Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-538/2026 24.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin (bundan sonra mətndə DƏMX-in Abşeron-Xızı regional şöbəsi) nümayəndəsi X7 iştirakı ilə, “İSFA GROUP” MMC və həmin MMC-nin sabiq direktoru Nümayəndə İsgəndər oğlu barələrində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə audio-video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə “İsfa Group” MMC və həmin MMC-nin direktoru Nümayəndə İsgəndər oğlu barələrində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. (hakim Elvin Teymur-Zadə) İşin halları : DƏMX-in Abşeron-Xızı regional şöbəsinin baş əmək müfəttişi X1 tərəfindən “İSFA GROUP” MMC və həmin MMC-nin sabiq direktoru Nümayəndə İsgəndər oğlu barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmələri haqqında ##.##.2026-cı tarixli MN 2467075 seriyalı və ##.##.2026-cı tarixli MN 2467076 seriyalı protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Protokollara baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Qərardan narazı qalan DƏMX-in Hüquq İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Həmid Ədhəmov apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsi və “İsfa Group” MMC və sabiq direktor Nümayəndə İsgəndər oğlu barəsində tərtib edilmiş protokollar əsasında məsuliyyətə cəlb edilmələrinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qəbul edilərkən qanunvericilik normaları düzgün tətbiq edilməmişdir. Vətəndaş İsgəndərov Səyyad Fəryad oğlunun şikayəti əsasında DƏMX tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən “İsfa Group” MMC və sabiq direktor Nümayəndə İsgəndər oğluna ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli və ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktublar ünvanlanmış və məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində Xidmətə təqdim edilməsi tələb olunmuşdur. Lakin məktubun çatdırılmasına baxmayaraq sənədlər təqdim olunmamışdır. Belə ki, sözügedən ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli və ##.##.2026-cı il tarixli, *- **-*/*-*****/**** nömrəli məktublar “Əmək və Məşğulluq Altsistemi”ndə mövcud olan işəgötürənin elektron kabineti vasitəsilə Cəmiyyətə çatdırılmasına baxmayaraq məhkəmə tərəfindən elektron kabinetə yerləşdirməni təsdiq edən elektron çıxarışa düzgün hüquqi qiymət verilməmiş, həmin sənəd iş materiallarına əlavə edilsə də mötəbər sübut hesab edilməmişdir. Proses iştirakçılarının izahatları: Apellyasiya instansiyası məhkəməsinin iclasında DƏMX-in nümayəndəsi apellyasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsi və Xidmət tərəfindən “İsfa Group” MMC və sabiq direktor Nümayəndə İsgəndər oğlu barəsində tərtib edilmiş protokollar əsasında inzibati məsuliyyətə cəlb edilmələri barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, “İSFA GROUP” MMC və sabiq direktor Nümayəndə İsgəndər oğlu məhkəmə iclasına gəlməmiş və işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər : İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi İnzibati xətaya dair işin materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə hüquqi şəxs “İSFA GROUP” MMC və sabiq direktoru Nümayəndə İsgəndər oğlu İXM-nin 539.3-cü maddəsilə nəzərdə tutulmuş inzibati xətaya görə təqsirli bilinərək barələrində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməklə apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq, həmin dəlilləri əsaslı hesab edir. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı iş materiallarında olan sübutlara, eləcə də inzibati xətəlar məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edildiyindən aşağıda istinad edilən qanunvericiliyin tələbləri baxımından əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin ##.##.2026-cı il tarixli, 3-17-5/2-49729/2026 və ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubundan görünür ki, İsgəndərov Səyyad Fəryad oğlu “İsfa Group” MMC-də əmək hüquqlarının pozulması barədə idarəyə şikayət ilə müraciət etmişdir. Müraciətə baxılması məqsədi ilə müvafiq sənədlərin X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə təqdim edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən “İsfa Group” MMC-yə ünvanlanmış məktubların poçt izləmə koduna əsasən müəyyən olunur ki, ##.##.2026-cı il tarixli, *-**- */*-*****/**** nömrəli məktub göndərilmənin natamam ünvan olması əsası ilə hüquqi şəxsə çatmayaraq DƏMX-yə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsində elektron məhkəmə informasiya sisteminə baxış keçirilərkən “İsfa Group” MMC-nin hüquqi ünvanının AZ0120, ünvan 1 kilometr olması müəyyən edilmişdir. Müvafiq sorğuya “İsfa Group” MMC tərəfindən qanunverilicilikdə nəzərdə tutulan müddətdə cavab verilmədiyi üçün sonuncu və sabiq direktor Nümayəndə İsgəndər oğlu barələrində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə ##.##.2026-cı tarixli MN 2467075 seriyalı və ##.##.2026-cı tarixli MN 2467076 seriyalı protokollar tərtib olunmuşdur. İş materiallarında olan sənədin elektron kabinetə yerləşdirilməsi haqqında arayışlardan görünür ki, ##.##.2026-cı il tarixli ************* nömrəli sənəd ##.##.2026-cı il tarixdə “İsfa Group” MMC-nin, ##.##.2026-cı il tarixli ************* nömrəli sənəd ##.##.2026-cı il tarixdə vəzifəli şəxsin elektron kabinetinə çatdırılmışdır. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı onunla əsaslandırılmışdır ki, inzibati xəta üzrə icraat aparan orqan tərəfindən sorğunun hüquqi şəxsə qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim edildiyini təsdiq edən hər hansı rəsmi sənəd, sübutedici materiallar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, inzibati xətanın mövcudluğu, habelə inzibati məsuliyyətə cəlb edilən şəxsin təqsiri inzibati icraatı aparan orqan tərəfindən sübut edilməlidir. İnzibati xətaya dair iş üzrə sübutetmə yükü barəsində icraat aparılan şəxsin üzərinə deyil, inzibati protokol tərtib etmiş orqanın üzərinə düşür. Bu səbəbdən inzibati xəta tərkibinin müəyyən edilməsi imkanının istisna edilməsinə dair nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair yekun nəticəyə gələrkən nəzərə almamışdır ki, DƏMX-in Abşeron-Xızı regional şöbəsi tərəfindən “İsfa Group” MMC-nin hüquqi ünvanına, yəni AZ0120, ünvan 1 kilometr ünvanına müvafiq məktublar göndərilmiş, həmçinin “İsfa Group” MMC-nin elektron kabinetinə ##.##.2026-cı il tarixli, ************* nömrəli sənəd ##.##.2026-cı il tarixdə və Nümayəndə İsgəndər oğlunun elektron kabinetinə ##.##.2026-cı il tarixli, ************* nömrəli sənəd ##.##.2026-cı il tarixdə çatdırılmışdır. Göründüyü kimi müvafiq məktubların “İsfa Group” MMC-nin rəhbərliyinə çatdırılması üçün təbdirlər görülərək hüquqi şəxsin elektron kabinetinə ##.##.2026-cı il tarixdə çatdırılmışdır. İXM-nin 539.3-cü maddəsində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə məsuliyyət nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 18.1-ci maddəsinə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar əsasında müəyyən edilir. 1-ci insansiya məhkəməsində işə baxan hakim isə yuxarıda sadalanan kifayət qədər sübutları görməzdən gələrək bunları nəzərə almadan əsassız nəticəyə gəlmişdir. İş üzrə hüquqi şəxs “İSFA GROUP” MMC və sabiq direktoru Nümayəndə İsgəndər oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Apellyasiya məhkəməsi yuxarıda qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni və əsaslı hesab edilməyərək tərtib olunmuş inzibati xəta haqqında protokollar qanunun tələblərinə və işin faktiki hallarına uyğun olduğundan, “İSFA GROUP” MMC və sabiq direktoru Nümayəndə İsgəndər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinməlidir. Apellyasiya məhkəməsi bu nəticəyə gələrkən “İsfa Group” MMC-nin hüquqi ünvanının AZ0120, ünvan 1 kilometr olmasını da nəzərə alır. Çünki belə bir ünvanı olan hüquqi şəxsə rəsmi məktubun çatmaması başa düşülən olmaqla, hüquqi şəxsin rəhbərini daha da məsuliyyətli edib MMC-nin elektron kabinetini mütəmadi nəzarətdə saxlamağa sövq etməli idi. Apellyasiya məhkəməsi göstərilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə hüquqi şəxs “İSFA GROUP” MMC və həmin MMC-nin sabiq direktoru Nümayəndə İsgəndər oğlu Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə təqsirli bilinməklə barələrində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. İXM-nin 135.1.2-ci maddəsində əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. Huquqi şəxs “İSFA GROUP” MMC və həmin MMC-nin sabiq direktoru Nümayəndə İsgəndər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, “İSFA GROUP” MMC 2000 (iki min) manat və həmin MMC-nin sabiq direktoru Nümayəndə İsgəndər oğlu 1000 (min) manat məbləğində inzibati qaydada cərimə edilsinlər. Qərarın icrası Abşeron rayonu İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya qaydasında şikayət və ya protest verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-538/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-538/2026
24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver