Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-205/2026 17.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Zeynalov Musa Həsən oğlunun katibliyi ilə, «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxs «xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı (hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib, inzibati xətanın obyekti olmuş 18000 ABŞ dolları məbləğində vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 3600 ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) inzibati qaydada cərimə edilməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında iş materiallarından görünür ki, «xxxx” MMC tərəfindən 18000 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ###### 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 18000 ABŞ dolları məbləğində vəsait hesabına alman mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ###### 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bu səbəbdən, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən «xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ## ###### 2025-ci il tarixli EP******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş «xxxx” MMC apellyasiya şikayəti verərək, məhkəmənin qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan ödəniş əsasında idxal əməliyyatı 2 il müddəti başa çatmamış həyata keçirilmişdir. Həmçinin iş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada hər hansı bildiriş təqdim edilməmişdir. Belə ki, onlara poçt vasitəsilə rəsmi bildiriş göndərilməmişdir (MPM 135, 138); SMS məlumatlandırılması həyata keçirilməmişdir. Məhkəmə iclası barədə məlumat yalnız təsadüfi olaraq elektron məhkəmə sisteminə daxil olduqda aşkar edilmişdir. Bu hal sübut edir ki, onlar məhkəmə prosesindən faktiki olaraq xəbərsiz olmuş və məhkəmə iclasında iştirak etmək imkanından məhrum edilmişdir. Məhkəmənin tərəfi lazımi qaydada xəbərdar etmədən işə baxması müdafiə hüququnun pozulması, tərəflərin bərabərliyi prinsipinin pozulması, çəkişmə prinsipinin pozulması deməkdir və bu, ciddi prosessual pozuntu hesab olunur. İş materialarında tərəfə məhkəmə bildirişinin təqdim edilməsini təsdiq edən hər hansı rəsmi çatdırılma sənədi (poçt qəbzi, çatdırılma barədə bildiriş, SMS hesabatı və s.) mövcud deyildirsə, məhkəmə tərəfindən tərəfin lazımi qaydada məlumatlandırılması faktı sübuta yetirilmiş hesab edilə bilməz. Qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş bu prosessual pozuntu qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsasdır. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx” MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan “xxxx”ASC-nin ##.##.2023-cü il tarixli OX* nömrəli ödəniş tapşırığından görünür ki, “xxxx» MMC-nin AZ**AIIB******G************* saylı hesabından 18000 USD ABŞ dolları NRA1562814201********** saylı hesaba köçürülmüşdür. İşdə olan OX* nömrəli, ## ###### 2023-cü il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, tapşırıq verən - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC “xxxx” şirkətinin hesabına malların sifarişi üçün 18000,00 ABŞ dolları köçürmə etmişdir. İşdə olan ## ###### 2025-ci il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 18000 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ###### 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür.“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarım bəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 18000 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ###### 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Mübahisə olunan məhkəmə qərarından görünür ki, birinci instansiya məhkəməsi iş materiallarını nəzərdən keçirib, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin 18000 ABŞ dolları məbləğində vəsaiti ## ###### 2023-cü il tarixdə xaricə köçürməsi və 2 il müddət keçsə də, 18000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməməsi, valyuta vəsaitini geri qaytarmaması ilə bağlı yekun nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi tam, hərətərəfli və obyektiv araşdırıb belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, şikayətçi apellyasiya şikayətinə dəlil kimi 01241000077558 sorğu nömrəli bəyannamənin surətini əlavə edərək, malların idxal olunduğunu göstərmişdir. Lakin məhkəmə həmin bəyannaməni iş materialları ilə əlaqəli surətdə nəzərdən keçirərək, onun hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təqsirsizliyini istisna edən dəlil kimi qəbul olunmasını mümkün hesab etmir. Belə ki, həmin “gömrük bəyannaməsi”nin təhlilindən məlum olur ki, bəyannamənin ** nömrəli “təqdim edilmiş sənədlər” bölməsinin invoys məlumatlarını əks etdirən “8001” nömrəli xanasında invoys nömrəsi və tarixi KF**** saylı, ## ####### 2023-cü il kimi qeyd edilmişdir. Göründüyü kimi, təqdim olunmuş bəyannamə ilə hazırkı işin materiallarında bir sıra uyğunsuzluqlar mövcuddur. İş materiallarında olan invoys sənədləri ilə təqdim edilmiş gömrük bəyannaməsində göstərilən invoys məlumatları arasında əhəmiyyətli ziddiyyətlər mövcuddur. Belə ki, iş materiallarında olan invoys sənədinin surətindən görünür ki, invoys nömrəsi PD06112023 olduğu halda, gömrük bəyannaməsində invoys nömrəsi tamamilə fərqli - olaraq KF2310 kimi göstərilmişdir. Məhkəmə hesab edir ki, müxtəlif nömrəli və tarixli invoysların mövcudluğu, onların eyni əməliyyatı əks etdirmədiyini və fərqli tədarük münasibətlərinə aid olduğunu təsdiq edir. Belə olan halda, məhkəmə hesab edir ki, məntiqi və hüquqi baxımdan həmin ödənişin məhz göstərilən bəyannamə üzrə idxal olunmuş mallarla əlaqəli olması istisna edilir və mövcud sənədlər arasında səbəb-nəticə əlaqəsi müəyyən edilmir. Apellyasiya məhkəməsinin gəldiyi nəticəyə görə, göstərilən hallar təqdim olunmuş gömrük bəyannaməsinin hazırkı iş üzrə ödəniş əməliyyatına aid olmadığını və bu səbəbdən də inzibati məsuliyyəti istisna edən sübut kimi qəbul edilə bilməyəcəyini tam şəkildə təsdiq edir. Beləliklə də, iş materialları ilə müəyyən olunur ki, əslində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən xaricə köçürülmüş 18000 ABŞ dolları məbləğində vəsait üzrə mallar 2 il müddətində ölkəyə idxal edilməmiş, valyuta vəsaiti isə geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, “... İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər”. Həmçinin Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair ## ###### 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, “... qeyd etmək lazımdır ki, sahibkarlıq subyektləri mülki qanunvericilikdə təsbit olunmuş müqavilə azadlıqlarını reallaşdırarkən sərbəst olsalar da, həmin vaxt hüquqi aktlarda mövcud olan imperativ tələblərə şərtsiz əməl etməlidirlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rezident və qeyrirezidentlərin valyuta əməliyyatları qaydaları ilə müəyyən edilmiş hüquqi tənzimləmə mexanizminin mahiyyəti məhz ondan ibarətdir ki, qabaqcadan ödənilmiş valyuta vəsaiti üzrə öhdəliklərin icrası konkret əməliyyat və onu əsaslandıran sənədlər – müqavilə, hesab-faktura və gömrük bəyannamələri arasında uyğunluq və əlaqə əsasında yoxlanılsın. Əks yanaşma, yəni müxtəlif müqavilələr üzrə aparılmış əməliyyatların bir-biri ilə əvəzlənməsi və ya qarışdırılması valyuta nəzarətinin effektivliyini aradan qaldırmaqla yanaşı, hüquqi müəyyənlik prinsipini də pozmuş olardı. Bu baxımdan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən təqdim edilmiş gömrük bəyannaməsinin başqa müqaviləyə istinad etməsi, köçürülmüş 18000 ABŞ dolları məbləğində vəsaitin məhz işdə olan ödəniş tapşırığına əsas olmuş müqavilə üzrə öhdəliyin icrası kimi qiymətləndirilməsini istisna etmiş olar. Nəticə etibarilə, həmin müqavilə üzrə nə malların idxalı təsdiq edilmiş, nə də ödənilmiş valyuta vəsaitinin geri qaytarılması təmin olunmuşdur ki, bu da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv tərəfinin mövcudluğunu təsdiq edir. Belə ki, inzibati məsuliyyətin tətbiqi üçün bu kateqoriya işlərdə həlledici olan hal – qanunvericiliklə müəyyən edilmiş müddətdə konkret ödəniş üzrə ya idxalın sənədlərlə təsdiq edilməsi, ya da vəsaitin geri qaytarılmasıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən bu tələblərin yerinə yetirilməməsi faktı isə iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə eyni zamanda, apellyasiya şikayətində idxal əməliyyatının 2 il müddəti başa çatmamış həyata keçirilməsi barədə göstərilən dəlilə münasibət bildirərək qeyd edir ki, şikayətçi bu iddiasını təsdiq edən hər hansı kifayət qədər mötəbər sübut təqdim etməmişdir. Belə ki, şikayətdə konkret olaraq malların hansı tarixdə, hansı sənədlər əsasında və hansı müqavilə çərçivəsində ölkəyə idxal olunduğu göstərilməmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, şikayətçinin qeyd edilən arqumenti yalnız ümumi və təsdiqlənməmiş mülahizə xarakteri daşımışdır. Bundan əlavə, apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmama ilə bağlı dəlilə də münasibət bildirən məhkəmə qeyd edir ki, apellyasiya baxışı zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyin tələblərinə uyğun şəkildə əvvəlcədən və lazımi qaydada məlumat verilmişdir. Lakin buna baxmayaraq, hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, həmçinin iş üzrə əhəmiyyət kəsb edən hər hansı əlavə sübutları təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tərəfin məhkəmə iclasında iştirak etməməsi və ona təqdim edilmiş prosessual hüquqlardan istifadə etməməsi şəxsin öz davranışından irəli gəlir. Odur ki, istinad olunan həmin hal formal prosessual pozuntu kimi qiymətləndirilməklə, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsinə maneə kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən, apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya instansiya məhkəməsi onu da xüsusilə vurğulayır ki, barəsində inzibati tənbeh təyin edilmiş hüquqi şəxs öz təqsirsizliyinə dəlalət edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə aşağıda qeyd olunanlara görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə tətbiq edilmiş inzibati tənbeh ilə də razılaşır. Belə ki, Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-nin 430.4–cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, inzibati xətanın məqsədlərinə nail olmaq, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından haqlı olaraq sonuncu barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati cərimə tənbeh tədbirini tətbiq etmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində tətbiq edilmiş inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-205/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-205/2026
17.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver