Məhkəmə qərarları › İş №3(3-9)-208/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-208/2026

16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-208/2026 16.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əliyev Əli Abdulla oğlunun sədrliyi, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə ##.##.1994-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X4 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM-in) 528.1-ci maddəsi ilə əməlində inzibati xəta tərkibi olmadığından IXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 barəsində IXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Salyan Rayon Icra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarına əsasən X4 IXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından IXM-in 53.1.2-ci maddəsinə əsasən xitam edilmişdir. Məhkəmə qərarından narazı qalan zərərçəkmiş şəxs X2 şikayət verərək, Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarını ləğv edib, X4 IXM-in 528.1-ci maddəsi ilə inzibati məsliyyətə cəlb edilməsi qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: X2 şikayətini onunla əsaslandırmışdır ki, Salyan Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə razı deyildir. Belə ki, Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən X4 ##.##.2023-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. X4 həmin aliment məbləğini vaxtı-vaxtında ödəmir. Hal-hazırki vaxta ödənilməmiş aliment borcu qalmaqdadır. Əgər o vaxtında aliment borcunu ödəsəydi indiyə bu qədər borcu yığılıb qalmazdı. Hesab edir ki, uzun müddət ərzində yığılıb qalan borcun ödənilməsi və gələcəkdə aliment məbləğlərinin vaxtı-vaxtında ödəməyin vacibliyi, məhkəmə sənədinin icrasından yayınmanın məsuliyyəti və icra sənədini icra etmək zərurəti baxımından, eləcə də bu zərurətləri nəzərə almadan qətnamənin icrasından yayındığına görə X4 inzibati məsuliyyətə cəlb edilməlidir. X4 atalığın mübahisələndirilməsi barədə iddia qaldırması sadəcə olaraq, alimenti ödəməkdən müvəqqəti də olsa yayınmaq məqsədi güdür. X6 müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edib, aliment ödənişinin dayandırılmasını da xahiş etməmişdir. Məhkəmə bütün bu sadalanan halları nəzərə almadan X4 əməlində inzibati xəta tərkibi olmadığı qənaətinə gəlməklə əsassız qərar qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq, müəyyən etmək olar ki, məhkəmənin qəbul etdiyi qərar əsassız, qanunsuz qərardır. Hakim qərar qəbul edərkən maddi, xüsusən prosessual hüquq normalarını kobud şəkildə pozmuş, ətraflı araşdırma aparmadan qərar qəbul etmişdir. Işin hallarına və qanunun tələblərinə əsaslanaraq, hesab edir ki, X4 barəsində qəbul edilmiş Salyan Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilməli və X4 IXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 şikayətin təmin edilməməsini, Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmısını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X1 şikayətin təmin edilməməsini, Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmısını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq icra məmuru və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, icra məmuru gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Zərərçəkmiş şəxs teleqram vasitəsilə məhkəməyə müraciət edərək apellyasiya şikayətini müdafiə etdiyini, azyaşlı uşağı olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə iş materiallarını, şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin gəldiyi nəticələri və tətbiq edilməli hüquq normalarını birlikdə yoxlayaraq hesab edir ki, şikayətin dəlilləri əsaslıdır, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmir və buna görə də həmin qərar ləğv edilməklə iş üzrə yeni apellyasiya qərarı çıxarılmalıdır. Belə ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən ərizənin verildiyi ##.##.2025-ci il tarixdən başlayaraq cavabdeh X4 tərəflərin birgə nikahından doğulmuş ##.##.2023-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi qərara alınmışdır. Göründüyü kimi, alimentin tutulmasına dair məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş, onun əsasında icra sənədi verilmiş, icra sənədi icraya yönəldilmiş və borcluya könüllü icra üçün müddət təqdim edilmişdir. Deməli, apellyasiya baxışının predmeti aliment öhdəliyinin yenidən mübahisələndirilməsi deyil, qüvvədə olan və icrası dayandırılmamış məhkəmə aktının icra edilməməsi nəticəsində IXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin yaranıbyaranmamasının müəyyən edilməsidir. “Icraata başlama haqqında” ##.##.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və həmin tarixdə borcluya dərhal tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Salyan Rayon Icra və Probasiya Şöbəsi tərəfindən X3 Mübariz oğluna ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. ##.##.2025-ci il tarixli “borclunun axtarılması barədə” qərardan görünür ki, borclu ##.##.1994-cü il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan X4 barəsində axtarış elan edilmişdir. X3 Salyan Rayon Icra və Probasiya Şöbəsinə verdiyi izahatın surətindən görünür ki, alimentin ödənilməsi barədə icra məmuru tərəfindən ona bildiriş verilmişdir. Onun bu günə ödənilməmiş 1014 manat aliment borcu yaranmışdır. Yaranmış borcu tam qaydada ödəməyə maddi imkanı yoxdur. Borcunun ödəmədiyi üçün məsuliyyət barədə xəbərdar olunmuşdur. Borclunun öz izahatında aliment öhdəliyindən, icra məmurunun tələbindən və yaranmış borcun məbləğindən xəbərdar olduğunu bildirməsi onun icra sənədinin mövcudluğunu və mahiyyətini bildiyini təsdiq edir. Bu hal inzibati xətanın subyektiv tərəfinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. IXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Işin materialları ilə müəyyən edilir ki, borcludan alimentin tutulmasına dair məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş, həmin qətnamə üzrə icra vərəqəsi icraya qəbul edilmiş, borcluya könüllü icra üçün müddət verilmiş, lakin o, üzərinə düşən öhdəliyi müəyyən edilmiş müddətdə yerinə yetirməmişdir. Bu halda borclunun məhkəmədə yeni iddia qaldırması icra mərhələsində müzakirə predmeti ola bilməz. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, borclunun atalığın mübahisələndirilməsi barədə ayrıca mülki iddia qaldırması öz-özlüyündə qüvvədə olan məhkəmə qətnaməsinin icrasını dayandırmır və həmin qətnaməni hüquqi qüvvədən salmır. Qanuni qüvvəyə minmiş məhkəmə aktı yalnız qanunla müəyyən olunmuş prosessual qaydada ləğv edildikdə, dəyişdirildikdə və ya onun icrası dayandırıldıqda icra üçün məcburi xarakterini itirə bilər. Iş materiallarında isə alimentin tutulmasına dair qətnamənin icrasının dayandırılmasını təsdiq edən hər hansı sübut yoxdur. Bu halda isə borclu Ibrahim Ramazanov müəyyən olunmuş alimenti verməyərək, icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bu isə onu inzibati xəta subyekti kimi çıxış etdirir. Birinci instansiya məhkəməsinin nəticəsi hüquqi qiymətləndirmə baxımından əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi qərarında belə nəticəyə gəlib ki, şəxs barəsində IXM-in tələblərinə uyğun olaraq aliment borcunu ödəməməyə görə tərtib olunmuş protokol üzrə inzibati məsuliyyətin mövcud olub-olmaması birbaşa aliment öhdəliyinin hüquqi qüvvədə olmasından asılıdır. Iş materiallarından və şəxsin izahatından görünür ki, o, aliment ödəməli olduğu uşağın atası olmadığını iddia edir və bu məsələ ilə bağlı tərəfindən məhkəmədə atalığın müəyyən edilməsi barəsində mülki iş qaldırılmışdır. Bu halda aliment öhdəliyinin hüquqi əsası artıq məhkəmə baxışında mübahisələndirildiyi üçün, həmin öhdəliyin qüvvədə olub-olmadığı müəyyən edilmədən şəxsin “aliment borcunu ödəməməsi” inzibati xəta tərkibi kimi qiymətləndirilə bilməz. Bu yanaşma IXM-in 528.1-ci maddəsinin mənasına və tətbiq mexanizminə uyğun deyil. Maddənin tətbiqi üçün əsas şərt məhkəmə qətnaməsinin qəsdən icra edilməməsidir və bu qəsdin olub-olmaması borclunun davranışının obyektiv təhlili ilə müəyyən olunur. Birinci instansiya məhkəməsi şəxsin atalığın mübahisələndirilməsi barədə məhkəmədə mülki iddia qaldırmasını əsas götürərək aliment öhdəliyinin “hüquqi qüvvəsinin mübahisəli olması” nəticəsinə gəlmişdir. Lakin bu yanaşma hüquqi baxımdan əsassızdır. Ilk növbədə qeyd edilməlidir ki, aliment öhdəliyini müəyyən edən Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş məhkəmə aktıdır və Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə uyğun olaraq icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktları yalnız qanunla müəyyən edilmiş qaydada ləğv edildiyi, dəyişdirildiyi və ya icrasının dayandırıldığı hallarda hüquqi nəticələrini itirə bilər. Müvafiq icra mexanizmi mövcud olduğu müddətdə həmin akt bütün fiziki və hüquqi şəxslər, o cümlədən dövlət orqanları üçün məcburidir və ondan yayınma yolverilməzdir. Şəxsin atalığın müəyyən edilməsi barədə mülki qaydada iddia qaldırması isə mövcud icra sənədinin hüquqi qüvvəsini nə aradan qaldırır, nə də onun icrasını dayandırır. Belə bir iddianın qaldırılması yalnız yeni mülki mübahisənin predmeti olmaqla, qüvvədə olan məhkəmə qətnaməsinin icrasına təsir göstərən hüquqi fakt kimi qiymətləndirilə bilməz. Əks halda, istənilən icra mərhələsində olan borclu sadəcə mübahisə qaldırmaq yolu ilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasından yayınmaq imkanı əldə etmiş olar ki, bu da hüquqi sistemin sabitliyi və məhkəmə aktlarının məcburiliyinin mahiyyətini sarsıdmış olar. Iş materiallarından müəyyən olunur ki, barəsində icra sənədi mövcud olan şəxs məhkəmə qətnaməsinin icrasından qəsdən yayınmış, icra məmurunun qanuni tələblərinə baxmayaraq tələbkarın aliment borcunu ödəməmişdir. Borclunun maddi imkanının zəif olması barədə ümumi istinadları, həmin halın obyektiv və aradan qaldırılması mümkün olmayan üzrlü səbəb kimi təsdiq edən mötəbər sübutlarla müşayiət olunmadığından, həmin izah IXM-in 528.1ci maddəsi üzrə məsuliyyəti istisna edən hal kimi qəbul edilə bilməz. Bu fakt icra məmuru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda, habelə icra hərəkətlərinin gedişini əks etdirən materiallarda öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən, əsasən aliment öhdəliyinin hüquqi əsası artıq məhkəmə baxışında mübahisələndirilməsini əsas götürmüşdür. Lakin məhkəmə bu halların inzibati xətanın mövcudluğunu istisna edən hallar olub-olmamasını düzgün qiymətləndirməmişdir. IXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə aktlarını qəsdən icra etməməsi inzibati məsuliyyətə səbəb olur. Bu inzibati xətanın obyektiv tərəfi icra sənədinin qəsdən icra etməməkdə, subyektiv tərəfi isə birbaşa qəsddə ifadə olunur. Iş materialları göstərir ki, şəxs icra sənədinin mövcudluğunu bildiyi halda, icranın həyata keçirilməsini şüurlu şəkildə həyata keçirməmişdir. Bu isə inzibati xətanın obyektiv və subyektiv əlamətlərinin tam şəkildə mövcud olduğunu təsdiq edir. Inzibati məsuliyyətin əsas prinsiplərindən biri məhkəmə aktlarının məcburiliyi və icraedilməzliyinə yol verilməməsidir. Məhkəmə qərarlarının icrası hüququn aliliyinin ayrılmaz tərkib hissəsidir və həmin qərarların icrasına qəsdən maneçilik törədən davranışlar ictimai təhlükəlilik daşıyır. Bu baxımdan, icra prosesində borclunun aliment borcunu ödəməməsi inzibati xətanın mövcudluğunu istisna etmir. Birinci instansiya məhkəməsi inzibati xətanın tərkibi mövcud olduğu halda, IXM-in 53.1.2-ci maddəsini tətbiq edib icraata xitam verməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Eyni zamanda, inzibati məsuliyyətin tətbiqi üçün əsas olan IXM-in 528.1-ci maddəsinin dispozisiyası icrası məcburi olan məhkəmə aktının yerinə yetirilməməsini nəzərdə tutur və bu norma mövcud icra sənədinin qüvvədə olub-olmaması ilə bağlı deyil, onun faktiki icra edilməməsi ilə əlaqəlidir. Yəni məsuliyyətin yaranması üçün əsas şərt – qanuni qüvvəyə minmiş və icrası dayandırılmamış məhkəmə aktının icra olunmamasıdır. Şəxsin subyektiv hüquqi mövqeyi və ya əlavə mülki iddia qaldırması bu obyektiv hüquqi faktı dəyişdirmir. Bundan əlavə, məhkəmə aktlarının məcburiliyi prinsipi Azərbaycan Respublikasının hüquq sisteminin fundamental prinsiplərindən biridir və hüquqi müəyyənlik prinsipinin tərkib hissəsini təşkil edir. Bu prinsipə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı icra olunmalı və onun icrasından yayınma halları hüquqi məsuliyyət doğurmalıdır. Əks yanaşma isə məhkəmə aktlarının icrasını tərəflərin iradəsinə tabe edərək hüquqi sistemdə qeyri-müəyyənlik praktikasına yol açar. Beləliklə, atalığın mübahisələndirilməsi barədə mülki iddianın mövcudluğu qüvvədə olan aliment öhdəliyini müəyyən edən məhkəmə qətnaməsinin icrasını istisna edən hüquqi əsas kimi qiymətləndirilə bilməz və birinci instansiya məhkəməsinin bu mövqeyi maddi və prosessual hüquq normalarının yanlış tətbiqinə əsaslanmışdır. Apellyasiya instansiyası, həmçinin nəzərə alır ki, IXM-in 528.1-ci maddəsinin sanksiyası alternativ xarakter daşıyır və konkret tənbeh növünün seçilməsi zamanı xəta törədənin şəxsiyyəti, xətanın xarakteri, onun törədilmə şəraiti, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar qiymətləndirilməlidir. Iş materiallarında inzibati həbsin seçilməsini zəruri edən müstəsna halların mövcudluğu müəyyən edilmir. Eyni zamanda, apellyasiya instansiyası nəzərə alır ki, şəxs barəsində inzibati həbs tətbiq edilməsi məqsədəuyğun hesab edilmir. Bu baxımdan, inzibati məsuliyyətin məqsədləri, yəni qanunlara hörmət ruhunda tərbiyə etmək və yeni xətaların qarşısını almaq – daha yüngül inzibati tənbeh növü olan inzibati cərimə tətbiq edilməklə təmin edilə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin inzibati icraata xitam verilməsi barədə qərarı qanunsuz və əsassızdır, şəxs tərəfindən törədilmiş əməldə IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcuddur və onun barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Apellyasiya məhkəməsi, iş materiallarını tam tətqiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı formal mülahizələrə əsaslandığından əsassızdır. Belə ki, X4 icra sənədi üzrə icra məmurunun qanuni tələblərini heç bir üzrlü səbəb təqdim etmədən icra etməmiş, bununla da IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. IXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. IXM-in 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. IXM-in 134.1.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.2- 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanları nəzərə alıb hesab edirəm ki, şikayət təmin edilməli, X4 IXM-in 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından IXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsinə dair Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ləğv edilməli, X4 IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıdakılara əsasən və IXM-in 128-134, 135.1.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs X2 tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. X4 IXM-in 528.1-ci maddəsi ilə əməlində inzibati xəta tərkibi olmadığından IXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ləğv edilsin. X4 IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Salyan Rayon Icra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar