Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-212/2026 15.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin hakimi Xasməmmədov Elçin İsgəndər oğlu Səmədov Alim Nadir oğlunun katibliyi ilə İbişov İlkin Əliağa oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından səlahiyyətli orqan tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin inzibati xəta haqqında işə baxmaq hüququ olan vəzifəli şəxsinin ##.##.2026-cı il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə İbişov İlkin Əliağa oğlu Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 100 manat məbləğində inzibati cərimə edilmişdir. Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə barəsində inzibati tənbeh təyin edilmiş İ.Ə.İbişovun şikayəti təmin edilmiş, onun barəsində Bakı şəhər BPİ X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşin halları Bakı şəhər BPİ X1 İdarəsinin ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, İbişov İlkin Əliağa oğlu ##.##.2026-cı il tarixdə saat 13:45-də ünvan 1 ünvanında “Mercedes-Benz C180” minik markalı, **GO*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuş və nəticədə İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından Bakı şəhər BPİ X1 İdarəsinin rəisi X2 Apellyasiya Məhkəməsinə şikayət verərək, məhkəmənin qərarının ləğv edilməsini və təmsil etdiyi orqanın qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, İlkin İbişov ## ###### 2026-cı il tarixli tarixində saat 13:45-radələrində ünvan 1 ünvanında idarə etdiyi “Mercedes-Benz C180” minik markalı, **GO*** dövlət qeydiyyat nişanlı avtomobillə yolayrıcını keçmə qaydasını pozmuşdur. Həmin vaxt ərazidə xidmət aparan YPX inspektoru sürücünü saxlamış xətanın mahiyyətini ona izah edərək barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə görə inzibati xətanın mövcudluğu və onun aşkarlanması inzibati xəta haqqında protokolun tərtib olunması ilə yekunlaşır. İnzibati xəta haqqında protokol özünün mahiyyəti etibarı ilə onu tərtib etmiş şəxsdən başlayaraq xəta törətmiş şəxs barəsində məlumatı, bu barədə itihamı, onun izahatını, şahidlər barəsində məlumatları, ilkin sübutlar haqqında məlumatları, inzibati xəta törətmiş şəxsin hüquq və vəzifələrinin izahı və inzibati xəta haqqında protokolla inzibati xəta törətmiş şəxsin tanış edilməsi barədə məlumatları əks etdirir ki, geniş mənada inzibati xəta haqqında protokolun mahiyyəti üzrə izahı verilmiş olunsa, onda inzibati xəta haqqında protokolu cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş ittiham aktı ilə eyniləşdirmək olar. Lakin birinci instansiya məhkəməsi gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, həmçinin iş üçün əhəmiyyətli olan halları sübuta yetirməmiş və nəticədə qanunsuz və əsasssız qərar qəbul etmişdir. Prosessual məsələlər Apellyasiya baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya baxışında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıran məhkəmə aşağıdakıların qeyd edilməsini məqsədəuyğun hesab etmişdir. İXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 327.2-ci maddəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə, yaxud maneəni kənardan keçmə bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Bundan başqa, İXM-in 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. İXM-in 76.1-ci inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda qeyd edilən normaların məzmunundan görünür ki, əməlin inzibati xəta hesab edilməsi üçün onun qanunla müəyyən edilmiş hüquqi prosedurlar daxilində sübuta yetirilməsi zəruridir. Sübutlar qanunla müəyyən edilmiş qaydada əldə edilməli, yoxlanılmalı, müqayisəli şəkildə təhlil edilməli və qiymətləndirilməlidir. Qanunun tələblərinin pozulması yolu ilə əldə edilən sübutlardan istifadə edilməsi yolverilməzdir. Onu da qeyd etmək lazımdır ki, bir sıra sübutların xüsusi prosedur qaydalarına əməl edilməklə əldə edilməsi vacibdir. Belə sübutlara İnzibati Xətalar Məcəlləsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin vasitəsilə əldə edilən sübutları aid etmişdir. Belə ki, İXM-in 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Qanun ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-in 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə). Həmçinin, İXM-in 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Lakin işdən görünür ki, səlahiyyətli orqan inzibati xətalar qanunvericiliyinin qeyd olunan normasına əməl etməmişdir. Belə ki, səlahiyyətli orqan tərəfindən apellyasiya şikayətində İlkin İbişovun İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunsa da, bu xəta faktını təsdiq edən sübut, yəni xətanın qeydə alındığı foto və ya video material iş materiallarına, o cümlədən apellyasiya şikayətinə əlavə olunmamışdır. Ona görə də apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün yetərli deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin barəsində şikayət verilən qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-9)-212/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-212/2026
15.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver