Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-427/2026 09.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Abdullayeva Naibə İlham qızının katibliyi ilə, “xxxx” MMC-nin nümayəndəsi X2, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Ağayev İlqar İbrahim oğlunun iştirakı ilə “xxxx” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Xızı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən ## ### 2026-cı il tarixdə, saat 10:10 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində “xxxx” MMC-nin mülkiyyətində olan yük daşıma yerinə yetirən “Hyundai” markalı, 29-AC207 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyəti reysqabağı yoxlanılmamış, həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmiş və “xxxx” MMC barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı regional idarəsinin inspektoru X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsi ilə ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Xızı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi apellyasiya şikayəti verərək Xızı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026cı il tarixli qərarının ləğv edilməsini, “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsnin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair təqsirli hesab edilərək 2000 (iki min) manatdan 3000 (üç min) manatadək məbləğində cərimə edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada AYNA-ya heç bir məlumat göndərilməmişdir və ya göndərilməsinə dair hər hansı bir təsdiq edici məlumatlar qeyd edilməmişdir.Bu da AYNA-nın nümayəndələrinin məhkəmədə iştirak etmək və iş üzrə mövqeyini tam və ətraflı təqdim edilməsinə dair imkan yaradılmamasına səbəb olmuşdur. Konstitusiya Məhkəməsinin sözügedən mövgeyindən irəli gələrək Qanunvericilikdə edilən # #### 2026-cı il tarixli ***-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Avtomobil Nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununda edilən dəyişiliklərdən sonra İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsilə bağlı AYNA-nın hazırki işdə səsləndirdiyimiz hüquqi mövgeyini təsdiq edən çoxsaylı 1-ci instansiya və İnzibati Xətalar üzrə sonuncu instansiya olan Apellyasiya məhkəmə qərarları mövcuddur. Həmin qərarları iş materiallarına əlavə olunuv və qoşmada göstərilib. Buda o deməkdir ki, qeyd edilən məhkəmə instansiyaları Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxslər barəsində AYNA V tərəfindən tərtib edilmiş protokolların tam qanuna uyğun tərtib edildiyini təsdiq etməklə məhkəmə praktikasını yaratmışlar. Təqdim edilmiş materiallardan da göründüyü kimi " xxxx” MMC daşıyıcıdır və onun nəqliyyat vasitəsi texniki müayinədən, sürücüsü isə tibbi müayinədən keçməmişdir. Bununla da "xxxx” MMC İXM-nin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Ağayev İlqar İbrahim oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Xızı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsnin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair təqsirli hesab edilərək 2000 (iki min) manatdan 3000 (üç min) manatadək məbləğində cərimə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən “xxxx” MMC-nin nümayəndəsi X2 çıxış edərək apellyasiya şikayəti təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Apellyasiya Məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi qərarında sübutları ətraflı şəkildə qeyd etmiş və hazırda həmin sübutları təkrar sadalamağa zərurət yoxdur. Birinci instansiya məhkəməsi inzibati xətaya dair iş üzrə icraata xitam verilməsinin əsası kimi “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələri baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinin “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli qərarına istinad etmişdir. Konstitusiya Məhkəməsi Plenumu həmin qərarında həm də göstərmişdir ki, “Avtomobil nəqliyyatı haqqında” Qanunun 26.3-cü maddəsində göstərilən tələbin təsərrüfat ehtiyacları üçün daşımaları yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil olunması yalnız qanunvericiliyə bununla bağlı dəyişikliklərin edilməsi vasitəsilə mümkündür. Həmin Qərardan göründüyü kimi qanunvericiliyə həmin dəyişiklik edildiyi halda reysqabağı texniki yoxlama və tibbi müayinələrlə bağlı tələblərin haqq müqabilində başqa digər daşımaları həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilə biləcəyini vurğulamışdır. Konstitusiya Məhkəməsinin həmin qərarından sonra qanunvericiliyə dəyişiklik edilmişdir. Belə ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa 0# #### 2026-cı il tarixdə dəyişiklik edilərək 1.0.9-cu maddə yeni redaksiyada verilmişdir. Həmin maddədə göstərilmişdir ki, daşıyıcı dedikdə daşınma müqaviləsi (haqq müqabilində) və ya digər qanuni əsaslarla bu Qanunun müvafiq olaraq 1.0.4-cü və 1.0.5-ci maddələrində nəzərdə tutulmuş sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar başa düşülür. Yəni Daşıyıcı anlayışına 1.04-cü maddədə qeyd olunan avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar və 1.0.5-ci maddədə qeyd olunan avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımalar daxil edilir. Həmin Qanunun 26.3-cü maddəsində göstərilmişdir ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər. Beləliklə də, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həm avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımaları, həm də avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımaları həyata keçirən daşıyıcılar avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasından, sürücülərinin reysqabağı tibbi müayinədən keçməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 326-ci maddəsinə əsasən, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Beləlikilə də, apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xızı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və “xxxx” MMC İXM-nin 326-cı maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar çıxarılır. 135.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Hüquq departamentinin aparıcı hüuquqşünası Rəşad Vəliyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xızı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. “xxxx” MMC İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 2000 (iki min) manat cərimə tənbehi tətbiq edilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-427/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-427/2026
09.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver