Məhkəmə qərarları › İş №3(3-8)-565/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-565/2026

27.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-565/2026 27.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Cəlalzadə Mehdi Qurbanəli oğlunun iştirakı ilə, Əliyev Əli Elman oğlunun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 3(5-155)-2252/2026 nömrəli qərarından zərərçəkmiş şəxs Yusubov Xətai Niyabi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio- video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim : Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 3(5-155)-2252/2026 nömrəli qərarı ilə Əliyev Əli Elman oğlu Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmiş və inzibati həbsdə saxlama müddətinin əvvəli ## ###### 2026cı il tarixdən saat 12:10-dan hesablanmışdır. (hakim Elşad Əliyev) İşin halları : Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Əzizov Gülmalı Bəxtiyar oğlu tərəfindən Əliyev Əli Elman oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında ##.##.2026-cı il tarixli, MN seriyalı 2485627 nömrəli protokol tərtib olunaraq, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Qərardan narazı qalan zərərçəkmiş şəxs Yusubov Xətai Niyabi oğlu apellyasiya şikayəti verərək, Əliyev Əli Elman oğluna təqsirli bilindiyi maddənin sanksiyası həddində ən ağır tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əliyev Əli ona 2020-ci il tarixdən etibarən 56000 (əlli altı min) manat ödəməli olduğu halda borcunu ödəməmiş, nəticədə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş və məhkəmə qətnaməsinə əsasən iddiası təmin olunmuşdur. Əliyev Əli ona 16 000 (on altı min) manata aid hissədə ödənişlər etmişdir. Halhazırda tərəfin ona 40 000 manat borcu vardır və gələcəkdə də bank faizlərini də tələb etsə bu məbləğin artması ehtimalı böyükdür. Lakin işə baxan birinci instansiya məhkəməsi borclu tərəfə qarşı həddindən artıq humanizm nümayiş etdirmişdir. Hesab edir ki, hakimin bu qərarı qismən əsassızdır. Çünki borc məbləğinin böyük olması, illərdir bu pulları ödəməməsi ona İXMnin 528.1-ci maddəsində daha ağır tənbeh verilməsinə əsas verir. Lakin birinci instansiya məhkəməsi Əli Əliyevə ən aşağı həddə həbs təyin etməklə onun hüquqlarını qismən pozmuş və borclu şəxsə kömək etmişdir. Proses iştirakçılarının izahatları : Apellyasiya instansiyası məhkəməsinin iclasında müdafiəçi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə Sumqayıt şəhər Polis İdarəsinə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq Əliyev Əli Elman oğlunun məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru və zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Apellyasiya məhkəməsi şikayət üzrə məhkəmə baxışının inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikasının İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı işdə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, proses iştirakçılarının izahatlarını dinləyib, iş materialları ilə apellyasiya şikayətinin dəlillərini əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 3(5-155)-2252/2026 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1286/20222 saylı, ##.##.2022-ci il tarixli icra vərəqəsinə əsasən Əliyev Əli Elman oğlundan 56280 manat tutulub Yusubov Xətai Niyabi oğlunun xeyrinə ödənilməlidir. İcra sənədi üzrə ##.##.2022-ci ildə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş borclu Əliyev Əli Elman oğluna təqdim edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin ##.##.2022-ci il tarixli qərarı ilə borclu Əliyev Əli Elman oğlu barəsində axtarış elan edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurları tərəfindən ##.##.2022 və ##.##.2022-ci il tarixlərdə borclunun yaşadığı ünvanda tapılmasını mümkün olmaması barədə akt tərtib edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin ##.##.2026-cı il tarixli qərarı ilə borclu Əliyev Əli Elman oğlu barəsində axtarış elan edilmişdir. Birinci instansiya məhkəməsi hazırkı mübahisələndirilən qərarını qəbul edərkən törədilmiş inzibati xətanın xarakterini, Əliyev Əli Elman oğlunun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və icra sənədində göstərilən məbləği heç bir üzürlü səbəb olmadan ödəmədiyini nəzərə almış və borcluya təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Elektron məhkəmə informasiya sistemində Əliyev Əli Elman oğlunun qohumluq məlumatları barədə çıxarışdan görünür ki, o evli olmaqla himayəsində üç yetkinlik yaşına çatmayan uşağı var. Apellyasiya məhkəməsi inzibati xəta törətmiş şəxs barəsində daha sərt tənbeh təyin edilməsinə dair apellyasiya şikayətin dəlillərini, həmçinin material üzrə bir sıra xüsusatları araşdırıb qeyd edir ki, inzibati xəta törətmiş şəxsə təyin olunmuş inzibati tənbeh növünün ağırlaşdırılması üçün əsaslar yoxdur. Belə ki, qanunun tələbinə əsasən məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Törədilmiş inzibati xətanın xarakterini, Əliyev Əli Elman oğlunun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, himayəsində üç yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, borcu bir hissəsini ödəməsini, məsuliyyətini ağırlaşıdıran hallar olmamaqla yanaşı hazırki vəziyyətdə həbsin müddətinin artırılması üçün əsaslar olmamasını nəzərə alaraq onun barəsində 8 gün müddətinə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, borclu şəxs barəsində tətbiq edilmiş inzibati tənbeh tədbirinin ağırlaşdırılması barədə apellyasiya şikayətinin dəlilləri əsassız və formal mülahizə kimi dəyərləndirilməlidir. Birinci instansiya məhkəməsinin Əliyev Əli Elman oğlunun barəsində həbs növündə tənbeh tədbirini tətbiq etməsi inzibati tənbeh tədbirinin inzibati xəta törətmiş şəxsin islah olunmasına, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Bundan başqa apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, həmin dəlillər əsassızdır ona görə ki, iş materiallarından göründüyü kimi borclu tərəfindən zərərçəkmiş şəxsə icra sənədi üzrə qismən ödəniş edilmişdir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Əliyev Əli Elman oğluna tətbiq edilmiş inzibati tənbeh onun şəxsiyyətinə, törətdiyi inzibati xətanın xarakterinə və təqsirinin dərəcəsinə, işin hallarına, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən normalarına uyğundur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 3(5-155)-2252/2026 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əliyev Əli Elman oğlunun apellyasiya məhkəməsində dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Cəlalzadə Mehdi Qurbanəli oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməli, hər iş saatına görə ödəniləcək məbləğin hazırda 11 manat olması və müdafiəçinin hesabatı nəzərə alınmaqla 3 iş saatına görə 33 manat məbləğində vəsait həmin vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasan inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Apellyasiya şikayəti təmin olunmasın. Əliyev Əli Elman oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 3(5-155)-2252/2026 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Əliyev Əli Elman oğluna hüquqi yardım göstərilməsinə görə onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Cəlalzadə Mehdi Qurbanəli oğluna ödənilməsi üçün Azərbaycan Respublikası dövlət büdcəsindən Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına 33 manat köçürülsün. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar