Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-569/2026 07.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası IXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim V.İ.Həsənov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və barəsində inzibati xətanın obyekti olmuş 3700000.00 Yapon yeni valyuta vəsaiti məbləğinin 20% məbləğində, yəni 740000.00 Yapon yeni məbləğinin ödəniş gününə olan Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla cərimə olunması qərara alınmışdır. IŞIN HALLARI : Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ##.##.2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin birinci instansiya məhkəməsində təmsil etmiş nümayəndəsi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Vəkil apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilib, inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onlar tərəfindən təqdim edilən və inzibati xəta hadisəsini təkzib edən iş üçün mühüm əhəmiyyətli sübutlara “göz yumaraq” onları nəzərə almamış, bir sözlə, işin bütün faktiki hallarını araşdırmamış və düzgün qiymətləndirməmişdir. Iş materiallarından görünür ki, X3 göstərilən 3.700.000,00 “Yapon yeni” məbləğindəki avans ödənişi 2 il keçmədən əvəzləşdirilmişdir. Belə ki, sözügedən vəsait ##.##.2024-cü il tarixli, ******** saylı müqavilə əsasında Yaponiya firmasından əldə edilmiş “Sunrise-2” adlı “Ümumi yük gəmisi”nin alğı-satqısına görə tərəflərindən ödənilmiş və göstərilən məbləğ heç 1 (bir) ildə keçmədən, yəni ##.##.2025-ci ildə əvəzləşdirilmişdir. Belə ki, həmin gəmi göstərilən tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin mülkiyyətinə keçmişdir ki, bu halı təsdiq edən sübutlar mövcuddur. Iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Dəniz və Liman Agentliyi tərəfindən “Sunrise 2” gəmisi üzərində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin mülkiyyət hüququ qeydə alınmış və bu barədə həmin cəmiyyətə ***-**/İ saylı, ##.##.2025-ci il tarixli “Mülkiyyət hüququ haqqında Şəhadətnamə” verilmişdir. Habelə, Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Dəniz və Liman Agentliyi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə “Sunrise 2” gəmisinin “Azərbaycan Respublikasının Dövlət X2 hüququ haqqında” ##.##.2025-ci il tarixli, ***-**/II saylı Şəhadətnamə verilmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyət o zaman yaranır ki, ödənilmiş avansın müqabilində nə mal idxal edilsin, nə iş görülsün, nə xidmət göstərilsin, nə də pul geri qayıtsın. Sözügedən halda isə müqavilə tam icra olunmuş, xaricə köçürülən pul əvəzləşdirilmişdir, yəni pulun müqabilində gəmi alınmışdır ki, həmin gəmi artıq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin mülkiyyətindədir. Göründüyü kimi, ortada ölkədən qanunsuz və ya qarşılıqsız valyuta çıxarılması halı mövcud deyildir. Habelə qeyd edilməlidir ki, gəmilər beynəlxalq sularda və ya xarici ölkələrdə (məsələn, dənizə çıxışı olmayan ölkələr və ya xarici limanlar arasında yükdaşıma üçün) də istismar edilə bilər. Başlıca fakt, yəni gəmi üzərində mülkiyyət hüququnun Azərbaycan Respublikasının Dəniz Gəmiçiliyi orqanı tərəfindən rəsmiləşdirilməsi və mülkiyyət şəhadətnaməsinin, o cümlədən “Azərbaycan Respublikasının Dövlət X2 hüququ haqqında” şəhadətnamənin verilməsi onun hüquqi cəhətdən Azərbaycan Respublikasının yurisdiksiyasına daxil olması deməkdir. Gəminin ölkənin coğrafi sərhədlərinə fiziki olaraq daxil olmaması (məsələn, Xəzər dənizinə gətirilməməsi), onun sahibkarlıq fəaliyyətində xaricdə istifadə edilməsi idxalın baş vermədiyi anlamına gəlmir. Iqtisadi və hüquqi baxımdan mal (aktiv) artıq rezidentin mülkiyyətinə keçmişdir. Bir sözlə, müqavilənin real olaraq icra edildiyi, vəsaitin mənimsənilmədiyi və mülkiyyət sənədlərinin dövlət orqanı tərəfindən təsdiqləndiyi halda, məhkəmənin işin materiallarına formal yanaşaraq yalnız gömrük bəyannaməsinin olmamasını əsas gətirməsi ədalətlilik və qanunçuluq prinsiplərinə ziddir. Konstitusiya Məhkəməsinin qərarlarına və formalaşmış məhkəmə təcrübəsinə əsasən, IXM-nin 430.4-cü maddəsi tətbiq edilərkən məhkəmələr mübahisəyə formal yanaşmamalı, işin faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmalıdırlar. PROSESSUAL MƏSƏLƏLƏR : Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Protokolu tərtib edən orqan nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin Mərkəzi Bankın nümayəndəsi Nümayəndə tərəfindən ##.##.2026-cı il tarixdə e-kabinet vasitəsilə məhkəməyə ünvanlanmış məktubda hazırkı işlə bağlı qeyd edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ##.##.2024-cü il tarixində 3700000.00 Yapon yeni avans ödənişi Ryotoku Maru gəmisinin alışı ilə bağlı olmuşdur və qeyd olunan gəminin idxalını təsdiq edən sənəd təqdim edilməmişdir. Cəmiyyət tərəfindən təqdim edilən sənədlər SUNSISE-2 gəmisi ilə bağlı sənədlərdir ki, bu gəmi ödənişin təyinatı olan gəmi olmadığından şikayət əsassızdır. Qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC məlumatlandırılmış olsa da, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Lakin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ni birinci instansiya məhkəməsində təmsil etmiş nümayəndəsi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Vəkil apellyasiya instansiyası məhkəməsində MMC-ni təmsil etmək üçün müvafiq Vəkil Bürosu tərəfindən tərtib edilməli olan Order təqdim edilmədən, yəni apellyasiya icraatında səlahiyyəti olmayan şəxs kimi məhkəməyə Mərkəzi Bankın nümayəndəsinin təqdim etdiyi etiraz ərizəsinə əks etiraz münasibətini bildirən və məhkəmə iclasının təxirə salınmasına dair ##.##.2026-cı il tarixində elektron məktublar göndərmiş, məhkəmə həmin sənədlərin səlahiyyəti olmayan şəxs tərəfindən, yəni IXM-nin 64.2-ci maddəsinin tələblərinə cavab verməyən şəxs tərəfindən verildiyini nəzərə alaraq apellyasiya şikayətinə baxılmasını Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin və Mərkəzi Bankın nümayəndələrinin iştirakı olmadan mümkün hesab etmişdir. Mərkəzi Bankın nümayəndəsi Nümayəndə tərəfindən ##.##.2026-cı il tarixdə e-kabinet vasitəsilə məhkəməyə ünvanlanmış digər məktubda isə təqdim edilmiş sənədlərin araşdırılması və qiymət verilməsi məhkəmə mülahizəsinə buraxıldığı qeyd edilmişdir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikası IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən halları araşdırmış, inzibati xəta haqqında protokolu, ödəniş tapşırığını, bankın məktubunu və digər sübutları tədqiq etməklə onların məcmusuna hüquqi qiymət vermişdir. Məhkəmənin gəldiyi nəticəyə görə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ## ### 2024-cü il tarixdə 3.700.000,00 Yapon yeni məbləğində vəsait qabaqcadan ödəniş kimi Azərbaycan Respublikasından kənara köçürülmüş, lakin ödənişin aparıldığı gündən iki il müddətində həmin vəsait hesabına alınmış malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti də xaricdən geri qaytarılmamışdır. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, ## ### 2024-cü il tarixində xaricə köçürülmüş 3.700.000,00 Yapon yeni məbləğində vəsait sonradan ## #### 2024-cü il tarixli müqavilə əsasında “Sunrise-2” gəmisinin alınmasına yönəldilmiş, həmin gəmi ## ### 2025-ci il tarixdə cəmiyyətin mülkiyyətinə keçmiş və bu hal Dövlət Dəniz və Liman Agentliyi tərəfindən verilmiş müvafiq şəhadətnamələrlə təsdiq edilmişdir. Bu əsasla şikayətçi hesab edir ki, avans ödənişi əvəzləşdirildiyindən inzibati xəta hadisəsi mövcud deyildir. Məhkəmə həmin dəlillə razılaşmır. Belə ki, iş üzrə hüquqi əhəmiyyət kəsb edən məsələ yalnız xaricə köçürülmüş pul vəsaitinin sonradan hər hansı aktivin əldə edilməsinə sərf olunub-olunmaması deyil, həmin qabaqcadan ödənişin müqabilində qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müvafiq malın Azərbaycan Respublikasına idxal edilməsinin sənədlə təsdiq olunub-olunmaması və ya qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılıb-qaytarılmamasıdır. Iş materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda, bu Qaydaların 4.4-cü və 4.4-1-ci bəndlərində nəzərdə tutulan xüsusi tapşırıq və ya məktub təqdim edilmədikdə və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. Bu baxımdan, şikayətçinin təqdim etdiyi “Sunrise-2” gəmisi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını təsdiq edən şəhadətnamənin mövcudluğu öz-özlüyündə ## ### 2024-cü il tarixli qabaqcadan ödəniş üzrə qanunvericiliyin tələb etdiyi öhdəliyin icra edildiyini təsdiq etmir. Əksinə, iş materiallarından görünür ki, 3.700.000,00 Yapon yeni məbləğində vəsaitin ## ### 2024-cü il tarixdə xaricə köçürülməsi faktı mübahisələndirilmir. Həmin ödəniş üzrə qanunvericilikdə tələb olunan qaydada malın Azərbaycan Respublikasına idxal edilməsini təsdiq edən gömrük bəyannaməsinin banka təqdim olunması və ya köçürülmüş valyuta vəsaitinin xaricdən geri qaytarılması da müəyyən edilməmişdir. Şikayətçinin “Sunrise-2” gəmisinin cəmiyyətin mülkiyyətinə keçməsini və gəmi barəsində dövlət qeydiyyatının aparılmasını təsdiq edən sənədlərə istinad etməsi də fərqli nəticəyə gəlmək üçün əsas vermir. Çünki həmin sənədlər yalnız müvafiq gəmi üzərində mülkiyyət hüququnun yaranmasını və dövlət qeydiyyatını təsdiq edə bilər. Lakin bu sənədlər ## ### 2024-cü il tarixində xaricə köçürülmüş 3.700.000,00 Yapon yeni məbləğində avans vəsaitinin məhz həmin gəminin Azərbaycan Respublikasına idxalı müqabilində istifadə edildiyini və belə idxalın gömrük rəsmiləşdirilməsindən keçdiyini təsdiq edən sənədləri əvəz etmir. Digər tərəfdən, inzibati xəta haqqında protokolda və iş materiallarında ödənişin müəyyən gəminin alınması məqsədilə aparıldığı göstərilmiş, apellyasiya baxışı zamanı isə Protokolu tərtib edən orqan tərəfindən məhkəməyə təqdim edilmiş ## ###### 2026-cı il tarixli məktubda ## ### 2024-cü il tarixində həyata keçirilmiş 3.700.000,00 Yapon yeni məbləğində avans ödənişinin “Ryotoku Maru” gəmisinin alışı ilə bağlı olduğu, həmin gəminin idxalını təsdiq edən sənədin təqdim edilmədiyi, cəmiyyət tərəfindən təqdim edilmiş sənədlərin isə “Sunrise-2” gəmisi ilə bağlı olduğu və sonuncu gəminin ödənişin təyinatı olan gəmi olmadığı bildirilmişdir. Beləliklə, apellyasiya şikayətində istinad edilən “Sunrise-2” gəmisinin alınması faktının özünün müəyyən edilməsi belə, həmin gəminin mübahisəli 3.700.000,00 Yapon yeni məbləğində avans ödənişinin müqabilində alınmış mal olduğunu və həmin malın Azərbaycan Respublikasına idxal edildiyini sübuta yetirmir. Şikayətçinin “gəminin Azərbaycan Respublikasının Dövlət X2 hüququ haqqında şəhadətnamənin verilməsi onun hüquqi cəhətdən Azərbaycan Respublikasının yurisdiksiyasına daxil olması deməkdir” barədə arqumenti də əsassızdır. Gəminin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınması və onun üzərində mülkiyyət hüququnun tanınması ilə həmin gəminin xaricdən Azərbaycan Respublikasına idxal edilməsinin gömrük qanunvericiliyinə uyğun qaydada rəsmiləşdirilməsi eyni hüquqi hal deyildir. Buna görə də gəminin dövlət qeydiyyatının aparılması qanunvericiliklə tələb olunan idxalı təsdiq edən gömrük sənədinin təqdim edilməsini əvəz edə bilməz. Həmçinin apellyasiya şikayətində “gəmilər beynəlxalq sularda və ya xarici ölkələrdə istismar edilə bilər” və gəminin fiziki olaraq Xəzər dənizinə gətirilməməsinin idxalın baş vermədiyini ifadə etmədiyi barədə irəli sürülən mülahizələr də iş üzrə müəyyən edilmiş halları təkzib etmir. Çünki hazırkı işdə məsuliyyətin yaranması gəminin harada istismar edilməsindən deyil, qabaqcadan xaricə köçürülmüş valyuta vəsaiti müqabilində müvafiq malların qanunvericilikdə müəyyən edilmiş müddətdə ölkəyə idxal edilməsinin və ya ödənilmiş vəsaitin geri qaytarılmasının təsdiq olunmamasından irəli gəlir. Belə ki, Gəminin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınması və onun üzərində mülkiyyət hüququnun tanınması ilə həmin gəminin xaricdən Azərbaycan Respublikasına idxal edilməsinin gömrük qanunvericiliyinə uyğun qaydada rəsmiləşdirilməsi tamamilə fərqli hüquqi prosedurlar olub fərqli məqsədlər daşıyan hallardır. Dövlət qeydiyyatı – gəminin mülkiyyət hüququnu və digər əşya hüquqlarını rəsmiləşdirən dəniz hüququ institutudur. Gömrük rəsmiləşdirilməsi (idxal) – xarici ölkədən gətirilən malın (bu halda gəminin) gömrük sərhədindən keçirilməsi, vergi və rüsumların ödənilməsi, habelə gömrük nəzarəti ilə bağlı inzibati - hüquqi prosesdir. Birinin mövcudluğu avtomatik olaraq digərini əvəz etmir, başqa sözlə desək mülkiyyətin qeydiyyatı gəminin ölkə ərazisinə gömrük qaydalarında idxal olunması demək deyildir. Gəminin dövlət qeydiyyatının aparılması qanunvericiliklə tələb olunan idxalı təsdiq edən gömrük sənədinin təqdim edilməsini əvəz edə edə bilməz. Gəmi reyestrində qeydiyyat orqanı (məsələn, dəniz administrasiyası və ya müvafiq qurum) mülkiyyət hüququnu qeydiyyata alarkən gömrük rəsmiləşdirilməsinin aparılıb-aparılmadığını yoxlaya bilər, lakin reyestr şəhadətnaməsi heç vaxt gömrük bəyannaməsini və ya idxalı təsdiq edən rəsmi gömrük sənədini əvəz edən hüquqi qüvvəyə malik deyildir. Gömrük qanunvericiliyinə görə tələb olunan idxal sənədləri gömrük rejimlərinin bağlanması və ya qanuni idxalın sübutu üçün müstəqil şəkildə təqdim olunmalıdır GM-nin 149-cu maddəsi). Beləliklə, IXM-nin 430.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə mallar idxal olunmadıqda, müvafiq məbləğdə pul vəsaitinin xaricdən geri qaytarılmaması hüquqpozmasını tənzimləyir. Yəni, IXM-nin 430.4-cü maddəsi birbaşa valyuta tənzimi qaydalarına və xaricə ödənilmiş avans vəsaitinin (və ya qarşılığında gətirilməli olan malın) aqibətinə nəzarət edir. Hazırkı halda isə, gəminin dövlət qeydiyyatına alınması dəniz nəqliyyatı vasitəsinin mülkiyyət və bayraq hüququnu rəsmiləşdirən inzibati-texniki prosesdir. Əgər rezident tərəfindən xarici təchizata (gəminin alınmasına) valyuta avansı köçürülübsə və müəyyən edilmiş müddətdə həmin gəmi ölkəyə gətirilməyibsə (və ya pul geri qaytarılmayıbsa), sonradan gəminin sadəcə daxili reyestrdə dövlət qeydiyyatına alınması IXM 430.4-cü maddəsinin tələblərinin avtomatik yerinə yetirilməsi demək deyildir. Başqa sözlə desək IXM-nin 430.4-cü maddəsi üzrə məsuliyyət müqavilə öhdəliklərinin (malın vaxtında idxal edilməsinin və ya valyutanın qaytarılmasının) vaxtında icra olunmamasından yaranır. IXM 430.4-cü maddəsinin pozuntusunun aradan qaldırılması və ya bu məsuliyyətdən azad olunmaq üçün gəminin həqiqətən də qanuni şəkildə gömrük sərhədindən keçirilməsi (idxal prosedurlarının tamamlanması) və bunun gömrük sənədləri ilə təsdiqi tələb olunur. Qeydiyyat şəhadətnaməsi özlüyündə valyuta nəzarəti orqanı qarşısında idxal sübutu rolunu oynamır. Bu baxımdan, şikayətçinin “müqavilə real olaraq icra olunmuş, vəsait mənimsənilməmiş və mülkiyyət sənədləri dövlət orqanı tərəfindən təsdiq edilmişdir” arqumenti də inzibati xətanın tərkibinin olmadığını göstərən hal kimi qəbul edilə bilməz. IXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan məsuliyyətin yaranması üçün vəsaitin mənimsənilməsinin müəyyən edilməsi tələb olunmur. Həmin normanın tətbiqi üçün qabaqcadan ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi və ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması hüquqi əhəmiyyət kəsb edir. Apellyasiya şikayətində həmçinin birinci instansiya məhkəməsinin təqdim edilmiş sübutlara düzgün qiymət vermədiyi, işin faktiki hallarını tam və hərtərəfli araşdırmadığı və Mərkəzi Bankın mövqeyini öyrənmədiyi iddia edilmişdir. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi MMC-nin nümayəndələrinin izahatlarını dinləmiş, Mərkəzi Bankın nümayəndəsinin üzrlü səbəblərdən iştirak etməməsi səbəbindən işə Bankın nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmış və məhkəmə iş üzrə ödəniş tapşırığını, bankın məktubunu, inzibati xəta haqqında protokolu və digər materialları tədqiq etmiş və həmin sübutları məcmu halında qiymətləndirmişdir. Məhkəmə öz nəticəsini məhz ## ### 2024-cü il tarixli ödənişin həyata keçirilməsi, iki illik müddət ərzində malların idxalını təsdiq edən gömrük bəyannaməsinin banka təqdim edilməməsi və valyuta vəsaitinin geri qaytarılmaması barədə sübutlarla əsaslandırmışdır. Qeyd edilməsi zəruridir ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan hallar kimi qiymətləndirilə bilməz. Şikayətçinin təqdim etdiyi “Sunrise-2” gəmisi ilə bağlı sənədlər isə ## ### 2024-cü il tarixində həyata keçirilmiş 3.700.000,00 Yapon yeni məbləğində qabaqcadan ödəniş üzrə qanunvericilikdə tələb olunan idxalın həyata keçirildiyini və ya həmin vəsaitin geri qaytarıldığını təsdiq etmədiyindən, həmin sənədlərə apellyasiya şikayətinin təmin edilməsi üçün əsas kimi qiymət verilə bilməz. Belə ki, mübahisələndirilən məsələ həmin gəminin eyni gəmi olub-olmamasından ibarət deyildir. Iş üzrə hüquqi əhəmiyyət kəsb edən hal ondan ibarətdir ki, ## ### 2024-cü il tarixində həyata keçirilmiş qabaqcadan ödəniş müqabilində qanunvericilikdə müəyyən edilmiş iki il müddətində müvafiq malın Azərbaycan Respublikasına idxalını təsdiq edən sənəd banka təqdim edilmiş və ya qabaqcadan ödənilmiş valyuta vəsaiti geri qaytarılmışdırmı. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edildiyi kimi, 3.700.000,00 Yapon yeni məbləğində vəsait ## ### 2024-cü il tarixində Azərbaycan Respublikasından kənara köçürülmüş, lakin ödənişin aparıldığı gündən iki il müddətində həmin vəsait hesabına alınmış malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi banka təqdim edilməmiş və qabaqcadan ödənilmiş valyuta vəsaiti də xaricdən geri qaytarılmamışdır. Məhkəmə bu baxımdan apellyasiya şikayətində irəli sürülən “avans ödənişinin əvəzləşdirilməsi” barədə mövqeni əsassız hesab edir. Çünki valyuta vəsaitinin müəyyən aktivin alınmasına yönəldilməsi faktının özü qanunvericilikdə qabaqcadan ödəniş üzrə nəzərdə tutulmuş öhdəliyin icra edilməsi üçün kifayət etmir. Hüquqi baxımdan əhəmiyyətli olan ödəniş müqabilində malın idxalının və ya digər qanuni alternativin – ödənilmiş vəsaitin geri qaytarılmasının – müəyyən edilmiş müddətdə müvafiq sənədlərlə təsdiq edilməsidir. Odur ki, apellyasiya şikayətində göstərilən halların birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib edən və həmin məhkəmənin qərarının ləğv edilməsinə əsas verən xarakter daşımadığı müəyyən edilir. Məhkəmə həmçinin nəzərə alır ki, birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmiş və inzibati tənbeh növü seçilərkən inzibati xətanın xarakteri və işin digər halları nəzərə alınmışdır. Tətbiq edilmiş cərimə isə IXM-in 430.4-cü maddəsində hüquqi şəxslər üçün nəzərdə tutulmuş sanksiyanın aşağı həddinə uyğun olaraq, inzibati xətanın obyekti olmuş 3.700.000,00 Yapon yeni məbləğinin 20 faizi həcmində müəyyən edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli olan halları düzgün müəyyən etmiş, sübutları qanunun tələblərinə uyğun olaraq qiymətləndirmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlini Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə düzgün tövsif etmiş və qanunla nəzərdə tutulmuş tənbeh tədbirini tətbiq etmişdir. Göstərilənlıərə əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xətanın xarakterini nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalı və Protokolu tərtib edən orqan tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası IXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. IXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. IXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. IXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-nin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. IXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda şərh edilənlərə əsasən hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası IXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslı olduğundan Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, IXM-nin 134.1, 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-569/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-569/2026
07.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver