bir sıra nəzəriyyələr mövcuddur və məhkəmə hazırki işlə bağlı şərt və ya şərtlərin bərabərliyi nəzəriyyəsini tətbiq etməyi zəruri hesab edir. Bu nəzəriyyə Latınca conditio sine qua non olaraq adlandırılan nəzəriyyədir. Terminin latınca ifadəsini tərcümə etsək, “olmasaydı olmazdı” fikri ortaya çıxır. Şərt nəzəriyyəsinin bizim qarşımıza qoyduğu əsas məsələ “əgər göstərilən hərəkətlərdən hər hansısa biri olmasaydı əməl olmayacaqdı” ifadəsidir. Bu nəzəriyyəyə görə müəyyən bir nəticənin baş verməsi üçün zəruri olan və onsuz nəticənin baş verməyəcəyi hər hərəkət nəticənin şərti sayılır. Conditio sine qua non formulunun iki mənası vardır. Şərt nəzəriyyəsinə görə bir hərəkət, əgər o olmayacağı halda nəticənin baş verməsi düşünülmürsə, onda o səbəbdir. Ilk şərt özü nəticənin yaranması üçün yetərli deyilsə, ikinci bir şərtin də varlığı da zəruridirsə və bu ikinci şərt özü nəticənin yaranmasına səbəb olmuşsa, burada səbəbli əlaqənin kəsilməsindən və ya önə keçən səbəbdən danışılır. Bir qayda olaraq şərt nəzəriyyəsinin nəticələrinin məhdudlaşdırılması ümumi olaraq qəbul edilir. Bu da obyektiv istinadiyət ilə məhdudlaşdırılır. Obyektiv istinadiyyət məsləsində obyektiv cəhətdəki nəticənin kimi əsəri olaraq ortaya çıxdığı araşdırılmalıdır. Sadəcə nəticə təqsirli şəxsin əsəri olaraq görünə bilirsə, o obyektiv istinadiyyət nəzəriyyəsinə görə əməli formalaşdıran nəticənin baş verməsindən məsul tutulacaqdır. Bunun əksinə nəticə xarici səbələrdən qaynaqlanırsa (təsadüf əsəri) və ya bir başqasının və ya birbaşa zərərçəkmişin cavabdehliyi sahəsinə daxil olursa (bir başqasının əsəri) təqsirkar şəxsə aid edilə bilməz. Hazırki hadisədə zərərçəkmiş əlini bunkerin içərisinə salınmasının qadağan edilməsi barədə təlimatlanmış və bu barədə yazı bunkerin üzərinə vurulmuş və bununla da zərərçəkmiş əlin bunkerin içərisinə salınmasının qadağan olunmasını bilirdi və bilməli idi. Lakin zərərçəkmiş öz təşəbüsü ilə əlini işlək bunkerin içərisinə salmışdır. Hətta qəbul etsək ki, bunkerin üzərini bağlayan örtüyün olmasını qəbul etsək belə nəticənin baş verməsi bibaşa zərəçəkmişin təqsiri ilə bağlı olacaqdır. Iş materiallarından aydın olur ki, məhsul ağzı açıq vəziyyətdə olan bunkerə tökülür, yəni hər bir halda bunkerin ağzı açılmalıdı və həmin vaxt da alətin bukerə düşməsi və zərərçəkmiş şəxsin əlini bunkerə salması mümkündür və bu zaman nəticə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilə bilinməyəcək, çünki nəticə zərərçəkmişin öz əsəridir. Yəni bunkerin üzərinin bağlı və ya açıq olması şəxsin əlinin oraya salmağına mane olmayacaqdır. Ancaq bunkerin üzərinin örtüyün olmaması ilə bağlı qeyd edilməlidir ki, məhkəmədə alınmış izahatlarda bunkerin arakəsmələri olan metal örtüyü olmuş, lakin aləti çıxarmaq üçün hadisədən dərhal sonra həmin örtük açılaraq kənara qoyulmuşdur. Apellyasiya məhkəməsi yuxarıda qeyd edilənlərə, eləcə də, birinci instansiya məhkəməsinin əsaslandırılması ilə razılaşaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində cinayət tərkibinin olmaması qənaətinə gəlir. Beləliklə də, verilmiş apellyasiya protesti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Sumqayıt Regional Vəkil Bürosunun hesabına 33 (otuz üç) manat məbləğində pul vəsaitinin köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Siyəzən rayon prokuroru Ismayıl Abiyev tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Siyəzən Rayon Məhəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil X3 33 (otuz üç) manat pul vəsaiti Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar