Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-531/2026 24.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs Qəhrəmanov İlham Camaləddin oğlunun iştirakı ilə, Qəhrəmanov İlham Camaləddin oğlunun Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin EQ******** nömrəli ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Quba Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Qəhrəmanov İlham Camaləddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Quba Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Qəhrəmanov İlham Camaləddin oğlunun Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş EQ******** nömrəli ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməmişdir. (hakim Samir Məmmədov). Qərardan Qəhrəmanov İlham Camaləddin oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, avtomobilini Əlibəy Hüseyzadə küçəsinə çıxan köməkçi, adı olmayan, yol nişanları və müşahidə kameraları olmayan küçədə saxlasa da məhkəmə bu məsələyə əhəmiyyət verməmişdir. İnformasiya sistemində mövcud olan fotoşəkildə açıq-aydın görünür ki, onun idarə etdiyi avtomabilin sol tərəfində qara rəngli avtomabil dayanmışdır. Bu hal onu göstərir ki, onun avtomobili ilə künc arası ilə kəsişmə məsafəsi 5 metrdən çoxdur. O, Əlibəy Hüseyzadə küçəsinə çıxan köməkçi avtomobili nəqliyyat vasitələrinin hərəkət hissəsinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az məsafədə saxlamamış, 8 metrdən artıq məsafədə saxlamışdır. Bu faktı təsdiq etmək üçün hakimin tələbi ilə əlavə foto-şəkilləri təqdim etmiş, lakin məhkəmə yuxarıda qeyd edilən sübutları lazımı qaydada araşdırmamış, səhv nəticəyə gələrək öz qərarının ləğvi üçün əsaslar yaratmışdır. Xətanın guya mərkəzi informasiya sistemi vasitəsilə qeydə alınması bildirilir. Lakin qərar Quba rayon Polis Şöbəsinin DYPB-nin xidməti avtomobilində xidmət keçən yol polisi əməkdaşı tərəfindən şəxsi mobil telefonu vasitəsi ilə qeydə alınmış və sonradan guya radar vasirəsi ilə inzibati xəta törətməsi barədə qərar qəbul edilməsinə isə məhkəmə heç bir münasibət bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında Qəhrəmanov İlham Camaləddin oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumat verilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində EQ******** nömrəli ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qəhrəmanov İlham Camaləddin oğlu ##.##.2026-cı il tarixdə dayanma durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Birinci instansiya məhkəməsi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” EQ******** nömrəli ##.##.2026-cı il tarixli qərarı qanunvericiliyin tələblərinə uyğun hesab edərək Qəhrəmanov İlham Camaləddin oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas olmamasını müəyyən edib Qəhrəmanov İlham Camaləddin oğlu tərəfindən verilmiş şikayətin təmin edilməməsi və Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” EQ******** nömrəli ##.##.2026-cı il tarixli qərarın dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və şikayətin dəlillərini əsassız hesab etməklə belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati xətalara dair icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, Qəhrəmanov İlham Camaləddin oğlunun Azərbaycan Respublikası İXM-nin 346.5-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə EQ******** nömrəli ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, Qəhrəmanov İlham Camaləddin oğlunun həmin qərardan verilmiş şikayəti təmin edilməməlidir. Belə ki, İXM-nin 346.5-ci maddəsi ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 124.6-cı maddəsinə əsasən, bu Məcəllənin 346.1 346.2, 346.4– 346.9, 346-1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən: yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (* saylı Əlavə). Qeyd edilən Qanunun II-ci bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). Həmin Qanunun 52-ci maddəsinin 1-ci bəndinə əsasən: Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur və birinci instansiya məhkəməsi inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etməkdə haqlı olmuşdur. İş materiallarında olan xüsusi texniki vasitə ilə çəkilmiş fotoşəkillərdən görünür ki, **-BO- *** dövlət qeydiyyat nişanlı “VAZ-21154 MİNİK” markalı nəqliyyat vasitəsi döngədə, yolun kəsiçməsinə yaxın hissədə saxlanılmışdır. Bununla da, Qəhrəmanov İlham Camaləddin oğlu döngədə və ya yol kəsişməsinə yaxın məsafədə dayanmadurma qaydasını pozmuş və həmin əməli ilə o, Azərbaycan Respublikası İXM-nin 346.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin xətanın Qəhrəmanov İlham Camaləddin oğlu tərəfindən törədilməsi və xətada həmin şəxsin təqsirinin olması inzibati araşdırma zamanı öz təsdiqini tapmış və sübuta yetirilmişdir. Qəhrəmanov İlham Camaləddin oğlunun apellyasiya şikayətinin əsasını təşkil edən hallar isə onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Belə olan halda Qəhrəmanov İlham Camaləddin oğlunun Azərbaycan Respublikası İXM-nin 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EEQ******** nömrəli ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunidir və onun ləğv edilməsi üçün heç bir əsas yoxdur. Qeyd olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilməsin. Qəhrəmanov İlham Camaləddin oğlunun şikayəti üzrə qəbul edilmiş Quba Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-531/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-531/2026
24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver